Yoğun bağırsaq keçməməzliyi

Yoğun bağırsaq keçməməzliyi mexaniki və ya funksional səbəblərdən qida və mayenin yoğun bağırsaqda hərəkətinin pozulması ilə xarakterizə olunur. Patologiya bağırsaq boyunca kəskin ağrı, qusma, ürəkbulanma, nəcis və qaz ifrazının baş verməməsi, qarnın qeyri-bərabər böyüməsi, ümumi vəziyyətin pozulması ilə təzahür edir. Diaqnoz ümumi baxış, qarnın palpasiyası, icmal rentgenoqrafiya və qarın boşluğu orqanlarının kompüter tomoqrafiyasının nəticələrinə əsasən qoyulur. Müalicənin prinsipləri patologiyanın xarakterindən asılıdır. Əksər hallarda bağırsağın zədələnmiş hissəsi rezeksiya olunur.

Yoğun bağırsaq keçməməzliyi barədə ümumi məlumat

Yoğun bağırsaq keçməməzliyi təxirəsalınmaz cərrahi vəziyyət hesab olunur. Bu patologiya kəskin qarın anlayışına daxil olan bütün vəziyyətlərin təxminən 3,8%-ni təşkil edir. Bağırsaq keçməməzliyinin orta hesabla 35%-i yoğun bağırsaq keçməməzliyinin payına düşür. Patoloji proses daha çox yaşlı şəxslərdə qeydə alınır. Onun təhlükəliliyi adekvat müalicə aparılmadıqda bağırsaq divarının nekrozlaşması nəticəsində peritonitin  yaranma ehtimalının yüksək olması ilə bağlıdır. Belə hallarda xəstənin həyatını xilas etmək üçün təcili sürətdə cərrahi əməliyyat aparılmalıdır.

Yoğun bağırsaq keçməməzliyinin yaranma səbəbləri

Yoğun bağırsaq keçməməzliyinə anadangəlmə xarakterli müxtəlif faktorlar: bağırsaq seqmentlərinin uzanması, inkişaf anomaliyaları (bağırsağın burulması, Hirşprunq xəstəliyi) səbəb ola bilər. Bu patoloji vəziyyətin qazanılma amillərinə qarın boşluğu orqanlarında aparılan əməliyyatlardan sonra yaranan bitişmə xəstəliyi, yoğun bağırsağın şişləri, bağırsaqda yad cisim, qarın yırtıqları, helmintoz, öd daşı xəstəliyi aiddir. Yoğun bağırsaq keçməməzliyi qarındaxili təzyiqin kəskin yüksəlməsi, izafi qida qəbulu, həddindən artıq fiziki yüklənmə zamanı müəyyən amillərin təsirindən formalaşa bilir.

Yoğun bağırsaq keçməməzliyi mexaniki və funksional (paralitik) olur. Mexaniki keçməməzlik adətən yırtıq, bitişmələr, iltihabi xəstəliklər, nəcis daşları, şiş, bağırsağın burulması və invaginasiyası zamanı inkişaf edir. 60 yaşdan sonra bu patoloji vəziyyət 93% hallarda bağırsaq mənfəzinə doğru böyüyən bədxassəli şişlə bağlı olur. Bağırsağın burulması yoğun bağırsaq keçməməzliyinin səbəblərinin 4%-ni təşkil edir. Digər patoloji vəziyyətlər 3% hallarda mexaniki keçməməzliyə gətirib çıxarır.

Paralitik keçməməzliyin əsas amili sinir sistemini zədələyən infeksiyalardır. Həmçinin bağırsağın saya  əzələlərinin tonusuna təsir edən preparatların qəbulu belə vəziyyətlərin formalaşmasına səbəb olur.  Paralitik bağırsaq keçməməzliyi Parkinson xəstəliyi fonunda inkişaf edə bilər. Bu zaman patologiya əzələ və sinir pozğunluqları ilə assosiasiyalı olur. Onların fonunda bağırsaq yığılmaları zəifləyir və ya tamamən dayanır. Nəticədə bağırsaq boyunca qidanın hərəkəti pozulur.

Yoğun bağırsaq keçməməzliyinin əlamətləri

Yoğun bağırsaq keçməməzliyi qarında vaxtaşırı yaranan spastik ağrılar, qusma, ürəkbulanma, meteorizm, qəbizlik və qaz ifrazının ləngiməsi ilə özünü büruzə verir. Xəstəliyin ilkin əlaməti kəskin abdominal ağrıdır. Ağrı əvvəlcə müəyyən bir nahiyədə lokalizasiya olunur, sonra isə qarnın bütün hissələrinə yayılır.

Patoqnomik simptomlara qusma, qaz və nəcis ifrazının ləngiməsi aiddir. Bağırsaq keçməməzliyi fonunda xəstənin vəziyyəti kəskin pisləşir, rəngi ağarır, dərisi soyuq tərlə örtülür. Obyektiv baxış zamanı qarnın asimmetrik şəkildə qabarması müşahidə olunur. Yoğun bağırsaq keçməməzliyi cərrahi yolla müalicə olunduğundan bu tip əlamətlər izlənildikdə xəstə təcili hospitalizasiya edilməlidir.

