Balantidiaz
Balantidiaz – kirpikli infuzorlar-balantidalar tərəfindən törədilən protozoy etiologiyalı bağırsaq xəstəliyidir. Xəstəliyin klinikası yoğun bağırsağın iltihabi-xoralı prosesləri nəticəsində qarında ağrı, tenezmlər; tez-tez, irinli və qanlı, mayeşəkilli nəcis, arıqlama, intoksikasiya sindromları ilə xarakterizə olunur. “Balantidiaz” diaqnozunun qoyulması üçün kliniko-epidemioloji məlumatlar, rektoromanoskopiyanın nəticələri, nəcisdə və yaxmada balantidilərin aşkarlanması mühüm əhəmiyyət daşıyır. Xəstəliyin etiotrop müalicəsi metronidazol, tinidazol, tetrasiklin antibiotikləri və monomisinlə aparılır.
Balantidiaz barədə ümumi məlumat
Balantidiaz (infuzor dizenteriya) xoralı-hemorragik kolit və ümumi intoksikasiya ilə gedən zoonoz protozoy infeksiyadır. Xəstəliyin partlayışları daha çox cənub rayonlarında meydana çıxır. Bununla yanaşı, donuz təsərrüfatı inkişaf edən ərazilərdə infeksiyanın sporadik klinik halları qeyd olunur. Balantidiaz ağır gedişi ilə xarakterizə olunur; müalicəyə gec başlanarsa, bağırsaq ağırlaşmaları, kaxeksiya, sepsisin prosesə qoşulması ilə əlaqədar olaraq yüksək letallığa malik olur. Patologiyanın yayılması tibb mütəxəssisləri tərəfindən bu patologiyaya qarşı ayıqlığın olmaması, əhalinin sanitar mədəniyyətinin aşağı səviyyəsi, kənd əhalisinə yüksək invazivliklə (4-5%) bağlıdır.
Balantidiazın səbəbləri
Balantidiazın etioloji agenti kimi Balantidium соli kirpikli infuzoru çıxış edir. Balantidilər insan orqanizmində parazitlik edən ən iri bağırsaq ibtidailəridir. Onların həyat sikli iki mərhələdən – sist və vegetativ mərhələlərdən ibarətdir. Balantidin sistləri təxm. 50 mkm diametrli, dairəvi formalı olub sahib orqanizmdən kənarda 3-4 həftə ərzində öz həyat qabiliyyətini saxlaya bilir. Parazitin vegetativ formalarının uzunluğu 30-150 mkm, eni 30-100 mkm-dir; səthi parazitin hərəkətini təmin edən kirpiklərlə örtülüdür. Vegetativ formalar xarici mühitə az davamlıdır – 3-5 saat ərzində məhv olurlar.
Balantidiazın törədicilərinin əsas rezervuarı donuzlardır. Bu heyvanlar arasında invaziya 60-80%-ə çatır; nadir hallarda protozoy infeksiyasının mənbəyi kimi insan çıxış edir. Balantidiazla yoluxma fekal-oral mexanizmlə baş verir. Balantidilər (daha çox sist forma) çirkli əllər, çirklənmiş su, meyvələr, tərəvəzlərlə ötürülür. Balantidiazla donuz təsərrüfatı, heyvan kəsilən yer, ət sexlərinin işçiləri daha çox xəstələnir. İnsanın həzm traktında sistlərdən kor, siqmayabənzər və düz bağırsaqda parazitlik edən vegetativ formalara əmələ gəlir. Onların yoğun bağırsağın selikli qişasına daxil olduğu yerdə hiperemiya və ödem əmələ gəlir; bu dəyişikliklər sonralar eroziya və xoralara çevrilir. Selikli qişanın defektləri kraterə bənzər formalı olub nahamar kənarlara və nekrotik kütlə ilə örtülmüş dibə malikdir. Bağırsaqdakı xoralı-destruktiv dəyişikliklər, toksiki maddələrin sorulması, həmçinin parazitlərin öz sahibinin hesabına qidalanması balantidiazın patogenezinin əsasını təşkil edir və onun klinik təzahürlərini müəyyənləşdirir.
Balantidiazın simptomları
Yoluxmadan balantidiazın manifestasiyasınadək 1-3 həftə keçir. Klinik təzahürlərin ifadəliliyinə görə balantidiazın simptomsuz (subklinik) və manifest forması; xəstəliyin gedişatına görə kəskin, xroniki və residivləşən; gedişinin ağırlığına görə isə yüngül, orta-ağır və ağır formaları ayırd edilir.
