Yumurtalıqların xoşxassəli şişləri

Yumurtalıqların xoşxassəli şişləri – ovarial toxumanın əlavə törəməsi olub, hüceyrənın proliferasiya  və differensiasiya proseslərinin pozulması nəticəsində yaranır. Yumurtalıqların xoşxassəli şişləri qarında ağrılar, aybaşı və reproduktiv funksiyaların pozulması, dizuriya, defekasiya pozğunluqları, qarnın ölcülərinin böyüməsi ilə müşayiət oluna bilər. Diaqnoz vaginal müayinə, USM, şiş markerlərinin təyini, MRT, laparoskopiya və digər üsulların əsasında qoyulur. Yumurtalıq şişlərinin müalicəsi cərrahi üsulla olub, spesifik qadın funksiyalarının bərpası və maliqnizasiyanın istisna edilməsi məqsədi daşıyır.

Yumurtalıqların xoşxassəli şişləri barədə ümumi məlumat

Yumurtalıqların xoşxassəli şişləri ginekologiyanın ən ciddi problemlərindən hesab olunur, bu da onların reproduktiv yaşda olan qadınlar arasında çox yayılması və reproduktiv potensialın zəifləməsinə səbəb olması ilə izah olunur. Yumurtalıqların xoşxassəli şişləri onun bütün törəmələrinin 80%-ni təşkil edir, lakin onların əksəriyyəti maliqnizasiyaya meylli olur. Ovarial şişlərin vaxtında aşkarlanması və xaric edilməsi yumurtalıq xərçənginin profilaktikası baxımından çox aktualdır.

Yumurtalıqların xoşxassəli şişlərinin yaranma səbəbləri

Yumurtalıqların xoşxassəli şişlərinin etiologiyası tam öyrənilməmişdir. Ovarial şişlərin hormonal, virus, genetik mənşəli olması haqda müxtəlif nəzəriyyələr mövcuddur. Hesab olunur ki, yumurtalıqların xoşxassəli şişlərinin yaranması hüceyrələrin diffuz, sonra isə ocaqlı hiperplaziyası və proliferasiyasına səbəb olan hiperestrogeniya ilə bağlıdır. Herminogen törəmələr və cinsiyyət ciyəsinin şişlərinin inkişafında embrional pozğunluqlar rol oynayır.

Yumurtalıqların xoşxassəli şişlərinin risk qrupuna anamnezində yüksək infeksion indeks və premorbid fon; gecikmiş menarxe və aybaşı funksiyasının pozğunluqları; erkən klimaks; yumurtalıq və uşaqlıq artımlarının tez-tez rast gəlinən iltihabları (ooforit, adneksit), birincili sonsuzluq, uşaqlığın mioması, birincili amenoreya, abortlar olan qadınlar daxildir. Yumurtalıqların xoşxassəli şişləri adətən irsi endokrinopatiyalarla – şəkərli diabet, qalxanabənzər vəzinin xəstəlikləri, İPV və II tip herpes virusu daşıyıcılığı ilə bağlı olur.

Yumurtalıqların xoşxassəli şişlərinin təsnifatı

Klinik-morfoloji təsnifata əsasən yumurtalıqların xoşxassəli şişlərinin aşağıdakı formaları ayırd edilir:

  • Epitel şişləri. (səthi epitelial stromal şişlər). Yumurtalıqların epitel tipli xoşxassəli şişlərinə seroz, musinoz, endometroid, şəffaf hüceyrəli (mezonefroid), qarışıq epitel şişləri və Brenner şişləri aiddir. Cərrahi ginekologiyada bu şişlərdən sistadenoma və adenomaya daha çox rast gəlinir.
  • Cinsiyyət ciyəsinin stromal şişləri. Stromal şişlərin əsas növlərinə yumurtalığın fibroması aiddir.
  • Herminogen şişlər. Bu qrupa teratomalar, dermoid kista və s. aiddir.

Hormonal aktivlik əlamətinə görə yumurtalıqların hormonal qeyri-aktiv və hormon hasil edən xoşxassəli şişləri qeyd olunur. Hormon hasil edən şişlər də öz növbəsində feminəedici və virilizəedici olur.

Yumurtalıqların xoşxassəli şişlərinin əlamətləri

Yumurtalıqların xoşxassəli şişlərinin erkən və nisbi davamlı əlamətlərinə qarnın aşağı hissəsində lokalizasiyalaşan aybaşı ilə əlaqəli olmayan, dartıcı və əsasən birtərəfli ağrılar aiddir. Şişin sidik kisəsi və bağırsağa təzyiqi ilə əlaqədar olaraq pollakiruya və meteorizm müşahidə oluna bilər.

Yumurtalıqların xoşxassəli şişləri əksər hallarda inkişaf etdikcə tərkibinə arteriya, limfatik damarlar, sinirlər daxil olan ayaqcıq əmələ gətirirlər. Bununla bağlı çox zaman klinika ayaqcığın burulması, damarların sıxılması, işemiya və nekroz nəticəsində yaranan kəskin qarın əlamətləri ilə təzahür edir.  Yumurtaqlıqların xoşxassəli şişləri olan xəstələrin 25%-də aybaşı siklinin pozulmaları, sonsuzluq müşahidə olunur. Yumurtalıqların fibroması zamanı anemiya, assit və hidrotoraks inkişaf edə bilir, bu hallar şiş xaric olunduqdan sonra geriyə inkişaf edir.

