Allergik vaskulit

Allergik vaskulit — damar divarının aseptik iltihabıdır. Patologiyanın yaranma səbəbi müxtəlif infeksion-toksiki təsirlər nəticəsində inkişaf edən allergik reaksiyadır. Səpkinin polimorfizmi, həmçinin gedişatının müxtəlif variantlarının olması xəstəliyin bir çox formalarının başqa xəstəlik kimi qeyd edilməsinə gətirib çıxarmışdır. Bunlar arasında səthi və dərin allergik vaskulit olmaqla qlobal bölünmə vardır. Diaqnostika anamnez, kliniki mənzərənin xüsusiyyətləri, laborator və instrumental müayinələr, histoloji analizin nəticələrinə əsaslanan kompleks yanaşma tələb edir. Allergik vaskulitin müalicəsi antihistaminlər, desensiblizasiyaedici və damarlar üçün nəzərdə tutulmuş preparatlar, həmçinin kalsium preparatları, antibiotiklər, qlükokortikoidlər və s. vasitəsilə aparılır.

Аllergik vaskulit barədə ümumi məlumat

Sistemli vaskulitlərdən fərqli olaraq allergik vaskulit dəri və dərialtı toxumada yerləşən damarların zədələnməsi ilə gedən, adətən, daxili orqanların damarlarına təsirsiz ötüşən xəstəlikdir. Allergik vaskulitlə xəstələnməyə dair dəqiq statistik göstəricilər yoxdur. O, istənilən cinsə və yaşa mənsub insanda inkişaf edə bilər. Allergik vaskulitin rastgəlmə tezliyinin yaşdan və ya cinsdən asılılığı müxtəlif kliniki formalarında müşahidə olunur. Məsələn, hemorragik vaskulit daha çox 14 yaşa qədər uşaqlarda, Şamberq dermatozu isə əsasən kişilərdə rastlanır.

Аllergik vaskulitin səbəbləri və yaranma mexanizmləri

Allergik vaskulit multifaktorial etiologiyalı xəstəliklərə aiddir. Bir çox hallarda onun əmələ gəlməsinə orqanizmin müxtəlif infeksion agentlərlə (stafillokoklar, streptokoklar, patogen göbələklər, viruslar) sensibilizasiyası gətirib çıxarır. Bu agentlər isə xroniki infeksion ocaqlar (tonzillit, otit, haymorit, adneksit, xroniki pielonefrit, sistit, vərəm və s.), adətən, KRVİ (kəskin respirator virus infeksiyası), qrip, herpetik infeksiyalar, virus hepatitləri (A, B,C) fonunda inkişaf edirlər. Allergik vaskulitli pasientlərin çoxunda stafillokok anti-atoksin və antistreptolizin-0 titri, həmçinin antistafillokok hemaqlütinin konsentrasiyasının yüksəlməsi təyin olunur.

Allergik vaskulitin yaranmasına səbəb olan növbəti faktorlar qrupuna dərman preparatları (sulfanilamidlər, antibiotiklər, oral kontraseptivlər, analgetiklər, barbituratlar və s.) və kimyəvi maddələr (neft məhsulları, insektisidlər) aiddir. Bu xəstəliyin yaranma səbəbi məişət və bitki tozları, uzunmüddətli intoksikasiyalar, radiasiya da ola bilər. Orqanizmdə maddələr mübadiləsinin pozulmaları (şəkərli diabet, podaqra, piylənmə, ateroskleroz), damar zədələnmələri (hipertoniya, varikoz, ürək çatmazlığı), orqanların, ilk növbədə qaraciyərin (biliar sirroz, xroniki hepatit, qaraciyərin alkoqol xəstəliyi) somatik xəstəlikləri allergik vaskulitin inkişafı üçün əlverişli şərait yarada bilər.

İnfeksion-toksiki faktorların kompleks təsiri sirkulyasiya edən immun komlekslərin sintez olunmasına və onların damarların divarında çökməsinə səbəb olur; bu isə aseptik iltihabın inkişafı nəticəsində damar divarının zədələnməsinə və keçiriciliyinin artmasına gətirib çıxarır. Beləliklə, allergik vaskulit meydan çıxır. Bu problemi araşdıran bir çox tədqiqatçılar allergik vaskulitin ağırlıq dərəcəsi ilə qanda sirkulyasiya edən immun kompleksin miqdarı arasında qarşılıqlı əlaqənin olduğunu qeyd edirlər.

