Aşıq-baldır oynağının artriti
Aşıq-baldır oynağının artriti – pəncə və baldır sümüklərinin əmələ gətirdiyi anatomik strukturları əhatə edən kəskin və ya xroniki iltihabi prosesdir. Patologiya zamanı ağrı, hiperemiya, oynaq nahiyəsində ödem və hipertermiya, pəncənin hərəkiliyinin məhdudlaşması meydana çıxır. Aşıq-baldır oynağının artritinin diaqnozu klinik mənzərə, rentgenoqrafiya, oynaqların USM-i, MRT-i, laborator müayinələr, diaqnostik punksiya və artroskopiyaya əsaslanır. Xəstəlik zamanı sakitlik, iltihab əleyhinə, ağrıkəsici, antibakterial preparatlar, fizioterapiya təyin olunur; göstərişlərə əsasən artroskopik sinovektomiya, oynağın protezlənməsi aparılır.
Аşıq-baldır oynağının artriti barədə ümumi məlumat
Aşıq-baldır oynağının artriti aşıq-baldır oynağı elementlərinin müxtəlif mənşəli iltihabi-destruktiv zədələnməsidir. Patologiya istənilən yaşda inkişaf edə bilər; xəstəliyə kişilər daha çox məruz qalırlar. Bu oynaq patologiyası bütün dünya üzrə geniş yayılmışdır; pasiyentin həyat keyfiyyətini xeyli müəyyənləşdirir; revmatologiya və travmatologiya sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün ciddi əhəmiyyət daşıyır. Aşıq-baldır oynağını qamış, incik, daban və aşıq sümüklərinin birləşməsi formalaşdırır; öz mürəkkəb quruluşuna görə çox geniş hərəkiliyə malikdir. Blokabənzər formalıdır; aşıq-baldır oynağında 90o hərəkiliklə bükmə (ayağın altına doğru hərəkət), açma (ayağın üstünə doğru hərəkət), fırlanma funksiyalarını yerinə yetirir. Pəncənin bükülməsi zamanı onun yaxınlaşdırılması və uzaqlaşdırılması mümkündür. Aşıq-baldır oynağı insanın öz bədəninin çəkisini götürməklə böyük yüklənməyə məruz qalır.
Аşıq-baldır oynağı artritinin səbəbləri
Aşıq-baldır oynağının artriti oynaqların degenerativ-distrofik xəstəlikləri (osteoartroz), mübadilə pozulmaları (podaqra), sistemli patologiyalar (psoriaz, sistemli qırmızı qurdeşənəyi, Bexterev xəstəliyinin periferik formaları) fonunda, keçirilmiş infeksiyalardan sonra yarana bilər. Sistemli xəstəliklərdə immun reaktivliyin pozulması nəticəsində immun sistem oynağın öz toxumalarını yad kimi qəbul edir və onlar aqressiv antitel təsirinə məruz qalırlar. Revmatoid artritlərdə iltihabi proses ilk növbədə aşıq-baldır oynağının sinovial qişasında inkişaf edir, onun böyüməsi, qığırdaq və sümük toxumasının zədələnməsi və oynaq səthinə yayılması ilə müşayiət olunur. Aşıq-baldır oynağının bakterial və virus infeksiyalarından sonra əmələ gəlmiş reaktiv artriti törədicinin antigeninə qarşı yüksəlmiş immun reaksiya ilə əlaqəlidir. Onların oynaqların toxuma antigenləri ilə oxşarlığı nəticəsində reaktiv aseptik iltihab inkişaf edir.
Uşaqlarda aşıq-baldır oynağının artritlərini tez-tez bağırsaq və respirator infeksiyaları (dizenteriya, salmonelyoz, iersinioz, qrip, mikoplazmoz və xlamidyoz), həmçinin müəyyən antigenlərə qarşı (qida məhsulları, bitki tozları, heyvan xəzi) allergik reaksiya provokasiya edir. Qeyri-düzgün qidalanma, zərərli vərdişlər, artıq çəki, stress vəziyyətləri, ətraf mühitin əlverişsiz şəraiti (yüksək rütubətlilik, bədənin həddən artıq soyuması, antisanitariya) artritin inkişafına zəmin yaradır.
Psoriatik artrit dəri örtüklərinin zədələnməsi ilə assosiasiya olunur və irsi meyilliyi olan insanlarda inkişaf edir. Podaqrada ümumi maddələr mübadiləsinin davamlı pozulması sidik turşusu kristallarının miqdarının artmasına və aşıq-baldır oynağı boşluğunda toplanaraq iltihabi cavab reaksiyasının inkişafına gətirib çıxarır.
