Alkoqol hepatiti

Alkoqol hepatiti – orqana alkoqol metabolitlərinin toksiki təsiri nəticəsində fibroz, piy distrofiyası, iltihab əlamətləri ilə xarakterizə olunan qaraciyərin patoloji dəyişiklikləridir. Etioloji faktor davamlı təsir etdikdə qaraciyər sirroza – geridönməz dəyişikliklərə uğrayır. Xəstəliyin ağırlığı həm spirtin dozası, həm də miqdarı və qəbul müddəti ilə müəyyənləşdirilir. Hepatit kəskin və ya xroniki formada gedə bilər. Müalicəsi alkoqoldan imtina, kifayət qədər kalorili balanslaşdırılmış qidalanma, qaraciyərin funksional vəziyyətinin normallaşdırılmasına yönəlir.

Alkoqol hepatiti barədə ümumi məlumat

Alkoqol hepatiti – müasir qastroenterologiyada alkoqol fibrozu ilə yanaşı qaraciyər sirrozunun xəbərçisi olan və ya başlanğıc təzahürlərinə aid edilən qaraciyərin alkoqol xəstəliyinin əsas təzahürlərindən biridir. Bu xəstəlik, bir qayda olaraq, beş – yeddi il müntəzəm spirt qəbulundan sonra inkişaf edir. Alkoqollu işkilərin qəbuluna davam etdikdə xəstəlik proqressivləşir.

Alkoqol hepatitinin səbəbləri

Xəstəliyin səbəbi alkoqoldan uzun müddət sui-istifadədir. Kişilər gün ərzində 50-80 qram, qadınlar isə 30-40 qram, yeniyetmələr isə 15-20 qram alkoqol qəbul etdikdə qaraciyər patologiyası inkişaf edə bilər. Xəstəliyin inkişaf sürəti və proqressivləşməsi alkoqol qəbulunun miqdarı, tezliyi, qəbul olunan içkinin keyfiyyəti, orqanizmin fərdi xüsusiyyətləri, sui-istifadənin davametmə müddəti ilə müəyyən olunur.

Qaraciyərin alkoqol patologiyasının inkişaf ehtimalı alkoqol metabolizmində iştirak edən fermentlərin genetik xüsusiyyətlərinə malik insanlarda, virus hepatiti keçirmiş pasientlərdə, həmçinin əvvəldən qidalanma defisiti  olan insanlarda yüksəkdir.

Alkoqol hepatitinin patogenezi

Alkoqolun qəbulu onun qaraciyərdə hepatositlərə (qaraciyər hüceyrələri) zədələyici xüsusiyyətə malik asetaldehidə qədər metabalizasiyası ilə müşayiət olunur. Bu maddənin iştirakı ilə orqanizmdə başlanan kimyəvi reaksiyalar kaskadı hepatositlərin hiposiyasına, nəticə etibarı ilə ölümünə səbəb olur. Qaraciyərin toksik alkoqol zədələnməsi nəticəsində diffuz iltihabı proseslər inkişaf edir.

Alkoqol hepatitinin təsnifatı

Alkoqol hepatiti persistə edici və ya proqressivləşən gedişata malik ola bilər. Persistəedici gedişat xəstəliyin nisbətən stabil formasıdır; bu zaman spirt qəbulu dayandırıldıqda zədələnmiş qaraciyər hüceyrələrinin yenidən bərpası mümkündür. Alkolozasiyanın davam etməsi proqressivləşən formanın inkişafına gətirib çıxarır.

Proqressivləşən forma (aktivliyinə görə yüngül, orta və ağır dərəcəli) qaraciyərin kiçik ocaqlı, nekrotik zədələnməsi ilə xarakterizə olunur və tez-tez sirroza keçir. Bu formanın vaxtında müalicəsi prosesin stabilləşməsinə gətirib çıxarır, qalıq təzahürlər saxlanır.

Gedişatından asılı olaraq kəskin və xroniki alkoqol hepatiti ayırd edilir. Kəskin gedişat qaraciyərin kəskin, proqressivləşən zədələnməsi ilə xarakterizə olunur. Təxminən 70% hallarda uzun müddət alkoqoldan sui-istifadə məhz kəskin hepatitə səbəb olur və 4% hallarda sürətlə sirroza keçir. Bu forma bir neçə – latent, ikterik, xolestatik və fulminant variantda gedə bilər. Kəskin alkoqol hepatitinin ağır variantları mövcud sirroz fonunda ağır sərxoşluqdan sonra daha çox inkişaf edir.

