Boru sonsuzluğu
Boru sonsuzluğu — qadın sonsuzluğunun bir forması olub, fallop borularının funksional və üzvi keçməməzliyi ilə xarakterizə edilir. Spesifik simptomatikaya rast gəlinmir. Sonsuzluğun digər formaları kimi 6-12 ay ərzində müntəzəm cinsi münasibətlər fonunda hamiləliyin baş tutmaması ilə təzahür edir. Diaqnozun qoyulmasında histerosalpinqoqrafiya, ultrasəs histerosalpinqoskopiya, laparoskopiya, CYKİ-nin aşkar edilməsi üçün laborator analizlərdən istifadə olunur. Sonsuzluğun boru-peritoneal formasının müalicəsi medikamentoz və fizioterapiya, hidrotubasiya, kateter vasitəsilə rekanalizasiya, rekonstruktiv-plastik əməliyyatlar, EKM-dən ibarətdir.
Boru sonsuzluğu barədə ümumi məlumat
Boru (boru-peritoneal) sonsuzluğu və ya BPS hamiləliyin baş verməməsindən şikayətlənən pasiyentlərin 35-60%-də rast gəlinir. Belə qadınların 35-40%-də uşaqlıq borularının anatomik zədələnməsi və ya disfunksiyası, 9-34%-də isə bitişmə prosesləri müşahidə edilir. Patologiyanın qeyd olunan formaları çox zaman müştərək şəkildə rast gəlindiyindən oxşar etioloji amillər və patogenetik mexanizmlərə malik olur. Ginekologiya sahəsinin mütəxəssisləri sonsuzluğun bu 2 amilini ümumi termin altında birləşdirmişdir. 50%-dən çox hallarda boru sonsuzluğu nisbi xarakter daşıyır və müalicə prosesində korreksiyaya tabe olur. Boru sonsuzluğu birincili və ya ikincili olur.
Boru sonsuzluğunun yaranma səbəbləri
Kiçik çanaq orqanlarının funskional pozğunluqları və onların üzvi dəyişiklikləri uşaqlıq borularının keçiriciliyinin pozulmasına gətirib çıxarır. Funksional pozğunluq heç bir anatomo-morfoloji dəyişiklik olmadan uşaqlıq borusu divarlarının saya əzələ liflərinin tonusunun azalması və ya artması, onların yığılmalarının koordinasiyasının pozulması, epitel qatı kirpiklərinin hərəkətinin zəifləməsi, selik ifrazının azalması ilə təzahür edir. Onları törədən əsas amillər aşağıdakılardır:
- Hormonal balansın pozulması. Adətən funksional boru keçməməzliyi qadın cinsi hormonlarının hiposekresiyası, androgenlərin isə yüksək konsentrasiyası fonunda baş verir.
- İltihab mediatorlarının aktivliyinin artması. Funksional pozğunluq- prostaqlandin, interleykin, eykozanoidlər və kiçik çanaqda xroniki iltihabi proseslər zamanı intensiv şəkildə sintez olunan digər fizioloji aktiv birləşmələrin lokal təsirlərindən biridir.
- Simpatoadrenal sistemdə gedən dəyişikliklər. Bu cür kənaraçıxmalar xroniki stress, o cümlədən sonsuzluqla əlaqədar daimi narahatlıqlar üçün xarakterikdir.
Üzvi boru keçməməzliyi yumurtahüceyrənin hərəkət etdiyi yolda fiziki maneələrin olması –okklüziya, bitişmələr, həcmli tərəmələr tərəfindən sıxılma və s. zamanı baş verir. Belə anatomik dəyişikliklər aşağıdakı səbəblərdən yaranır:
- İltihabi xəstəliklər. Bitişmələr, sinexiyalar, uşaqlıq borularında maye həm qeyri-spesifik iltihab, həm də (xüsusən) cinsi yolla ötürülən infeksiyalar fonunda aşkarlanır.
- Cərrahi müdaxilələr. Kiçik çanaqda bitişmələr bağırsaq, uşaqlıq və onun artımlarında aparılan əməliyyatlardan sonra inkişaf edir.