Аllergik vaskulitin təsnifatı

Müasir revmatologiyada allergik vaskulitlərin kliniki təsnifatı zədələnmiş damarların kalibrinə əsasən aşağıdakı kimi ayırd edilir:

Səthi allergik vaskulit — dərinin kapilyarları, kiçik vena və arteriyalarının zədələnməsi ilə xarakterizə olunur. Bu qrupa hemosiderozlar, hemoragik vaskulit, düyünlü nekrotik vaskulit, Ruter allergik arterioliti, suçiçəyinə bənzər (varisellaya bənzər) kəskin lixenoid parapsoriaz və hemorragik leykoklastik mikrobid aiddir.

Dərin allergik vaskulit — dərialtı toxuma və onunla derma arasından keçən orta və böyük ölçülü arteriya və venaların zədələnməsi ilə müşayiət olunur. Kliniki olaraq xroniki və kəskin düyünlü eritemanın müxtəlif formaları şəklində təzahür edir.

Аllergik vaskulitin simptomları

Hemosiderozlar

Hemosiderozlar qrupuna allergik vaskulitin endotelin prekapilyar və kapilyarlarında hemosiderinin toplanması nəticəsində zədələnmiş formaları aiddir. Hemosiderin hemoqlobin parçalandıqdan sonra əmələ gələn, dəmir tərkibli piqmentdir.   Allergik vaskulitin bu formaları dəridə petexial səpkilər, kiçik ölçülü, sarımtıl-qəhvəyi rəngli ləkələr və damar ulduzcuqlarının (teleangioektaziyalar) təzahürü ilə xarakterizə olunur. Əksər kliniki hallarda səpkilər bədənin distal hissələrində, adətən – ayaqlarda olur. Səpmə müxtəlif intensivlikli qaşınma ilə müşayiət oluna bilər. Pasientlərin ümumi vəziyyəti, bir qayda olaraq, pozulmur. Bəzən trofik xora əmələ gələ bilər.

Hemosiderozlara Mayokki xəstəliyi (üzükşəkilli teleangiektatik purpura), ekzematoid purpura (Dukas-Kapetan-kis), Şamberq xəstəliyi, qaşınan purpura (Levental), purpuroz piqmentli lixenoid dermatit (Qugerot-Blum sindromu), qövsşəkilli teleangiektatik purpura (Turen), dərinin ağ atrofiyası (Milian), purpuroz piqmentli angiodermit (Favr-Şe sindromu), ortostatik purpura və yaşlıların torlu hemosiderozu aiddir.

Hemosiderozun diaqnostikasında atopik dermatit, toksikodermiya, ekzema, qırmızı yastı dəmrovla differensial diaqnostika mühümdür.

Hemorragik vaskulit (Şönleyn-Henox xəstəliyi)

Allergik vaskulitin bu forması yalnız dərinin deyil, həm də daxili orqanların damarlarının zədələnməsi ilə özünü göstərir. Bununla yanaşı, damar divarının aseptik iltihabı mikrotrombların yaranması ilə müşayiət olunur. Hemorragik allergik vaskulitin dəri-oynaq, abdominal, böyrək, ildırımsürətli nekrotik və qarışıq formaları ayırd edilir. Dəri-oynaq forması hemorragik və eritematoz ləkələrlə, iri oynaqların artrit tipli zədələnməsi ilə müşayiət olunur. Abdominal forma qarında qəfləti ağrılar və bağırsaqlardan qanaxma ilə təzahür edir. Hemorragik vaskulitin böyrək forması kəskin və xroniki qlomerulonefrit simptomatikası ilə özünü göstərir. İldırım sürətli nekrotik forma daxili orqanların miokardit, plevrit, poliartit, mədə-bağırsaq traktından və burundan qanaxma, qlomerulonefrit kimi çoxsaylı zədələnmələri nəticəsində tez-tez ölümlə sonlanır.

Şöylen-Henox xəstəliyinin differensial diaqnostikası müxtəlif ekssudativ eritemalar, medikamentoz dermatit, düyünlü periarteriit, infeksion xəstəliklərdə hemorragik sindromla aparılmalıdır.

Düyünlü nekrotik vaskulit

Allergik vaskulitin bu forması ümumi vəziyyətin pisləşməsi ilə müşayiət olunan xroniki gedişata malikdir; bu xüsusiyyətinə görə digər formalardan fərqlənir. Dəridə xoralaşan düyünlü elementlər və hemorragik komponentli eritematoz ləkələrlə xarakterizə olunur. Diaqnostikası zamanı dəri vərəminin papulonekrotik forması ilə differensiasiya olunmalıdır.

Ruter allergik arterioliti

Ruter allergik vaskuliti üçün pasientin ümumi vəziyyətinin pozulması (baş ağrıları, nasazlıq, subfebrilitet, artralgiyalar, bəzən oynaqların iltihabi dəyişiklikləri) ilə müşayiət olunan səpkilərin polimorfizmi xarakterikdir. Səpkilər papula, ləkə, pustula, damar ulduzcuqları, qabarcıq, vezikula, dəridə nekrotik və xoralaşmış nahiyələr şəklində təzahür edə bilər. Allergik vaskulitin bu forması hansı səpki növünün üstünlük təşkil etməsindən asılı olaraq düyünlü-nekrotik, hemorragik və polimorf-düyünlü olmaqla ayırd edilir.

