Ayaqlarda ağırlıq

Ayaqlarda ağırlıq əsasən venoz xəstəliklər: varikoz, posttromboflebitik sindrom, xroniki venoz çatışmazlıq zamanı yaranır. Bu əlamətə həmçinin limfedema, yastıpəncəlik, ürək və boyrəyin disfunksiyalarında şişkinlik səbəb olur. Diaqnostika prosesində instrumental üsullar: venaların USDQ, limfangioqrafiya, limfosintiqrafiya, rentgen müayinəsi (pəncənin rentgenoqrafiyası, onurğanın KT-si) aparılır. Ayaqlarda ağırlıq hissini aradan qaldırmaq üçün flebotoniklər, antiaqreqantlar, skleroterapiya, damar corabları təyin olunur.

Ayaqlarda ağırlığın səbəbləri

Fizioloji amillər

Ayaqlarda azacıq ağırlıq – fiziki yüklənmə zamanı normal haldır. Uzunmüddətli piyada gəzintilərindən sonra baldır və pəncə nahiyələrində ağrı, bəzən iynəbatırma hissi əmələ gəlir. Bu narahatlıqları yüngülləşdirmək üçün insan uzanır və ayaqlarını hündürə qaldırır. Növbəti gün ağırlıq keçib getsə də, yeridikdə əzələlərdə yüngül ağrı hiss oluna bilər. 

Varikoz xəstəliyi

Varikoz – aşağı ətraflarda ağırlığın ən çox rast gəlinən səbəblərindəndir. Xəstələr günün sonuna doğru baldır nahiyəsində ağrı, göynəmə və şişkinlikdən şikayətlənirlər. Ayağı yuxarı qaldırdıqda xoşagəlməz əlamətlər azalır və ya tamamən itir. Varikozun dekompensasiya mərhələsində aşağı ətraflardakı ağırlıq daimi xarakter alır.  

Simptomatika baldırda kəskin ağrılarla müşayiət olunur. Yeridikdə ağrı daha da güclənir. Ayaqlar şişir, dəri solğun və yaxud göyümtül rəng alır. Baldır nahiyəsində genişlənmiş venalar nəzərə çarpır. Zaman keçdikcə trofik pozğunluqlar meydana çıxır: dəri örtüyü quruyur, qabıqlanır, hiperpiqmentasiya, səpgi və xoralar yaranır.  

Posttromboflebitik sindrom

Əlamətlər dərin venaların trombozundan bir neçə ay sonra təzahür edir. Xəstələri problemli ayaqda ağırlıq və kəskin ağrı narahat edir. Ayaq üstə dayandıqda və yeridikdə əlamətlər güclənir. Aşağı ətrafa hündür vəziyyət verdikdə ağrı aradan qalxır. Gecə saatlarında qıcolmalar yaranır. Postromboflebitik sindrom uzun müddət davam etdikdə ağrı və ağırlıq hissi daimi olur. Venalarda qan axını pozulduğundan sulanan xoralar formalaşır. 

Ürək çatışmazlığı  

Sağ mədəciyin disfunksiyası və böyük qan dövranında durğunluq ayaqlarda daimi şişkinlik ilə təzahür edir. Bu isə aşağı ətraflarda ağırlıq törədir. Əlamətlər günün ikinci yarısında əmələ gəlir: baldır və pəncədə ağrı meydana çıxır, ayaqqabı geyinmək çətinləşir. Axşam vaxtı diskomfort maksimal həddə çatır. Gecə qan aşağı ətraflardan geriyə axdığından səhər oyandıqda xəstənin halı yaxşılaşır. 

Limfedema

Limfa dövranı pozulduqda ağırlıq bütün ayaq boyunca ifadəli şişkinliklə müşayiət olunur. Anadangəlmə  limfedema zamanı xoşagəlməz hissiyyat əvvəlcə pəncə və baldırda olur. Tədricən yuxarı hissələri də əhatə edir. 

Patologiyanın qazanılmış forması üçün başlanğıcda bud nahiyəsində ağırlıq və şişkinlik xarakterikdir. Əlamətlər zamanla aşağıya yayılır. Dəri dartılır, yumşaq toxumaların üzərindən basdıqda uzun müddət keçib getməyən çuxur əmələ gəlir.  

Yastıpəncəlik

Pəncədə diskomfort və ağırlıq uzunmüddətli gəzinti, narahat və düzgün seçilməyən ayaqqabı ilə əlaqəli olur. Pasiyentlər ayaq tağında sızıltılı və yaxud kəskin ağrılardan, baldır əzələlərində ağırlıq və gərginlikdən şikayətlənirlər. Ağır formalı yastıpəncəlikdə hətta statik yüklənmələrdə də güclü ağrı hissi yaranır. Sümük deformasiyaları – çəkicəbənzər barmaqlar, yastı valquslu pəncə formalaşır.  

Nadir səbəblər

  • Venoz sistemin anadangəlmə patologiyaları: Klippel-Trenon sindromu, Parks-Veber-Rubaşov sindromu;  
  • Onurğanın xəstəlikləri: bel-oma osteoxondrozu, spondiolistez;  
  • Böyrək xəstəlikləri: kəskin və xroniki qlomerulonefrit, xroniki böyrək çatışmazlığı, diabetik qlomeruloskleroz.  

