Yumurtalıq ehtiyatının azalması

Yumurtalıq ehtiyatının azalması – follikulların böyüməsi üçün aparılan hormonal stimulyasiyaya yumurtalıqların cavab vermə qabiliyyətinin zəifləməsi və eyni zamanda yumurtahüceyrələrin keyfiyyətinin pisləşməsi ilə xarakterizə olunur. Aşağı reproduktiv potensial müalicəyə tabe olmayan sonsuzluqla nəticələnir. Başlanğıc mərhələlərdə aybaşı tsiklinin qısalması müşahidə edilir. Diaqnostika məqsədilə antimüller hormonu (AMH) yoxlanılır, USM müayinəsi aparılır. Yumurtalıq ehtiyatını artıran spesifik üsullar mövcud deyil. Hamiləlik planlaşdıran pasiyentlərə süni mayalanma məsləhət görülür.

Yumurtalıq ehtiyatının azalması haqqında ümumi məlumat

Ovarial və yaxud follikulyar ehtiyatın azalması 35 yaşdan yuxarı qadınlarda gedən fizioloji prosesdir. Tədqiqatlara əsasən 37 yaşdan etibarən yumurtalıq ehtiyatı 2 dəfə aşağı düşür. 45 yaşlı qadınlarda isə təbii yolla mayalanma ehtimalı sıfıra yaxınlaşır. Yumurtalıqların vaxtından əvvəl tükənməsinə ümumi populyasiyada 1-3% hallarda rast gəlinir. Həmçinin bu sindroma birincili amenoreyalı qadınların 4-18%-də təsadüf olunur.  

Yumurtalıq ehtiyatını azaldan başlıca amilləri hər zaman üzə çıxarmaq mümkün olmur. Bu səbəbdən 50% hallarda onu idiopatik adlandırırlar. Yarımçıq doğulmuş qadınlarda cavan yaşlarda follikul sayının azlığı qeydə alınır.  

Yumurtalıq ehtiyatının azalmasının səbəbləri 

Yumurtalıq ehtiyatının azalması təbii proses olub, normada 35 yaşdan sonra baş verir. Xarici və daxili amillərin təsirində bu proses tezləşə bilər. Belə vəziyyətlərdə yumurtalıqların funksional çatışmazlığı erkən dövrlərdə müşahidə olunur. Aşağı follikulyar ehtiyatın əsas səbəbləri aşağıdakılardır:  

  • Polikistoz yumurtalıqlar sindromu. Ovulyasiyanın baş vermədiyi neyroendokrin xəstəliklərdə yumurtalıqların üzərində sərt kapsullu, kiçik ölçülü follikulyar kistalar formalaşır.  
  • Endometrioz. Cinsiyyət vəzilərinin zədələnməsi endometrioid kistalar, ocaqda immun və  iltihabi reaksiyalar ilə müşayiət olunur. Follikul ehtiyatının azalması III-IV dərəcəli endometriozda meydana çıxır.  
  • Cərrahi əməliyyatlar. Yumurtalığın rezeksiyasından sonra sağlam toxumalar azalır, qalan hissələrin qanla təchizatı pisləşir. Nəticədə follikullatın yetişmə qabiliyyəti 50-75% aşağı düşür. Yumurtalıq endometriozunun koaqulyasiyası və ya kistanın kapsulunun yarılması ovarial ehtiyata mənfi təsir göstərmir.  
  • Toksiki zədələnmə. Onkoloji xəstəliklərin kombinəolunmuş müalicəsi cinsiyyət vəzilərinin zədələnməsinə gətirib çıxarır. Sitostatiklər qranulyoz hüceyrələrdə destruktiv proseslər törədir, follikulların atreziyasına səbəb olur.  
  • İltihabi proseslər. Xroniki ooforit, yumurtalığın qabıq maddəsinin şərti-patogen və patogen mikroorqanizmlər tərəfindən zədələnməsi zamanı oosit ehtiyatı azalır. Ovarial toxumalarda yetişməyə qadir çox az miqdarda promordial follikullar qalır.  

