Postinfarkt kardioskleroz
Postinfarkt kardioskleroz – ürəyin işemik xəstəliyinin bir formasıdır. Patologiya miokard infarktından sonra ürək əzələsinin birləşdirici toxuma ilə hissəvi əvəzlənməsi nəticəsində yaranır. Postinfarkt kardioskleroz ürək çatışmazlığının əlamətləri (təngnəfəslik, akrosianoz, fiziki yüklənməyə qarşı tolerantlığın azalması, yorğunluq, ödemlər) və ritm pozğunluğu ilə təzahür edir. Diaqnostika anamnestik məlumatlar (miokard infarktı), EKQ və ExoKQ, miokardın sintiqrafiyası, koronaroqrafiyanın nəticələrinə əsaslanır. Postinfarkt kardiosklerozun müalicəsi periferik vazodilatatorlar, diuretiklər, antiaritmik preparatlarla aparılır; göstərişlərə əsasən miokardın cərrahi revaskulyarizasiyası və EKS implantasiyası həyata keçirilir.
Postinfarkt kardioskleroz barədə ümumi məlumat
Postinfarkt (postnekrotik) kardioskleroz – nekrozlaşmış miokard liflərinin birləşdirici toxuma ilə əvəzlənməsi nəticəsində yaranan və ürək əzələsinin funksional pozğunluqlarına gətirib çıxaran patologiyadır. Postinfarkt kardioskleroz qəfləti koronar ölüm, stenokardiya, miokard infarktı, ürək ritminin pozğunluğu, ürək çatışmazlığı kimi ÜİX-nin sərbəst forması sayılır. Patologiya miokard infarktından 2-4 ay sonra (çapıqlaşma prosesləri başa çatdıqdan sonra) aşkarlanır.
Postinfarkt kardiosklerozun yaranma səbəbləri
Miokard infarktı nəticəsində ürək əzələsinin ocaqlı nekrozu əmələ gəlir, onun bərpası çapıq (birləşdirici) toxumanın hesabına baş verir (kardioskleroz). Çapıq sahələri müxtəlif ölçü və lokalizasiyaya malik olmaqla ürək fəaliyyətinin pozulmalarının xarakter və dərəcəsini müəyyən edir. Yeni yaranan toxuma yığılma funksiyasını yerinə yetirə və elektrik impulslarını ötürə bilmir, bu da atım fraksiyasının azalmasına, ürək ritminin və ürəkdaxili keçiriciliyin pozulmasına gətirib çıxarır.
Postinfarkt kardioskleroz ürək kameralarının dilatasiyası, ürək əzələsinin hipertrofiyası, ürək çatışmazlığının inkişafı ilə müşayiət olunur. Postinfarkt kardioskleroz zamanı çapıq proseslərinə ürəyin qapaqları da məruz qala bilər. Miokard infarktından əlavə postinfarkt kardioskleroza miokardiodistrofiya və ürək travmaları səbəb ola bilər, lakin belə hallara çox az rast gəlinir.
Postinfarkt kardiosklerozun əlamətləri
Postinfarkt kardiosklerozun klinik təzahürləri onun ürək əzələsində lokalizasiyası və yayılmasından asılıdır. Birləşdirici toxumanın sahəsi nə qədər böyük və miokardın fəaliyyət göstərən hissəsi nə qədər az olarsa, ürək çatışmazlığı və aritmiyaların yaranma ehtimalı bir o qədər yüksək olur.
Postinfarkt kardioskleroz zamanı xəstələr proqressivləşən təngnəfəslik, taxikardiya, fiziki yüklənməyə qarşı tolerantlığın azalması, ortopnoedən şikayət edir. Ürək astmasının gecə tutmaları xəstənin yuxudan ayılmağa və məcburi vertikal vəziyyət almağa məcbur edir – oturaq vəziyyətdə təngnəfəslik 5-20 dəqiqədən sonra keçib gedir. Əks halda, xüsusən yanaşı gedən arterial hipertenziya zamanı kəskin sol mədəcik çatışmazlığı – ağciyərlərin ödemi inkişaf edə bilər. Postinfarkt kardiosklerozlu xəstələrdə analoji vəziyyət spontan stenokardiyanın ağır tutması fonunda yarana bilər. Lakin stenokardiya tipli ağrı sindromu hər zaman meydana çıxmır, bu əlamət miokardın çapıqlaşmayan hissəsinin koronar qan dövranının vəziyyətindən asılıdır.
Sağ mədəcik çatışmazlığı zamanı aşağı ətraflarda ödemlər, hidrotoraks, hidroperikard, akrosianoz, boyun venalarının qabarması, hepatomeqaliya qeydə alınır.
Çapıq toxuması ürəyin aparıcı sistemini zədələdikdə ritm və ürəkdaxili keçiricilik pozulur. Postinfarkt kardiosklerozlu pasiyentlərdə əsasən səyrici aritmiya, mədəcik ekstrasistoliyası, müxtəlif növ blokadalar aşkarlanır. Patologiyanın ən təhlükəli təzahürlərinə paroksizmal mədəcik taxikardiyası və tam atrioventrikulyar blokada aiddir.
