Yuxu çəkinin artmasına necə səbəb olur?

Artıq çəki ilə mübarizə dedikdə ağlımıza ilk gələn pəhriz, sistemli qidalanma və idmandır. Lakin çox vaxt bunlar yetərli deyil.   Son illərdə aparılmış bir çox təcrübələr yuxunun keyfiyyəti və müddətinin artıq çəki problemi ilə birbaşa əlaqəli olduğunu sübut edir.

Yuxu çəkiyə necə təsir edir?

Leptin və qrelin hormonları.  Doyma hissini beynə xəbər verən və qida qəbulunu dayandırmağı tələb edən hormon leptindir. Gecələr leptin sintezi zəifləyir. Onun əksi olan, yəni aclıq hissini beynə xəbər verən qrelin hormonun sintezi isə gecələr artır. Normada bu 2 hormon arasında tarazlıq mövcuddur.  Lakin gec yuxuya gedən şəxslərdə qrelinin miqdarı üstünlük təşkil edir və nəticədə biz daha çox qida qəbul etmiş oluruq.

Kortizol hormonu. Yuxu ritmi ilə əlaqəli digər hormon kortizoldur. Normada kortizolun sutkalıq ən aşağı səviyyəsi gecə, ən yüksək səviyyəsi isə səhərlər yuxudan oyandıqdan sonrakı 1-2 saata təsadüf edir. Bu hormon stress ( xəstəlik, hərarət, əməliyyatlar, gərginlik) zamanı artır. Yuxusuzluq da orqanizm üçün güclü stress faktorudur və yuxu ritmi pozulmuş şəxslərdə kortizolun səviyyəsi  50% dən çox yüksəlmiş olur. Kortizol immuniteti zəiflədir, qanda şəkərin səviyyəsini artırır, təzyiqi artırır. Kortizol artıqlığı orqanizmdə piy toxumasının sintezinə( xüsusilə qarın və bel nahiyyəsində) səbəb olur.

Melatonin hormonu.  Orqanizmin bioloji ritmini tənzimləmək xüsusiyyətinə malikdir və sintezi gecə saat 23.00-04.00 aralığında baş verir. Bu hormon orqanizmi toksinlərdən azad edir və orqanizmin yenilənməsini təmin edir. Bu səbəbdən əgər gec yuxuya gediriksə melatonin sintezi də yetərli olmur.

Somatotrop hormon. Bu hormon piy mübdiləsini tənzimləyir və artıq piyin parçalanmasını təmin edir. Onun sintezi isə gecə 23.00-01.00 saatlarda sintez olunur. 

Gec yuxuya getmək. Gece gec yatmaq artıq kalori qəbuluna səbəb olur. Axşama doğru əhval-ruhiyyə hormonu olan serotoninin miqdarı xeyli azalır. Orqanizm onun defisitini bərpa etmək üçün şokolad, sadə karbohidrat tərkibli qidalara ehtiyac duyur. Nəticədə kalorili qida qəbul edirik və o piyə çevrilərək çəki artımına sənəb olur.

Nə etməli?

Orta hesabla yetkin şəxslər 7-8 saat yatmalıdırlar. Bu rəqəm müxtəlif insanlarda az və ya daha çox ola bilər. Əsas göstərici yuxudan gümrah oyanmaq və gündüz yuxulu olmamaqdır. Həmçinin yuxunun müddətindən daha çox, hansı saatlarda olması vacibdir. İdeal və sağlam yuxu dedikdə isə gecə 22.00-23.00 dən səhər 06.30-07.00 saatları arasında olan yuxu nəzərdə tutulur.

error: Content is protected !!