Yumurtalıq ehtiyatının azalmasının patogenezi

Cinsi yetişkənlik dövründə qadın orqanizmində 400 000-500 000 yetişməmiş follikul mövcud olur. Hər ovulyasiya zamanı 1 oosit itirilir. Eləcə də hər ay müxtəlif faktorların təsirindən yüzlərlə oosit məhv olur. Qadın 35 yaşa çatdıqda onlar təxminən 25 000 sayda qalır, lakin bu dövrdən etibarən deqradasiya prosesi sürətlənir. Aybaşı siklində dəyişikliklərin başlanması klimaksın yaxınlaşmasından xəbər verir.  

Yumurtalıq ehtiyatının azalma mexanizmi onun səbəblərindən asılıdır. Belə ki, endometriozda follikulların sayı bütün inkişaf mərhələlərində azalır. 2007-ci ildə M.Dolmans və Luvenin Katolik universitetinin bir qrup tədqiqatçıları «yanma» nəzəriyyəsini irəli sürdülər. Ona əsasən endometrioz zamanı oositlər sürətli formada yetişdiyindən onların ehtiyatı vaxtından əvvəl bitir. Bu fikir qranulyoz hüceyrələrdə distrofik proseslərin getməsi, follikulyar mayenin tərkibinin dəyişməsi və apoptozun tezləşməsi ilə öz təsdiqini tapmışdır. ,  

27-36-cı həftələrdə doğulan qızlarda cinsi orqanların bətndaxili yetişmə prosesi başa çatmır. Bu səbəbdən onlarda inkişaf anomaliyalarına, reproduktiv funksiyanın zəifləməsinə və polikistoz yumurtalıqlar sindromuna daha çox rast gəlinir. Polikistoz yumurtalıqlar zamanı orqanizmdə hormonal və ovulyator dəyişikliklər gedir. Onlar isə öz növbəsində yumurtalıqların və reproduktiv disfunksiyanın vaxtından tez tükənməsi ilə nəticələnir.   

Yumurtalıq ehtiyatının azalması AMH sintezinin zəifləməsi ilə təzahür edir. Bu hormon qranulyoz hüceyrələrdə sintez olunur və bütün aybaşı sikli boyunca eyni konsentrasiyada qalır. Qanulyoz hüceyrələr destruksiyaya uğradıqda AMH səviyyəsi azalır. Bir qədər sonra estrogen sintezində dəyişikliklər gedir, anovulyator tsikllər yaranır. Əks əlaqə mexanizminə əsasən FSH səviyyəsi artır. Lakin onun stimuləedici təsirinə cavab verilmir, ovarial toxumalar tədricən hipoplaziyaya uğrayır, klimaks başlanır.  

Yumurtalıq ehtiyatının azalmasının əlamətləri

İlkin mərhələlərdə heç bir əlamət müşahidə olunmur. Zaman keçdikcə aybaşı sikli 24-26 günə qədər və daha çox qısalır. Son dövrlərdə sikldə pozulmalar baş verir, müntəzəmlik itir. Oositlərin ehtiyatı azaldıqda təbii yolla mayalanma mümkün olmur. Eyni zamanda süni mayalanma da hər zaman gözlənilən nəticəni vermir.  

Yumurtalıq ehtiyatı azalan qadınlarda ən sıralara əsas patologiyanın əlamətləri keçir. İltihabi proseslər qarında sızıltılı ağrılar, vaginal ifrazatlarla müşayiət olunur. Endometrioz üçün aybaşı tsiklinin pozulması xarakterikdir. 

Polikistoz yumurtalıqlar sindromunda piylənmə, akne, hirsutizm və amenoreya qeydə alınır. Gecikmiş hallarda ovarial ehtiyatın azalmasına estrogen defisiti əlavə olunur. Vegetativ əlamətlər: istilik hissi, tərləmə, taxikardiya qabarıq şəkil alır. Yuxu pozulur, emosional labillik və premenopauzanın yaxınlaşmasından xəbər verən digər əlamətlər meydana çıxır.  

