Yoğun bağırsağın divertikulyar xəstəliyi

Yoğun bağırsağın divertikulyar xəstəliyi orqanın divarında çoxsaylı qabarmaların yaranması xarakterizə olunur. Bəzən divertikullar nahiyəsində iltihab müşahidə edilir. Divertikulyar xəstəliyin gedişi qarında spazm, qəbizlik, ürəkbulanma, ümumi intoksikasiya ilə müşayiət olunur. Patologiya  qanaxma, peritonit, bağırsaq keçməməzliyi ilə ağırlaşa bilər. Diaqnoz kolonoskopiya, irriqoskopiya, bariumla kontrast rentgenoqrafiyanın nəticələrinə əsasən qoyulur. Müalicə taktikası simptomatikanın ifadəliliyindən asılı olaraq, konservativ (pəhriz, antibiotikoterapiya, spazmolitiklər) və ya cərrahi yolla (bağırsağın zədələnmiş sahəsinin rezeksiyası) aparılır.

Yoğun bağırsağın divertikulyar xəstəliyi barədə ümumi məlumat

Yoğun bağırsağın divertikulları orqandaxili təzyiqin həddindən artıq yüksəlməsi nəticəsində onun divarlarında zəifləmiş sahələrin gərilməsi nəticəsində yaranır. Divertikulyoz bir qayda olaraq, qarında (əsasən sol tərəfdə) ağrılarla təzahür edir. Bağırsaq divertikulları patogen bakteriyaların çoxalması üçün əlverişli mühit sayıldığından onlar tez-tez iltihablaşmaya məruz qalır. Xəstələrdə bədən hərarətinin yüksəlməsinə və ümumi intoksikasiya əlamətlərinə rast gəlmək mümkündür. Divertikulyar xəstəlik dünya əhalisinin 20%-də qeydə alınır. Patologiyaya 60-80 yaşlı şəxslərin 40-50%-də təsadüf edilir. Hər iki cinsin nümayəndələri arasında divertikulyozun yayılma tezliyi eynidir. Yoğun bağırsağın divertikulları 40 yaşa qədər çox nadir hallarda inkişaf edir.

Divertikullar həzm traktının istənilən şöbəsində formalaşa bilər. Məsələn, anadangəlmə patologiya sayılan Mekkel divertikulları nazik bağırsağın terminal hissəsində yerləşir. Lakin əksər hallarda divertikullar yoğun bağırsaqda, xüsusən S-vari bağırsaqda əmələ gəlir. Bu da yoğun bağırsaq divarının anatomik quruluşunun xüsusiyyətləri ilə bağlıdır. Divertikulyar xəstəliyin ağırlaşmaları həyat üçün təhlükə daşıya bilər.

Yoğun bağırsağın divertikulyar xəstəliyinin yaranma səbəbləri

Yoğun bağırsağın divertikulyar xəstəliyinin ən geniş yayılmış səbəbi bitki tərkibli qida liflərinin azlıq təşkil etdiyi pəhrizdir. Qida lifləri tərəvəz, meyvə və dənli bitkilərin tərkibinə daxil olur. Onlar nəcis kütlələrini yumşaldaraq, ximusun bağırsaq boyunca tranzitini asanlaşdırır. Gündəlik rasionda qida liflərinin miqdarı az olduqda qəbizliyə meyllik yaranır. Tez-tez baş verən qəbizlik halları bağırsaq daxilində təzyiqin yüksəlməsinə səbəb olur. Nəticədə bağırsaq divarının zəif sahələrində qabarmalar formalaşır. Zaman keçdikcə qabarma daimi xarakter alır.

Yoğun bağırsağın divertikulyar xəstəliyinin təsnifatı

Klinik proktologiyada yoğun bağırsağın divertikulyar xəstəliyi onun gediş xüsusiyyətləri nəzərə alınmaqla sistemləşdirilir. Patologiya sistemsiz, klinik əlamətlərlə gedən və ağırlaşmış formalara ayrılır. Bu cür təsnifat pasiyentin vəziyyətinin və proqnozun adekvat qiymətləndirilməsinə, düzgün müalicə taktikasının seçilməsinə imkan verir.

