Yumşaq toxumaların absesi
Yumşaq toxumaların absesi — əzələlərdə və ya dərialtı piy qatında lokalizasiya olunmuş, ətraf toxumalardan ayrılmış və irinli möhtəviyyatla dolu boşluqdur. Patologiya ödem, hiperemiya, ağrılı dəri və fluktuasiya simptomu ilə xarakterizə olunur; ümumi somatik dəyişikliklərlə (baş ağrıları, hiperemiya, nasazlıq, yuxunun pozulması) ilə müşayiət olunur. Diaqnostika zədələnmiş nahiyənin obyektiv müayinəsi, USM, rentgenoloji müayinə, absesin diaqnostik punksiyası və möhtəviyyatın bakterioloji analizindən ibarətdir. Abses formalaşdıqdan sonra onun yarılması həyata keçirilir, sonra isə boşluq postoperativ drenaj olunur və antiseptik məhlullarla yuyulur.
Yumşaq toxumaların absesi barədə ümumi məlumat
Yumşaq toxumaların absesi başqa irinli-iltihabi xəstəliklərdən infiltrativ kapsulun olması ilə fərqlənir; həmin kapsul piogen membran da adlandırılır. Başqa lokalizasiyalı abseslər də oxşar kapsula malikdirlər. Yumşaq toxumaların absesinin kapsulu onu yaxınlıqdakı anatomik strukturlardan ayırır və irinli prosesin yayılmasının qarşısını alır. Lakin irinli eksudatın miqdarının artması absesin böyüməsinə və onun membranının nazikləşməsinə, beləliklə, absesin cırılmasına gətirib çıxara bilər. Bu zaman irinli möhtəviyyat ətraf toxumalara və ya əzələlərarası mühitə axır və diffuz irinli iltihaba – fleqmonaya səbəb olur.
Yumşaq toxumaların absesinin səbəbləri
Yumşaq toxumaların absesi həmin toxumalara irintörədici mikroorqanizmlərin düşməsi ilə əlaqəlidir. Patologiyanın klinik hallarının ¼-i stafilokok mənşəlidir. Bundan başqa, streptokoklar, bağırsaq çöpləri, proteylər, göy-yaşıl irin çöpləri, klostridilər və s. patogen mikroorqanizmlər də törədici kimi çıxış edə bilər. Yumşaq toxumaların absesi tez-tez polimikrob etiologiyalı olur. Sümük vərəmində yumşaq toxumaların vərəm mikobakteriyaları tərəfindən törədilmiş “soyuq” absesi müşahidə oluna bilər.
Yumşaq toxumaların absesinə səbəb olan irintörədici mikroorqanizmlər toxumalara, adətən, yaralanma, travma, mikrotravma, yanıq, donvurma, açıq sınıqlar nəticəsində dəri örtüyünün tamlığının pozulması zamanı daxil olur. Patologiya mikroorqanizmlər orqanizmdə mövcud olan irin ocaqlarından (məs., furunkul, karbunkul, piodermiya və s.) limfogen və hematogen yolla da toxumalara yoluxduqda da yarana bilər. Yumşaq toxumaların absesinin əmələ gəlməsinə səbəb olan infeksiyalarla yoluxma infeksiyalı iynə ilə inyeksiya zamanı yatrogen yolla da baş verə bilər. Nadir hallarda yumşaq toxumaların aseptik absesi də müşahidə olunur. Patologiyanın bu növü toxumalara nekrozlaşdırıcı mayelərin (kerosin, benzin və s.) düşməsi nəticəsində yaranır.
Yumşaq toxumaların absesinin inkişafında orqanizmdə xroniki infeksiya ocaqları (sinusit, xroniki tonzillit, faringit və s.), uzun müddət davam edən mədə-bağırsaq traktı xəstəlikləri, periferik qan dövranının pozulması və mübadilə pozulmalarının (piylənmə, hipotireoz, avitaminoz) olması təkan verici fondur. İrinli prosesin inkişafında və proqressivləşməsində güclü angiopatiyalı şəkərli diabet xüsusi rol oynayır.
Yumşaq toxumaların absesinin simptomları
Yumşaq toxumaların absesi yerli və ümumi somatik simptomlarla xarakterizə olunur. Yerli əlamətlərə abses üzərində ağrılı, şişkin və qızarmış dəri aiddir. Zədələnmiş nahiyəyə təzyiq etdikdə ağrı güclənir. Yumşaq toxumaların absesi səthi yerləşdikdə yerli simptomatika aydın nəzərə çarpır və abses yarandıqdan bir neçə gün sonra iltihabi ocağın daxilində mayeşəkilli möhtəviyyatın olmasından xəbər verən fluktuasiya simptomu ilə tamamlanır.