Feminizə edici şişlər qızların vaxtından əvvəl cinsi yetişkənliyə, reproduktiv yaşda endometriumun hiperplaziyası və disfunksional uşaqlıq qanaxmalarına, postmenopauza dövründə isə qanlı ifrazata səbəb olur. Yumurtalıqların virilizəedici xoşxassəli şişləri maskulinizasiya əlamətləri: amenoreya, süd vəzilərinin hipotrofiyası, sonsuzluq, səsin kobudlaşması, hirsutizm, klitorun hipertrofiyası, dazlaşma ilə müşayiət olunur.

Yumurtalıqların xoşxassəli şişlərinin diaqnostikası

Yumurtalıqların xoşxassəli şişləri anamnestik məlumatlar və instrumental müayinələr əsasında aşkarlanır. Ginekoloji müayinədə şişin olması, onun lokalizasiyası, böyüklüyü, konsistensyası, hərəkətliyi, həssaslığı, səthinin xüsusiyyəti, kiçik çanaq orqanları ilə qarşılıqlıq əlaqəsi müəyyən edilir. Rektovaginal müayinənin aparılması şişin qonşu orqanlara invaziyasını istisna etməyə imkan verir. 96% hallarda transabdominal USM və transvaginal exoqrafiyanın köməyilə yumurtalığın xoşxassəli şişləri uşaqlığın mioması və uşaqlıq artımlarında gedən iltihabi proseslərdən differensiasiya edilir. Qeyri-tipik hallarda KT və MRT məsləhət görülür.

Yumurtalıqlarda istənilən şiş proseslərində şiş markerlərinin müayinəsi (CA-19-9, CA-125 və s.) aparılır. Aybaşı siklinin pozğunluqları və ya postmenopauzal qanaxmalar zamanı diaqnostik qaşınma və histeroskopiya tətbiq edilir. Şişlərin qeyri-orqan xarakterli olmasını ( digər orqanların şişlərinin yumurtalıqlara metastaz verməsini) istisna etmək üçün  qastroskopiya, sistoskopiya, ekskretor uroqrafiya, irriqoskopiya, kolonoskopiya, rektoromanoskopiya icra edilir.

Yumurtalıqların xoşxassəli şişləri zamanı diaqnostik laparoskopiya 100% diaqnostik dəqiqliyə malik olur və əksər hallarda həm də müalicəvi məqsədlə istifadə olunur. Yumurtalıqların həqiqi xoşxassəli şişləri yumurtalıqların retension kistaları ilə differensiasiya edilir. Yumurtalıqların retension kistaları 1-3 aybaşı sikli ərzində özbaşına və ya KOK təyinindən sonra geriyə inkişaf edir.

Yumurtalıqların xoşxassəli şişlərinin müalicəsi

Yumurtalığın xoşxassəli şişlərinin aşkarlanması onun çıxarılmasına göstəriş hesab olunur. Cərrahi taktika qadının yaşı, reproduktiv statusu və törəmənin histotipinə əsasən müəyyən edilir. Adətən müadixilə zədələnmiş yumurtalığın çıxarılması (ooforektomiya) və ya adneksektomiyadan ibarət olur. Reproduktiv yaşda olan qadınlarda təcili histoloji diaqnostika və digər yumurtalığın yoxlanılması ilə aparılan yumurtalıqların pazvari rezeksiyası tətbiq oluna bilər.

Perimenopauza dövründə, eləcə də yumurtalıqların ikitərəfli lokalizasiyalı xoşxassəli şişləri və ya onların maliqnizasiyasına şübhə olduqda uşaqlıq artımları ilə birgə uşaqlıq da xaric edilir (panhisterektomiya). Hal-hazırda yumurtalıqların xoşxassəli şişlərinin müalicəsində ən əlverişli üsul laparoskopiya hesab olunur, bu metod az invazivliyi seçilirək, bitişmə proseslərinin inkişafı və tromboemboliya riskini azaltmağa, reabiltasiyanı sürətləndirməyə və reproduktiv proqnozu yaxşılaşdırmağa imkan verir.

Yumurtalıqların xoşxassəli şişlərinin profilaktikası

Sübut olunmuşdur ki, monofazalı KOK-un uzunmüddətli qəbulu yumurtalıqların xoşxassəli şişlərin qarşısını almağa kömək edir. Arzuolunmaz hormonal dəyişiliklərin istisna olunması məqsədilə kontrasepsiya ancaq mütəxəssis-ginekoloq tərəfindən təyin edilməlidir. Bundan əlavə, realizə olunmuş generativ funksiyalı qadınlarda yumurtalıqların xoşxassəli şişlərinin az rast gəlindiyi qeyd olunur. Buna əsasən tutarsız səbəblərdən hamiləliyin dayandırılması (xüsusən birinci hamiləliyin) qətiyyən məsləhət görülmür.

Həmçinin müəyyən edilmişdir ki, histerektomiya və ya uşaqlıq borularının bağlanılması əməliyyatı keçirmiş qadınlarda yumurtalıq şişlərinin yaranma riski aşağı olur, lakin bu protektiv mexanizm hələlik aydınlaşdırılmamışdır. Yumurtalıqların xoşxassəli şişlərinin profilaktikasında qida lifləri ilə zəngin məhsulların, selen və A vitaminin istifadəsinin artırılması müəyyən əhəmiyyət kəsb edir. Yumurtalıqların xoşxassəli şişlərinin skrininq təbdirlərinə müntəzəm ginekoloji müayinələr və kiçik çanağın USM aiddir.

error: Content is protected !!