Düyünlü eritema

Düyünlü eritema kəskin və xroniki gedişli ola bilər. Allergik vaskulitin bu formasında sıx, ağrılı, dərialtı düyünlər və düyüncüklər əmələ gəlir. Bu elementlər əsasən baldırın ön səthində lokalizasiya olunur. Düyünlərin sağalması zədəsiz baş verir,  yerində uzun müddət qalınlaşma qala bilər. Xəstəlik pasientin ümumi vəziyyətinin pozulması, simmetrik artralgiya və artritlərin əmələ gəlməsi ilə müşayiət olunur.

Аllergik vaskulitin diaqnostikası

Allergik vaskulitinin olması ehtimal olunan pasient revmatoloq konsultasiyasına ehtiyac duyur. Kliniki əlamətlərin və formalarının rəngarəngliyi səbəbindən allergik vaskulitin diaqnostikası həkim üçün çətin tapşırıqdır. Anamnez, xəstəliyin kliniki mənzərəsi, gedişatının xarakteri, pasientin yaşı, laborator analizlərin və dərinin biopsiya materialının histoloji analizinə əsasən diaqnoz qoyulur.

Allergik vaskulitin laborator müayinəsində qanın və sidiyin analizi, qanda şəkərin analizi, qaraciyərin biokimyəvi sınaqları, ASL-O (antistreptolizin-o) və sirkulyasiya edən immun kompleksin təyini aparılır.  Allergik vaskulitin histoloji mənzərəsində dəri və dərialtı toxumanın damarlarının endotelinin şişkinliyi və ödemliliyi, zədələnmiş damarın mənfəzinin daralması səbəbindən damarların proliferasiyası, damarların divarında leykositar infiltrasiyanın yaranması, hemosiderinin çökməsi, mikrotrombozlar və  damar mənfəzini tərk etmiş qan elementləri ilə xarakterizə olunur. İFR (immunoflürosens reaksiya) vasitəsilə zədələnmiş damarların divarına immunoqlobulinlərin və antigen-antitel komplekslərinin çökməsi aşkar olunur.

Orqanizmdə gedən xroniki infeksion ocaqları müəyyənləşdirmək məqsədilə sidiyin, nəcisin və burun-udlaqdan götürülmüş yaxmanın bakterioloji əkilməsi, qadınlara ginekoloji müayinələr,  müxtəlif infeksiyalara qarşı ZPR (zəncirvari polimeraza reaksiyası), RPR-test (antikardiolipin testi), ftiziatr müayinəsi aparılmalıdır. Xəstəliyi müşayiət edən damar patologiyalarını aşkarlamaq üçün kardioloq, fleboloq və ya damar cərrahı ilə konsultasiya, EKQ, angioqrafiya, vena və arteriyaların ultrasəs doppleroqrafiyası (USDQ) tələb oluna bilər.

Аllergik vaskulitin müalicəsi

Allergik vaskulit desensibilizasiyaedici və antihistamin preparatlar, həmçinin kalsium preparatları ilə  müalicə olunur. Damarlar üçün preparatlar geniş istifadə olunur. Bu preparatlar damar tonusunu yaxşılaşdırır, damar divarının keçiriciliyini və damar mənfəzində tromboz əmələgəlməni azaldır. Bunlara hidroksietilrutozid, etamzilat, askorbin turşusu+rutozid, pirikarbat, aminokapron turşusu, at şabalıdı ekstraktı və s. aiddir. Ağır hallarda qlükokortikosteroidlər və sitostatiklər, ekstrakorporal hemokorreksiyanın (hemosorbsiya, membran plazmaferezi və s.) təyini göstərişdir. İnfeksion ocaqlar mövcud olarsa, həmin ocaqların sanasiyası və sistemli antibakterial müalicəsi zəruridir.

Allergik vaskulitin müalicəsində xaricə istifadə üçün nəzərdə tutulmuş preparatlar – tərkibində trokserutin, klostridiopeptidaza, xloramfenikol, iri buynuzlu mal-qaranın qan ekstraktı olan krem və məlhəmlər təyin oluna bilər. Əgər allergik vaskulit oynaq sindromu ilə müşayiət olunarsa, yerli olaraq iltihabəleyhinə məlhəmlər, dimetilsulfoksidli sarğılar, ultrafonoforez və maqnitoterapiya təyin olunur.

error: Content is protected !!