Anal saçaqlar
Anal saçaqlar — perianal sahədə yerləşən, ölçüləri 1,5sm-dən kiçik olan yumşaq konsistensiyalı dəri çıxıntılarıdır. Dəri artımları formaca saçaqı xatırladır. Anal saçaqlar defekasiya aktı və yerimə zamanı diskomfort, cüzi qaşınma, gigiyenik qulluğun çətinləşməsi ilə təzahür edir. İltihablaşma zamanı ağrı, qızartı, sulanma əlamətləri meydana çıxır. Diaqnoz proktoloqun baxışı, barmaqla rektal müayinə, rektoromanoskopiya, bioptatın histoloji analizinin nəticələrinə əsasən qoyulur. Müalicə məqsədilə radiodalğalı, kriodestruktiv və lazer müdaxilələrindən istifadə olunur.
Anal saçaqlar barədə ümumi məlumat
Anal (perianal, hemorraidal) saçaqlar adətən ifadəli klinik şəklə malik olmur. Onlar xəstəlik deyil, kosmetik qüsur sayılır. Dəri artımlarına hər 2 cinsin nümayəndələri arasında eyni tezlikdə rast gəlinir. Anal saçaqlar əsasən 25-30 yaşdan sonra formalaşır. Uşaqlarda bu kosmetik qüsur sporadik hallarda aşkarlanır. Təkrar doğan qadınlar, eləcə də artıq çəkiyə olan, hipodinamik həyat tərzi keçirən, kəskin, hisə verilmiş, ədəvalı yeməklərə üstünlük verən, spirtli içkilərdən həddindən artıq istifadə edən pasiyentlər risk qrupuna daxildir.
Anal saçaqların səbəbləri
Hemorroidal saçaqların formalaşması perianal sahədə dərinin dartılması ilə müşayiət olunan proktoloji xəstəliklərlə bağlıdır. Patologiyanın uzunmüddətli gedişi dəri çıxıntılarının yaranam ehtimalını artırır. Proktologiya sahəsinin mütəxəsisləri tərəfindən anal saçaqların aşağıdakı etioamilləri ayırd edilmişdir:
- Xarici hemorroidal düyünlər. Babasil – perianal saçaqların ən geniş yayılmış səbəblərindəndir. Gərgin hemorroidal damarlar tərəfindən dəri örtüyünün davamlı dartılması çıxıntıların formalaşmasına gətirib çıxarır. Bu prosesdə toxumaların trofikasının pozulması mühüm rol oynayır.
- Ləng gedişli doğuşlar. Doğuşdan sonra anal saçaqlar gücvermə zamanı ekstremal gərginliklə əlaqədar əmələ gələ bilər. Belə vəziyyətlərdə patologiyanın inkişaf mexanizmi babasillə demək olar ki, eynidir. Yeganə fərq hemorroidal damarlarda təzyiqin kəskin, lakin qısamüddətli olmasından ibarətdir.
- Sfinkterit, anal çatlar. İltihab və travmatik mənşəli perianal saçaqların patogenezində iltihabi infiltratlar, damar pozğunluqları və toxumaların ödemi aparıcı rol oynayır. Anal kanalın çatı və iltihabın müştərək şəkildə rast gəlindiyi hallarda dəri çıxıntılarının yaranma ehtimalı yüksəlir.
- Proktoloji müdaxilələr. Babasil və ya düz bağırsağın digər patologiyalarının cərrahi müalicəsi zamanı əməliyyatın aparılma texnikasına düzgün riayət etmədikdə toxumaların iltihabı və travmatik ödem nəticəsində dəri dartılması müşahidə edilir. Anal saçaqların digər etioloji amili postoperasion tromboz hesab olunur.
- Xroniki qəbizlik. Bəzən saçaqlı dəri törəmələri defekasiya aktının çətinləşməsi ilə əlaqədar həddindən artıq gücənmə nəticəsində meydana çıxır. Bərk nəcis kütləsi tərəfindən dərinin daimi qıcıqlanması saçaqların yaranmasına təkan verir.