Yoğun bağırsağın divertikulyar xəstəliyinin əlamətləri

Divertikulyoz adətən uzun müddət heç bir əlamətlə özünü büruzə vermir. Lakin bəzi pasiyentlərdə qarında tutmaşəkilli ağrılar yarana bilər. Əksər hallarda qəbizliyə meyllik və qarın nahiyəsinin böyüməsi qeydə alınır. Divertikulit zamanı qarında, xüsusən sol tərəfdə ağrılar, ürəkbulanma, qusma, qəbizlik əmələ gəlir. Bir çox xəstələrdə bədən hərarəti yüksəlir, titrətmə, halsızlıq, baş ağrıları (ümumi intoksikasiya əlamətləri) meydana çıxır. Xəstəliyin gedişinin ağırlığı və klinik simptomların ifadəliliyi bağırsağın zədələnmə dərəcəsindən və mövcud ağırlaşmalardan asılıdır.

Yoğun bağırsağın divertikulyar xəstəliyinin ağırlaşmaları

Yoğun bağırsağın divertikulyar xəstəliyi kisəvari qabarmalardan qanaxma, bağırsaq divarının perforasiyası, abses, peritonit, fistulaların formalaşması ilə ağırlaşa bilər. Bundan əlavə divertikulyoz bağırsaq keçməməzliyinə gətirib çıxara bilər.

Qanaxma nadir hallarda baş versə də massiv xarakter daşıya bilər. Davamlı gizli qanaxma anemiyanın inkişafına səbəb olur. Güclü qanaxma zamanı təcili cərrahi müdaxilənin aparılması tələb olunur.

Bağırsaq divarının deşilməsi və möhtəviyyatın qarın boşluğuna tökülməsi həyati təhlükəli ağırlaşma sayılan peritonitin inkişafı ilə nəticələnir. Bağırsaq divarının perforasiyası təcili cərrahi müalicəyə göstəriş sayılır. Belə hallarda bağırsağın zədələnmiş hissəsi xaric edilir, qarın boşluğu sanasiya olunur. Postoperasion dövrdə antibiotikoterapiya aparılır.

Divertikulun iltihabı abseslə fəsadlaşa bilər. Kiçik ölçülü abseslər geniş təsir spektrinə malik antibiotiklərlə müalicə olunur. Abses iri sahəni əhatə etdikdə və ya antibiotikoterapiya ilə arzuolunan nəticə əldə olunmadıqda irinli ocaq drenajlanır – qarın divarından absesin boşluğuna yeridilən iynə ilə irinli möhtəviyyat təmizlənilir. Bəzi hallarda absesin yarılması və sanasiyası üçün cərrahi müdaxilə tələb olunur. İrinli infeksiyanın qarın boşluğunun daxili divarına yayılması peritonitin inkişafına səbəb olur.

Bir sıra xəstələrdə divertikullarda bağırsağı qonşu orqanlarla birləşdirən kanal – fistula formalaşır. Divertikulyar xəstəlikdə adətən yoğun bağırsaqla nazik bağırsaq, sidik kisəsi, qarın nahiyəsinin dərisi arasında əlaqə yaradan fistulalara rast gəlinir. İltihablaşmış divertikuldan infeksiya fistula yolu ilə yayıla bilər. Bu ağırlaşma cərrahi yolla aradan qaldırılır – fistula bağırsağın zədələnmiş hissəsi ilə birgə xaric edilir.

Yoğun bağırsaqdakı infeksion proseslər onun divarlarında çapıq dəyişikliklərinin formalaşmasına, mənfəzin daralmasına və nəticədə bağırsaq keçməməzliyinə gətirib çıxara bilərlər. Bağırsaq möhtəviyyatının tam şəkildə blokada olunması ilə gedən davamlı bağırsaq keçməməzliyi cərrahi müdaxiləyə göstəriş sayılır.

Yoğun bağırsağın divertikulyar xəstəliyinin diaqnostikası

Yoğun bağırsağın divertikulyar xəstəliyinə şübhə yarandıqda pasiyent həkim-proktoloq tərəfindən müayinə olunur. Diaqnostika prosesinə anamnezin toplanılması və fizikal baxışla başlanılır. Xəstənin qidalanma xüsusiyyətləri və qəbizliyə meylliyi müəyyən edilir. Baxış zamanı qarında ağrı və bu nahiyənin böyüməsi aşkarlana bilər. Diaqnoz instrumental və laborator üsulların köməyilə təsdiqlənir.

