Yoğun bağırsağın melanozu
Yoğun bağırsağın melanozu — orqanın selikli qişasının lipofussinlə xoşxassəli geridönən piqmentasiyasıdır. Patologiya uzun müddət simptomsuz gedir. Klinik manifestasiya zamanı qəbizliyin artması, spastik abdominal ağrılar, meteorizm və dispepsiya ilə təzahür edir. Diaqnoz kolonoskopiya, yoğun bağırsağın bioptatının histoloji analizi və qarın boşluğunun icmal rentgenoqrafiyasının köməyilə qoyulur. Müalicə işlədici antraqlikozidlərdən imtina edilməsindən, qida rasionunun və fiziki aktivliyin korreksiyası, duz tərkibli işlədicilər, polietilenqlikolun törəmələri, prebiotiklər, probiotiklər, prokinetiklər, miotrop spazmolitiklər, ferment preparatlarının tətbiqindən ibarətdir.
Yoğun bağırsağın melanozu barədə ümumi məlumat
Yoğun bağırsağın melanozu laksativ xəstəliyin – antraqlikozid qrupundan olan işlədici vasitələrin uzunmüddətli qəbulu nəticəsində yaranan patoloji vəziyyətin təzahürü sayılır. Yoğun bağırsağın piqmentasiyası ilk dəfə 1829-cu ildə fransız həkim-patoloqanatom J.Krüvelin elmi işlərində qeyd olunmuşdur. Melanozun əlamətləri və onun antraqlikozidlərin qəbulu ilə əlaqəsi 1933-cu ildə amerikalı qastroenteroloq Q.L.Bokusun rəhbərlik etdiyi tədqiqat qrupu tərəfindən təsvir edilmişdir. Melanozun yayılma tezliyi 0,04-11,2% təşkil edir. Piqmentləşmiş yoğun bağırsaq əsasən xroniki qəbizlikdən və qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkən qadınlarda aşkarlanır.
Yoğun bağırsağın melanozunun yaranma səbəbləri
Yoğun bağırsağın melanozunun inkişafı piqment mübadiləsinin pozulması və selikli qişada lipofussinin toplanması ilə bağlıdır. Müasir proktologiya sahəsinin mütəxəssisləri tərəfindən yoğun bağırsağın hiperpiqmentasiyasına səbəb olan bir sıra amillər ayırd edilmişdir. Onların arasında ən çox rast gəlinənlər aşağıdakılardır:
- İşlədici vasitələrin uzunmüddətli qəbulu. Yoğun bağırsaq divarının piqmentasiyası əsasən antraqlikozidlərdən həddindən artıq istifadə etdikdə yaranır. Bu qrupa daxil olan dərman vasitələri epiteliositləri zədələyir. Onların faqositozu zamanı makrofaqların sitoplazmasında lipofussin qranulları toplanılır. Antraqlikozidlərin qanqliyalarda kumulyasiyası səbəbindən baş verən neyrorequlyator dəyişikliklər əlavə faktor rolunu oynayır.
- Qəbizlik. Nəcis kütlələrinin yoğun bağırsaqda hərəkətinin pozulması disbiotik proseslər, bağırsaq möhtəviyyatının bərkiməsi, toksiki metabolitlərin toplanması ilə müşayiət olunur. Epitelin mexaniki və kimyəvi qıcıqlanması selikli qişanın iltihabi-destruktiv dəyişikliklərinə gətirib çıxarır. Xroniki obstipasiya antraqlikozidlərin qəbulunun geniş yayılmış səbəblərindən hesab olunur.
- Qaraciyər və mədəaltı vəzinin xəstəlikləri. Pankreatik sekresiyanın və öd ifrazının zəif olduğu pasiyentlərdə melanozun yaranma riski yüksəkdir. Yağların kifayət qədər mənimsənilməməsi divaryanı həzm proseslərinin pozulmasına və ximusun kimyəvi tərkibinin dəyişməsinə səbəb olur. Malabsorbsiya və maldigestiya fonunda bağırsaq disbiozu, epiteliositlərin iltihabi zədələnməsi, bağırsaq motorikasının zəifləmə ehtimalı artır.
- Yoğun bağırsağın bədxassəli şişləri. Tədqiqatların nəticələrinə əsasən neoplaziyalardan proksimal istiqamətdə yerləşən bağırsaq divarının piqmentasiyası daha ifadəli olur. Ehtimal edilir ki, yoğun bağırsağın xərçəngi zamanı melanozun inkişafı şişin lokalizasiya olunduğu nahiyədən yuxarıda nəcis kütlələrinin uzunmüddətli ləngiməsi, toksinlərin və hüceyrələrin parçalanma məhsullarının yığılması, onların makrofaqlar tərəfindən faqositozu ilə bağlıdır.