Alkoqol hepatitinin simptomları

Latent gediaştda xarakterik simptomatika olmur. Pasientlər sağ qabırğaaltı nahiyədə ağırlıq, yüngül ürəkbulanma hiss edirlər. Bu variant, adətən, laborator müayinələr nəticəsində (transaminazanın yüksəlməsi) aşkarlanır. Yekun diaqnozun qoyulması biopsiya tələb edir.

İkterik variant daha çox rastlanır. Xarakterik əlamətlər həddən artıq zəiflik, anoreksiya, sağ qabırğaaltı nahiyədə ağrı, diareya, ürəkbulanma, qusma, arıqlama, dəri örtüklərinin və skleranın saralmasıdır. Bədən temperaturunun yüksəlməsi mümkündür. Qaraciyər böyümüş, səthi hamardır (sirrozda – kələ-kötür); palpasiyada ağrılıdır. Splenomeqaliya, assit, palmar eritema (ovucların qızarması), teleangiektaziya kimi simptomların aşkarlanması sirrozdan xəbər verir.

Alkoqol hepatitinin xolestatik variantına nadir hallarda rast gəlinir. Bu variantın xarakterik əlamətləri intensiv dəri qaşınması, nəcisin rənginin dəyişməsi, sarılıq, sidiyin tündləşməsidir. Patologiyanın bu forması uzunmüddətli gedişata malikdir. Fulminant variant sürətlə proqressivləşən hepatorenal, hemorragik sindrom, laborator markerlərin xeyli dəyişməsilə xarakterizə olunur. Qaraciyər koması və hepatorenal sindrom fonunda proses letal sonlana bilər.

Alkoqol hepatitinin xroniki gedişi klinik əlamətlərin və laborator markerlərin mülayim təzahürü ilə xarakterizə olunur. Diaqnoz qaraciyərin biopsiyası zamanı aşkarlanan xarakterik əlamətlərə əsaslanır və sirroz olmadıqda iltihabın varlığından xəbər verir.

Alkoqol hepatitinin diaqnostikası

Alkoqol hepatitinin diaqnostika müəyyən çətinliklər törədə bilər. Xəstəliyin yüngül gedişatı heç bir spesifik sindromla müşayiət olunmaya bilər; bu zaman yalnız laborator göstəricilərin dəyişilməsi aşkarlandıqda patologiyanı ehtimal etmək olar.

Kəskin formanın laborator əlamətləri leykositoz, nadir hallarda leykopeniya (alkoqolun sümük iliyinə toksik təsir etdikdə), B12 defisitli anemiya, EÇS-in sürətlənməsi, həmçinin qaraciyərin zədələnmə markerlərinin yüksəlməsidir. Qaraciyərin ultrasəs müayinəsi orqanın ölçülərinin böyüməsini, strukturunun eynicinsli olmamasını, konturlarının düzgünlüyünü təyin edir. Maqnit-rezonans tomoqrafiya (qaraciyərin MRT-i) kollateral qaraciyər qan dövranını, yanaşı olaraq mədəaltı vəzin zədələnməsini müəyyənləşdirir.

Xroniki formada qaraciyərin ultrasəs müayinəsində qaraciyərin azacıq və ya mülayim böyüməsi, exogenliyinin yüksəlməsi, strukturunun həmcinsliyi aşkarlanır. Laborator göstəricilər mülayim dəyişilmişdir. Alkoqol patologiyasında qaraciyərin biopsiyası nekroz, fibroz, iltihabın spesifik əlamətlərini aşkarlamağa imkan verir. Patologiyanın təzahürləri xəstəliyin formasından və onun davametmə müddətindən asılıdır.

Müayinənin gedişində aşkar olunmuş qaraciyərin zədələnmə əlamətləri uzun müddət alkoqol qəbulu, həmçinin asılılıq, spirtdən sui-istifadəni göstərən anamnestik məlumatlarla kombinasiya olunmalıdır. Bu çətindir; belə ki, həkim həmişə pasient haqda tam informasiyaya malik olmur. Məhz buna görə də hərtərəfli anamnezə qohumlar da cəlb olunmalıdır. Belə ki, tez-tez pasientlər qəbul olunan spirtin miqdarını xeyli azaldırlar.

