Allergik konyunktivit

Allergik konyunktivit – allergenlə kontakta cavab olaraq immun reaksiya nəticəsində yaranan gözün selikli qişasının (konyunktiva)  reaktiv iltihabıdır. Bu zamanı gözün konyunktivanın hiperemiyası (qızarması) və ödemi, göz qapaqlarının qaşınması və ödemi, gözün yaşarması, işıqdan qorxma (fotofobiya) inkişaf edir. Diaqnoz- anamnezin toplanması, dəri testlərinin, provokasion allergik sınaqların (konyunktival, nazal, dilaltı), laborator müayinələrin nəticəsinə əsasən qoyulur.

Allergik konyunktivit əhalinin təxminən 15%-də rastlanır və müasir allerqologiya və oftalmologiyanın mühüm problemidir. Görmə orqanının allergik zədələnməsi 90% hallarda konyunktivit, nadir hallarda isə allergik blefarit, göz qapaqlarının dermatiti, allergik keratit, uveit, irit, retinit, nevrit ilə müşayiət olunur.  Allergik konyunktivit hər iki cinsə mənsub olan insanlarda, əsasən cavanlarda müşahidə olunur. Tez-tez başqa allerqozlarla – allergik rinit, bronxial astma, atopik dermatitlə müşayiət olunur.

Allergik konyunktivitinpollinoz konyunktiviti, yaz keratokonyunktiviti, giqant hüceyrəli konyunktivit (hiperpapilyar konyunktivit), dərman konyunktiviti, xroniki konyunktivit, atopik keratokonyunktivit kimi növləri vardır.

Gedişinə görə allergik konyunktivit kəskin, yarımkəskin və ya xroniki; meydana çıxma vaxtına görə mövsümi və ya il boyunca davam edən ola bilər.

Allergik konyunktivitin əsasında IgE ilə əlaqəli hiperhəssaslıq reaksiyası durur. Patologiyanın inkişafında həlledici faktor allergenin konyunktiva ilə birbaşa kontaktıdır; bu, tosqun hüceyrələrin deqranulyasiyası, limfositlərin və eozinofillərin aktivasiyası nəticəsində iltihabi-allergik reaksiya ilə kliniki cavaba gətirib çıxarır. Tosqun hüceyrələrdən xaric olunmuş mediatorlar (histamin, serotonin, leykotrienlər və s.) allergik konyunktivitə xas simptomların inkişafına səbəb olur.

Allergik konyunktivitin gedişinin ağırlığı allergenin konsentrasiyası və orqanizmin reaktivliyindən asılıdır. Xəstəlik zamanı hiperhəssaslıq reaksiyasının inkişafı sürətli (allergenlə kontaktdan sonra 30 dəq ərzində) və ləng (24-48 saat və daha uzun müddət sonra) ola bilər. Allergik konyunktivitlərin belə təsnifatı dərman terapiyasının seçimində əhəmiyyətlidir.

Allergik konyunktivitin səbəbləri

Allergik konyunktivitin bütün formalarının etiologiyasında ümumi cəhət ətraf mühitin müxtəlif faktorlarına qarşı həssaslığın yüksəlməsidir.

Pollinoz konyunktiviti (toz allergiyası) – otların və ağacların çiçəklənməsi dövründə onların tozcuqlarının səbəb olduğu mövsümi allergik konyunktivitdir. Xəstəliyin fəsadlaşması bu və ya digər regionda bitkilərin çiçəkləməsi dövrü ilə bağlıdır. Mövsümi allergik konyunktivit xəstələrin 7%-ində yazda (aprelin sonu – mayın sonu), 75%-ində yayda (iyunun əvvəli – iyulun sonu), 6,3%-ində mövsümlərarası (iyulun sonu – sentyabrın ortaları) fəsadlaşır; bu, otların və ağacların tozlanma dövrü ilə üst-üstə düşür.

Yaz konyunktivitinin etiologiyası az öyrənilib. Xəstəlik yazda – yayın əvvəlində fəsadlaşır, payızda isə reqresiya edir. Allergik konyunktivitin bu forması, adətən, pubertat (cinsi inkişaf) dövründə öz-özünə keçib gedir və inkişafında endokrin faktorların müəyyən rolu haqda düşünməyə imkan verir.