Yoğun bağırsağın melanozunun patogenezi
Yoğun bağırsağın melanozunun inkişaf mexanizmi sona qədər öyrənilməmişdir. Nəzəriyyələrə əsasən melaninəbənzər piqment mitoxondriumun faqositoza uğrayan komponentlərində və məhv olmuş epiteliositlərin digər hüceyrə orqanellərində yaranır. Kimyəvi və bioloji inert lipofussinin qranulları dağılmış epitelı həzm edən makrofaqların lizosom və sitoplazmasında toplanır. Bəzi müəlliflərin fikrincə yoğun bağırsağın patogenezinin əsas həlqəsini antraqlikozidlərin yığıldığı qanqliyalarda gedən degenerativ dəyişikliklər səbəbindən yoğun bağırsağın distrofiyası təşkil edir.
Bağırsaq divarının bioptatının morfoloji analizində lipofussin həm makrofaqlarda, həm də faqositoz prosesi ilə əlaqədar hüceyrə xaricində yaranan yığıntılarda aşkarlanır. Melanozun erkən mərhələlərində hüceyrə kritplərinin əsası, mülayim ifadəli proseslərdə – bağırsaq xovları, ağır hallarda isə selikaltı və əzələ qatları piqmentləşir. İlk növbədə antraqlikozidlərin metabolizmə uğradığı bağırsağın proksimal hissəsi zədələnir, sonralar proses distal istiqamətdə yayılır.
Yoğun bağırsağın melanozunun əlamətləri
Pasiyentlərin əksəriyyətində bağırsağın selikli qişasının diskolorasiyası simptomsuz gedişlə xarakterizə olunur. Bu da erkən mərhələlərdə piqmentin az miqdarda toplanması və bağırsaq fəaliyyətinin pozulmaması ilə bağlıdır. Laksativ xəstəliyin klinik manifestasiyası zamanı yoğun bağırsağın melanozu obstipasion sindromun güclənməsi ilə təzahür edir. Defekasiya aktı həftədə 2 dəfədən az olur. Xəstələrdə qarnın sol hissəsində spazm və ağrılar, qazların xaric olunmaması ilə müşayiət edilən meteorizm yarana bilər.
Palpasiyada yoğun bağırsağın enən hissəsində ağrı aşkarlanır. Diffuz xarakterli melanoz zamanı pasiyentlərdə dəri və gözlə görünən selikli qişaların həddindən artıq piqmentasiyası müşahidə olunur. Ağırlaşmalar baş verdikdə dispeptik əlamətlər: ürəkbulanma, qusma, iştah zəifliyi meydana çıxır. Bundan əlavə mədə-bağırsaq traktının yanaşı gedən patologiyalarına müvafiq simptomlar izlənilə bilər. Xəstənin ümumi vəziyyəti uzun müddət qənaətbəxş olur.
Yoğun bağırsağın melanozunun ağırlaşmaları
Melanozun ifadəli gedişi və əsas üzvi patologiyanın olması xarakterik triada: defekasiya aktının baş verməməsi, nəcis iyli çoxsaylı qusma, qaz ifrazının ləngiməsi ilə gedən yoğun bağırsağın obturasion keçməməzliyinə gətirib çıxara bilər. Belə vəziyyətlərdə bağırsaq divarının nekrozu və peritonit təhlükəsi yarandığından təcili tibbi yardım tələb olunur. Melanozun uzunmüddətli gedişində nəcis intoksikasiyası baş verir, xəstənin ümumi halı kəskin pisləşir.
Xroniki qəbizlik yoğun bağırsağın normal mikroflorasının disbalansı, patogen mikroorqanizmlərin həddindən artıq çoxalması ilə müşayiət olunur. Xəstələrdə qarında intensiv ağrılar, ishalla qəbizliyin növbələşməsi, bədən hərarətinin yüksəlməsi ilə gedən kolit və ya enterokolit inkişaf edir. Bəzi ekspertlərin melanozun kolorektal xərçəngin yaranma riskini artırması barədə mülahizələri tədqiqatlarda öz əksini tapmamışdır.
Yoğun bağırsağın melanozunun diaqnostikası
Əksər hallarda yoğun bağırsağın melanozu mədə-bağırsaq traktının digər xəstəlikləri səbəbindən aparılan endoskopik müayinə zamanı təsadüfən aşkarlanır. İşlədici preparatların uzunmüddətli qəbulundan sonra tipik əlamətlərin yaranması bu patologiyadan şübhələnməyə əsas verir. Xəstəliyin diaqnostikasında əsasən instrumental üsullardan istifadə olunur:
- Yoğun bağırsağı endoskopiyası. Endoskop vasitəsilə bağırsaq divarının vizualizasiyası başlıca müayinə üsulu hesab olunur. Onun köməyilə melanozun tipik makroskopik dəyişiklikləri aşkar edilir. Kolonoskopiya prosesində adətən bağırsaq sahəsinin nazik sarı zolaqlarla (damar və limfatik follikullar) növbələşən tünd-qəhvəyi mozaik piqmentasiyası müşahidə olunur.
