Aorta qövsünün anevrizması

Aorta qövsünün anevrizması – aortanın mənfəzinin enən və qalxan hissələr arasındakı seqmentdə lokal və ya diffuz genişlənməsidir. Təngnəfəslik, öskürək, disfagiya, disfoniya, üzün ödemi və sianozu, boyun venalarının qabarması ilə təzahür edir, bu əlamətlər qonşu orqanların kompressiyası ilə əlaqədardır. Diaqnostika döş qəfəsinin rentgenoqrafiyası, döş aortasının ExoKQ və USDQ, aortoqrafiya, KT və MRT nəticələrinə əsaslanır. Müalicə süni qan dövranı şəraitində aorta qövsünün anevrizmasının rezeksiyası,  allotransplantın qoyulması və ya anevrizmanın xüsusi endoprotezlə endolüminal protezlənməsindən ibarətdir.

 Aorta qövsünün anevrizması barədə ümumi məlumat

Lokalizasiya səviyyəsindən asılı olaraq, aorta kökü və Valsalva sinuslarının, qalxan aorta, aorta qövsü, enən aorta, qarın aortasının anevrizmaları ayırd edilir. Kardiologiya və kardiocərrahiyyədə aorta seqmentlərinin qarışıq zədələnmələrinə tez-tez rast gəlinir. Aorta qövsünün anevrizması nadir hallarda izolə olunmuş şəkildə müşahidə edilir; adətən onlar aorta kökü və ya qalxan hissənin anevrizmatik genişlənməsinin davamını təşkil edir.

Aorta qövsü dedikdə onun qalxan və enən hissələri arasında seqment nəzərdə tutulur. Aorta qövsü  ağciyər arteriyaları arasında keçərək, sol baş bronxa dolanır. Aorta qövsündən 3 iri damar şaxəsi ayrılır: bazu-baş kötüyü, sol ümumi yuxu və sol körpücükaltı arteriyalar.

Autosopiyanın nəticələrinə əsasən aortanın döş hissəsinin anevrizmaları 0,9-1,1% hallarda, xüsusən kişilərdə 3-7 dəfə çox qeydə alınır. Onların təxminən 18,9%-i aorta qövsünün anevrizmasının payına düşür. Anevrizma aşkarlandıqdan sonra 3 il ərzində letallıq 35%, 5 ildən sonra isə 54-65% təşkil edir.

Aorta qövsünün anevrizmasının yaranma səbəbləri

Aorta qövsünün anevrizmasının yaranma səbəbləri və inkişaf mexanizmi digər lokalizasiyalı anevrizmaların etiopatogenezindən fərqlənmir. Anadangəlmə risk amillərinə birləşdirici toxumanın aorta divarının zəifləməsinə səbəb olan irsi xəstəlikləri – Marfan xəstəliyi, fibroz displaziya, Elers-Danlos sindromu, kistoz medionekroz, aorta qövsünün anadangəlmə qıvrılması, koarktasiya və s. aiddir. Qazanılmış xəstəliklər arasında əsas rol aortanın iltihabi zədələnmələrinə – revmatizm, sifilis, vərəm, mikozlar, bakterial infeksiyalar, Takayasu xəstəliyi zamanı spesifik və qeyri-spesifik artritlərə; qeyri-iltihabi degenerativ proseslərə (ateroskleroz və s.) məxsusdur.

Damar cərrahiyyəsinin inkişafı ilə əlaqədar transplantat və tikiş materialının qüsurları səbəbindən aorta qövsünün anevrizmalarına, o cümlədən poststenotik anevrizmalara daha çox rast gəlinir. Döş qəfəsinin travması nəticəsində aorta qövsünün post travmatik anevrizmaları yarana bilər. Travmadan sonra aorta qövsünün anevrizmasının inkişafı üçün uzun müddət (bir neçə aydan 20 ilə qədər) tələb oluna bilər.

Həmçinin arterial hipertenziya da aorta divarının tonusunun zəifləməsi və anevrizma kisəsinin formalaşmasında iştirak edir. Yaşın 60-dan yuxarı olması, kişi cinsi və ailə üzvlərində analoji problemin aşkarlanması aorta qövsünün anevrizmasının yaranma ehtimalını artırır.  İltihab mənşəli anevrizmalar üçün perioaortit əlamətləri, aortanın xarici qişası və endotelinin qalınlaşması, produktiv iltihab, aorta divarının elastik və əzələ karkasının dağılması xarakterikdir.