Nəhəng hüceyrəli allergik konyunktivitin inkişafında əsas faktorlar kontakt linzalar və göz protezlərinin istifadəsi, gözün selikli qişasının yad cisimlə uzunmüddətli kontaktı, kataraktanın ekstraksiyası və ya keratoplastikadan sonra konyunktivanı qıcıqlandıran tikişlərin mövcudluğu, kalsiumun buynuz qişada toplanması və s. hesab olunur. Allergik konyunktivitin bu formasında iltihabi reaksiya yuxarı göz qapaqlarının selikli qişasında iri yastılanmış məməciklərin (papillaların) əmələ gəlməsi ilə müşayiət olunur.

Dərman konyunktiviti dərman preparatlarının, adətən, yerli (90,1%), nadir hallarda isə sistemli (9,9%) qəbuluna qarşı cavab reaksiyası şəklində inkişaf edir. Dərman allergik konyunktivitinin yaranmasını özünü müalicə, preparatın komponentlərinə qarşı fərdi dözümsüzlük, politerapiya – qarşılıqlı təsiri nəzərə alınmadan bir neçə dərmanın kombinasiyası təşviq edir. Allergik konyunktivitin bu formasının inkişafına bir çox hallarda antibakterial və antiviral göz damcılarının və məlhəmlərinin istifadəsi gətirib çıxarır.

Xroniki allergik konyunktivit gözün bütün allergik xəstəliklərinin 23%-indən çoxunu təşkil edir. Patologiya minimal kliniki təzahürlərlə gedişində müalicəyə tabe olmayan xarakteri ilə fərqlənir. Bu zaman birbaşa allergen ev tozu, heyvan xəzi, balıqlar üçün quru yem, lələk, tükcük, qida məhsulları, parfümeriya, kosmetika və məişətdə istifadə olunan kimyəvi məhsullardır. Xroniki allergik konyunktivit tez-tez ekzema və bronxial astma ilə assosiasiya olunur.

Atopik keratokonyunktivit multifaktorial allergik xəstəlikdir. Adətən, sistemli immunoloji reaksiyalar zamanı inkişaf edir. Buna görə də tez-tez atopik dermatit, astma, pollinoz, övrə fonunda gedir.

Allergik konyunktivit zamanı- bir qayda olaraq, hər iki göz zədələnir. Xəstəliyin simptomları allergenlə kontaktdan sonra bir neçə dəqiqədən 1-2 günədək inkişaf edir. Allergik konyunktivit gözlərin güclü qaşınması, göz qapaqlarının altında yanma hissi, gözün yaşarması, konyunktivada ödem və hiperemiya; ağır gedişli formada fotofobiya, blefarospazm, ptozla xarakterizə olunur.

Allergik konyunktivit zamanı qaşınma o qədər güclü olur ki, pasienti daim gözlərini ovmağa məcbur edir. Bu da öz növbəsində digər kliniki təzahürləri gücləndirir. Gözün selikli qişasında kiçik papillalar və ya follikullar əmələ gələ bilər. Gözün ifrazatı allergik konyunktivit zamanı, adətən, selikli və şəffaf, bəzən qatılaşmış və sapabənzər olur. Gözə infeksiyanın düşməsi nəticəsində irinli sekret əmələ gəlir.

Allergik konyunktivitin bəzi formalarında (yaz və atopik keratokonyunktivit) buynuz qişa zədələnir. Dərman allergiyasında göz qapaqlarının, buynuz qişanın, torlu qişanın, damarlı qişanın, görmə sinirinin zədələnməsi müşahidə oluna bilər. Kəskin dərman konyunktiviti bəzən anafilaktik şok, Kvinke ödemi, kəskin övrə, sistemli kapilyarotoksikozla ağırlaşır.

Xroniki allergik konyunktivitin simptomatikası kasaddır: göz qapaqlarının periodik qaşınmaları, gözlərdə yanma hissi, göz qapaqlarının qızarması, gözün yaşarması, az miqdarda ifrazatla xarakterizə olunur. Xəstəlik 6-12 ay davam edərsə, xroniki allergik konyunktivit haqda danışılır.

