Follikulyar hiperkeratoz

Follikulyar hiperkeratoz – dərinin buynuz qatının patoloji çoxalması, epidermisin soyulma prosesinin pozulması və follikulların girəcəyinin ölü hüceyrələrlə tutulması nəticəsində  yaranan dermatitdir. Follikulyar hiperkeratoz dirsək, diz, sağrı nahiyəsi, budun xarici səthində kiçik al-qırmızı düyünlərlə örtülü «qaz dərisi» şəklində təzahür edir. Follikulyar hiperkeratoza məruz qalan dəri nahamar, quru və kobud olur. Müalicə dermatoloq tərəfindən həyata keçirilir: steroidlərin yerli tətbiqi, kimyəvi pilinqlər (AHA, Cessner, salisil), A vitaminin qəbulu, dəriyə qulluq üçün keratolitik kosmetik vasitələrin istifadəsi məsləhət görülür.

Follikulyar hiperkeratoz barədə ümumi məlumat

Hiperkeratoz – dərinin buynuz qatının həddindən artıq qalınlaşması nəticəsində epidermisin patoloji dəyişikliyidir. Normada səthi buynuz pulcuqlar bir müddətdən sonra dəri səthindən qoparaq, yeniləri ilə əvəz olunur. Buynuz lövhəciklərin soyulmasının ləngiməsi və ya onların daxilindəki keratinin sürətli sintezi (dərinin daimi qıcıqlanması və ya trofikasının pozulması ilə əlaqədar) hiperkeratozun inkişafına gətirib çıxarır. Follikulyar hiperkeratoz zamanı patoloji prosesə tük follikullarının girəcəyi cəlb olunur, aseptik iltihab yaranır. Follikulyar hiperkeratoz və ya «qaz dərisi» nəinki estetik, həm də dermatoloji problemdir, belə hallarda kosmetoloji və tibbi yardım tələb olunur.

Follikulyar hiperkeratozun yaranma səbəbləri

Follikulyar hiperkeratoz follikulun axacağının buynuz pulcuqlarla tutulması və onun iltihabı nəticəsində baş verir. Xəstəliyin yaranmasında irsi meyllik, A və C vitaminlərinin çatışmazlığı böyük rol oynayır.

A hipovitaminozu I tip follikulyar hiperkeratozun inkişafına gətirib çıxarır. Tük follikulunun boynunun tikanabənzər düyün və lövhəciklər əhatə edir. Sağrı, dirsək və diz nahiyələri, əl və ayaqların açıcı səthlərinin dərisi quru, yağsız və kobud olur. Ona toxunduqda sumbata (hamarlayıcı) kağızını xatırladır.

C hipovitaminozu II tip follikulyar hiperkeratoza səbəb olur. Tük follikullarının axacaqları piqment və ya qanla tutulur. Qarın və budun xarici səthi zədələnir. C və K vitaminlərinin çatışmazlığı zamanı hemorragik xarakterli səpkilər müşahidə edilir.

Follikulyar hiperkeratoza adətən uşaqlıq və pubertat dövründə orqanizmin allergizasiyası fonunda rast gəlinir. Xəstələri yüngül qaşınma narahat edir, lakin onların həkimə müraciət etmə səbəbləri əsasən kosmetik diskomfortla bağlı olur. Yetkin şəxslərdə bəzən dərinin uzun müddətli diffuz zədələnməsi qeydə alınır.

Follikulyar hiperkeratozun əlamətləri

Follikulyar hiperkeratoz dərinin hiperkeratozunun bir formasıdır. Onun tipik təzahürlərinə kobud və nahamar dəri, kiçik ölçülü qırmızı sızanaqlar, səpki, əl və bud nahiyəsində «qaz dərisi» aiddir.

Follikulyar hiperkeratoz zamanı səpki elementləri tük follikulunun əsasında yerləşən kiçik, sərt konsistensiyalı tikanabənzər düyünlər şəklində olur. Onların ətrafında qırmızı haşiyə formalaşır. Səpkilərin tipik lokalizasiyası: əlin yan və arxa hissəsi, budun yan və ön səthi, sağrı nahiyəsində.  Follikulyar hiperkeratozun generalizə olunmuş forması ətrafların açıcı səthləri və gövdənin geniş sahəli zədələnməsi ilə səciyyələnir.

Kibrit başı ölçüsündə olan follikulyar düyün və lövhəciklər uzun illər eyni zonada qala bilər. Bu nahiyədə dəri kobud və nahamar olduğundan onu çox zaman «qaz» ilə «qurbağa» dərisi  ilə müqayisə edirlər.

Follikulyar hiperkeratozun diaqnostikası

Follikulyar hiperkeratozun diaqnozu dermatoloq tərəfindən xüsusi laborator diaqnostika aparılmadan dəri örtüklərinə baxış əsasında qoyulur. Follikulyar hiperkeratozun üz nahiyəsində lokalizasiyalaşan elementlərini aknedən differensiasiya etmək lazımdır: birinci halda onlar quru, kobud və eyni ölçülü olur.

Follikulyar hiperkeratozun müalicəsi

Follikulyar hiperkeratoz xroniki xəstəlikdir və təəssüflə qeyd etmək lazımdır ki, onun tam sağalması mümkün deyil. Bir sıra hallarda follikulyar hiperkeratoz daxili orqanların patologiyalarının əlaməti kimi özünü büruzə verir. Bu səbəbdən müalicədən əvvəl terapevt, endokrinoloq və dermatoloqun konsultasiyası tələb olunur.

Həqiqi follikulyar hiperkeratoz zamanı subyektiv əlamətlər olmadığından pasiyentlər yalnız  kosmetik diskomfort səbəbindən həkimə müraciət edir. Follikulyar hiperkeratozun təzahürləri yetkin yaşlarda öz-özünə geriyə inkişaf edə bilər. İstənilən mexaniki təsir (dar paltar, qaşıma) və skrab, pilinqlə özbaşına müalicə cəhdləri vəziyyəti daha da ağırlaşdırır.

A vitaminin analoqlarının qəbulu yalnız müvəqqəti effekt verir, əksər hallarda dərinin qıcıqlanmasına gətirib çıxarır. Tərkibində süd turşusu olan losyon və ya kremin gündəlik tətbiqi dərini nəmləndirir və yumşaldır, onun xarici görünüşünü yaxşılaşdırır. Yerli (topik) steroid vasitələr iltihabı aradan qaldırır və follikulyar hiperkeratozun elementlərinin qızartılarını azaldırlar. Emolentlərdən (yağ komponentləri) ibarət kosmetik vasitələr dərini yumşaldır və qıcıqlanmanı zəiflədir.

Bədənin açıq hissələrində (əl, bud) lokalizasiyalaşan follikulyar hiperkeratoz estetik cəhətdən diskomfort törədir, bu da komplekslərin formalaşması, psixoloji problemlərin yaranmasına səbəb olur. Follikulyar hiperkeratoz pasiyentin sağlamlığı üçün potensial təhlükə sayılmasa da, onun irsən ötürülməsi sübut olunmuşdur.

error: Content is protected !!