Yumurtalığın kistoması
Yumurtalığın kistoması – yumurtalığın epitel toxumasından inkişaf edən və proliferativ böyüyən həqiqi şişidir. Erkən mərhələlərdə yumurtalığın kistoması simptomsuz keçir; bir müddətdən sonra qarnın ölçüləri böyüməsi, dolma hissi, dartıcı ağrılar, dizurik əlamətlər, defekasiya pozulmaları müşahidə oluna bilər. Diaqnoz ginekoloji baxış, kiçik çanaq orqanlarının və qarın boşluğunun USM, yumurtalıq xərçənginin onkomarkerinin (СА-125) müayinəsi, laparoskopiyanın nəticələrinə əsasən qoyulur. Yumurtalığın kistomasının ağırlaşmalarına maliqnizasiya, nekroz, perforasiya, qansızma, qonşu orqanların sıxılması aiddir. Yumurtalığın kistomasının müalicəsi yalnız cərrahi yolladır. Proqnoz törəmənin histoloji quruluşuna əsasən müəyyənləşdirilir.
Yumurtalığın kistoması barədə ümumi məlumat
Yumurtalığın kistoması uşaqlığın fibroması ilə yanaşı qadın cinsiyyət sisteminin ən çox rast gəlinən şişlərindən sayılır. Kistoma yumurtalığın xoşxassəli şişlərinə aid olsa da əksər hallarda ikincili maliqnizasiyaya meylli olur. Yumurtalığın kistomasının spesifikliyi onun sürətli proliferativ böyüməsi ilə əlaqədardır, bununla əlaqədar neoplaziya çox zaman iri ölçülərdə olur. Yumurtalığın kistoması əvvəllər mövcud olan yumurtalığın kistasının əsasında inkişaf edə bilər. Kistoma yumurtalığa daxilində bağlar (yumurtalıq asılan bağ, enli bağın bir hissəsi, yumurtalığın xüsusi bağı), uşaqlıq və yumurtalıq arteriyaları, sinirlər və limfatik damarlar olan anatomik ayaqcıq vasitəsilə birləşir.
Yumurtalığın kistomasının növləri
Müasir ginekologiyada yumurtalıqların kistomaları xəstəliyin gedişinə, möhtəviyyatın xarakterinə, boşluqların daxilini bürüyən qata, lokalizasiyasına əsasən təsnif edilir. Gedişinə görə yumurtalığın kistomaları xoşxassəli, proliferasiyaedici (keçid) və maliqnizasiyalaşmış olur. Yumurtalığın xoşxassəli şişləri zamanla proliferasiyaedici, sonra isə bədxassəli formaya keçə bilir. Möhtəviyyatdan asılı olaraq kistomalar seroz və musinoz xarakterli olur.
Seroz kistomalar saman rəngli şəffaf seroz möhtəviyyatla dolu, borulu və ya səthi epitellə örtülmüş boşluqdan ibarətdir. Əksər hallarda tək kameralıdır, kistanın diametri 30 və daha artıq sm-ə kimi ola bilər. Adətən 40-50 yaş arasında olan qadınlarda rast gəlinir. Yumurtalığın kistomasının maliqnizasiyası 10-15% xəstələrdə qeyd olunur.
Ginekologiyada çox zaman servikal kanalın hüceyrələrini xatırladan epitel döşəməli musinoz (psevdomusinoz) kistomalar müşahidə olunur. Yumurtalığın musinoz kistomaları bir qayda olaraq çox kameralı olub, möhtəviyyatı seliyəbənzər selikdən ibarətdir. İstənilən yaş dövründə izlənilə bilər, lakin çox hallarda postmenopauzada aşkarlanır. Yumurtalığın musinoz kistomaları az hallarda (3-5%) bədxassəli formaya çevrilir.
Boşluğun döşəməsinin xarakterinə görə yumurtalığın kistomaları qlandulyar (vəzili), mezonefroid, silioepitelial (hamar divarlı), endometroid və papilyar formalara ayrılır. Yumurtalığın kistoması bir (birtərəfli) və ya hər iki yumurtalıqda inkişaf edə, eyni və ya fərqli quruluşa malik ola bilər. Adətən musinoz kistomalar birtərəfli, seroz forma isə ikitərəfli olur.