Aorta qövsünün anevrizmasının patogenezində iltihabi və degenerativ proseslərdən əlavə, hemodinamik və mexaniki amillər böyük rol oynayır. Aortanın döş hissəsində hemodinamikanın xüsusiyyətləri qanın yüksək sürəti, nəbz dalğasının dikliyi və onun formasından ibarətdir.  Bundan əlavə döş aortasında daha funksional gərgin seqmentlər – kök, boyun və diafraqma mövcuddur.  Bu səbəbdən qan təzyiqinin yüksəlməsi və ya mexaniki travma çox asanlıqla aorta divarının daxili qişasının cırılmasına, subintimal hematomaların və gələcəkdə anevrizmaların yaranmasına gətirib çıxarır.

Aorta qövsünün anevrizmasının əlamətləri

Aorta qövsünün orta və iri ölçülü anevrizması yaxınlıqda yerləşən anatomik strukturların kompressiyasına səbəb olur, bu da müvafiq klinik təzahürlərlə özünü büruzə verir. Anevrizma kisəsinin ətraf toxumalara təzyiqi və sinir kələflərinin gərilməsi döş nahiyəsində pulsasiya, döş sümüyü arxasında ağrı ilə müşayiət olunur. Ağrı inadlı, yandırıcı xarakterli olub, boyun, çiyin və kürəyə irradiasiya edir, nitratların qəbulu ilə aradan qalxmır.

Quru, əzabverici öskürək, təngnəfəslik və stenotik tənəffüs bronxlar və traxeyanın kompressiyası ilə əlaqədar meydana çıxır. Aorta qövsü anevrizmasının qayıdan sinirə təzyiqi zamanı qırtlağın parezi (disfoniya); qida borusunun sıxıldığı hallarda isə disfagiya əlamətləri yaranır. Yuxarı boş vena sindromunun inkişafı baş ağrıları, üz və bədənin yuxarı yarısının ödemi, boğulma, sianoz, boyun venalarının qabarması, skleranın hiperemiyası ilə xarakterizə olunur.

Simpatik yolların kompressiyası zamanı bəbəklərin daralması, göz qapaqlarının hissəvi ptozu, anhidrozla müşahidə olunan Horner sindromu izlənilir.

Bəzi hallarda aorta qövsünün anevrizması yalnız onun cırılması zamanı aşkarlanır. Bu ağırlaşma divararalığına qansızma, hemotoraks, qida borusu qanaxmaları, qanhayxırma və ağciyər qanaxmaları ilə təzahür edir.  Massiv qanaxma kəskin ağrı, rəngin avazıması, huşun itməsi, sapvari nəbzlə müşayiət olunur və qısa müddət ərzində letal sonluqla nəticələnir. Aorta qövsünün anevrizması cırılmadan əlavə, böyük qan dövranı arteriyalarının, o cümlədən insulta səbəb olan beyin arteriyalarının tromboemboliyaları ilə ağırlaşa bilər.

Aorta qövsünün anevrizmasının diaqnostikası

Aorta qövsünün anevrizmasının diaqnostikası klinik məlumatlar, rentgenoqrafiya, aortoqrafiya, ultrasəs angioskanlama, KT və MRT-nin nəticələrinə əsaslanır.

Xariic baxışda vidaci çuxurunda aorta qövsünün sürətli pulsasiyası, eləcə də döş sümüyü nahiyəsində anevrizma kisəsinin nəzərə çarpan qabarması izlənilir. Anamnezdə sifilislə xəstələnmə, döş qəfəsinin travmaları, qeyri-spesifik aortoarteritin olması xüsusi əhəmiyyət kəsb edir. Bir sıra hallarda Marfan sindromlu xəstələrin xarici görünüşü: hündür boy, arıq bədən quruluşu, uzun əllər, araxnodaktiliya, qıfabənzər döş qəfəsi, oynaqların bağ aparatının yüksək zəifliyi aorta qövsü anevrizmasından şübhələnməyə əsas verir.

