Anal polip

Anal polip – düz bağırsağın selikli qişasının xərçəngönü xəstəliyidir. Uzun müddət simptomsuz gedir. Anal polip qanlı və ya selikli ifrazatla təzahür edə bilər. Bəzən qanaxma, ishal və ya qəbizlik, aldadıcı defekasiya çağırışları, bağırsağın tam boşalmaması və ya orada yad cismin olması hissi müşahidə edilir. Diaqnoz barmaqla rektal müayinə, anoskopiya, rektoromanoskopiya və ya kolonoskopiya, kontrast rentgenoqrafiya, biopsiyanın nəticələrinə əsasən qoyulur. Müalicə məqsədilə az invaziv cərrahi üsullar: elektrokoaqulyasiya və radiodalğalı terapiya tətbiq edilir.

Anal polip barədə ümumi məlumat

Anal polip anorektal nahiyənin selikli qişasından başlanğıc götürən xoşxassəli törəmədir. Tək və ya çoxsaylı polipoz çıxıntılar izoləolunmuş halda və yaxud qrup şəklində yerləşir. Onlar selikli qişaya ayaqcıq və ya enli əsas vasitəsilə birləşir. Anal polip göbələyəbənzər, şaxələnən, kürəşəkilli və ya oval formaya malik olur. Şişin ölçüləri taxıl dənəsindən qoz böyüklüyünə (2-3 sm diametrində) qədər dəyişir. Patologiyaya bütün yaş qruplarında, o cümlədən uşaqlarda da rast gəlinir. Poliplər vəzi mənşəli (ən çox rast gəlinən forma)), hiperplastik və xovlu olur. Şişin böyüdüyü və ya uzun ayaqcıq hesabına anal kanaldan xaricə sallandığı ana qədər patoloji proses simptomsuz gedir.

Anal polipin yaranma səbəbləri

Anal polip demək olar ki, heç bir zaman düz bağırsağın sağlam selikli qişasında inkişaf etmir. Adətən poliplər iltihabi xəstəliklərdən (xroniki kolit, xoralı kolit, qarın yatalağı, xoralı proktosiqmoidit, dizenteriya) sonra yaranır. Xroniki qəbizlik və ya ishal, bağırsaq motorikasının pozulması (diskineziya), mədə turşuluğunun aşağı olması polipin formalaşmasına şərait yaradır. Böyüklərdən fərqli olaraq, uşaqlarda poliplər dəyişikliyə uğramayan selikli qişada əmələ gələ bilər. Bu da disembriogenez nəticəsində meydana çıxan düz bağırsağın inkişaf anomaliyaları ilə bağlıdır.  Həmçinin poliplərin virus mənşəli olması ehtimal edilir.

Anal polipin təsnifatı

Müasir proktologiyada anal poliplərin morfoloji əlamətlərinə əsaslanan təsnifatdan istifadə olunur. Morfoloji mənsubiyyətindən asılı olaraq, xərçəngönü törəmənin 4 növü ayırd edilir: adenomatoz, xovlu, fibroz və qarışıq. Adenomatoz poliplərə daha çox təsadüf olunur; onlar görünüşcə selikli qişadan fərqlənmir, çəhrayı rəngə, normal damar şəklinə, hamar səthə və sərt konsistensiyaya malik olur. Xovlu polip üçün enli əsas və süngəri quruluş xarakterikdir, onlar asanlıqla qanayır. Fibroz şişlər adətən ayaqcıqlı olur və hemorroidal düyündən inkişaf edir. Birləşdirici toxumadan yaranan ayaqcığın böyüməsi nəticəsində poliplər düz bağırsaqdan xaricə sallana bilir.

Anal polipin əlamətləri

Poliplərin təzahürü onların lokalizasiyası, növü və ölçülərindən asılıdır. Patoloji proses uzun müddət gizli gedə bilər. Sişin müəyyən ölçülərə qədər böyüdüyü və anal kanaldan xaricə sallandığı hallarda müvafiq əlamətlər meydana çıxır. Xəstəliyin simptomatikası qeyri-spesifik olub, mədə-bağırsaq traktının bir çox patoloji proseslərini xatırladır. Başlanğıcda anus nahiyəsində diskomfort, bağırsağın tam boşalmaması və anorektal nahiyədə yad cismin olması hissi ilə özünü büruzə verə bilir.

Adətən xəstəlik qanaxma ilə müşayiət olunur: törəmənin düz bağırsağın distal hissəsində lokalizasiyası zamanı nəcis kütləsinin üzərində qan izləri müşahidə edilir. Poliplərin daha hündürdə yerləşdiyi təqdirdə ifrazatlar selikli və ya qanlı-selikli xarakter daşıyır. Tez-tez baş verən qanaxmalar posthemorragik anemiyaya gətirib çıxarır. Bağırsağın fəaliyyətində heç bir pozğunluq izlənilmir. Yalnız poliplərin iri ölçülərə qədər böyüdüyü hallarda qəbizlik və ya ishal, eləcə də bağırsağın qıcıqlanma sindromu – aldadıcı defekasiya çağırışları (tezemlər) yarana bilər.

