D-dimer analizi

D-dimer -trombun parçalanması zamanı meydana çıxan zülal fraqmenti olub, trombun yaranmasının və fibrinolizin aktivliyinin göstəricisi hesab olunur. Analizdən yardımçı test kimi istifadə olunur, diaqnoz isə kliniki əlamətlərə və kompleks müayinə nəticələrinə əsasən qoyulur. Müayinə, DDL-sindromunun diaqnostikası və ya trombozun antikoaqulyantlarla müalicəsinin monitorinqi məqsədilə təyin olunur. Müayinə üçün venoz qandan alınmış plazmadan istifadə olunur. D-dimerin təyini koaquloqramma ( qanın laxtalanma prosesini tənzimləyən göstəricilər qrupu) kompleksinə daxildir. Sağlam insanda D-dimerin normal dəyərləri 0,0-0,55 mkq FEU/ml intervalında dəyişir. Müayinənin müddəti:1 gün.

D-dimer analizi haqqında ümumi məlumat

D-dimer- plazminin təsirilə fibrinin parçalanması nəticəsində meydana çıxan zülal hissəciyidir. Damarların zədələnməsi zamanı orqanizm buna cavab olaraq laxtalanma sistemini aktivləşdirir. Bu fibrindən təşkil olunmuş trombların formalaşmasına səbəb olur və qan laxtası formalaşdığı yerdə möhkəmlənir. Tromb bəzən damarın yalnız səthində deyil, daxilində də formalaşır. Bu hal, damarın daxili səthinin zədələnməsi və ya yerli hemodinamikanın pozulması ( məsələn, qan durğunluğu) səbəbindən baş verir. D-dimerin konsentrasiyası fibrinin səviyyəsi və fibrinolizin aktivliyi ilə düz proporsionaldır və bu müayinə tromb əmələgəlmənin hansı dövrdə olmasını dəqiq təyin etməyə imkan verir.

Qanda D-dimerin müayinəsi tibbin bir çox sahələrində aparılır. Kardiologiya və damar cərrahiyyəsində arterial trombozlar, dərin venaların trombozu, Ağciyər Arteriyasının Tromboemboliyası riskini qiymətləndirmək üçün istifadə olunur. Sübut olunub ki, ürəyin işemik xəstəliyi olan şəxslərdə qanda D-dimerin səviyyəsi artmış olur ki, bu da ritm pozğunluğu və ya kardiogen şok kimi fəsadlara səbəb ola bilər. Həmçinin, D-dimer müayinəsi cərrahiyyədə əməliyyatdan öncə qanın laxtalanma sisteminin vəziyyətinin qiymətləndirilməsi məqsədilə təyin olunur.

D-dimer analizinə göstərişlər

Müayinəyə göstərişlərə damarlarda trombyaranma risk qrupuna daxil olan patoloji vəziyyətlər: səyirici aritmiya, ayaqların varikozu, infeksion xəstəliklərin ağırlaşmalarından sonra, ürək-damar xəstəlikləri və ya cərrahi müdaxilələr aiddir. Həkimlər D-dimer müayinəsini hamilələrə və ya oral kontraseptiv preparatlar qəbul edənlərə, laxtalanma riski yüksək olanlara təyin edirlər. Tromboz zamanı orqanizmqan laxtalarını parçalayan mexanizmləri işə salır. Nəticədə, plazminin təsiri ilə fibrin parçalanır, D-dimerlər meydana çıxır.

Müayinə, həmçinin ölümlə nəticələnən kəskin trombozun proqnozu və müalicə taktikasının seçilməsi məqsədilə də aparılır. Hər bir patologiyada qanda D-dimerin səviyyəzi məhz dinamik izlənməlidir. D-dimer müayinəsi trombolitik və ya antikoaqulyant terapiya hallarında dərman preparatlarının monitorinqi zamanı da göstərişdir.

D-dimer müayinəsinin əsas üstün cəhəti yüksək proqnostik dəqiqliyinin 98% olmasıdır (əgər analiz nəticələri referans göstəricilər daxilindədirsə tromboz inkar edilir). Belə diaqnostik imkanlar hesabına ağciyər arteriyasının tromboemboliyası kimi ciddi patologiyanın diaqnozunu qoymaq mümkün olur.

Müayinəyə hazırlıq və materialın götürülməsi

Müayinə üçün qan plazması götürülür. Biomaterialın transportu və ya saxlanması tələb olunduqda natrium-sitratlı vakuum kanteynerdən istifadə olunur. Qan plazmasını 5-6 saatdan artıq saxlamaq qadağandır, çünki D-dimerin yarımparçalanma dövrü təxminən 6 saat çəkir. Analizi səhər saatlarında vermək məsləhətdir. Müayinədən qabaq qida qəbulu və ya şəkərli və qazlı içəcəklərin qəbulu qadağan olunur. Fiziki aktivlik və stressdən uzaqlaşmaq məsləhətdir. Müayinədən 10-11 saat qabaq spirtli içkilərin qəbulu və siqaret çəkmək olmaz. Müayinədən qabaq yalnız qazsız su içmək olar. Dərman preparatlarının qəbulunu saxlamaq məsləhətdir. Müalicə kursunu saxlamağın mümkün olmadığı hallarda laborantı məlumatlandırmaq lazımdır. Biomaterial digər instrumental müayinələrdən (rentgen, USM) öncə götürülməlidir.