Döş qəfəsininin polipozision rentgenoqrafiyası aortanın genişlənmiş qövsünün kölgəsini və damar kələfinin genişlənməsini aşkar edir. Əksər hallarda anevrizma divarının kalsinozu müəyyən edilir.  Qida borusu və mədənin rentgenoqrafiyası qida borusu və mədənin kardial hissəsinin yerdəyişməsini təyin etməyə imkan verir. İnvaziv rentgenokontrast aortoqrafiyadan ilk növbədə aorta şaxələrində qan cərəyanını qiymətləndirmək məqsədilə istifadə olunur.

Aorta qövsü anevrizmasının diaqnostikasında aparıcı rol ultrasəs müayinəsinə: exokardioqrafiya (transtorakal, transezofageal ExoKQ), döş aortasının USDQ və dupleks skanlamaya məxsusdur.  Bu üsul aortanın diametrinin, laylanmanın, anevrizma kisəsində trombların təyinində əvəzolunmazdır.

Döş aortasının kontrastlaşdırma ilə  КТ (MSKT) aorta mənfəzinin kisəşəkilli və ya iyəbənzər genişlənməsi, tromb kütlələri, laylanma, paraaortal hematoma, kalsinoz ocaqlarını əyani şəkildə aşkar etməyə imkan verir. Aorta qövsünün anevrizması ağciyər və divararalığı şişləri ilə differensiasiya edilməlidir.

Aorta qövsünün anevrizmasının müalicəsi

Klinik əlamətlərin izlənilmədiyi kiçik ölçülü izoləolunmuş anevrizmalar zamanı konservativ gözləmə taktikası tətbiq edilir. Belə hallarda pasiyentlərə hipotenziv vasitələr, adrenoblokatorlar, statinlər təyin olunur. Hər 6 aydan bir kardioloq baxışı, ExoKQ, KT və ya MRT daxil olmaqla dinamik müşahidə aparılmalıdır.

Diametri 5 sm-dən artıq olan, ağrı və ya kompressiya sindromu ilə gedən, eləcə də laylanma, cırılma və trombozla ağırlaşan anevrizmalar cərrahi müalicə tələb edir. Radikal müalicə aorta qövsü anevrizmasının rezeksiyası istiqamətində aparılır. Əməliyyatın mahiyyəti anevrizmanın kəsilməsi, aorta qüsurunun allotrasplantatla əvəz edilməsi, braxisefal kötük, sol ümumi yuxu və sol körpücükaltı arteriyaların anastomozlarının, damar protezinin qoyulmasından ibarətdir. Əməliyyat süni  qan dövranı şəraitində hipotermiyanın köməyilə miokard və baş beynin işemiyadan qorunması ilə icra olunur. Əməliyyatın bu növündə cərrahi letallıq təxminən 5-15% təşkil edir. Aorta qövsünün anevrizmasının rezeksiyasından sonra uzaq nəticələr adətən qənaətbəxş olur.

Aorta qövsünün anevrizmalarının müalicəsində açıq cərrahi müdaxilədən əlavə anevrizmanın qapalı endovaskulyar stentlənməsindən (protezlənmədən) istifadə olunur. Bu zaman xüsusi endoprotez ötürücü vasitəsilə anevrizmanın mənfəzinə yeridilir və anevrizma kisəsindən yuxarıda və aşağıda fiksasiya edilir. Bir sıra hallarda radikal əməliyyatın aparılmasına mütləq əks-göstərişlər olduqda palliativ müdaxilə – cırılma təhlükəsi zamanı anevrizmanın sintetik maddə ilə bürünməsi həyata keçirilir.

Aorta qövsünün anevrizmasının proqnozu

Aorta qövsünün anevrizması zamanı xəstə müalicədən imtina etdikdə proqnoz qeyri-qənaətbəxşdir:  pasiyentlərin təxminən 60%-i 3-5 il ərzində anevrizmanın cırılması, ÜİX, insult nəticəsində dünyasını dəyişir. Arrterial hipertenziya ilə müşayiət olunan 6sm-dən iri anevrizmalar, aorta qövsünün postravmatik genezli anevrizmaları zamanı proqnoz daha da ağırlaşır.

error: Content is protected !!