Subklinik formada bağırsaq disfunksiyası və intoksikasiya özünü göstərmir; balantidiaz isə endoskopik mənzərə və laborator göstəricilərə əsasən aşkar olunur. Kəskin manifest formanın simptomatikası dizenteriyanı xatırladır. Xəstələr proqressivləşən zəiflik, baş ağrıları, febril hərarət, ürəkbulanma və qusmadan şikayətlənirlər. Eyni zamanda kolit əlamətləri – qarında kəsici ağrılar, diareya, tenezm inkişaf edir. Nəcis duru, selikli-irinli, sonralar isə qanlı, çürüntü qoxulu olur; defekasiya gün ərzində 15-20 dəfəyədək artır. Balantidiazın ağır formalarında bədən çəkisi sürətlə kaxeksiyaya qədər azalır.
Xroniki balantidiaz zəif nəzərə çarpan intoksikasiya sindromu, tezləşmiş (gün ərzində 2-5 dəfə), duru nəcis, meteorizm, palpasiyada kor və qalxan çənbər bağırsaq nahiyəsində ağrı ilə gedir. Kəskin və fasiləsiz, xroniki gedişli balantidiaz bağırsaq və bağırsaqdan kənar ağırlaşmaların – qanaxma, yoğun bağırsaq xorasının perforasiyası, düz bağırsağın sallanması, peritonit, qaraciyər absesləri, hipoxrom anemiyanın inkişafına gətirib çıxara bilər. Balantidiazın kəskin formasında spesifik etiotrop müalicə aparmadıqda letal sonlanma riski çox yüksəkdir. Patologiyanın həddən artıq ağır forması xəstəliyin helmintozlar və kəskin bağırsaq infeksiyaları ilə yanaşı klinik gedişində qeyd olunur.
Balantidiazın diaqnsotikası və müalicəsi
Balantidiaza şübhə olduqda xəstələr infeksionistə müraciət edirlər. Xəstəlik epidemioloji anamnez və klinik təzahürlərə əsasən ehtimal oluna bilər; diaqnozun yekun təsdiqi və verifikasiyası bağırsağın endoskopik müayinəsi və laborator analizlər aparıldıqdan sonra mümkündür.
Balantidiazın kəskin mərhələlərində rektoromanoskopiya və ya kolonoskopiya zamanı bağırsaqda infiltrativ-xoralı ocaqlar; xəstəliyin xroniki gedişində isə kataral-hemoragik və ya xoralı zədələnmələr aşkarlanır. Patologiyanın etibarlı sübutu təzə nəcisdə və ya bağırsağın zədələnmiş nahiyələrinin sıyrıntısında balantidilərin vegetativ formalarının olmasıdır. Sistlərin tapılması tranzitor daşıyıcılıqdan xəbər verir. Balantidiazın diaqnostikasında patologiya bakterial dizenteriya, amöbiaz, lyamblioz, kriptosporidioz, disbakterioz, qeyri-spesifik xoralı kolitlə differensiasiya olunur.
Təsdiqlənmiş balantidiazlı pasientlər infeksion stasionarda hospitalizasiya olunur. Etiotrop müalicə məqsədilə antibakterial preparatlar (monomisin, oksitetrasiklin, ampisillin) və ya antiprotozoy preparatlar (metronidazol, tinidazol) təyin olunur. Adətən, 2-3 beşgünlük müalicə tsiklləri həyata keçirilir. Sistemli dərman terapiyası kolloid-dispersion norsulfazol duzları ilə klizmalarla tamamlana bilər. Eyni zamanda dezintoksikasion terapiya, vitaminoterapiya, rasional qidalanmaya nəzarət göstərişdir.
Protozoy infeksiyalarının daşıyıcılarının müalicəsi də vacibdir. Balantidiazın sağalmasının kriteriyaları balantidilərə görə koproloji müayinələrin mənfi olması, kolit sindromunun və bağırsağın xoralı dəyişikliklərinin olmaması hesab olunur.
Balantidiazın proqnoz və profilaktikası
Bu gün balantidiazın müalicəsinin spesifik metodlarının tətbiqi pasientin sağalmasına səbəb olur. Müalicəyə gec başlandıqda və ya o, qeyri-adekvat olduqda letallıq 10-12%-ə yüksələ bilər. Balantidiazın profilaktikası fərdi təhlükəsizlik tədbirlərinə (şəxsi gigiyenaya əməl etmək, suyu qaynatmaq, meyvə və tərəvəzləri yumaq və s.) riayət, həmçinin ətraf mühitin nəcislə çirklənmədən (su hövzələrinin qorunması, donuzlar saxlanan yerlərdə zoogigiyena şəraitinin yaxşılaşdırılması, gübrələrin zərərsizləşdirilməsi və s.) qorunmasından ibarətdir. Balantidiazın spesifik profilaktikası işlənib hazırlanmayıb.