Allergik konyunktivitin diaqnostikası və müalicəsi oftalmoloq və allerqoloq-immunoloqun qarşılıqlı fəaliyyəti ilə aparılmalıdır. Əgər anamnezdə konyunktivitlə xarici allergenin təsiri arasında dəqiq əlaqə olduğu müəyyənləşdirilərsə, diaqnoz, bir qayda olaraq, şübhə doğurmur.

Oftalmoloji inspeksiya (baxış) konyunktivada dəyişiklikləri (ödem, hiperemiya, papillaların hiperplaziyası və s.) aşkarlayır. Allergik konyunktivit zamanı konyunktival sıyrıntının mikroskopik müayinəsində eozinofillər (10%≤) aşkar olunur. Qanda IgE 100-150 ME-dən yüksək olur.

Allergik konyunktivitin səbəbini tapmaq üçün elimonasion və ekspozision sınaqlar aparılır. Eliminasion sınaq kliniki təzahürlər fonunda ehtimal olunan allergenlə kontakt inkar olunduqda, ekspozision sınaq isə simptomlar söndükdən sonra eyni allergenlə təkrari kontakt olduqda həyata keçirilir.

Konyunktivitin kəskin allergik təzahürləri söndükdən sonra dəri-allergik sınaqları (aplikasion, skarifikasion, elektroforez, prik-test) aparılır. Remissiya dövründə provokasion sınaqlara – konyunktival, dilaltı və nazal sınaqlara müraciət olunur.

Xroniki allergik konyunktivit zamanı demodeksin təyini üçün kirpiklərin müayinəsi göstərişdir. Gözün infeksion xəstəliyinə şübhə olduqda konyunktivadan götürülmüş materialın mikroflorasını araşdırmaq üçün bakterioloji müayinə aparılır.

Allergik konyunktivitin müalicəsinin əsas prinsiplərinə allergenin eliminasiyası (kənarlaşdırılması), yerli və sistemli desensibilizasiyaedici terapiya, simptomatik dərman terapiyası, spesifik immunoterapiya, ikincili infeksiyaların və ağırlaşmaların profilaktikası aid olunur. Giqant hüceyrəli konyunktivit zamanı kontakt linzalardan, göz protezlərindən istifadənin dayandırılması, postoperativ tikişlərin ləğvi və ya yad cismin kənarlaşdırılması mütləqdir.

Allergik konyunktivit zamanı daxilə qəbul üçün antihistamin preparatlar (klaritin, ketotifen və s.) və gün ərzində 2-4 dəfə allergiya əleyhinə göz damcıları (levokabastin, azelastin, olopatadin) təyin olunur. Həmçinin xrom qlisin turşusu (tosqun hüceyrələrin stabilizatoru) damcı formasında yerli istifadə olunur. Quru göz sindromu inkişaf etdikdə gözyaşı əvəzediciləri; buynuz qişanın zədələnməsində isə göz damcıları formasında dekspantenol və vitaminlər təyin olunur.

Allergik konyunktivitin ağır formalarında yerli kortikosteroidlər (deksametazon, hidrokortizon tərkibli göz damcıları və ya məlhəmləri), yerli QSİƏP-ın (diklofenak tərkibli göz damcıları) istifadəsi tələb oluna bilər. Davamlı residivləşən allergik konyunktivit spesifik immunoterapiyanın aparılması üçün əsasdır.

Allergik konyunktivitin proqnozu və profilaktikası

Əksər kliniki hallarda allergenin təyini və eliminasiyası zamanı allergik konyunktivitin proqnozu kafidir. Müalicə olunmadıqda infeksiyaların prosesə qoşulması, nəticədə ikincili herpetik və ya bakterial keratitin inkişafı, görmə itiliyinin azalması mümkündür.

Allergik konyunktivitin profilaktikası məqsədilə bəlli allergenlərlə kontakt mümkün qədər aradan qaldırılmalıdır. Mövsümi formalarda desensibilizasiyaedici terapiya ilə preventiv kursların aparılması mütləqdir. Allergik konyunktivitdən əziyyət çəkən pasientlər oftalmoloq və allerqoloq nəzarətində olmalıdır.

error: Content is protected !!