Dərin lokalizasiya olunmuş abses zamanı yerli simptomlar aydın nəzərə çarpmır, fluktuasiya müşahidə olunmur və pasientin ümumi vəziyyətinin dəyişilməsi ön plana keçir. Yumşaq toxumaların absesinin ümumi somatik əlamətləri spesifik xarakter daşımır. Pasientlər tükənmə, periodik baş ağrıları, əzginlik, yuxu pozulması, bədən temperaturunun 39-40°С-ə qədər yüksəlməsi və titrəmə ilə müşayiət olunmasını qeyd edirlər.
Yumşaq toxumaların absesinin ağırlaşmaları
Güclü intoksikasiya simptomları absesin daxilində toxumaların parçalanması nəticəsində əmələ gəlmiş toksik maddələrin qana sorulması ilə əlaqəli ola və ya irinli prosesin yayılması və sepsis təhlükəsindən xəbər verə bilər. Yumşaq toxumaların absesi sepsisdən başqa, fleqmonanın inkişafı, yaxınlıqda yerləşən iri damarların divarlarının irinləməsi, prosesə sinir kötüyünün cəlb olunması və nevritin inkişafı, irinli iltihabın yaxınlıqdakı sümüyə keçməsi və osteomielitin əmələ gəlməsi ilə ağırlaşa bilər.
Yumşaq toxumaların absesinin diaqnostikası
Pasientin diaqnostikasında irinlə məşğul olan cərrah onun anamnezində travma, yaralanma və ya infeksiyalardan sonra iltihab simptomlarının meydana çıxmasına diqqət etməlidirlər. Səthi yerləşmiş yumşaq toxumaların absesi zədələnmiş nahiyənin obyektiv müayinəsində asanlıqla aşkar olunur. Daha dərin abseslər yumşaq toxumaların sonoqrafiyası və diaqnostik punksiyanın aparılmasını tələb edir. Punksiyadan sonra əldə olunmuş material irinli mikrofloranın antibiotiklərə həssaslığını təyin etmək məqsədilə bakterioloji analiz olunur.
“Soyuq” absesə şübhə olduqda zədələnmiş nahiyənin rentgenoloji müayinəsi və vərəmin ZPR-diaqnostikası həyata keçirilir. Bundan başqa, pasientin fon xəstəlikləri də diaqnostika olunur. Bu məqsədlə otolarinqoloq, qastroenteroloq, endokrinoloq konsultasiyası tələb oluna bilər.
Yumşaq toxumaların absesinin müalicəsi
Başlanğıc mərhələdə konservativ müalicə – iltihab əleyhinə terapiya və UYT terapiya tövsiyə olunur. Yumşaq toxumaların formalaşmış absesi cərrahi müalicə tələb edir. Absesin yarılması və drenajı, adətən, cərrah tərəfindən ambulator şəraitdə aparılır. Ağırlaşmış abses, cərrahi müalicədən sonra absesin residivi, ağır fon xəstəliyin və pasientin vəziyyətinin ağır olması, anaerob infeksiya; üzdə, iri damarların və ya sinir kötüklərinin yaxınlığında yerləşmiş abseslər zamanı postoperativ ağırlaşmalar riski yüksək olduqda hospitalizasiya mühümdür.
Hazırda cərrahiyyədə yumşaq toxumaların absesinin açıq və qapalı cərrahi müalicəsi tətbiq olunur. Bağlı müdaxilə kiçik kəsik vasitəsilə həyata keçirilir. O, divarların küretajı və abses möhtəviyyatının aspirasiyasından ibarətdir; drenaj, aktiv aspirasiya və postoperativ dövrdə abses tam bağlanana qədər onun boşluğunun yuyulması məqsədilə ikimənfəzli boru istifadə olunur. Açıq üsulla müalicə abses boşluğu geniş yarıldıqdan sonra onun boşaldılması və antiseptiklərlə yuyulması, geniş zolaqların köməyilə drenajı, abses boşluğunun hər gün postoperativ tualeti və sarğının dəyişdirilməsindən ibarətdir.
Absesin yarılması və drenajı onun ümumi somatik və intoksikasion simptomlarının zəifləməsinə və tədricən itməsinə gətirib çıxarmırsa, generalizə olunmuş irinli infeksiya və sepsisin inkişafı haqda düşünmək lazımdır. Belə hallarda massiv antibakterial terapiya; dezintoksikasion, infuzion və simptomatik müalicə tədbirləri həyata keçirilməlidir.
Yumşaq toxumaların absesinin profilaktikası
Yumşaq toxumalarda absesin əmələ gəlməsinin qarşısının alınması inyeksiya zamanı texika və aseptika qaydalarına riayət, yalnız bir dəfəlik nəzərdə tutulmuş şpris və ucluqdan istifadə, müxtəlif lokalizasiyalı irinli proseslərin vaxtında müalicəsi, orqanizmin qeyri-spesifik rezistentliyinin yüksəldilməsi, yaraların adekvat və hərtərəfli birincili işlənməsindən ibarətdir.