Yumurtalığın dermoid kistası
Yumurtalığın dermoid kistası – ovarial toxumanın qalın divarlı kapsula malik əlavə törəməsidir. Dermoid kistanın daxilində seliyəbənzər kütlə şəklində müxtəlif toxumalar (dəri, piy toxuması, piy vəziləri, tük, sümük, diş, sinir toxuması) müşahidə olunur. Yalnız böyük ölçülərə çatdıqda kliniki olaraq özünü büruzə verir: qarın və bel nahiyəsində ağrılar, dizurik pozğunluqlar, defekasiyanın pozulması izlənilir. Dermoid kista iltihablaşmaya meylli olur, əksər hallarda kistanın ayaqcığının burulmasına rast gəlinir. Patologiyanın diaqnozu ginekoloji müayinə, USM, MRT, laparoskopiyanın nəticələrinə əsasən qoyulur. Müalicə cərrahi üsulla aparılır: kistektomiya, yumurtalığın pazvari rezeksiyası və ya ovarioektomiya.
Yumurtalığın dermoid kistası barədə ümumi məlumat
Dermoid kista (dermoid, yetişmiş teratoma) – yumurtalığın xoşxassəli şişi olub, ovarial kistalı qadınların 15-20%-də rast gəlinir. Yumurtalığın dermoid kistası adətən yumru və ya oval formada olub, hamar xarici divarlara malikdir, diametri 15 sm-ə qədər arta bilir. Teratomanın daxili çoxqatlı epitel ilə örtülu və ektoderma, endoderma, mezoderma mənşəli jeleyəbənzər möhtəviyyatla (piy və tər vəziləri, saç, piy, sinir, sümük toxuması və s.) dolu olur.
Dermoid kista toxumaların bətndaxili differensiasiyasının pozulması zamanı yumurtalıqlarda saxlanılan rüşeym qatlarından inkişaf edir. Dermoid kista istənilən yaş dövründə (uşaq, yeniyetmə, reproduktiv, klimakterik) yarana bilir. Yetişmiş teratomaların formalaşma səbəbi müəyyən edilməmişdir; onların inkişafında cinsi yetişkənlik, klimaks dövründə baş verən hormonal dəyişikliklərin, qarnın travmalarının rolu ehtimal edilir. Yumurtalığın dermoid kistası tədricən böyüyür, adətən birtərəfdə (çox zaman sağtərəfli) lokalizasiyalaşır. 1-3% hallarda yumurtalığın dermoid kistasının yastı hüceyrəli xərçəngə maliqnizasiyası qeyd olunur.
Yumurtalığın dermoid kistasının əlamətləri
İlkin mərhələlərdə yumurtalığın dermoid kistası simptomatik olaraq müşahidə olunmur, ginekoloji müayinə və USM zamanı təsadüfən aşkar olunur. Klinik əlamətlər kistanın ölçülərinin böyüməsi zamanı (15 sm və daha çox) meydana çıxır. Bu zaman xəstədə qarnın aşağı hissəsində ağırlıq və ağrı hissi yaranır, bəzən qarnın ölçülərinin böyüməsi müşahidə edilir. Kistanın böyüməsi sidik kisəsi və ya düz bağırsağa təzyiqlə müşayiət olunur, bu da sidik ifrazının tezləşməsi, bağırsaq funksiyasının pozulması (ishal və ya qəbizlik) ilə özünü büruzə verir.
Yumurtalığın dermoid kistası hormonal dəyişikliklər və aybaşı tsiklinin pozğunluqlarına səbəb olmur, lakin ağırlaşmış gedişə meylli olur. Yetişmiş teratomaların iltihabı zamanı bədən hərarəti 39°С-yə qədər yüksəlir, ifadəli halsızlıq və qarında ağrı aşkar olunur. Yumurtalığın dermoid kistasının ayaqcığının burulması zamanı peritonun qıcıqlanması əlamətləri, hərarətin yüksəlməsi, kəskin, davamlı, ayağa və düz bağırsağa irradiasiya edən ağrı ilə müşahidə olunan kəskin pelvioperitonitin klinikası inkişaf edir.