Aşıq-baldır oynağının posttravmatik artritləri əzilmə, çıxıqlar, sınıqlar, bağların dartılması və cırılması nəticəsində oynaq toxumasının (oynaq kapsulu, qığırdağı, bağ aparatı, əzələləri və vətərləri) kəskin travmaları ilə əlaqəlidir. Oynağın uzun müddət fiziki yüklənməsi və yastıpəncəlik oynaqların və onların bağ aparatının xroniki mikrotravmalarına, həmçinin artritin meydana çıxmasına səbəb olur. İrinli artritə nadir hallarda – aşıq-baldır oynağının yaralanmalarında oynaq boşluğuna irin törədici infeksiyaların daxil olması və ya belə infeksiyaların iltihab ocağından limfogen və hematogen yolla yayılması nəticəsində rast gəlinir.
Аşıq-baldır oynağının artritinin təsnifatı
Aşıq-baldır oynağının artriti xroniki və kəskin gedişli ola bilər. Səbəbindən asılı olaraq birincili (oynağın birbaşa zədələnməsində) və ikincili artritlər (oynaqdankənar patologiya fonunda inkişaf etdikdə) ayırd edilir.
İltihabi prosesin xarakterinə görə aşıq-baldır oynağının artritləri qeyri-spesifik (irinli), spesifik (vərəm, qonoreya və s.) və aseptik (reaktiv, revmatoid və s.) ola bilər. Bu oynağın artritinin daha tipik formaları podaqrik, reaktiv, posttravmatik, psoriatik və revmatoid artritlərdir.
Aşıq-baldır oynağının artriti izoləolunmuş (monoartrit) formada inkişaf edə bilər; lakin eyni zamanda başqa oynaqların iltihabı (oliqoartrit, poliartrit) ilə də müşayiət oluna bilər. Artritlər zamanı aşıq-baldır oynağının zədələnməsi birtərəfli (travma, infeksiya) və ikitərəfli (sistemli patologiya) və miqrasiya edən (podaqra) ola bilər.
Аşıq-baldır oynağı artritinin simptomları
Aşıq-baldır oynağının kəskin artriti qəflətən, daha çox gecələr inkişaf edir. Qəflətən meydana çıxmış ağrı oynağın yumşaq toxuması nahiyəsində hiperemiya, ödem, yerli temperaturun yüksəlməsi; pəncənin hərəkiliyinin xeyli itirilməsi, hərəkət zamanı çətinliklərlə müşayiət olunur. Aşıq-baldır oynağının irinli artriti üçün ümumi intoksikasiya; titrəmə, hərarət, zəiflik baş ağrıları xarakterikdir.
Xəstəliyin xroniki forması tədricən inkişaf edir. Aşıq-baldır oynağının hiperemiyası və ödemi zəif təzahür edir; səhər buxovlanması; hərəkət, oynağın maksimal bükülmə və açılması, geyinmə və soyunma zamanı ağrılar qeyd olunur.
Aşıq-baldır oynağı artritinin inkişafının bir neçə mərhələsi ayırd edilir. I mərhələdə ağrılar yalnız hərəkət zamanı meydana çıxır və sakitlik dövründə sönür; buxovlanma və pəncənin hərəkiliyinin azalması az olur. Aşıq-baldır oynağı artritinin II mərhələsi sakitlik vəziyyətində keçib getməyən daimi güclü ağrılar, hava ilə əlaqəli ağrı reaksiyasının güclənməsi, pəncənin mobilliyinin nəzərə çarpacaq dərəcədə azalması ilə özünü göstərir. Artritin III mərhələsində aşıq-baldır oynağının hərəkiliyi kəskin itirildiyindən xəstə yalnız qoltuq ağacı və ya əsanın köməyilə hərəkət edə bilir. Pəncə güclü deformasiyaya məruz qalır, qeyri-təbii vəziyyət alır; xəstənin əlilliyinə gətirib çıxaran ankiloz inkişaf edir.