Yumurtalıq ehtiyatının azalmasının diaqnostikası 

Yumurtalıq ehtiyatının azalmasını sübut edən bir sıra meyarlar mövcuddur. Onlara aşağıdakılar aiddir:  

  • 35 yaş> 
  • aybaşı siklinin 26 gündən az olması  
  • FSH>10 BV/ml
  • siklin 2-3-cü günündə yumurtalıqda diametri 10 mm-dən kiçik, sayı 5-dən az follikulun izlənilməsi  
  • yumurtalığın həcminin 8 sm³ qədər kiçilməsi.

Müayinə məqsədilə aşağıdakı üsullardan istifadə olunur:  

  1. Ginekoloji müayinə. Reproduktiv orqanların ölçüləri norma həddində olsa da, endometrioid kistalarda yumurtalıqlar böyüyə bilir. Estrogen defisiti qoşulduqdan sonra uşaqlıq yolunda quruluq yaranır.  
  2. AMH analizi. Bu hormon aybaşının istənilən günündə yoxlanılır. Yumurtalıq ehtiyatı azaldıqda AMH analizinin göstəricisi 0,5-1,1 nq/ml olur. Polikistoz yumurtalıqlar sindromunda isə eyni zamanda çoxlu sayda oosit yetişdiyindən AMH səviyyəsi artır.
  3. Hormonal fonun yoxlanılması. Bu analizin köməyilə pasiyentin vəziyyəti kompleks şəkildə dəyərləndirilir. Xəstələrdə FSH, LH, estradiol, progesteron, prolaktin, testosteron yoxlanılır. Yumurtalıq ehtiyatının azalması estradiol sintezinin zəifləməsi, FSH səviyyəsinin isə artması ilə müşayiət olunur.  
  4. Sonoqrafiya. Follikulyar ehtiyatın USM-qiymətləndirilməsi aybaşı siklinin əvvəlində aparılır. Müayinə prosesində antral follikulların çatışmazlığı, yumurtalıqların hipoplaziyası aşkarlanır. Bəzən vizual olaraq, əsas patologiyaya xas dəyişikliklər – polikistoz, endometrioz ocaqları izlənilir.  

Yumurtalıq ehtiyatının azalmasının müalicəsi

Azalmış follikul ehtiyatını bərpa etmək mümkün deyil. Kombinəolunmuş oral kontraseptivlərin və digər hormonal preparatların davamlı qəbulu bu prosesi dayandıra bilmir. Ona görə də generativ funksiyanın qorunmasına yönələn üsullardan istifadə edilir:

  • Ovulyasiyanın stimulyasiyası. Aybaşı siklinin başlanğıcından qonadotropin kombinasiyasının tətbiqi pasiyentdə onlarla yumurtahüceyrənin yetişməsini stimulə edir. Lakin bu metod əvvəlki stimulyasiya cəhdləri uğursuz olan qadınlarda təkrar aparılmır.  
  • Donor yumurtahüceyrələrinin istifadəsi. Ovarial ehtiyatın kifayət qədər azalmasına baxmayaraq, reproduktiv funksiyası saxlanılan qadınlarda donor yumurtahüceyrələri ilə süni mayalanma aparıla bilər. Belə hallarda hamiləliyin davam etməsi üçün hormonal preparatlar təyin edilir.  
  • Qadının əvvəlcədən dondurulmuş yumurtahüceyrələrinin istifadəsi. Bu üsul gələcəkdə suni mayalanma etməyə imkan verir.  
  • Surroqat analıq. Aşağı ovarial funksiya və bir neçə uğursuz süni mayalanma cəhdləri ilə qarşılaşdıqda surroqat analıq məsləhət görülür.  

Yumurtalıq ehtiyatının azalmasının proqnoz və profilaktikası

Follikul ehtiyatı azaldıqda proqnoz qeyri-qənaətbəxşdir. Yumurtalıqların funksiyasının zəifləməsini dayandırmaq mümkün deyil. 

Profilaktik tədbirlərə cinsi infeksiyaların qarşısının alınması, kiçik çanaqda iltihabi xəstəliklərin vaxtında müalicəsi aiddir. Endometrioz və yaxud polikistoz yumurtalıqlar zamanı patoloji ocaqların rezeksiyasına deyil, destruksiyasına üstünlük verilir. 

error: Content is protected !!