Yoğun bağırsağın şişləri
Yoğun bağırsağın şişləri – bu orqanın müxtəlif şöbələrində lokalizasiya olunan xoş və ya bədxassəli törəmələr qrupudur. Xəstəliyin əlamətləri neoplaziyanın növündən və yerləşməsindən asılıdır. Yoğun bağırsağın neoplaziyalarının əsas təzahürləri qarında ağrılar, nəcis ifrazının pozulması, meteorizm, qanaxma və anemiyadan ibarətdir. Diaqnoz anoskopiya, rektoromanoskopiya, kolonoskopiya, ikiqat konstrastlaşdırma ilə irriqoskopiyanın nəticələrinə əsasən qoyulur. Əlavə müayinə üsullarına qarın boşluğu orqanlarının USM, KT və qanda onkomarkerlərin təyini aiddir. Müalicə cərrahi yolla aparılır. Qeyri-operabel formalı bədxassəli xəstəliklərdə palliativ terapiya tətbiq edilir.
Yoğun bağırsağın şişləri barədə ümumi məlumat
Yoğun bağırsağın şişləri – bu orqanın divarının epitel və ya digər toxumalarından inkişaf edən xoş və ya bədxassəli törəmələrdir. Neoplaziyalar yoğun bağırsağın istənilən şöbəsini zədələyə bilir. Xoşxassəli şişlər geniş yayılaraq, əhalinin 16-40%-də qeydə alınır. Əksər hallarda xoşxassəli proses zamanla bədxassələşir. Yoğun bağırsağın xərçəngi həzm sisteminin digər bədxassəli şişləri sırasında (mədə və qida borusunun xərşəngindən sonra) III yeri tutur.
Bütün onkopatologiyaların strukturunda yoğun bağırsağın bədxassəli şişləri yayılma tezliyinə görə yalnız ağciyər, mədə və süd vəzi xərçəngindən geridə qalır. Statistik məlumatlara əsasən hər il İngiltərədə orta hesabla 16 000, ABŞ-da isə – 50 000 insan bu xəstəlikdən həyatını itirir. Qadınlarla müqayisədə kişilərdə yoğun bağırsağın şişlərinə (xüsusən bədxassəli formalar) daha çox rast gəlinir. Patologiyanın aktuallığı artmaqda davam edir. Xoşxassəli şişlər maliqnizasiyaya meylli olduğundan onlar da təhlükəli sayılır.
Yoğun bağırsağın şişlərinin yaranma səbəbləri
Yoğun bağırsağın şişlərinin etiologiyası ilə bağlı alimlər, klinik onkoloqlar və proktoloqlar indiyə qədər ortaq fikrə gəlməyiblər. Onların fikrincə bu qrup xəstəliklər polietiolojidir. Patologiyanın formalaşma riski yaş artdıqca yüksəlir. Xəstəliyin inkişafında heyvan mənşəli zülal və yağların həddindən artıq, qida liflərinin isə az miqdarda qəbulu mühüm əhəmiyyət kəsb edir. Bu cür qidalanma qəbizliyə və bağırsaq florasının disbalansına səbəb olur. Öd turşuları və kanserogen xüsusiyyətlərə malik fenolların üstünlük təşkil etdiyi bağırsaq möhtəviyyatını orqanın divarları ilə uzunmüddətli təması şişlərin yaranma ehtimalını artırır. İnkişaf etmiş ölkələrdə yoğun bağırsaq şişlərinin geniş yayılması məhz bununla bağlıdır. Konservantlar və hisə verilmiş məhsulların tərkibindəki konservantlar da analoji rol oynayır.
Yoğun bağırsaq şişlərinin inkişafı iltihabi proseslərlə bağlı ola bilər. Onlar 5 ildən artıq davam etdikdə xərçənglə ağırlaşa bilər. Bu baxımdan qeyri-spesifik xoralı kolit ən təhlükəli xəstəlik sayılır: patologiyadan 30 ildən artıq əziyyət çəkən pasiyentlərin təxminən 50%-də bədxassəli şişlər aşkarlanır. Bu rəqəmdən bir qədər az olan göstərici Kron xəstəliyində müşahidə edilir.