Aşıq-baldır oynağı artritinin klinik mənzərəsi iltihabın səbəbindən asılı olaraq dəyişkən ola bilər. Oynağın revmatoid artriti simmetrik zədələnmə və daimi ağrı sindromu ilə xarakterizə olunur; iltihabi prosesə bağ aparatının da qoşulması aşıq-baldır oynağının qeyri-stabilliyi, tez-tez çıxıqları və yarımçıxıqları ilə müşayiət olunur. Aşıq-baldır oynağının reaktiv artritinin inkişafından əvvəl həmişə sidik-cinsiyyət, bağırsaq və ya respirator-virus infeksiyaları baş verir. Reyter sindromunda bu oynağın artriti gözlərin zədələnməsi (konyunktivit), sidikçıxarıcı yolların infeksiyaları (uretrit, prostatit) ilə müşayiət olunur.
Аşıq-baldır oynağı artritinin diaqnostikası
Aşıq-baldır oynağının artritinin diaqnozu xəstənin anamnezi, klinik mənzərə, oynağın rentgenoqrafiyası, USM-i, KT və MRT-inə, laborator müayinələrə əsaslanır. Patologiya zamanı rentgenoqrafiya osteoporoz əlamətlərini, oynaq boşluğunda irin və mayenin olmasını, sümük toxumasının destruktiv dəyişiklikləri, eroziyaları, kistaları, oynaq səthinin qalınlaşması, oynaq yarığının daralması və ankilozu aşkarlamağa imkan verir. Aşıq-baldır oynağının MRT-i daha informativdir; belə ki, bu metod nəinki sümük toxuması, həm də oynaq qığırdağı, bağlar və yumşaq toxumanın hətta cüzi kənaraçıxmalarını da aşkarlayır.
Müayinənin laborator metodlarından sidiyin və qanın ümumi və biokimyəvi analizi, İFA, QDHR, revmatoid faktorun analizi, qanın sterilliyə görə əkilməsi həyata keçirilir. Ehtiyac olduqda diaqnostik punksiya edilir, sinovial maye analiz olunur və ya oynaq toxumasının biopsiyası ilə artroskopiya aparılır.
Аşıq-baldır oynağı artritinin müalicəsi
Aşıq-baldır oynağının artritinin müalicəsi revmatoloq və ya travmatoloq-ortoped tərəfindən həyata keçirilir, kompleks dərman və qeyri-dərman terapiyasından ibarətdir. Bu oynağın artritində pəncəyə minimal təzyiq – tam sakitlik və ya elastik sarğının köməyilə immobilizasiyası ilə rejim; yeriş zamanı əsadan istifadə; qidalanmaya nəzarət; yağlı, duzlu, ədviyyatlı, hisəverilmiş və konservirasiya olunmuş qidalardan imtina göstərişdir.
Farmakoterpaiya çərçivəsində QSİƏP, analgetiklər. qlükokortikosteroidlər (oynaqdaxili inyeksiyalar, periartikulyar blokadalar, sistemli terapiya şəklində), geniş spektrli antibakterial preparatlar (infeksion mənşəli olduqda), vitaminlər təyin olunur, ortopedik dayaqlı (“bioprotezləşdirilmə”) ayaqqabılar və ya xüsusi hazırlanmış ayaqqabılar tövsiyə olunur. Aşıq-baldır oynağının artritində fəsadlaşma olmadıqda fizioprosedurlar (UBŞ, dərman elektroforezi, parafin müalicəsi, palçıq müalicəsi), massaj, müalicəvi gimnastika və sanator-kurort müalicə təyin olunur.
İrinli artrit zamanı oynaq boşluğunun drenajı ilə artroskopiya icra olunur. Revmatoid artritin davamlı, residivləşən gedişində artroskopik sinovektomiya göstərişdir. Xəstəliyin ağır deformasiya edən formalarında aşıq-baldır oynağının artroskopik artrodezi və ya endoprotezlənməsinin aparılması tələb olunur.
Аşıq-baldır oynağı artritinin proqnozu və profilaktikası
Aşıq-baldır oynağının artriti uzunmüddətli residivləşən gedişə malikdir. Proqnoz artritin inkişaf səbəbinə əsasən müəyyənləşdirilir: reaktiv formada nisbətən xoşxassəlidir; ağır deformasiyalara və aşıq-baldır oynağının hərəki aktivliyinin itirilməsinə gətirib çıxaran revmatoid və psoriatik zədələnmələr zamanı isə xeyli ciddidir. Oynağın iltihabi-destruktiv zədələnmələrinin profilaktikası həyat tərzinin, qida rasionunun, bədən çəkisinin korreksiyası; zərərli vərdişlərdən imtina, pasiyentin gücünə uyğun hərəki aktivlik, infeksion xəstəliklərin və travmaların vaxtında müalicəsindən ibarətdir.