- İnvaziv prosedurlar. Boru-peritoneal sonsuzluğun provokasiyaedici amillərinə abort, diaqnostik qaşıma, hidrotubasiya, hidrosalpinqoqrafiya, kimopertubasiya və s. aiddir.
- Travmatik zədələnmələr. Qarın boşluğunun nüfuz edən travmaları, ağır doğuşlar anatomik boru keçməməzliyinə gətirib çıxarır.
- Uşaqlıq borularının bağlanılması. Qadının könüllü cərrahi sterilizasiyası boru sonsuzluğunun bir forması sayılır.
- Kiçik çanaqda həcmli proseslər. Borular yumurtalığın iri ölçülü şişləri, subseroz miomalar, digər neoplaziyalar tərəfindən sıxıla bilər.
- Xarici genital endometrioz. Xəstəliyin ağır formaları boru keçiriciliyinin pozulması ilə fəsadlaşır.
Boru sonsuzluğunun patogenezi
Boru-peritoneal amillərin təsirindən baş verən sonsuzluğun patogenezinin əsas həlqəsini mayalanmamış yetkin yumurtahüceyrənin və ya embrionun uşaqlıq boşluğunda hərəkətinin pozulması təşkil edir. Tam obturasiya olunmuş boru yetişmiş yumurtahüceyrənin mayalanmasının qarşısını alan baryer rolunu oynayır. Divarın yığılma aktivliyinin funksional pozğunluğu və hissəvi üzvi keçməməzlik zamanı yumurtahüceyrənin uşaqlıq borusunda hərəkəti ləngiyir. Nəticədə mayalanma baş vermir və ya embrion boruda implantasiya edərək, uşaqlıqdan kənar boru hamiləliyinə səbəb olur.
Boru sonsuzluğunun təsnifatı
Boru sonsuzluğunun klinik təsnifatı patoloji prosesin lokalizasiyası, anatomik dəyişikliklərin olmasına əsaslanır. Ginekologiya və reproduktiv təbabət sahəsinin mütəxəssisləri tərəfindən aşağıdakı formalar ayırd edilir:
- Boru sonsuzluğu. Hamiləlik uşaqlıq borularında funksional və ya üzvi dəyişikliklər səbəbindən baş vermir. Belə hallarda keçməməzlik proksimal (borunun uşaqlıq hissəsində maneənin olması ilə) və distal (ovulyasiya zamanı yumurtahüceyrənin tutulmasının pozulması ilə) olur.
- Peritoneal sonsuzluq. Kiçik çanaq orqanlarında gedən iltihabi və ya digər proseslərlə əlaqədar yumurtahüceyrə uşaqlıq borusunun qıfına daxil ola bilmir. Peritoneal sonsuzluq çox vaxt borularda morfoloji və ya funksional dəyişikliklərlə müşayiət olunur.
Boru sonsuzluğunun əlamətləri
Spesifik simptomatikaya rast gəlinmir. Sonsuzluğun digər formalarında olduğu kimi pasiyent 6-12 ay ərzində kontraseptivlərdən istifadə etmədən müntəzəm cinsi münasibətlər fonunda hamiləliyin baş tutmamasını qeyd edir. Ağrı sindromu müşahidə edilmir və ya az intensivliyi ilə seçilir – qarnın aşağı hissəsində, bəzən isə bel nahiyəsində aybaşı və cinsi əlaqə zamanı yaranan və ya güclənən ağrılar qeydə alınır. Aybaşı funksiyası adətən pozulmur. Bəzi qadınlarda aybaşı ifrazatlarının miqdarı artır.
Boru sonsuzluğunun ağırlaşmaları
Uşaqlıq borularının funksional və ya hissəvi üzvi keçməməzliyi fonunda inkişaf edən boru sonsuzluğunun ən təhlükəli ağırlaşması uşaqlıqdan kənar hamiləlikdir. Mayalanmış yumurtahüceyrə uşaqlığa daxil ola bilmədiyindən boru divarına, yumurtalıq toxumasına və ya qarın boşluğu orqanlarına implantasiya edir. Uşaqlıqdan kənar hamiləliyin spontan pozulması massiv qanaxmalar, ifadəli ağrı sindromu, arterial təzyiqin kritik səviyyəyə enməsi və qadının həyatı üçün ciddi təhlükə törədən digər pozğunluqlarla müşayiət olunur.