Ayaqlarda ağırlığın diaqnostikası

Ayaqlarda ağırlıq hissi əksər hallarda venoz qan dövranının pozulması ilə bağlı olduğundan ilk növbədə həkim-fleboloqa müraciət olunmalıdır. Çox vaxt ilkin diaqnoz obyektiv müayinə əsnasında bəlli olur. Həkim xəstəyə baxış keçirərkən venaların genişlənməsini, aşağı ətraflarda şişkinliyi, hiperpiqmentasiya və digər tipik əlamətləri aşkarlayır. Diaqnozun dəqiqləşdirilməsi və ayaqda ağırlıq törədən digər etioloji amillərin müəyyən olunması üçün aşağıdakı müayinələr aparılır:

  • Venaların USDQ-si. Damarların dupleks skanlanması venaların anatomik quruluşunu, qapaqların tonus və fəaliyyətini qiymətləndirməyə imkan verir. Xroniki venoz çatışmazlıq qan axınının zəifləməsi, patoloji reflüks və flebotrombozlarla təzahür edir.  
  • Limfangioqrafiya. Kontrast maddə ilə limfa damarlarının vizualizasiyasında onların keçiriciliyi və qapaq aparatının işi yoxlanılır. Damarların müxtəlif hissələrində diametr fərqi və qeyri-bəranər kontrastlanma patologiyadan xəbər verir. Limfa dövranının dinamik qiymətləndirilməsi üçün limfosintiqrafiya göstərişdir.  
  • Pəncənin rentgenoqrafiyası. Yastıpəncəlikdən şübhələndikdə xəstə ortoped-travmatoloqa yönləndirilir. Rentgen şəkillər əsasında həkim ayaq tağının hündürlüyünü, sümüklər arasındakı patoloji bucaqları təyin edir. Xəstəliyin tipini və ağırlıq dərəcəsini müəyyənləşdirir. Diaqnozu dəqiqləşdirmək üçün plantoqrafiya aparılır.  
  • Əlavə müayinələr. Ayaqlarda ağırlığa səbəb olan osteoxondrozun diaqnostikasında onurğanın rentgenoqrafiyasından və kompüter tomoqrafiyasından istifadə edilir. Kardioloji xəstəliklərə şübhə yarandıqda EKQ, exokardioqrafiya, döş qəfəsi orqanlarının rentgenoqrafiyası məsləhət görülür. Böyrək xəstəliklərindən şübhələndikdə isə icmal və ekskretor uroqrafiya informativdir.  

Ayaqlarda ağırlığın müalicəsi

Diaqnoz qoyulana qədər yardım

Ayaqlarda ağırlıq hissindən azad olmaq üçün pasiyentlərə rahat ayaqqabı seçmək, ortopedik içlikdən istifadə etmək tövsiyə olunur. Bütün günü ayaq üstə dayanmağı planlaşdırdıqda damar corabları geyinmək lazımdır. Kompression geyim venoz durğunluğu xeyli azaldır. Bundan əlavə bədən çəkisi normada saxlanılmadır ki, ayaqlara əlavə yük düşməsin.  

Periferik qan dövranını yaxşılaşdırmaq və venoz damarların tonusunu yüksəltmək üçün idman məşqləri (üzgüçülük, velosiped sürmə) faydalı sayılır. Həmçinin venalarda qanın depolanmasını gücləndirən statik məşqləri azaltmaq lazımdır. Həyat tərzinin normaya salınması (piyada gəzintiləri, gündəlik aktivlik) də mühüm rol oynayır.  

Konservativ terapiya

Flebologiyada venoz xəstəliklərin müalicəsi medikamentoz vasitələrdən başlanır. Bura antiaqreqant və flebotoniklərin qəbulu, dəriyə krem çəkilməsi aiddir. nadir hallarda müalicə sxeminə kortikosteroidlər əlavə olunur.  

Xəstələrə dərman preparatları ilə yanaşı elastik corablar məsləhət görülür. Kompression geyim venaları tonusda saxlayır, ayaqlarda ağırlığı azaldır. 

Hazırda varikozun müalicəsində skleroterapiya geniş tətbiq olunur. Onun mahiyyəti venaya xüsusi preparat yeritməklə, damarın sorulmasından ibarətdir. Prosedurdan sonra baldırda ağrı və şişkinlik itir.  

Kardioloji və böyrək patologiyalarında şişkinliyi azaltmaq üçün diuretiklər qəbul olunur. Onlar artıq mayeni orqanizmdən xaric etməklə, təngnəfəsliyi və ayaqlarda ağırlıq hissini aradan qaldırırlar. Ürək çatışmazlığında əlavə olaraq beta-blokatorlar, qlikozidlər və miokardın yığılma gücünü artıran digər dərmanlar təyin edilir.  

Cərrahi müalicə

Müasir dövrdə varikoz xəstəliyi az invaziv əməliyyatlarla (lazer ablasiyası, radiotezlikli koaqulyasiya və s.) müalicə olunur. 

Limfedemalı xəstələrə limfovenoz şuntlanma, toxuma limfoid kompleksinin autotransplantasiyası məsləhət görülür.  

Yastıpəncəliyin müalicəsi ilə ortoped-travmatoloqlar məşğul olur. Yastıvalquslu pəncə zamanı sümüyün qabarıq hissələri kəsilir, vətər köçürülür, daban mahmızı xaric edilir. Ağır dərəcəli boylama yastıpəncəlikdə isə Hallux valqusun rezeksiyası və oynaq kapsulunun plastikası göstərişdir.

error: Content is protected !!