Anal saçaqların patogenezi
Anal saçaqların inkişaf mexanizmi anus ətrafında düyünlü törəmələrin üzərində dəri çıxıntılarının formalaşmasından ibarətdir. Uzunmüddətli gedişə malik hemorroidal düyünlər, xroniki iltihabi proseslər zamanı dərinin davamlı gərilməsi səthi epitelin və dərialtı liflərin sahəsinin kompensator böyüməsinə səbəb olur. Dəri örtüklərinin kəskin dartıldığı xəstələrdə lifli strukturların hissəvi cırılması prosesi daha da ağırlaşdırır. Hər iki halda dərinin elastikliyi pozulduğundan kiçik ölçülü sallanan büküşlər əmələ gəlir.
Anal saçaqların əlamətləri
Xəstəliyin klinik şəklinin ifadəliliyi dəri artımlarının miqdar və ölçüsündən asılıdır. Adətən dəri büküşləri ağrı hissi törətmir. Xəstələr əsasən aralıq nahiyəsində diskomfort və cüzi qaşınmadan, intim gigiyena prosedurlarının aparılmasının çətinləşməsindən şikayət edirlər. Anal dəliyi bütövlükdə əhatə edən iri ölçülü saçaqlar defekasiya aktının ağrı ilə müşayiət olunmasına, yerimə zamanı diskomfortun yaranmasına səbəb ola bilər. Saçaqlar infeksiyalaşdıqda iltihabi prosesin yerli əlamətləri: müxtəlif intensivlikli ağrı sindromu, çıxıntıların hiperemiyası və şişkinliyi, bəzən sulanma və qanama müşahidə olunur. Xəstənin ümumi vəziyyəti yalnız anal saçaqların ağır gedişi və ya fəsadların formalaşması zamanı pozulur. Əksər hallarda pasiyentlərdə kosmetik qüsurun olması və intim yaxınlıq zamanı utanc hissinin yaranması ilə bağlı psixoloji problemlər meydana çıxır.
Anal saçaqların ağırlaşmaları
Alt paltarı ilə anal saçaqların daimi qıcıqlanması dərinin mikrozədələnmələrinə gətirib çıxarır. Belə çatlar patogen mikroorqanizmlərin orqanizmə daxil olmasını asanlaşdırır. İnfeksiyalaşma nəticəsində anal büküşlər irinləyir, bu da xoşagəlməz əlamətlərin güclənməsi ilə müşayiət olunur. İnfeksion proses tədricən qonşu orqanlara yayıla bilər. Əksər xəstələrdə düz bağırsağın zədələnməsi – proktit, gecikmiş mərhələlərdə isə paraproktit formalaşır.
Nəcis kütlələri ilə çirklənmə və qeyri-kafi gigiyena səbəbindən saçaqların dərisinin maserasiyası çox zaman anal eroziya və səthi xoraların inkişafına təkan verir. Daimi xarakterli seroz və ya hemorragik axıntı, anus nahiyəsində defekasiya zamanı güclənən kəskin ağrılar müşahidə olunur. Dərin xoralar xroniki qanaxma ilə müşayiət olunur, bu da bir çox hallarda posthemorragik dəmirdefisitli anemiyaya gətirib çıxarır.
Anal saçaqların diaqnostikası
Diaqnozun qoyulması heç bir çətinlik törətmir. Anal saçaqlar proktoloqun adi baxışı zamanı asanlıqla aşkar edilir. Tipik hallarda digər patologiyalarla differensiasiyanın aparılmasına ehtiyac yaranmır. Dəri büküşləri düz bağırsağın müxtəlif xəstəlikləri ilə birgə rast gəlindikdə əlavə müayinələr aparılır. Anal saçaqların ən informativ müayinə üsulları aşağıdakılardır:
- Proktoloji baxış. Anal nahiyəyə baxış zamanı 1-1,5 sm ölçüsündə dəri büküşləri nəzərə çarpır. İltihab hallarında saçaqlar hiperemiyalı, ödemli, eroziya ilə örtülü ola bilər.
- Barmaqla rektal müayinə. Bu üsulun köməyilə həkim anal sfinkterin tonus və elastikliyini qiymətləndirir, düz bağırsağın selikli qişasını müayinə edir. Barmaq anal kanaldan çıxarıldıqdan sonra əlcək üzərində qalan möhtəviyyatın xarakteri müəyyən olunur. Rektal müayinə hemorroidal düyün və çatların aşkarlanmasına imkan verir.
- Rektoromanoskopiya. Anal saçağın digər patologiya ilə müştərəkliyinə şübhə yarandıqda rektoromanoskopla düz bağırsağın daxili səthinə vizual baxış keçirilir. Müayinə prosesində selikli qişanın vəziyyəti ilə yanaşı patoloji törəmələr və ya iltihabın olması dəqiqləşdirilir.
