Anizokoriya

Anizokoriya – sağ və sol göz bəbəklərinin diametrlərinin müxtəlifliyi ilə təzahür edən oftalmoloji sindromdur; oftalmoloji və nevroloji xəstəliklərdə müşahidə olunur. Təzahür edən dəyişikliklər məkan qavrayışının pozulması, göz önündəki təsvirin təhrifi, yüksək görmə yorğunluğu ilə müşayiət olunur. Diaqnostika bəbək reaksiyalarının xüsusiyyətlərinin öyrənilməsi, gözlərin biomikroskopiyası, diafanoskopiya, M-xolinomimetiklərlə müayinədən ibarətdir. Müalicə taktikası patologiyaya əsasən müəyyənləşdirilir. Gözlərin travması cərrahi əməliyyata; sinir qanqlionlarının zədələnməsi neyrostimulyasiyaya göstərişdir. Qüzehli qişanın iltihabı zamanı antibakterial preparatlar və QSİƏP istifadə olunur.

Anizokoriya barədə ümumi məlumat

Аnizokoriya – oftalmologiyada birbaşa görmə orqanının zədələnməsi və ya nevroloji pozulmanın mövcudluğuna dəlalət edən mühüm diaqnostik kriteriyadır. Bu vəziyyətin yayılmasına dair statistika yoxdur. Patologiyaya istənilən yaşda rastlana bilər, lakin belə defektlər cavanlarda daha çox yaranır. Uşaqlarda uzunmüddətli aniozkoriya 34% hallarda refraksiya anomaliyası formasında ikincili ağırlaşmalara aid olunur. Bu patologiya kişilər və qadınlar arasında 1:2 nisbətindədir. Bu, qadınlarda tonik Adi bəbəyinin daha çox meydana çıxması ilə əlaqəlidir.

Anizokoriyanın səbəbləri

Göz bəbəklərinin qeyri-bərabər ölçülərinə kifayət qədər tez-tez rast gəlinir. Lakin onun səbəbini aydınlaşdırmağa hər dəfə müvəffəq olunmur; ona görə də bir çox kliniki hallar idiopatik formaya aid olunur. Belə patologiya göz qişalarının üzvi defektinin simptomu, həmçinin vegetativ sinir sisteminin patologiyaları ilə əlaqəli disfunksiya ola bilər. Anizokoriyanın inkişafının əsas səbəbləri aşağıdakılardır:

  • Dərman qəbulu – M-xolinolitiklər və ya M-xolinomimetiklər birtərəfli damcıladıldıqda göz bəbəklərinin ölçüləri müvəqqəti olaraq dəyişir. Belə pozulma preparat orqanizmdən eliminasiya olunana (kənarlaşana) və ya antoqonistləri tətbiq olunana qədər saxlanır.
  • Horner sindromu – okulosimpatik sindrom zamanı oftalmoloji simptomatika başqa xəstəliyin fonunda ikincili olaraq yaranır. Patologiyanın əsasında simpatik sinir liflərinin mərkəzi, post- və ya preqanqlionar zədələnməsi dayanır.
  • İrit – gözün qüzehli qişasının iltihabı zamanı patologiya tərəfdə bəbək daralır. Kliniki təzahürlər, bir qayda olaraq, QSİƏP-ın qəbulundan sonra keçib gedir. Bəbəyin kənarı ilə büllurun ön səthi arasında sinexiyalar əmələ gəldikdə anizokoriya uzun müddət saxlanır.
  • Arqayl-Robertson sindromu – bu fenomenin əsasında neyrosifilis zamanı gözün spesifik infeksiyası, nadir hallarda diabetik retinopatiya durur. Bu sindromun spesifikliyi bəbəklərin akkomodasiya qabiliyyəti saxlanıldığı halda işıqlanmanın dəyişilməsinə reaksiyanın olmamasıdır.
  • Holms-Adi sindromu – bu nevroloji patologiyada bəbəklərin işığa reaksiyasının ləngiməsi ilə yanaşı monoton genişlənməsi müşahidə olunur. Akkomodasiya qabiliyyəti kəskin-yaxın dissosiasiya ilə xarakterizə olunur və təsvir olunmuş kliniki hal üçün paradoksaldır.
  • Travmatik zədələnmə – göz bəbəyinin dilatatorunun və ya sfinkterinin funksiyasının pozulması tez-tez göz almasının yaralanmalarının gətirib çıxardığı qüzehli qişanın bəbək kənarının cırılması ilə əlaqəli olur. Anizokoriya qüzehli qişanın periferik yarıqşəkilli defektinin yaranması ilə də bağlı ola bilər.
  • Gözün hərəki sinirinin iflici – III kəllə sinirinin zədələnməsi zamanı bəbəklərin patologiyası ptoz və göz almasının xarici əzələlərinin total atoniyası ilə müşayiət oluna bilər. Orta və yüksək dozalarda xolinergik preparatların qəbulu bəbəyin parametrlərini müvəqqəti olaraq dəyişə bilər.