Boru sonsuzluğunun diaqnostikası
Boru sonsuzluğunun diaqnostikasında keçirilmiş servisit, salpingit, adneksit, endometrit, qarın boşluğunun travmaları, bağırsaqlar və çanaq orqanlarında əməliyyatlar, abortlar, ağırlaşmış doğuş, invaziv diaqnostik və müalicəvi prosedurlar barədə anamnestik məlumatlar nəzərə alınmalıdır. Müayinə planına aşağıdakı üsullar daxildir:
- Ginekoloji baxış. Bimanual müayinə prosesində bir qədər böyümüş, sərtləşmiş və ağrılı uşaqlıq artımları aşkarlana bilər. Uşaqlığın hərəkətliliyi bəzən məhdudlaşır, vəziyyəti dəyişir, uşaqlıq yolu tağları qısalır.
- Histerosalpinqoqrafiya. Kontrastlaşdırma zamanı uşaqlıq borularının formasının (lokal daralma, genişlənmə) və keçiriciliyinin pozulması (tam obturasiyaya qədər) müəyyən edilir. Borunun mənfəzinin tam tutulduğu hallarda kontrast maddə qarın boşluğuna daxil olmur.
- Ultrasəs histerosalpinqoskopiya (ExoHSS, USHSS). Uşaqlıq borularının keçməməzliyini və kiçik çanaqda bitişmə proseslərinin əlamətlərini təyin etməyə imkan verir.
- Fertiloskopiya və xromopertubasiya ilə laparoskopiya. Bu üsulların köməyilə bitişmələr, endometrioz ocaqları vizualizasiya olunur, servikal kanala yeridilmiş boyaq maddəsinin qarın boşluğuna keçməsinə nəzarət etməklə fallop borularının keçiriciliyi obyektiv qiymətləndirilir.
- Transservikal falloskopiya. Uşaqlıq borularının epitel qatı və mənfəzinə baxış onların vəziyyəti barədə daha dəqiq məlumat əldə etməyə kömək edir.
- Kimopertubasiya. Uşaqlıq artımlarına hava və ya karbon qazı daxil olduqda onların hərəki aktivliyi pozulur.
- CYKİ-nin laborator diaqnostikası. Bir sıra hallarda boru-peritoneal sonsuzluq infeksion proseslərlə əlaqədar yarandığından etiotrop müalicəni təyin etməzdən əvvəl törədici aşkarlanmalı və onun antibakterial preparatlara həssaslığı yoxlanılmalıdır.
Boru-peritoneal sonsuzluq yumurtalıqların disfunksiyasının, uşaqlıq boşluğunun patologiyasının, uşaqlıq boynu amilinin təsirinin, pasiyentin həyat yoldaşı ilə bağlı səbəblərin törətdiyi sonsuzluqla differensiasiya edilməlidir. Differensial diaqnostikanın aparılmasına reproduktoloq və ginekoloq-endokrinoloq cəlb olunur.
Boru sonsuzluğunun müalicəsi
Uşaqlıq borularının keçiriciliyinin pozulmasına səbəb olan amilləri aradan qaldırmaq üçün konservativ və cərrahi müalicədən istifadə olunur. Medikamentoz terapiya aşağıdakı qrup preparatlarla aparılır:
- Antibakterial preparatlar. Etiopatogenetik müalicə iltihabi prosesə səbəb olan CYKİ-nin törədicisinin eliminasiyasına yönəldilir.
- İmmunoterapiya. Salpingit və adneksitlərin ləng və xroniki gedişinə gətirib çıxaran immunoloji dəyişiklikləri korreksiya edir.