Yumurtalığın kistomasının yaranma səbəbləri
Yumurtalığın kistomasının yaranma səbəbləri dəqiq müəyyənləşdirilməmişdir. Müşahidələrə əsasən yumurtalıqların hormonal funksiyasının pozğunluqları, ağırlaşmış irsiyyəti olan qadınlar, 2-ci tip herpes virusu və İPV daşıyıcıları kistomanın inkişafına meylli olur.
Yumurtalığın kistomasının inkişafı üzrə risk qrupuna cinsiyyət sisteminin xroniki xəstəlikləri (kolpit, ooforit, endometrit), qeyri-müntəzəm aybaşı sikli, süd vəzilərinin xərçəngi, anamnezdə hamiləliyin pozulması, yumurtalıqlarda aparılan əməliyyatlar və ya uşaqlıqdan kənar hamiləlik olan qadınlar aiddir. Yumurtalıqların kistomasının yaranma ehtimalı premenopauza və menopauza dövrlərində daha yüksək olur. Yumurtalığın yaranmasının yüksək riski olan qadınların ginekoloq müşahidəsi altında olmaları vacibdir.
Yumurtalığın kistomasının əlamətləri
Yumurtalığın kiçik ölçülü kistomaları zamanı bir qayda olaraq heç bir subyektiv əlamət və aybaşı siklinin pozulmaları ilə müşahidə olunmur. Erkən mərhələlərdə kistoma adətən planlı ginekoloji baxış və ya sonsuzluqla bağlı müayinə zamanı təsadüfən aşkarlanır.
Yumurtalığın kistomaları böyük ölçülərə çatdıqda müxtəlif simptomatika – qarın boşluğunda ağırlıq hissi, sızıltılı və dartıcı xarakterli, qasıq və ya bel nahiyəsinə irradiasiya edən ağrılar, qarnın ölçülərinin böyüməsi, aybaşı siklinin pozğunluqları ilə təzahür edə bilir. Yumurtalığın kistomasının sidik kisəsinin sıxması sidik ifrazı tezləşməsi, düz bağırsağa təzyiqi – qəbizlik (bəzən ishal), iri damarları sıxması isə ayaqların ödemi ilə müşayiət olunur. Yumurtalığın seroz kistoması zamanı əksər hallarda assit, hidrosalpinks inkişaf edir.
Yumurtalığın kistomasının ayaqcığının burulması nəticəsində kəskin nəzərəçarpan klinik əlamətlər-intensiv ağrı, hərarətin artması, ürəkbulanma, taxikardiya, qarın divarı əzələlərinin gərginliyi yaranır. Fiziki yüklənmə, qarnın travması, ehtiyyatla aparılmayan ginekoloji müayinə kistomanın kapsulunun cırılmasına-yumurtalığın apopleksiyasına səbəb ola bilər.
Yumurtalığın kistomasının diaqnostikası
Ginekoloji kresloda müayinə zamanı palpasiyada uşaqlıqdan arxada oma çuxurunda yerləşən anatomik ayaqcıqlı şişəbənzər törəmə əllənir. Ölçülərindən və kameranın sayından asılı olaraq yumurtalığın kistoması elastik və ya bərk konsistensiyalı, hamar səthli törəmə əllənir.
Yumurtalıın kistomasının obyektiv təsdiqi və ölçülərinin təyini məqsədilə kiçik çanaq orqanlarının USM, KT və MRT müayinəsi aparılır. Kistomanın xarakteri yumurtalıq xərçənginin əsas onkomarkeri sayılan СА-125 təyini, uşaqlıq yolunun arxa tağından keçməklə qarın boşluğunun punksiyası və mayenin sitoloji analizi vasitəsilə dəqiqləşdirilir. Göstərişlərə əsasən endometriumun biopsiyası, süd vəzilərinin USM aparılır.
Diaqnostik prosesdə yumurtalığın kistomasını yumurtalıq xərçəngindən, follilkulyar kista və sarı cismin kistasından, uşaqlığın miomasından, uşaqlıq və uşaqlıqdan kənar hamiləlikdən, adneksitdən, mədənin metastatik şişlərindən, bağırsaq və sidik kisəsinin şişlərindən differensiasiya etmək lazımdır. Bu səbəbdən əlavə olaraq qarın boşluğunun USM, qastroskopiya, mədənin rentgenoqrafiyası, irriqoskopiya, qastroenteroloq, proktoloq və uroloqun konsultasiyası tələb oluna bilər.