Yoğun bağırsaq keçməməzliyinin ağırlaşmaları

Adekvat tibbi yardım göstərilmədikdə yoğun bağırsaq keçməməzliyi xəstənin həyatı üçün təhlükəli sayılan vəziyyətlərlə ağırlaşa bilir. Pasiyentlərdə çox zaman bağırsağın zədələnmiş seqmenti nekrozlaşır. Bu patoloji vəziyyət qarın boşluğu damarları ilə qan cərəyanı pozulduqda baş verir. Bağırsaq toxumalarının məhvi yoğun bağırsağın perforasiyasına və peritonun iltihabına (peritonit) gətirib çıxarır. Peritonit zamanı vaxtında cərrahi müdaxilə aparılmadıqda xəstəlik ölümlə nəticələnir.

Yoğun bağırsaq keçməməzliyinin diaqnostikası

Yoğun bağırsaq keçməməzliyinin diaqnostikası klinik və instrumental müayinə üsullarına əsaslanır. Baxış və palpasiya zamanı ön qarın divarının qabarması aşkar edilir. İnstrumental üsullar arasında qarın boşluğunun rentgenoqrafiyası geniş yayılmışdır. Kompüter tomoqrafiya daha informativ hesab olunur. Hər iki üsul yoğun bağırsaq keçməməzliyinin növünü (tam və ya hissəvi, paralitik və yaxud mexaniki) və bağırsağın zədələnmə dərəcəsini müəyyənləşdirməyə kömək edir.

Laborator müayinə üsulları yoğun bağırsaq keçməməzliyinin diaqnostikasında köməkçi rol oynayır. Bağırsağın perforasiyası və peritonit zamanı qanda leykositoz, EÇS-nin yüksəlməsi, leykoformulanın sola meylliyi aşkar edilir. Bu dəyişikliklər ifadəli iltihabi-nekrotik prosesin inkişafından xəbər verir.

Yoğun bağırsaq keçməməzliyinin müalicəsi

Terapiyanın prinsipləri yoğun bağırsaq keçməməzliyinin yaranma səbəbi və xarakterindən asılıdır. İstənilən halda bu xəstəliyin müalicəsi stasionar şəraitdə aparılır. Yoğun bağırsağın hissəvi xarakterli mexaniki keçməməzliyində maye və qidanın bir hissəsi bağırsaq boyunca hərəkət edə bildiyindən stasionarda uzun müddət qalmaq tələb olunmur. Belə pasiyentlərə aşağı lifli pəhriz – həzm prosesini ləngitməyən qida məhsullarının qəbulu məsləhət görülür. Hissəvi keçməməzlik qidalanmanın korreksiyası fonunda aradan qalxmadıqda cərrahi müalicə tələb oluna bilər. Əməliyyat zamanı bağırsağın zədələnmiş hissəsi rezeksiya olunur, sonra isə onun tamlığı bərpa edilir.

Yoğun bağırsağın tam xarakterli mexaniki çatışmazlığı möhtəviyyatın həzm traktı boyunca hərəkət edə bilməməsi ilə xarakterizə olunur. Bu səbəbdən müalicə cərrahi yolla aparılır. Əməliyyatın həcmi  konkret vəziyyətdən, bağırsağın zədələnmə dərəcəsindən, patoloji prosesin lokalizasiyasından asılıdır. Əksər hallarda bağırsağın nekrozlaşmış seqmenti kəsilir, yoğun bağırsağın plastikası yerinə yetirilir.

Yoğun bağırsağın paralitik və ya funksional keçməməzliyi adətən müəyyən müddətdən sonra keçib gedir. Əks halda bağırsağın saya əzələlərinin yığımasının stimulyasiyasına və sinir-əzələ keçiriciliyinin yaxşılaşmasına yönəldilən medikamentoz terapiya icra olunur. Bu preparatlar qidanın həzm traktında normal pasajını təmin edir.

Bu patoloji vəziyyətin müalicəsində istifadə olunan ən effektiv preparat neostiqmindir. Yoğun bağırsağın paralitik keçməməzliyinin müalicəsi həm ambulator şəraitdə, həm də stasionarda aparıla bilər. Bu zaman bağırsaq keçməməzliyinə səbəb olan patoloji vəziyyətin terapiyasına daha çox diqqət ayrılır. Yoğun bağırsaq  keçməməzliyi dərman preparatları ilə bağlı olduqda onların qəbulu dərhal kəsilməlidir.

Yoğun bağırsaq keçməməzliyinin proqnoz və profilaktikası

Vaxtında tibbi yardım göstərildikdə yoğun bağırsağın mexaniki çatışmazlığının proqnozu adətən qənaətbəxş olur. Patoloji vəziyyətin yoğun bağırsaq xərçəngi fonunda inkişaf etdiyi və uzaq metastazların yarandığı hallar istisna sayılır. Adekvat müalicə aparıldıqda paralitik bağırsaq keçməməzliyinin proqnozu qənaətbəxş olur. Onun profilaktikası məqsədilə yaşı 60-dan yuxarı olan xəstələr vaxtaşırı proktoloji müayinədən keçməlidir. Bu patoloji vəziyyətə səbəb ola biləcək şiş və ya digər xəstəliklər vaxtında aşkarlanaraq, müalicə olunmalıdır.

error: Content is protected !!