D-dimerin diaqnostikası üçün 3 üsuldan istifadə olunur: mikrolateks aqlyutinasiyası, İFA və immunoxromatoqrafiya. Əksər laboratoriyalarda immunoturbidimetriya (mikrolateks aqlyutinasiya) üsulu aparılır. Üsulun prinsipi belədir: D-dimer yoxlanılacaq plazma reagentə əlavə olunur, onun optik sıxlığı artır. Reagent D-dimer-ə qarşı antitellərlə örtülmüş lateks hissəciklər kütləsi əmələ gətirir. Bu zaman ölçülən artmış optik sıxlıq biomaterialda D-dimerin səviyyəsi ilə proporsional olur. Müayinənin müddəti 1 sutkadır.

Müayinənin əsas çətinliyi alətlərin, eləcə də reagentlərin, test-sistemlərin materiallarının və kalibratorların standart olmamasıdır. Həmçinin, D-dimerin konsentrasiyası 2 vahidlə: DDU və FEU ilə qiymətləndirilir ki, bu da müalicə həkimi üçün nəticələrin qiymətləndirilməsini çətinləşdirə bilər. D-dimerin referans dəyərləri 0-0,55 mkq FEU/ml-dir. Konsentrasiya dimer ekvivalent vahidilə DDU və ya mq/l -lə də qiymətləndirilə bilər. Bu halda norma 0,25 mq/l olacaq.

D-dimerin səviyyəsinin artması

Qanda D-dimerin səviyyəsinin yüksəlməsinə YDDL-sindromu, qaraciyər və ya böyrək çatışmazlığı, eləcə də, venoz tromboz səbəb ola bilər. Bütün damarların xırda tromblarla tutulduğu YDDL-sindromu xüsusilə təhlükəli haldır. Bu patologiya çox vaxt ölümlə nəticələnir. D-dimerin səviyyəsinin fizioloji artma səbəbi hamiləlikdir. Hamiləlik zamanı göstəricilərin zəif artımına ( 1,5 mkq/ml) səbəb laxtalanma sisteminin aktivləşməsidir ki, bu da normal hal hesab olunur. D-dimerin səviyyəsinin çox yüksəlməsi isə hestoz və ya preeklampsiya zamanı müşahidə olunur ki, bu da ciddə nəzarət və müalicə tələb edən haldır.

Yaşlılarda (80 yaşdan yuxarı pasiyentlər), revmatoid artrit və infeksion xəstəliklər zamanı D-dimerin səviyyəsinin yüksəlməsi tromb yaranmadan baş verir. Dəqiq diaqnoz üçün başqa müayinələri də aparmaq və digər göstəriciləri (məsələn, qanın ümumi analizi, fibrinogen, tromboz müddəti, APTT, revmatoid faktor) də yoxlamaq lazımdır. Damar mənfəzində D-dimerin konsentrasiyasına trombun ölçüsü, onun yaranmasından antikoaqulyantın yeridilməsinədək keçən zaman, D-dimerin səviyyəsini azaldan preparatların qəbulu və trombolitik terapiya təsir göstərir.

D-dimerin səviyyəsinin azalması

Patologiyanın əlamətlərinin aşkar nəzərə çarpdığı hallarda qanda D-dimerin səviyyəsinin azalmasına səbəb trombun çox kiçik ölçüdə olması, aşağı fibrinolitik aktivlik və ya plazminogen aktivatoru inhibitorunun artmış konsentrasiyası ola bilər. Bəzi hallarda D-dimerin qanda səviyyəsinin azalmasına səbəb preanalitik səviyyədə texnoloji çatışmazlıqlar olur. Hamiləlik zamanı göstəricilərin aşağı səviyyəsi laxtalqnma sisteminin patologiyasından xəbər verir. Belə hallarda hamilədə doğuş zamanı qanaxma, bəzən isə hamilənin ölümu belə baş verə bilər.

Normadan kənaraçıxmaların müalicəsi

D-dimer analizi adətən, köməkçi test kimi yoxlanılır, müalicə isə kliniki simptomları və digər müayinə nəticələrini nəzərə alaraq aparılır. Normadan kənaraçıxmalar zamanı maye qəbulunu normallaşdırmaq, fiziki aktivliyi artırmaq (çox hərəkət etmək) lazımdır. Müayinə nəticələrinə əsasən fleboloq, cərrəh, terapevt, kardioloq, infeksionist və ya hematoloqa müraciət olunur.

error: Content is protected !!