- Histoloji analiz. Dəri büküşlərinin bioptatlarının sitomorfoloji təhlili toxumaların hüceyrə tərkibi və quruluşuna əsasən saçaqların anal dəlik ətrafındakı xoşxassəli törəmələrlə differensial diaqnostikasında mühüm rol oynayır.
Xəstəliyin fəsadlaşmadığı hallarda qan və sidiyin klinik analizində dəyişikliklərə rast gəlinmir. İrinli iltihabi proseslərdə neytrofilyoz, EÇS-nin yüksəlməsi müşahidə edilir. Tez-tez baş verən qanaxmalar hemoqlobin və eritrositlərin miqdarının azalmasına gətirib çıxara bilir. İrinli möhtəviyyat aşkarlandıqda törədicinin növünü təyin etmək üçün bakterioloji əkilmə aparılır.
Anal saçaqlar adətən xoşxassəli törəmələrlə (anal polip, papilloma) differensiasiya edilir. Şübhəli hallarda histoloji müayinənin nəticələrinə istinad olunur. Sadə anal saçaqlardan götürülmüş bioptatların strukturunda anomaliyalara təsadüf olunmur. Həmçinin differensial diaqnostikada anamnez və düz bağırsağın yanaşı gedən patologiyalarının olması mühüm əhəmiyyət kəsb edir. Göstərişlərə əsasən xəstənin müayinəsinə dermatoloq və ya onkoloq cəlb oluna bilər.
Anal saçaqların müalicəsi
İltihabla müşayiət olunmayan, perianal nahiyəyə qulluq prosesini çətinləşdirməyən kiçik ölçülü anal saçaqlar zamanı törəmələrə nəzarət etmək məqsədilə vaxtaşırı müayinə və qida rasionundan qəbizlik törədən məhsulların çıxarılması məsləhət görülür. Fiziki və ya ifadəli psixoloji diskomforta səbəb olan törəmələr cərrahi müalicəyə göstəriş sayılır. Postoperasion ağırlaşmaların qarşısını almaq üçün adətən klassik kəsiklə aparılan əməliyyatlar əvəzinə yerli anesteziya altında yerinə yetirilən aşağıdakı yüksək texnoloji üsullardan istifadə olunur:
- Radiodalğalı ekssiziya. Yüksək tezlikli dalğalarla toxumaların kəsilməsi və koaqulyasiyası perianal saçaqların geniş yayılmış müalicə üsullarından sayılır. Müdaxilənin az travmatikliyi ağırlaşma riskini minimuma endirir. Əməliyyatdan sonra ağrı hissini azaltmaq məqsədilə anestetik məlhəmlər tətbiq olunur.
- Hemorroidal saçaqların kriodestruksiyası. Radiodalğalı ekssiziya kimi bu üsul da az invazivliyi və tikişlərin qoyulmaması ilə seçilir. Anal saçaqların maye azotla yandırılmasının ağrısız olmasına baxmayaraq, cərrahi müdaxilədən sonra sağalma prosesi bir qədər uzun çəkir, əksər hallarda postoperasion çapıqlar yaranır.
- Saçaqların lazerlə aradan qaldırılması. Bu üsul yüksək təhlükəsizliyi və infeksiyalaşma ehtimalının aşağı olması ilə xarakterizə edilir. Anal sahədə toxuma və damarların lazerlə yandırılması qanaxma riskini azaldır, regenerasiya proseslərinin şüalanma ilə stimulyasiyası isə sağalma müddətini qısaldır.
Anal saçaqların proqnoz və profilaktikası
Anal saçaqların proqnozu qənaətbəxşdir. Cərrahi müdaxilədən sonra residivlərə nadir hallarda rast gəlinir. Spesifik profilaktika tədbirləri hələlik işlənilib hazırlanmamışdır. Dəri çıxıntılarının formalaşmasının qarşısını almaq üçün hemorroidal düyünlər vaxtında aşkarlanmalı və müalicə olunmalıdır. Bununla yanaşı anal dəlik nahiyəsində cərrahi müdaxilələrin texnikasına riayət olunmalıdır. Saçaqlar əmələ gəldikdə ağırlaşmalara yol verməmək üçün həkimə müraciət edilməlidir.