Аnaerob infeksiya

Аnaerob infeksiya – əlverişli şəraitdə spor əmələ gətirən və gətirməyən mikroorqanizmlər tərəfindən törədilən infeksion prosesdir. Patologiyanın xarakterik kliniki əlamətlərinə yerli təzahürlərlə yanaşı endogen intoksikasiya simptomları, çürüntülü eksudat, yarada qaz əmələ gəlmə prosesləri, sürətlə proqressivləşən toxumaların nekrozu aiddir. Anaerob infeksiya klinik mənzərənin mikrobioloji diaqnostika, qaz-maye xromotoqrafiyası, kütlə spektrometriyası, immunoelektroforez, PZR, İFA və sairin nəticələri ilə təsdiqlənməsinə əsasən qoyulur. Xəstəliyin müalicəsi irinli ocağın radikal cərrahi işlənməsi, intensiv dezintoksikasiya və antibakterial terapiyadan ibarətdir.

Аnaerob infeksiya barədə ümumi məlumat

Anaerob infeksiya anoksiya (oksigensiz) və ya hipoksiya (az oksigenli) şəraitində yaşayan anaerob bakteriyalar tərəfindən törədilən patoloji prosesdir. Bu patologiya həyati vacib orqanların zədələnməsi və yüksək letallıqla müşayiət olunan ağır formalı infeksion prosesdir. Klinik praktikada anaerob infeksiya ilə cərrahlar, travmatoloqlar, pediatrlar, neyrocərrahlar, otolarinqoloqlar, stomatoloqlar, pulmonoloqlar, ginekoloqlar və tibbin digər sahələrinin mütəxəssisləri qarşılaşmalı olurlar. Anaerob infeksiya istənilən yaş dövründə inkişaf edə bilər. Anaerob infeksiyanın səbəb olduğu xəstəliklərin miqdarı dəqiq məlum deyil; yumşaq toxumaların, sümüklərin və oynaqların irinli ocaqlarında anaeroblar təxm. 30% hallarda aşkar olunur; anaerob bakteriemiya 2-5% hallarda təsdiqlənir.

Аnaerob infeksiyanın səbəbləri və xarakteristikası

Anaeroblar dəri, selikli qişalar, mədə-bağırsaq traktı, sidik-cinsiyyət sistemi orqanlarının normal mikroflorasının tərkibinə daxildir və öz virulentlik xüsusiyyətlərinə görə şərti-patogendirlər. Müəyyən şəraitdə onlar endogen anaerob infeksiyanın törədicilərinə çevrilirlər. Ekzogen anaeroblar torpaqda və çürümüş üzvi kütlələrdə yaşayır və yaraya daxil olduqda patoloji proses törədirlər.  Anaerob mikroorqanizmlər obliqat və fakultativ olmaqla iki qrupa bölünür. Obliqat anaerobların inkişafı və çoxalması oksigensiz mühitdə baş verir; fakultativ anaeroblar isə həm oksigenli, həm də oksigensiz mühitdə yaşaya bilirlər. Fakultativ anaerob bakteriyalara bağırsaq çöpləri, iersinyalar, streptokoklar, stafilokoklar və s. aiddir.

Anaerob infeksiyanın obliqat törədiciləri iki qrupa ayrılırlar: spor əmələ gətirən (klostridilər) və spor əmələ gətirməyən (qeyri-klostridial) anaeroblar (fuzobakteriyalar, bakteroidlər, veylonellalar, propionibakteriyalar, peptostreptokoklar və s.). Spor əmələ gətirənlər ekzogen mənşəlli klostridiozun (tetanus, qazlı qanqrena, botulizm, qida toksikoinfeksiyaları və s.) törədiciləridir. Qeyri-klostridial anaeroblar əksər hallarda endogen təbiətli irinli iltihabi proseslərə (daxili orqanların absesi, peritonit, pnevmoniya, üz-çənə nahiyəsinin fleqmonası, otit, sepsis və s.) səbəb olur.

Anaerob mikroorqanizmlərin patogenliyinin əsas faktorları onların patoloji ocaqlarda miqdarı, törədicinin bioloji xüsusiyyətləri, bakterial assosiasiyanın mövcudluğudur. Anaerob infeksiyaların patogenezində aparıcı rol mikroorqanizmlərin sintez etdiyi enzimlər, endo- və ekzotoksinlər, metabolizmin qeyri-spesifik faktorlarına məxsusdur. Enzimlər (heparinaza, hialuronidaza, kollagenaza, dezoksiribonukleaza) anaerobların virulentliyini, əzələ və birləşdirici toxumanın destruksiyasını gücləndirə bilər.  Endo- və ekzotoksinlər damarların endotelinin zədələnməsinə, damardaxili hemoliz və trombozlara səbəb olur. Bundan başqa, bəzi klostridial toksinlər nefrotrop, neyrotrop, kardiotrop təsirlərə malikdir. Anaerobların metabolizminin qeyri-spesifik faktorları – indol, yağ turşuları, hidrogen sulfid, ammonyak da orqanizmə toksiki təsir göstərir.

