Xorultu

Xorultu – yuxu zamanı tənəffüsün pozulmasıdır. Bu pozğunluq burun-udlaq və qırtlağın yumşaq toxumalarının vibrasiyası, cingiltili səsin yaranması ilə müşayiət olunur. Xorultu LOR-orqanlarının patologiyası, artıq çəki və ya funksional dəyişikliklərlə bağlı ola bilər. O, çox zaman apnoe (tənəffüsün dayanması) tutmaları ilə müştərək şəkildə baş verir. Bu da həyati vacib orqan və sistemlərin oksigen çatışmazlığına, infarkt və insult riskinin yüksəlməsinə gətirib çıxarır.

Xorultu barədə ümumi məlumat

Yer kürəsində hər 5-ci insan yuxu zamanı xoruldayır. Əhalinin təxminən 3%-i yuxu saatlarında tənəffüsün periodik dayanmasından (yuxu apnoesi) əziyyət çəkir. Kişilərdə tənəffüs yollarının anatomik quruluşunun bəzi xüsusiyyətləri ilə əlaqədar onlar qadınlara nisbətən xoruldamağa daha meyllidir. Dünyada hər 10-cu kişi yatarkən apnoe keçirir. Tənəffüsün dayanması bəzən 1 dəqiqədən çox davam edir.

Xorultunun yaranma səbəbləri

Yatmış insanda yuxarı tənəffüs yolları əzələlərinin tonusu azalır. Normada nəfəs alma anında döş qəfəsi boşluğunda mənfi təzyiq yaranır, hava ağciyərlərə keçir. Qırtlaq və udlaq əzələlərinin tonusu həddindən artıq azaldıqda hava ilə birgə yuxarı tənəffüs yollarının yumşaq toxumaları da «sorulur» Qırtlaq divarının, yumşaq damaq və dil kökünün titrəməsi cingiltili səsin formalaşmasına səbəb olur. Nəfəs aldıqda yumşaq toxumalar tənəffüs yollarını qapadıqda apnoe baş verir.

Bəzi xəstəliklər və vəziyyətlərdə xorultunun yaranma riski yüksəlir. Onun və yuxu apnoesinin bütün səbəbləri 2 qrupda cəmləşdirilmişdir: anatomik və fizioloji.

Xorultunun anatomik səbəbləri 

Yuxarı tənəffüs yollarının anatomik daralmalarında xorultu və yuxu apnoesinin baş vermə ehtimalı yüksəlir. Tənəffüs yollarının daralması burun çəpərinin əyriliyi, burun boşluğunun polipləri, burun yolları və udlağın anadangəlmə darlığı, badamcıqların böyüməsi, adenoidlər, dilçəyin uzanması və artıq çəki ilə bağlı ola bilər.

Xorultunun funksional səbəbləri 

Tənəffüs yollarının daralması və əzələ tonusunun azalmasına yorğunluq, yuxusuzluq, siqaret və spirtli içkilərdən istifadə, yuxu dərmanlarının qəbulu, hipofiz və qalxanabənzər vəzin fəaliyyətinin zəifləməsi səbəb ola bilər. Yaş artdıqca, qadınlarda menopauza dövründə udlaq əzələlərinin tonusu azalır.

Xorultunun nəticələri

Xorultu tənəffüsün dayanması ilə ağırlaşmadıqda çoxsaylı mikrooyanmalar baş verir. Bu cür epizodlar dərk olunmur və yadda qalmır. Yuxunun pozulması orqanizmin gecə saatlarında normal istirahət etməməsinə gətirib çıxarır. Nəticədə insan gün ərzində tez yorulur və daim yuxulu vəziyyətdə gəzir.

Xorultu apnoe ilə müşayiət olunmadıqda yuxunun strukturu hər zaman pozulmur. Periodik tənəffüs dayanmalarında oksigen çatışmazlığına cavab olaraq, patoloji reaksiyalar baş verir. Gecə ərzində apnoe 500 dəfə təkrarlana və orta hesabla 10-20 saniyə davam edə bilər. Beyin hipoksiyaya reaksiya verərək, orqanizmə oyanma siqnalı göndərir.