- Rentgenoloji müayinə. Qarın boşluğunun icmal rentgenoqrafiyası həzm traktının vəziyyətinin öyrənilməsinə, üzvi xəstəliklərin əlamətlərinin üzə çıxarılmasına imkan verir. Melanoz zamanı adətən gözlə görünən patoloji dəyişikliklərə rast gəlinmir. Kontrastlaşdırma ilə aparılan irriqoskopiyada yoğun bağırsağın relyefinin azacıq dəyişməsi müəyyən edilir.
- Bağırsaq divarının morfoloji analizi. Xəstəliyin differensial diaqnostikası üçün selikli qişanın patoloji dəyişikliyə uğrayan hissəsindən endoskopik biopsiya üsulu ilə götürülmuş materialın histoloji analizi aparılır. Melanoz zamanı toxuma nümunələrində təkhüceyrəli makrofaqların sitoplazmasında və hüceyrədən xaric yığıntılarda lipofussin müşahidə edilir.
Qanın ümumi və biokimyəvi analizində bütün göstəricilər norma həddində olur. Koproqrammada az miqdarda selik, həzm olunmamış əzələ lifləri, nişasta dənələri izlənilə bilər. Həzm traktından qanaxmanı inkar etmək üçün nəcisin gizli qana görə analizi aparılır. Yoğun bağırsağın disbakteriozuna şübhə yarandıqda nəcis kütlələrinin bakterioloji əkilməsi icra olunur.
Melanoz ilk növbədə qıcıqlanmış bağırsaq sindromundan differensiasiya edilməlidir. Əsas diaqnostik meyarlara kolonoskopiya zamanı hiperpiqmentasiya və bioptatda lipofussinin aşkarlanması aiddir. Həmçinin xəstənin anamnezinə (işlədici vasitələrin 2 aydan çox qəbul olunması) diqqət yetirilir. Nadir hallarda kolorektal xərçənglə differensial diaqnostika aparılır. Bu zaman əsas meyar bioptatların histoloji analizində atipik hüceyrələrə rast gəlinməməsidir. Diaqnostika prosesində proktoloqun müayinəsindən əlavə qastroentroloqun və onkoloqun konsultasiyası tələb oluna bilər.
Yoğun bağırsağın melanozunun müalicəsi
Xəstəliyin spesifik müalicə üsulları mövcud deyil. Terapiyanın əsas məqamı bağırsaq divarının piqmentasiyasına səbəb olan amilin aradan qaldırılmasından ibarətdir. Adətən antraqlikozidlərin qəbulunun dayandırılmasından sonra selikli qişanın rəngi 4-12 ay ərzində bərpa olunur. Nəcis ifrazını normaya salmaq üçün aşağıdakı üsullardan istifadə edilir:
- Dietoterapiya. Qida rasionundan yağlı ət, üzlü süd, qənnadı məmulatları, tünd çay və qəhvə çıxarılır. Qida məhsullarının kiçik porsiyalarla tez-tez qəbul edilməsi və gün ərzində kifayət qədər maye qəbulu məsləhət görülür. Dənli bitkilərdən hazırlanmış xörəklər, meyvə, tərəvəz, yağsız süd məhsulları və bitki yağı nəcisin bağırsaqda hərəkətinin asanlaşmasına səbəb olur.
- Fiziki hərəkətlər. Müalicəvi gimnastika — qəbizliyin üzvi mənşəli (dolixokolon, Hirşprunq xəstəliyi, yoğun bağırsağın həcmli törəmələri) olmadığı hallarda müntəzəm defekasiyanın effektiv qeyri-medikamentoz müalicə üsuludur. Qarın əzələləri üçün nəzərdə tutulan hərəkətlər, özünü masaj bağırsaq peristaltikasını sürətləndirir.
Davamlı qəbizlik hallarında antraqlikozidlərdən ibarət işlədicilər digər qrup medikamentlərlə – osmotik vasitələr (duz tərkibli işlədicilər, prebiotiklər, polietilenqlikolun törəmələri), prokinetiklər və miotrop spazmolitiklərlə əvəz olunur. Həzmi normallaşdırmaq üçün pankreatik enzimlər, öd komponentləri, probiotiklərdən istifadə edilir. Yoğun bağırsağın anatomik dəyişikliklərində melanozun geriyə inkişafı yalnız əsas xəstəliyin cərrahi korreksiyasından sonra baş verir.
Yoğun bağırsağın melanozunun proqnoz və profilaktikası
Yoğun bağırsağın melanozunun proqnozu qənaətbəxşdir. Bütün pasiyentlərdə antraqlikozidlərin qəbulunun dayandırılmasından və əsas patologiyanın müalicəsindən sonra patoloji əlamətlər tamamən itir.
Yoğun bağırsağın piqmentasiyasının profilaktikası bağırsağın vaxtında boşalmasından, bitki tərkibli işlədici vasitələrin uzunmüddətli və nəzarətsiz qəbuluna yol verilməməsindən, yoğun bağırsaq patologiyalarının adekvat müalicəsindən ibarətdir.