- Sorucu terapiya. Ferment preparatları, biostimulyatorlar, qlükokortikosteroidlərin yerli və ümumi tətbiqi infeksion və aseptik iltihabdan sonra yaranan bitişmələr və sinexiyaların sorulmasına kömək edir.
- Hormonoterapiya. Qadınlarda hormonal sferada disbalans fonunda inkişaf edən pozğunluqlarda təyin olunur.
- Sedativ preparatlar. Funksional pozğunluqların korreksiyasında effektivdir.
Boru-peritoneal sonsuzluğun kompleks müalicəsində fizioterapevtik üsullardan: elektrofarez, transvaginal ultrafonofarez, uşaqlıq boruları və uşaqlığın elektrostimulyasiyası, ginekoloji şırınqalamalar, palçıq applikasiyaları, vibrasion və ginekoloji massaj geniş tətbiq edilir. Uşaqlıq borularının keçiriciliyi həmçinin az invaziv müdaxilələr – kateter vasitəsilə rekanalizasiya, hidrotubasiya, pertubasiya vasitəsilə də bərpa edilir.
Boru sonsuzluğu problemini həll edən ən effektiv üsul cərrahi yoldur. Davametmə müddəti 10 ildən az olan sonsuzluqdan əziyyət çəkən 35 yaşa qədər pasiyentlərdə kəskin və yarımkəskin iltihabın, cinsiyyət orqanlarının vərəminin, ifadəli endometrioz və bitişmələrin olmadığı hallarda cərrahi müalicə göstəriş sayılır. Boru keçiriciliyini bərpa etmək üçün rekonstruktiv-plastik laparoskopik müdaxilələrin aşağıdakı növlərindən istifadə olunur:
- Salpinqolizis. Əməliyyat prosesində uşaqlıq borusu onu əhətə edən bitişmələrdən azad edilir.
- Salpinqoskopiya. Uşaqlıq borusunun qıf nahiyəsində massiv bitişmələr zamanı yeni dəliyin formalaşdırılması müsbət nəticələr verir.
- Fimbriolizis və fimbrioplastika. Əməliyyat fallop borularının fimbriyalarının bitişmələrdən azad olmasına və ya qıfın plastikasına yönəldilir.
- Salpinqo-salpinqoanastomoz. Zədələnmiş sahə kəsildikdən sonra borunun qalan hissələri öz aralarında birləşdirilir.
- Borunun köçürülməsi. Borunun interstisial hissəsinin keçməməzliyi zamanı onun uşaqlığın digər hissəsinə köçürülməsi köçürülməsi məsləhət görülür.
Əksər hallarda belə müdaxilələr postoperasion hidrotubasiya ilə tamamlanır. Boruların plastikasından əlavə laparoskopiya zamanı bitişmələri koaqulyasiya etmək və ya ayırmaq, mayalanma və hamiləlik prosesinə mane olan törəmələri – yumurtalığın retension kistaları, uşaqlığın intramural və subseroz miomaları, endometrioz ocaqları xaric etmək mümkündür. Cərrahi müalicəyə əks-göstərişlərin olduğu və ya onun heç bir nəticə vermədiyi hallarda pasiyentlərə EKM tövsiyyə edilir.
Boru sonsuzluğunun proqnoz və profilaktikası
BPS-nin proqnozu pozğunluqların növü və onların ifadə dərəcəsindən asılıdır. Rekonstruktiv-plastik əməliyyatlardan sonra 20-50% hallarda hamiləlik baş tutur, mayalanmaların çox hissəsi əməliyyatdan sonra ilk il ərzində qeydə alınır, sonrakı illərdə hestasiyanın ehtimalı əhəmiyyətli dərəcədə azalır. EKM tətbiqi zamanı effektivlik 35-40% təşkil edir.
Boru sonsuzluğunun profilaktik tədbirlərinə iltihabi proseslər, endokrin pozğunluqların erkən diaqnostikası və müalicəsi, çanaq orqanlarında əməliyyatlardan sonra kompleks reabilitasiya, doğuşların adekvat aparılması, abortlar və əsassız invaziv müalicəvi-diaqnostik prosedurlardan imtina aiddir.