Bəzən yumurtalığın dermoid kistası ilkin olaraq hamiləliyin aparılması prosesində üzə çıxır. Əgər teratoma kiçik ölçülü, ağırlaşmayan olub, qonşu orqanların fəaliyyətini pozmursa onun müalicəsi doğuşdan sonra aparılır. Dermoid kistalı hamilələr ginekoloqun xüsusi nəzarəti altında olmalıdır.
Yumurtalığın dermoid kistasının diaqnostikası
Bimanual (uşaqlıq yolu-abdominal və ya rekto-abdominal) ginekoloji müayinə zamanı yumurtalığın dermoid kistası uşaqlığın ön və yan tərəfində elastik, yumru, hərəkətli və ağrısız törəmə şəklində palpasiya olunur.
Yumurtalığın dermoid kistasının diaqnostikasında ən informativ üsul transvaginal və transabdominal ötürücülərin köməyilə aparılan USM sayılır. Ultrasəs skanlama zamanı kistanın ölçüləri, kapsulun qalınlığı və qan dövranının intensivliyi, möhtəviyyatının EXO-sıxlığı, onun boşluğunda törəmələrin olması, bəzi hallarda –kalsifikatlar müəyyənləşdirilir. Şübhəli vəziyyətlərdə yetişmiş teratomanın diaqnozu kompyuter diaqnostika və MRT yolu ilə təsdiqlənir.
Yumurtalığın dermoid kistasının ağırlaşmış gedişi zamanı uşaqlıq yolunun arxa tağının punksiyası, laparoskopiya; uşaqlıqdan kənar hamiləliyi istisna etmək üçün hamiləlik testi aparılır. Yumurtalığın dermoid kistası zamanı törəmələrin maliqnizasiyasını istisna etməyə imkan verən şiş markerləri-antigenlər (CA-125) yoxlanılır. Yetişmiş teratoma yumurtalıq kistalarının digər formaları və kistoması ilə differensiasiya edilir.
Yumurtalığın dermoid kistasının müalicəsi
Yumurtalığın dermoid kistasının yeganə müalicə üsulu cərrahi yol hesab olunur. Əməliyyatın həcmi xəstənin yaşı, törəmənin ölçüsü və xoşxassəli olmasından asılıdır. Yumurtalığın iltihabla ağırlaşmış və ya ayaqcığı burulmuş dermoid kistaları zamanı təcili surətdə əməliyyat aparılır.
Qızlar və cavan qadınlarda kistektomiya, yumurtalığın pazvari rezeksiyası; premenopauza dövründə ooforektomiya, bəzi hallarda isə zədələnən tərəfdə adneksektomiya tətbiq edilir. Yumurtalığın dermoid kistasının çıxarılması laparoskopiya və ya laparotomiya prosesində icra edilir. Histoloji müayinədə yumurtalığın dermoid kistasının diaqnozu təsdiqləndikdə müalicə dayandırılır. Hamiləliyin planlaşdırılması yetişmiş teratomaların kəsilməsindən 6 ay-1 il sonra məsləhət görülür.
Yumurtalığın dermoid kistasının proqnozu
Yumurtalığın dermoid kistasının vaxtında çıxarılması zamanı spesifik funksiyaların (aybaşı, cinsi, reproduktiv) proqnozu qənaətbəxş sayılır. Yetişmiş teratomaların təkrar inkişafı çox nadir hallarda müşahidə olunur, bu hala əməliyyat prosesində yumurtalıqda dermoid kistanın mikroskopik rüşeymləri qaldıqda rast gəlinir. Əməliyyatdan sonra ildə 2 dəfə profilaktik məqsədlə ginekoloji müayinə və USM-nəzarət aparılır.
Yumurtalığın dermoid kistası zamanı istənilən fiziki aktivlik (tullanmalar, əyilmələr, fırlanmalar) ayaqcığın burulmasına gətirib çıxara bilir. Eləcə də kistanın olması onun möhtəviyyatının irinləməsi və maliqnizasiyası üçün potensial təhlükə daşıyır.