Anal polipin diaqnostikası

Anal polipdən şübhələndikdə proktoloqun konsultasiyası, barmaqla rektal müayinə tələb olunur. Pasiyent diz-dirsək vəziyyətində uzanır, həkim anal kanalın və düz bağırsağın aşağı ampulyar hissəsinin divarlarını müayinə edir. Bu üsulun köməyilə poliplər, yanaşı gedən patologiyalar (babasil, anal çat və s.) aşkarlanır, sfinkterin vəziyyəti və tonusu müəyyənləşdirilir. Analoji məqsədlə anoskopiya tətbiq edilir. Anal kanal və yoğun bağırsağın digər hissələrinin çoxsaylı poliplərini inkar etmək üçün instrumental müayinə üsullarından – rektoromanoskopiya və ya kolonoskopiyadan istifadə olunur. Ehtiyac yarandıqda müayinə selikli qişadan bioptat götürülür və morfoloji müayinəyə göndərilir. Endoskopiyanın aparılması mümkün olmadıqda ikiqat kontrastlaşdırma ilə irriqoskopiya və ya bariumun yoğun bağırsaqda passajına əsaslanan rentgenoqrafiya təyin olunur.

Həqiqi anal poliplər psevdopoliplərlə differensiasiya edilir. Yalançı poliplər qranulyasion toxumadan ibarət olub, yoğun bağırsağın iltihabi xəstəlikləri nəticəsində yaranır. Onlar qeyri-düzgün poliqonal formaya malik olub, asanlıqla qanayır. Psedopoliplərdə adətən ayaqcıq müşahidə edilmir. Anal polipləri həmçinin papillitdən – hipertrofiyalaşmış məməciklərdən fərqləndirmək lazımdır. Bu patologiya düz bağırsağın cib nahiyəsində selikli qişanın qabarması ilə xarakterizə olunur. Uşaqlarda anal poliplərlə xoralı kolitin differensial diaqnostikası aparılır. Hər iki xəstəliyin klinik simptomatikasının oxşarlığı (qanaxma və selikli ifrazatlar) müəyyən çətinliklər törədir.

Anal polipin müalicəsi

Törəmələrin müalicəsi onların endoskopik yolla kəsilməsindən ibarətdir. Bu məqsədlə az invaziv üsullar – elektrokoaqulyasiya və radiodalğalı terapiya tətbiq edilir. Elektrokoaqulyasiyaya hazırlıq yoğun bağırsağın endoskopik müayinəsindən əvvəl aparılan prosedurlarla (axşam saatlarında, əməliyyat ərəfəsində və müdaxilədən 2 saat qabaq təmizləyici imalə) eynidir. Əməliyyatdan əvvəl iltihabəleyhinə terapiya təyin oluna bilər. Manipulyasiya endoskopun köməyilə aparılır. Ayaqcıqlı poliplər əsas hissəyə mümkün qədər yaxın kəsilir. Cərəyanla polipin aradan qaldırılması 2-3 saniyə ərzində başa çatır. Şiş enli əsasa malik olduqda onu sıxmaqla törəmə yüngülcə dartılır və kəsilir.

İri ölçülü poliplər hissəvi şəkildə likvidasiya olunur, müdaxilələr arasındakı interval 2-3 həftə təşkil edir. Selikli qişanı bütövlükdə əhatə edən polipozun cərrahi müalicəsi daha mürəkkəb olur. Belə hallarda düz bağırsağın selikli qişası rezeksiya olunur və ya sağlam toxumalar sərhəddində siqmoidektomiya, sonra isə kolorekroplastika aparılır. Sağalma dövrü 3-5 gündən 2-3 həftəyə kimi davam edə bilər. Bu mərhələdə pasiyentlərə yataq rejimi və şlaksız pəhriz təyin edilir.

Anal polipin proqnoz və profilaktikası

Düz, bəzən isə S-vari bağırsağın bütövlükdə kəsildiyi hallar istisna olmaqla anal poliplərin cərrahi müalicəsindən sonra proqnoz qənaətbəxş sayılır. Xəstələr dispanser müşahidə altına alınır, müdaxilədən sonra hər 1,5-2 aydan bir, sonra isə ildə 1 dəfədən az olmamaqla endoskopik müayinə aparılır. Anal poliplərin vaxtında kəsilməsi kolorektal xərçəngin profilaktik tədbirlərindən sayılır. Poliplərin profilaktikası yoğun bağırsağın funksional pozğunluqlarından əziyyət çəkən şəxslərin dispanserizasiyası və müayinəsindən ibarətdir.

error: Content is protected !!