Qanın müayinə prosesində infeksion iltihabın ümumi əlamətləri (leykositoz, neytrofiliya, EÇS-nin yüksəlməsi) izlənilə bilər. Daxili qanaxma zamanı anemiya üzə çıxarıla bilər. İltihab əlamətlərinə həmçinin koproqrammada rast gəlmək mümkündür. Yoğun bağırsağın divertikulyar xəstəliyində iltihabi prosesin laborator yolla təsdiqlənməsi divertikulitin inkişafına dəlalət edə bilər.

Yoğun bağırsaqda divertikulların əsas diaqnostik üsulu kolonoskopiya hesab olunur. Həmçinin kolonoskopiya daxili qanaxmanın mənbəyini müəyyənləşdirməyə, yoğun bağırsağın digər patologiyalarını inkar etməyə imkan verir. Kontrast maddə ilə irriqoskopiya bağırsaq divarında qabarmaların aşkarlanmasına kömək edir.

Yoğun bağırsağın divertikulyar xəstəliyinin müalicəsi

Xəstəliyin yüngül gedişində klinik əlamətlərin ifadəliliyini azaltmaq üçün yoğun bağırsaqda təzyiqin azalmasına səbəb olan pəhrizə riayət etmək kifayətdir. Gündəlik rasiona qida liflərinin zəruri miqdarda daxil edilməsi bağırsaq möhtəviyyatının həzm traktı ilə hərəkətini asanlaşdırır. Dietoterapiya müsbət nəticə vermədikdə qəbizliyi aradan qaldıran preparatlardan (trimebutin), ifadəli ağrılar müşahidə edildikdə isə spazmolitik vasitələrdən istifadə olunur.

Divertikulit zamanı iltihabəleyhinə və bakterisid terapiya aparılır. Müalicənin uğurla başa çatması üçün qida rasionu korreksiya edilməklə yoğun bağırsağın yüklənməsi azaldılır, həmçinin yataq rejimi təyin olunur. Vaxtında aparılan antibiotikoterapiya infeksiya aradan qaldırılır. Konservativ terapiyanın qeyri-effektiv olduğu və ya ağırlaşmaların inkişaf etdiyi hallarda cərrahi müdaxilə aparılır.

Əməliyyata mütləq göstərişlər aşağıdakılardır: yoğun bağırsağın perforasiyası və bağırsaq möhtəviyyatının qarın boşluğuna tökülməsi, peritonit, proqressivləşən abses, tam bağırsaq keçməməzliyi, massiv qanaxma, bağırsaq xərçənginin yüksək ehtimalı.

Periodik xarakterli daxili qanaxmalar, ifadəli anemiya, fistulalar, tez-tez residivləşən divertikulit də cərrahi müdaxiləyə göstəriş sayılır. Əməliyyat prosesində bağırsağın zədələnmiş hissəsi rezeksiya olunur. Rekonstruktiv əməliyyatın köməyilə bağırsağın tamlığı bərpa edilir.

Yoğun bağırsağın divertikulyar xəstəliyinin proqnoz və profilaktikası

Yoğun bağırsağın divertikulyar xəstəliyinin əsas etioloji amili gündəlik rasionda qida liflərinin azlıq təşkil etməsidir. Bununla bağlı xəstəliyin qarşısını almaq üçün qida lifləri ilə zəngin meyvə, tərəvəz, dənli bitkilərin müntəzəm şəkildə qəbulu tövsiyə olunur.

Divertikulyoz zamanı pəhriz və həyat tərzinə dair həkim məsləhətlərinə ciddi riayət etmək lazımdır. Heç bir halda özünü müalicə ilə məşğul olmaq icazəli deyil. Əks halda həyat üçün təhlükəli ağırlaşmalar yarana bilər.

Patologiya pəhriz rejiminə əməl edən pasiyentlərdə ciddi problemlər törətmir. Lakin divertikulyozun ağır gedişi və proqressivləşməsi fəsadlara gətirib çıxara bilər. Belə vəziyyətlərdə təcili tibbi yardım göstərilmədikdə letal sonluq müşahidə oluna bilər. Divertikulyar xəstəliyin digər təhlükəli tərəfi yaşlı insanlarda orqanizmin ümumi vəziyyətinin zəifləməsi ilə əlaqədar divertikulitlərin tez-tez residivləşməsidir. İltihabi prosesin təkrar kəskinləşmələrinə pasiyentlərin 33%-də rast gəlinir. Təxminən 20% xəstələrdə qanaxmanın dayandırılmasından bir müddət sonra onun təkrarlanması qeydə alınır.

error: Content is protected !!