Diaqnozla bağlı əsaslı şübhələr olduqda yumurtalıqların biopsiyası ilə aparılan diaqnostik laparoskopiya icra edilir. Bu metod həm də müalicəvi məqsəd daşıyır. Son diaqnoz yumurtalığın cərrahi müalicəsindən sonra xaric edilmiş şişin histoloji quruluşunun əsasında qoyulur.
Yumurtalığın kistomasının müalicəsi
Ölçü və klinik əlamətlərdən asılı olmayaraq yumurtalığın kistomasının bütün formalarında cərrahi müalicə göstəriş hesab olunur. Yumurtalığın kistomasının xaric edilməsinin vacibliyi onun maliznizasiya risk, proqressiv böyüməsi, çanaq orqanlarının fəaliyyətinin pozulması ilə izah olunur. Əməliyyat zamanı kistoma çıxarılır, onun növü təyin edilir, bədxassəli proses istisna edilir. Yumurtalığın kistoması zamanı əməliyyatın həcmi şişin forma və ölçüləri, xəstənin yaşı, reproduktiv planına əsasən müəyyənləşdirilir. Yumurtalıqların kistomaları laparoskopik və ya laparotomik üsulla icra edilir.
Əməliyyatın həcmini təyin etmək üçün şiş toxumalarının təcili intraoperasion histoloji müayinəsi aparılır. Cavan xəstələrdə seroz möhtəviyyatlı, hamar divarlı kistomalar zamanı onkoloji xəstəlik üçün risk amili olmadıqda kistektomiyanın (ovarial toxuma saxlanılmaqla törəmənin xaric edilməsi) aparıla bilər. Reproduktiv yaşda olan qadınlarda seroz papillyar və musinoz kistomalar zamanı zədələnmiş yumurtalıq xaric edilir (ooforektomiya). Postmenopauza dövründə yumurtalığın kistomasının müalicəsinin optimal həcmi panhisterektomiya üsulu ilə uşaqlığın xaric edilməsi sayılır.
Yumurtalığın kistomasının ayaqcığının burulması və ya kapsulun cirilması hallarında müdaxilə təxirəsalınmaz xarakter daşıyır. Keçid və ya bədxassəli kistomalarda kimyaterapiya, hormonoterapiya, şüa terapiyası təyin olunur.
Yumurtalığın kistomasının ağırlaşmaları
Yumurtalığın kistomasının həyat üçün ən təhlükəli ağırlaşması törəmənin maliznizasiyası sayılır, bu səbəbdən onun müalicəsi ancaq cərrahi yolla aparılmalıdır. Bundan əlavə fiziki yüklənmə və ya kəskin hərəkətlər zamanı kistomanın ayaqcığının burulması, kistomanın boşluğuna və ya kapsuluna qansızma ehtimalı yüksəkdir.
Bağırsaq traktından infeksiyanın hematogen və ya limfogen yolla yayılması kistomanın möhtəviyyatı irinləməsinə səbəb olur. Şişin travması və ya onun divarlarının trofikasının pozulması zamanı yumurtalığın kistomasını kapsulu cırılır, bu hal kəskin ağrı, daxili qanaxma, şok, huşun itməsi, peritonitlə müşayiət olunur.
Yumurtalığın kistoması nəhəng ölçülərə çatdıqda bağırsaq, sidik kisəsi, qan cərəyanının funksional pozğunluqları izlənilir. Yumurtalığın kistomasının ağırlaşmaları zamanı aparılan əməliyyatlar xəstəliyin planlı müalicəsindən fərqli olaraq hər zaman iri həcmli olması ilə seçilir.
Yumurtalığın kistomasının profilaktikası və proqnozu
Müntəzəm ginekoloji müayinələr və USM yumurtalığın kistomasının profilaktikasına zəmanət verir. Əlverişsiz fonun istisna edilməsi üçün yumurtalıqlar, uşaqlıq və onun artımlarının xroniki iltihabi xəstəliklərinin vaxtında müalicəsi, kontrasepsiyanın düzgün seçilməsi, abortların profilaktikası tələb olunur.
Vaxtında aparılan cərrahi müalicə xəstənin tam sağalmasını və proqnozun qənaətbəxş olmasını təmin edir. Yumurtalığın kistoması xaric edildikdən sonra xəstələr ginekoloq (onkoginekoloq) və mammoloqun müşahidəsi altında olmalıdır.