Anaerob infeksiyanın inkişafı üçün əlverişli şərait anaerobların toxumalara və qan damarlarına daxil olması ilə anatomik baryerlərin zədələnməsi, həmçinin toxumaların oksidləşmə-bərpa potensialının azalmasıdır (işemiya, qanaxma, nekroz). Anaeroblar toxumalara cərrahi müdaxilə, invaziv manipulyasiyalar (punksiya, biopsiya, dişlərin ekstraksiyası və s.), daxili orqanların perforasiyası, açıq travmalar, yaralar, yanıqlar, heyvan dişləməsi, uzunmüddətli sıxılma sindromu, kriminal abortlar və s. nəticəsində daxil olur. Anaerob infeksiyanın yaranmasına səbəb olan faktorlara yaraların torpaqla massiv çirklənməsi, yarada yad cismin olması, hipovolemik və travmatik şok, yanaşı gedən xəstəliklər (kollagenozlar, şəkərli diabet, şişlər), immunodefisitdir. Bundan başqa, yanaşı gedən aerob mikrofloranın basqılanmasına yönəlmiş qeyri-rasional antibiotikoterapiya da böyük əhəmiyyəti daşıyır.

Lokalizasiyasından asılı olaraq anaerob infeksiyanın aşağıdakı formaları ayırd edilir:

  • Mərkəzi sinir sistemi (beyin absesi, meningit, subdural empiema və s.)
  • Baş və boyun (parodontal abses, Lyudviq anginası, orta otit, sinusit, boynun fleqmonası və s.)
  • Tənəffüs yolları və plevra (aspirasion pnevmoniya, ağciyərləirn absesi, plevranın empiemasıvə s.)
  • Qadın cinsiyyət sistemi (bartolinit, salpingit, adneksit, endometrit, pelvioperitonit)
  • Qarın boşluğu (qarın boşluğunun absesi, peritonit)
  • Dəri və yumşaq toxumalar (klostridial sellülit, qazlı qanqrena, nekrotikləşən fassiit, abseslər və s.)
  • Sümüklər və oynaqlar (osteomielit, irinli artrit)

Аnaerob infeksiyanın simptomları

Törədicinin növündən və ocaqların lokalizasiyasından asılı olmayaraq anaerob infeksiyaların müxtəlif klinik formalarının bəzi ümumi xüsusiyyətləri var. Əksər hallarda anaerob infeksiya kəskin başlanğıca malik olur, yerli və ümumi simptomların kombinasiyası ilə xarakterizə olunur. İnkubasiya dövrü bir neçə saatdan bir neçə günədək (orta hesabla təxm. 3 gün) davam edə bilər.

Anaerob infeksiya üçün tipik əlamət yerli iltihabi dəyişikliklərlə yanaşı ümumi intoksikasiya simptomlarıdır. Xəstənin ümumi vəziyyətinin kəskin pisləşməsi, adətən, hələ lokal simptomlar meydana çıxanadək başlayır. Ağır endotoksikoz yüksək hərarət, titrəmə, güclü zəiflik, ürəkbulanma, baş ağrıları,  tormozlanma ilə təzahür edir. Arterial hipotoniya, taxipnoe, taxikardiya, hemolitik anemiya, ikterik dəri və sklera, akrosianoz xarakterikdir.

Yara anaerob infeksiyası zamanı yaraların yerli simptomlarına güclü, dolğun xarakterli artan ağrı, yarada qaz əmələgəlmə prosesləri nəticəsində inkişaf edən yumşaq toxumaların emfizeması və krepitasiyası aiddir. Daimi əlamət eksudatın üfunətli çürüntü qoxusudur; belə ki, bu qoxu zülalların anaerob oksidləşməsi nəticəsində azot, hidrogen və metanın xaric olması ilə əlaqəlidir. Eksudat qatı konsistensiyaya, seroz-hemoragik, irinli-hemoragik və irinli xarakterə, qeyri-həmcins rəngli piy damlalarına və qaz qovuqcuqlarına malikdir. İltihabın çürüntülü xarakteri yaranın boz-yaşıl və ya boz-qəhvəyi rəngli, bəzən qara rəngli strupalı toxumanın xarici görünüşünü göstərir.

Anaerob infeksiyanın gedişi ildırımsürətli (1 gün ərzində, cərrahi əməliyyata və ya travmaya qədər), kəskin (3-4 gün ərzində), yarımkəskin (4 gündən çox) ola bilər. Xəstəlik tez-tez poliorqan (böyrək, qaraciyər, ürək-ağciyər) çatışmazlığı, infeksion-toksiki şok, letal sonlanmaya gətirib çıxaran ağır sepsislə müşayiət olunur.