Normada yuxu bir neçə ardıcıl fazadan ibarət olur. İnsan xorultu səbəbindən tez-tez oyandıqda yuxunun dərin fazası (əzələlərin tam boşalması və arterial təzyiqin enməsi) formalaşmır.  Daimi mikrooyanmalar simpatik sinir sistemini aktivləşdirir. Nəticədə apnoedən əziyyət çəkən insanda arterial təzyiq yüksəlir, nəbz tezləşir, bəzən aritmiya yaranır.

Yuxu apnoesi ilə müşayiət olunan xorultu zamanı tənəffüs yollarının qapanması döş qəfəsi daxili təzyiqin kəskin şəkildə azalmasına gətirib çıxarır. Nəfəs alma anında tənəffüs yolları daralır, döş qəfəsi «sorucu» təsirini davam etdirir. «Vakuum tələsi» əmələ gəlir, qan bu nahiyəyə sorulur. Ətraflar və daxili orqanlarda qan çatışmır. Ürək isə əksinə, qanla yüklənir.

Bu patoloji mexanizmlərin təkrarlanması hipertoniya, aritmiya, infarkt və insult ilə nəticələnir. Apnoe ilə birgə baş verən xorultudan əziyyət çəkən insanlarda çox zaman potensiya ilə bağlı problemlər yaranır.

Xoruldayan insanlar yuxu dərmanlarından və alkoqoldan sui istifadə etməyə meylli olur. Onlarda qapalı dövran yaranır: xorultu yuxunu pozur, insan yuxu dərmanından istifadə etməyə məcbur qalır, qırtlaq və udlaq əzələlərinin tonusu daha da zəifləyir, xorultu güclənir.

Xorultunun diaqnostikası

Xorultunun səbəbini və apnoenin dərəcəsini aydınlaşdırmaq üçün polisomnoqrafik müayinə aparılır. Yatmış pasiyentin qanında oksigenin səviyyəsi ölçülür, arterial təzyiqə və ürək yığılmalarının tezliyinə nəzarət edilir. Yuxunun strukturunu qiymətləndirmək məqsədilə baş beynin EEQ icra olunur. LOR-orqanlarının anatomik dəyişiklikləri otolarinqoloqun baxışı və rinoskopiya, larinqoskopiya, kompüter tomoqrafiya, aktiv rinopnevmomanometriya və funksional sınaqların köməyilə aşkar edilir.

Xorultunun müalicəsi

Pasiyentlərə bədən çəkisini normaya salmaq və yuxu dərmanlarından imtina etmək məsləhət görülür. Xorultu insan arxası üstə yatdıqda baş verdiyindən yeni reflekslərin (qarın və ya yan tərəf üzərində yatmaq vərdişi) yaranması üçün xüsusi üsullardan istifadə olunur. Xorultunun qarşısını almaq üçün spesifik əmzik və burungenişləndiricilərdən istifadə oluna bilər. Ağır formalı xorultu və obstruktiv apnoe zamanı yuxu üçün maskanın taxılması tövsiyə olunur. Xorultuya qarşı  dərman vasitələrinin tətbiqi az effektivdir.

Cərrahi müalicənin növü xorultunun səbəbindən asılıdır. Xəstələrdə burun çəpərinin bərpası (septoplastika), lazerlə burundakı poliplərin aradan qaldırılması və böyümüş badamcıqların kəsilməsi (tonzilektomiya) kimi əməliyyatlar aparılır. Yumşaq damaq və udlaqda plastik əməliyyatlar (uvulotomiya və uvulopalatoplastika həyata keçirilir. Klassik cərrahi üsullar, lazer və radiocərrahiyyə tətbiq edilir.

error: Content is protected !!