Bununla yanaşı alkoqol xəstəliyinin (alkoqolizm) xarakterik xarici əlamətləri – üzün şişkinliyi, əllərin, dilin, göz qapaqlarının tremoru, çiyin qurşağı əzələlərinin atrofiyası, Dupuytren kontrakturası (ovuc vətərlərinin fibroz dəyişiklikləri, nəticədə onların qısalması və əldarağının bükücü deformasiyası),  periferik sinir sisteminin və başqa hədəf orqanların (böyrəklər, ürək, mədəaltı vəzi, mərkəzi sinir sistemi) zədələnmələri aşkarlanır.

Alkoqol hepatitinin müalicəsi

Bu xəstəlik kompleks müalicə olunmalıdır. Müalicənin əsas istiqamətləri zədələyici faktorun dəf edilməsi, müvafiq qidalanmanın təyini, dərman terapiyasının aparılmasıdır. Alkoqol hepatitinin istənilən forması ilk növbədə etioloji faktorun  – sprit təsirinin  dayandırılmasını tələb edir. Alkoqoldan imtina olunmadıqda patologiyanın proqressivləşməsi qaçılmazdır. Yüngül formalarda qaraciyər dəyişikliklərinin geri dönməsi üçün bu amil kifayət edir.

Alkoqol hepatiti əksər pasientlərdə qidalanma defisiti ilə müşayiət olunur. Qaraciyər patologiyası nə qədər ağır olarsa, trofik çatışmazlıq da bir o qədər dərinləşmiş olar. Qida rasionun gündəlik energetik dəyərinin təxminən 2000 kalori olması tövsiyə olunur. Qidanın zülal tərkibi 1q/ kq olmalıdır. Vitaminlər və doymamış yağ turşularının kifayət qədər qəbulu mütləqdir. Anoreksiya zamanı zondla enteral və ya parenteral qidalanma təyin olunur. Amin turşu infuziyaları zülal katabolizmini (daxili zülal ehtiyatının sərfini) zəiflədir, baş beyin toxumalarında metabolizmi yaxşılaşdırır.

Dərman terapiyası essensial fosfolipid preparatlarının təyinindən ibarətdir. Bu preparatlar qaraciyərn piy distrofiyasını azaldır, qaraciyər fibrozunu ləngidir, hüceyrələrinin regenerasiyasını sürətləndirir və antioksidant effekt göstərir. Alkoqol patologiyasında, xüsusən xolestatik formada sitoprotektiv təsirli ursodezoksixol turşusu preparatları təyin olunur. Antioksidant effektə nail olmaq, asetaldehid sintezini və hüceyrə membranının zədələnməsini blokda etmək məqsədilə silimarin tərkibli hepatoprotektorlar təyin olunur.

Kəskin formanın müalicəsi dezintoksikasion terapiyanın aparılması, plazmaəvəzedici məhlulların yeridilməsi, elektrolit disbalansının korreksiyasından ibarətdir. Qaraciyər-hüceyrə çatışmazlığı sindromu ilə müşayiət olunan ağır gedişli formalarda qlukokortikosteroidlər tətbiq olunur. Xroniki formanın müalicəsi qaraciyərin zədələnməsinə müvafiq aparılır. Fibroz zamanı alkoqoldan tam imtina tələb olunur. Dərman terapiyası fibroz prosesə, γ-interfrona və qlisinə təsir göstərən preparatlarla heyata keçirilir.

Alkoqol hepatitinin proqnoz və profilaktikası

Alkoqol hepatitinin əsas profilaktikası qaraciyərin mövcud patologiyalarının proqressivləşməsinin qarşısının alınması məqsədilə alkoqol qəbulunun məhdudlaşdırılmasından ibarətdir. Alkoqol hepatitinin yüngül və orta ağırlıq dərəcəli formalarından əziyyət çəkən pasientlərdə astealdehidin təsiri tam dayandırıldıqda xəstəliyin proqnozu yaxşıdır – qaraciyərin funksiyaları tam bərpa oluna bilər. Hazırda patologiyanın müalicəsi məqsədilə xəstəliyi sağaltmağa və ya pasientin vəziyyətini uzun müddət stabilləşdirməyə, qaraciyər sirrozunun qarşısının alınmasına imkan verən yüksək effektli preparatlar təyin olunur.

Lakin müalicə həkim-hepatoloq və ya qastroenteroloq tərəfindən, psixoterapevt və narkoloqla birgə aparılmalıdır. Etioloji faktorun təsiri davam etdikdə xəstəlik qaraciyər sirrozu ilə ağırlaşır. Bu geridönməz vəziyyət alkoqol patologiyasının final mərhələsidir. Bu zaman proqnoz qeyri-kafidir. Belə pasientlərdə hepatosellülyar karsinoma riski yüksəkdir.

error: Content is protected !!