Anizokoriyanın patogenezi

M-xolinolitiklərin birtərəfli qəbulu parasimpatik sinir uclarında M-xolinoreseptorların müvəqqəti blokadasına gətirib çıxarır; nəticədə bəbəklər genişlənir. M-xolinomimetiklər əksinə təsir göstərir, çünki onlar mediator rolu oynayır. Normada reseptor aparatla qarşılıqlı əlaqədə olan asetilxolin bəbəyin daralmasına gətirib çıxarır. Horner sindromunda birbaşa simpatik sinirlər zədələndiyindən siliospinal refleksin ifadəliliyi zəifləyir. Sinir-əzələ impulsunun gözün hərəki sinirilə ötürülməsi pozulduqda bəbəyin sfinkteri və dilatatoru fəaliyyət göstərmir.

Sfinkterin tam boşalması göz bəbəyinin total genişlənməsinə gətirib çıxarır. Dilatatorun travmalarında isə əzələ-antaqonistlərinin funksiyaları saxlandığından bəbək daralır. Qüzehli qişanın üzvi defektləri də anizokoriyanın inkişafına gətirib çıxarır. Bəbəyin diametrinin dəyişilməsinə cavabdeh olan əzələlər qüzehli qişanın qalınlığından keçir. Buna görə də bu qişanın iltihabı, defekti və ya quruluş anomaliyaları həmin əzələlərin funksiyalarının pozulmasına səbəb olur. Analoji mənzərə virus infeksiyasının göz almasının ön qişalarına siraət etməsi nəticəsində də müşahidə oluna bilər. İltihabi prosesin uzun müddət davam etməsi akkomodasiya aparatının normal fəaliyyətini məhdudlaşdıran sıx, sklerotik bitişmələrin əmələ gəlməsini təşviq edir.

Anizokoriyanın təsnifatı

Göz bəbəyinin bütün zədələnmələrini anadangəlmə və qazanılma olmaqla iki qrupa ayırmaq olar. Bəbəyin ölçülərinin dəyişkənliyi davamlı və keçici ola bilər; intermittəedən variantda diametr trigger faktorun təsiri aradan qaldırıldıqdan sonra bərpa olunur; davamlı formada isə uzun müddət ərzində saxlanır. Patologiyanın iki əsas forması ayırd edilir:

  • Fizioloji – sağlam insanlarda heç də az rastlanmır, sakitlik dövründə müşahidə oluna bilər. Bəbəklərin diametrləri arasında fərq 1 mm-dən artıq olmur və işıqlandırmanın xüsusiyyətlərindən asılı olmayaraq saxlanır.
  • Patoloji – bu forma anizokoriya nevroloji və ya oftalmoloji xəstəliyin simptomu kimi özünü göstərir. Bəbəklərin diametri arasında fərq geniş intervalda dəyişir. İşıqlanmanın intensivliyinin dəyişməsinə gözlərin reaksiyası ilə bəbəklərin ölçüləri arasında qarşılıqlı əlaqə qeyd olunur.

Anizokoriyanın simptomları

Bəbəklərin diametrinin yüngül dərəcəli fərqi yeganə simptom olduqda bu, kosmetik defekt hesab olunur. Nəzərə çarpan anizokoriya zamanı göz önündəki mənzərənin təhrifi, məkan qavrayışının pozulması kimi şikayətlər meydana çıxır. Başgicəllənmə və güclü baş ağrıları əmələ gəlir və analgetiklərin qəbulu ilə yalnız müəyyən müddət aradan qaldırılmasına nail olunur. Gözün yüklənməsi (kompüterdə işləmə, kitab oxuma, televizora baxma) gözlərin yorğunluğu ilə müşayiət olunur. Göz almalarının kəskin hərəkəti zamanı ümumi vəziyyət pisləşir. Görmə itiliyi azalmır, Holms-Adi sindromunda görmənin bulanıqlaşması mümkündür.

Kliniki mənzərə əsas patologiyadan çox asılıdır. Berner-Horner sindromunda zəif işıqlanma zamanı, xüsusən ilk 10 saniyədə simptomatika daha çox büruzə verir. Zədələnmiş tərəfdə tər ifrazı pozulur, qüzehli qişa daha parlaq görünür. Gözün hərəki sinirinin izolə olunmuş iflicində anizokoriya ilə yanaşı diplopiya, ağrı sindromu, göz qapaqlarının örtülməsinin çətinləşməsi baş verir. Parasimpatik innervasiya patologiyası olan xəstələrdə bəbəklərin ölçüləri yalnız güclü işıqda fərqlənir, fotofobiya inkişaf edir.