Yoğun bağırsaq şişlərinin yaranmasında irsi amilin rolunu da qeyd etmək lazımdır. Bu fakt bağırsağın diffuz polipozunda tamamən, kolorektal xərçəng hallarında isə qismən təsdiq olunmuşdur. Bağırsağın xoşxassəli poliplərinin formalaşmasının virus nəzəriyyəsi hələlik tam sübut edilməmişdir.
Yoğun bağırsağın şişlərinin təsnifatı
Yoğun bağırsağın şişləri xoş və bədxassəli, eləcə də epitel və qeyri-epitel mənşəli olur. Beynəlxalq morfoloji təsnifata əsasən yoğun bağırsağın xoşxassəli epitelial şişlərinin aşağıdakı formaları ayırd edilir: tubulyar, xovlu, tubulyar-xovlu adenoma, adenomatoz. Qeyri-epitelial şişlərə lipoma, leyomioma, leyomiosarkoma, angiosarkoma və Kapoşi sarkoması aiddir. Epitel şişləri geniş yayılaraq, bütün törəmələrin təxminən 92%-ni təşkil edir. Onların maliqnizasiya ehtimalı yüksək olur.
Xoşxassəli proseslər sırasında həmçinin yoğun bağırsağın şişəbənzər zədələnmələri (hamartomalar): Peyts-Egers polipi, yuvenil polip qeyd olunur. Yoğun bağırsağın şişləri arasında heterotopiyalara: hiperplastik və ya metaplastik polip, xoşxassəli limfoid, iltihabi və dərin kistoz poliplərə rast gəlinir. Yayılma dərəcəsindən asılı olaraq, solitar, çoxsaylı (qrup şəklində və ya yayılmış) poliplər, diffuz polipoz müşahidə edilir.
Yoğun bağırsağın bədxassəli şişləri böyümə xarakterinə əsasən 4 tipə ayrılır:
- bağırsaq mənfəzinə doğru böyüyən ekzofit-polipəbənzər şişlər;
- bağırsaq divarına yayılan və xoralaşan endofit-xoralı şişlər;
- diffuz-infiltrativ şişlər (bədxassəli hüceyrələr orqanın divarı daxilində diffuz yayılır);
- bağırsaq dairəsi boyunca böyüyən annulyar şişlər.
Axırıncı 2 halda hüceyrələr ilk baxışdan sağlam görünən sahələrə nüfuz etdiyindən şiş prosesinin histoloji sərhədlərini müəyyən etmək çətinliklər törədir.
Yoğun bağırsağın bədxassəli şişlərinin təsnifatında prosesin mərhələləri böyük əhəmiyyət kəsb edir. Mərhələlər TNM sistemi üzrə beynəlxalq təsnifatın köməyilə təyin olunur. T-birincili şiş ocağının yayılmasını, N-regionar limfa düyünlərinə metastazların, M isə uzaq metastazların olmasını xarakterizə edir.
- T0 – şişin böyümə əlamətləri müşahidə olunmur
- Tx – birincili şişin dəqiq qiymətləndirilməsi mümkün deyil
- Tis – carcinoma in situ və ya preinvaziv xərçəng – selikli qişaya nüfuz etmir
- T1– şişin selikaltı qata yayılması
- T2– şişin əzələ qatına infiltrasiyası
- T3– şişin əzələ qatına yayılması və yoğun bağırsağın ətrafında olan, peritonla örtülməyən toxumalara nüfuz etməsi
- Т4 – şişin visseral peritona və ya yaxınlıqda yerləşən orqan və toxumalara yayılması.
Nx – regionar limfa düyünlərinin vəziyyətini qiymətləndirmək mümkün deyil. N0 – regionar limfa düyünlərinə metastazlar yoxdur. N1 – yoğun bağırsağın ətrafında yerləşən 1-3 ədəd limfa düyünlərində metastazlar aşkar edilir. N2 – yoğun bağırsağın ətrafında yerləşən 4 və daha artıq limfa düyünlərində metastazlar müşahidə olunur. N3 – damar boyunca lokalizasiya olunan limfa düyünlərində metastazlara rast gəlinir.