Tromblaşma və tromboembolik ağırlaşmaların, eləcə də anevrizmanın cırılması və ölüm ehtimalını artıran sol mədəciyin xroniki anevrizmasının formalaşması postinfarkt kardiosklerozun qeyri-qənaətbəxş proqnostik əlaməti sayılır.
Postinfarkt kardiosklerozun diaqnostikası
Postinfarkt kardiosklerozun diaqnostik alqoritmi anamnezin analizi, eektrokardioqrafiya, ürəyin USM, ritmokardioqrafiya, ürəyin PET, koronaroqrafiya və digər üsulların aparılmasından ibarətdir.
Fizikal müayinədə zirvə təkanlarının sola və aşağıya doğru yerini dəyişməsi, zirvə nahiyəsində birinci tonun zəifləməsi, bəzən mitral qapaq üzərində sistolik küy və qalop ritmi aşkarlanır. Döş qəfəsi orqanlarının rentgenoloji müayinəsində ürəyin bir qədər böyüməsi (əsasən sol kameralar hesabına) müəyyən edilir.
EKQ-məlumatları miokard infarktından sonra ocaqlı dəyişikliklər (fermentlərin aktivliyi yüksəlmədən), eləcə də miokardın diffuz dəyişiklikləri, sol mədəciyin hipertrofiyası, His dəstəsinin ayaqcıqlarının blokadası ilə xarakterizə olunur. Tranzitor işemiyanı təyin etmək üçün yüklənmə sınaqlarından (veloerqometriya, tredmil-test) və ya EKQ Holter monitorlaşmasından istifadə edilir.
Exokardioqrafiya postinfarkt kardiosklerozun daha informativ üsulu sayılır. Müayinə xroniki ürək anevrizması, sol mədəciyin dilatasiya və mülayim hipertrofiyasını, yığılma qabiliyyətinin lokal və ya diffuz pozğunluqlarını üzə çıxarır. Ventrikuloqrafiya zamanı mitral qapağın taylarının hərəkətinin pozulmasını müəyyənləşdirmək mümkündür, bu da məməciyəbənzər əzələlərin disfunksiyasına dəlalət edir.
Postinfarkt kardiosklerozlu xəstələrdə ürəyin pozitron-emission tomoqrafiyasının köməyilə davamlı hipoperfuziya ocaqları (əksər hallarda çoxsaylı) aşkarlanır. Pasiyentlərdə koronar qan dövranının vəziyyətini qiymətləndirmək məqsədilə koronaroqrafiya icra olunur.
Postinfarkt kardiosklerozun müalicəsi
Postinfarkt kardiosklerozun konservativ terapiyasının məqsədi ürək çatışmazlığının, ritm və keçiriciliyin pozulmasının proqressivləşməsinin ləngidilməsi, birləşdirici toxumanın çoxalmasının qarşısının alınmasından ibarətdir. Xəstələrin rejim və həyat tərzinin korreksiyası fiziki və emosional yüklənmələr məhdudlaşdırılması, dietoterapiya və kardioloq tərəfindən təyin edilmiş medikamentoz preparatlar qəbul olunmasına əsaslanır.
Postinfarkt kardiosklerozun müalicəsində APF inhibitorları (enalapril, kaptopril), nitratlar (nitrosorbid, izosorbid dinitrat, izosorbid mononitrat), b-adrenoblokatorlar (propranolol, atenolol, metoprolol), dezaqreqantlar (asetilsalisil turşusu), diuretiklər, metabolik təsirli preparatlar (inozin, kalium preparatları, ATF və s.) istifadə olunur.
Ritm və keçiriciliyin ağır pozğunluqlarında kardioverter-defibrillyator və ya elektrokardiostimulyatorun implantasiyası tələb oluna bilər. Miokard infarktından sonra gərginlik stenokardiyasının davam etdiyi hallarda koronaroqrafiyadan (KT-koronaroqrafiya, multispiral KT-koronaroqrafiya) sonra aorta-koronar şuntlama, koronar arteriyaların angioplastikası və ya stentlənməsinə olan göstərişlər müəyyənləşdirilir. Ürək anevrizmasının formalaşması zamanı onun rezeksiyası və aorta – koronar şuntlama göstəriş sayılır.
Postinfarkt kardiosklerozun proqnoz və profilaktikası
Təkrarlanan miokard infarktı, postinfarkt stenokardiya, mədəciklərin anevrizması, total ürək çatışmazlığı, ritm və keçiriciliyin həyat üçün təhlükəli pozulmaları postinfarkt kardiosklerozun gedişini ağırlaşdırır. Belə hallarda aritmiya və ürək çatışmazlığı adətən geridönməyən xarakter daşıyır, onların müalicəsi yalnız müvəqqəti yaxşılaşma ilə nəticələnir.
Postinfarkt kardiosklerozun formalaşmasının qarşısını almaq üçün miokard infarktı vaxtında və adekvat şəkildə müalicə olunmalıdır. Müalicəvi-reabilitasion tədbirlər qismində MBT, balneoterapiya, sanator-kurort müalicəsi, dispanser müşahidə məsləhət görülür.