Anizokoriyanın ağırlaşmaları

Anizokoriyanın daha çox rastlanan ağırlaşması göz miqreni hesab olunur. Bəbəklərdən birinin işıqlanmanın dəyişilməsinə reaksiyasının olmaması və işıq şüasının torlu qişaya bərabər düşməməsi görmə duyğusunun pozulmasına səbəb olur. Miopiyanın kliniki mənzərəsini imitasiya edən akkomodasiya spazmı müşahidə olunur. Pasientlərdə ikincili uveit inkişaf edə bilər. Görmə siniri diskinin reaktiv dəyişikliklərinə nadir hallarda rast gəlinir. Xəstələr gözlərindən birinin görmə prosesində iştirakını məhdudlaşdırmağa çalışırlar. Buna görə də tədricən simptomatika yuxarı göz qapağının yalançı ptozu şəklində proqressivləşir. Uşaqlarda ambliopiyanın inkişaf etmə riski yüksəkdir.

Anizokoriyanın diaqnostikası

Diaqnozun qoyulması obyektiv müayinə və anamnezə əsaslanır. Müayinə prosesində göz travmaları, sifilis və göz damcılarının istifadəsi istisna olunur. İnspeksiya (baxış) zamanı patoloji dəyişikliyin hansı bəbəkdə olması müəyyənləşdirilir. Əsas diaqnostik metodlar aşağıdakılardır:

  • Bəbəklərin işığa reaksiyasının öyrənilməsi – fizioloji anizokoriyada testlərin nəticələri orta statistik göstəricilərə uyğun gəlir. Patoloji proses zamanı bəbəklər işığa süst reaksiya verir, davamlı morfoloji dəyişikliklərdə reaksiya ümumiyyətlə olmur.
  • Gözlərin biomikroskopiyası – göz almasının ön seqmentinin yarıqlı lampalarla müayinədə üzvi zədələnmələrini müəyyənləşdirməyə imkan verir. Anizokoriya zamanı qüzehli qişanın, bəbəyin sfinkterinin və ya dilatatorunun travmatik zədələnməsi aşkar olunur.
  • Diafanoskopiya – diafanoskop-transillüminatorun köməyilə keçən işıqda gözün toxumalarının diaqnostik işıqlandırılması ilə aparılır. Müayinənin məqsədi qüzehli qişanın periferiyasında transillüminasiyanın yarıqşəkilli defektlərini aşkarlamaqdır.
  • M-хоlinomimetiklərlə test – müayinə üçün, adətən, polikarpin hidroxlorid istifadə olunur. Qüzehli qişanın preparatın aşağı konsentrasiyalarına hiperhəssaslığı anizokoriyanın əsasında Adi bəbəyinin durduğunu düşünməyə əsas verir.

Anizokoriyanın müalicəsi

Müalicə taktikası xəstəliyin etiologiyasından asılıdır. Okulosimpatik simptomikompleks zamanı anizokoriyanı neyrostimulyasiya və ya əvəzedici hormonal terapiya vasitəsilə aradan qaldırmaq olar. Ehtiyac yaranarsa, ptozun cərrahi korreksiyası aparılır, arxa sinexiyalar kəsilir. Əgər bəbəyin daralmasına səbəb iritdirsə, QSİƏP və antibakterial preparatlarla kompleks müalicə təyin olunur. Tonik Adi bəbəyində anizokoriya simptomatikasını M-xolinamimetiklərin yeridilməsilə aradan qaldırmaq olar. Gözlərin sifilisində spesifik antibakterial terapiya göstərişdir.

Anizokoriyanın proqnoz və profilaktikası

Proqnoz patoloji vəziyyətin səbəbinə əsasən müəyyənləşdirilir. Fizioloji anizokoriyada bütün dəyişikliklər keçici xarakter daşıyır. Sinir liflərinin üzvi zədələnmələrində xəstəliyin sonlanması qeyri-kafidir, çünki bəbəklərin akkomodasiya qabiliyyəti korreksiyaya çətin tabe olur. Gözün hərəki sinirinin iflicində kafi sonlanma zamanı itirilmiş funksiyalar 3 ay ərzində bərpa olunur. Spesifik preventiv tədbirlər hazırlanmayıb. Qeyri-spesifik profilaktika isə rasional dərmanların konyunktival boşluğa yeridilməsi, qüzehli qişanın iltihabının vaxtında müalicəsi, gözləri travmalardan qorumaq məqsədilə fərdi müdafiə vasitələrindən istifadədən ibarətdir.