Мx– uzaq metastazları müəyyən etmək mümkün deyil. М0 – metastazlar yoxdur. М1 – uzaq orqanlara metastazlar aşkarlanır.
TNM təsnifatına əsasən yoğun bağırsaq xərçənginin 4 mərhələsi ayırd edilir:
0 mərhələsi – TisN0M0
I mərhələ – T1N0M0 və ya T2N0M0
II mərhələ – T3N0M və ya T4N0M0
III mərhələ – T–istənilən göstərici və N1M0, T–istənilən göstərici və N2M0 və ya T–istənilən göstərici N3M0
IV mərhələ –Т və N – istənilən göstərici, М1.
Bu təsnifatla yanaşı bir çox Avropa ölkələrində və Şimali Amerika dövlətlərində 1932-ci ildə C.E.Dukes tərəfindən irəli sürülən təsnifatdan istifadə olunur. Yoğun bağırsağın şişləri latin hərfləri ilə işarələnən 4 mərhələyə bölünür. A mərhələsi – şiş prosesi selikli və selikaltı qatlara yayılır (T1N0M0 və T2N0M0). В mərhələsi – şiş bağırsaq divarını bütün qatlarına nüfuz edir (T3N0M və T4N0M0). С mərhələsi – şiş istənilən ölçüdə ola bilər, regionar limfa düyünlərində metastazlar aşkar edilir. D mərhələsi – uzaq metastazlara rast gəlinir.
Yoğun bağırsağın şişlərinin əlamətləri
Yoğun bağırsağın xoşxassəli şişləri əksər hallarda simptomsuz gedir və təsadüfən aşkarlanır. Bəzi xəstələrdə qarında diskomfort hissi, qəbizliklə ishalın növbələşməsi və ya nəcisdə qan qarışığı müşahidə edilir. İri ölçülü xovlu şişlər seliyin hiperproduksiyası hesabına su-elektrolit balansının pozulmasına, qanın zülal tərkibinin dəyişməsinə, anemiyaya səbəb ola bilər. Xoşxassəli iri şişlər bəzən bağırsaq keçməməzliyinə, invaginasiyaya gətirib çıxarır. Çoxsaylı və ya diffuz polipoz zamanı simptomatika daha ifadəli olur.
Yoğun bağırsağın xərçəngi ləng gedişli olur. Xəstəlik erkən mərhələlərdə klinik olaraq təzahür etməyə bilər. Onun ilkin əlamətlərinə qanaxma və anemiya aiddir. S-vari bağırsağın distal hissəsi və rektal şöbənin şişlərində qan seliklə qarışmadığından al-qırmızı olur. Patoloji proses enən çənbər bağırsağı zədələdikdə qan tünd rəngdə olub, selik və nəcislə bərabər şəkildə qarışır. Bədxassəli proses proksimal şöbələrdə lokalizasiya olunduqda qanaxmalar adətən gizli gedərək, yalnız anemiya ilə özünü büruzə verir.
Yoğun bağırsağın bədxassəli xəstəliyində qanaxma ilə yanaşı qarında ağrı, tenezmlər yarana, nəcis ifrazı pozula bilər. Gecikmiş mərhələlərdə adətən bağırsaq keçməməzliyi inkişaf edir. Düz bağırsaq xərçəngi bağırsağın tam boşalmaması hissi, tenezmlərlə müşayiət olunur. Pasiyentlər halsızlıq, iştahsızlıq, bədən çəkisinin kəskin itirilməsindən şikayət edirlər. Xəstəlik proqressivləşdikdə qaraciyər böyüyür, assit əlamətləri meydana çıxır.
Yoğun bağırsağın şişlərinin diaqnostikası
Yoğun bağırsağın şişlərinin diaqnostikasında bir sıra üsullarda istifadə edilir. Anoskopiya və rektoromanoskopiya zamanı rektal şöbədə və S-vari bağırsağın distal hissəsində şişlər və poliplər aşkarlanır. Endoskopiyadan sonra ikiqat kontrastlaşdırma (bağırsağa hava və barium məhlulunun yeridilməsi) ilə irriqoskopiya aparılır. Bu üsul yoğun bağırsağın müxtəlif ölçülü şişlərinin üzə çıxarılmasına kömək edir; proses kor bağırsaqda lokalizasiya olunduqda diaqnostikada müəyyən çətinliklər yaranır.