Аnaerob infeksiyanın diaqnostikası

Anaerob infeksiyaların vaxtında diaqnostikası üçün vaxtında təxirəsalınmaz tibbi yardım göstərilməsinə imkan verən klinik mənzərənin düzgün dəyərləndirilməsi böyük əhəmiyyət kəsb edir. İnfeksiya ocağının lokalizasiyasından asılı olaraq anaerob infeksiyaların diaqnostikası və müalicəsilə tibbin müxtəlif sahələrinin həkim-mütəxəssisləri – ümumi cərrah, travmatoloq, neyrocərrah, ginekoloq, otolarinqoloq, üz-çənə və torakal cərrahlar məşğul ola bilər.

Anaerob infeksiyaların ekspres-diaqnostika metodlarına yara materialından hazırlanmış, Qramla boyanmış yaxmanın bakterioskopiyası və qaz-maye xromotoqrafiya aiddir. Törədicinin təsdiqlənməsində aparıcı rol yara materialının və ya abses möhtəviyyatının bakterioloji əkilməsi, plevral mayenin analizi, qanın aerob və anaerob bakteriyalara görə əkilməsi, immunoferment analiz, ZPR-ə məxsusdur. Anaerob infeksiyalar zamanı qanın biokimyəvi göstəricilərində zülalların konsentrasiyasının azalması, keratin, sidik cövhəri və bilirubinin səviyyəsinin, transaminazaların və öd fosfatazalarının aktivliyinin yüksəlməsi aşkarlanır. Zədələnmiş toxumalara və boşluqlara qaz toplandıqda klinik və laborator analizlərlə yanaşı rentgenoqrafiya da həyata keçirilir.

Anaerob infeksiyanı yumşaq toxumaların qızılyel iltihabı, polimorf eksudativ eritema, dərin venaların trombozu, pnevmotoraks, pnevmoperitonium, qarın boşluğunun boşluqlu orqanlarının  perforasiyası ilə differensiasiya etmək vacibdir.

Аnaerob infeksiyanın müalicəsi

Anaerob infeksiyaya kompleks yanaşma irinli ocağın radikal cərrahi işlənməsini, intensiv dezintoksikasiya və antibakterial terapiyanın aparılmasını təklif edir. Cərrahi mərhələ mümkün qədər tez həyata keçirilməlidir; belə ki, xəstənin həyatı bundan asılıdır. Bu proses, bir qayda olaraq, ocağın geniş təşrihi, nekrozlaşmış toxumanın, ətraf toxumalara dekompressiyanın ləğvi, açıq drenajdan ibarətdir. Açıq drenaj zamanı yara və ocağın boşluğu antiseptik məhlullarla yuyulur. Anaerob infeksiyanın gedişatının xüsusiyyətləri tez-tez təkrari nekrektomiya, irinli ciblərin açılmasını, yaraların ultrasəslə və lazerlə işlənməsini, ozonoterapiyanı və s. tələb edir. Toxumaların geniş destruksiyası zamanı ətrafın amputasiyası və ya ekzartikulyasiyası həyata keçirilə bilər.

Anaerob infeksiyanın əsas müalicəsi intensiv infuzion terapiya və anaeroblara tropluğu olan genişspektrli antibiotiklərlə antibiotikoterapiyadan ibarətdir. Kompleks müalicə çərçivəsində hiperbarik oksigenasiya, QUBŞ (qanın ultrabənövşəyi şüalanması), ekstrakorporal hemokorreksiya (hemosorbsiya, plazmaferez və s.) tətbiq olunur. Ehtiyac olarsa, pasientə antitoksik qanqrena əleyhinə serum yeridilir.

Аnaerob infeksiyanın proqnozu və profilaktikası

Anaerob infeksiyanın sonlanması bir çox hallarda patoloji prosesin klinik formasından, premorbid fondan, diaqnozun vaxtında qoyulması və müalicənin vaxtında başlanmasından asılıdır. Anaerob infeksiyanın bəzi formalarında letallıq səviyyəsi 20%-ə yüksəlir. Anaerob infeksiyanın profilaktikası yaraların vaxtında və adekvat birincili cərrahi işlənməsi, yumşaq toxumaların yad cisimlərinin kənarlaşdırılması, cərrahi əməliyyatlar zamanı aseptika və antiseptika qaydalarına riayət etməkdən ibarətdir. Geniş yaralar və anaerob infeksiyanın inkişaf riski yüksək olduqda spesifik immunizasiya və antibakterial profilaktika aparılması mühümdür.

error: Content is protected !!