Müayinənin növbəti mərhələsi kolonoskopiyanın aparılmasından ibarətdir. Onun köməyilə yoğun bağırsağın kiçik ölçülü şişləri müəyyən edilir, orqanın bütün şöbələri yoxlanılır. Ehtiyac yarandıqda müayinə prosesində şübhəli sahələrdən bioptat götürülür, kiçik ölçülü poliplər xaric edilir. Kolonoskopiya irriqoskopiya ilə müqayisədə daha həssas üsul sayılsa da, dəqiq nəticələr endoskopiya və kontrast rentgenoqrafiya ilə əldə oluna bilər.
Yoğun bağırsağın bədxassəli şişlərinin metastazlarını təyin etmək üçün qarın boşluğu orqanlarının USM, kompüter tomoqrafiya, sümük sisteminin skanlanması, nevroloji əlamətlər olduqda baş beynin KT tətbiq edilir. Onkomarkerlər daha çox proqnostik əhəmiyyət daşıyır. Aşağı differensiasiyalı şişlərdə xərçəng-embrional antigen yüksəlir, hərçənd ki, o, bu tip şişlər üçün spesifik sayılmır. Yoğun bağırsağın birincili şişlərinin diaqnostikasında ən informativ markerlər СА-19-9 və СА-50 hesab olunur. Lakin residivləşmə dövründə onlar aşkarlanmaya bilər.
Yoğun bağırsaq şişlərinin müalicəsi
Yoğun bağırsağın şişlərinin yeganə effektiv müalicə üsulu cərrahi müdaxilədir. Maliqnizasiya əlamətlərinin müşahidə edilmədiyi kiçik ölçülü xoşxassəli proseslərdə törəmə, çoxsaylı neoplaziyalarda isə yoğun bağırsağın bir hissəsi rezeksiya olunur. Düz bağırsaq şişlərinin cərrahi müalicəsi transrektal yolla aparılır.
Yoğun bağırsağın bədxassəli şişlərində əməliyyatın həcmi daha radikal olur. Əməliyyat prosesində törəmə ilə yanaşı, regional limfa düyünləri (hətta onlarda metastazlar aşkarlanmadıqda) xaric edilir. İmkan daxilində bağırsaq möhtəviyyatının pasajının təbii yolu saxlanılır. Əks halda qarnın ön divarına kolostoma qoyulur. Xəstələrə cərrahi müalicədən əlavə 5-flüorurasil, flüorfurolla kimyaterapiya və şüa müalicəsi təyin edilir.
Yoğun bağırsağın şişlərinin proqnoz və profilaktikası
Yoğun bağırsağın proqnozu hər zaman qənaətbəxş olmur. Hətta xoşxassəli epitelial şişlər və poliplər yüksək maliqnizasiya riski ilə müşayiət edilir. Xəstələrin sağqalma ehtimalı patologiyanın erkən mərhələlərdə aşkarlanmasından və cərrahi əməliyyatın düzgün aparılmasından asılıdır.
Yoğun bağırsaq şişlərinin profilaktik tədbirlərinə ilk növbədə düzgün qidalanma aiddir. Hisə verilmiş və konservləşdirilmiş qidaların, ət və heyvan mənşəli yağların qəbulu azaldırmalıdır. Qida lifləri ilə zəngin məhsulların istifadəsini artırmaq məsləhət görülür. Hipodinamiya (fiziki aktivliyin məhdudlaşması) yoğun bağırsaq şişlərinin inkişafına şərait yaratdığından həyat tərzinə fikir vermək lazımdır. Bundan əlavə mədə-bağırsaq traktının müxtəlif iltihabi xəstəliklərinin diaqnostika və müalicəsini gecikdirməmək tövsiyə olunur.