Dalaq absesi
Dalaq absesi – dalaqda ətraf toxumadan membranla ayrılan irinli eksudatın toplanmasıdır. Xəstəlik artan zəiflik, hərarət, ürəkbulanma və qusma ilə xarakterizə olunur. Ağrı sağ qabırğaaltı nahiyədə lokalizasiya olunur və bədənin sağ tərəfinə irradasiya edir, tənəffüs zamanı güclənir. Diaqnostika cərrahi müayinə, dalağın USM-i və ya KT-i, qarın boşluğunun ümumi rentgenoqrafiyası, qan analizindən ibarətdir. Abses təcili cərrahi patologiyalara aiddir, dezintoksikasion və antibakterial müalicə fonunda təcili operativ müdaxilə tələb edir. İrinliyin dəridən drenajı və ya dalağın ocaqla birlikdə kənarlaşdırılması həyata keçirilir.
Dalaq absesi barədə ümumi məlumat
Dalağın absesi irinli möhtəviyyatla dolu izolə edilmiş boşluqdur. Abdominal cərrahiyyədə müstəqil patologiya kimi 0,5-1% hallarda rastlanır. Xəstəlik daha çox ikincili – dalağın hematoması və infartı, infeksiyanın başqa orqanlardan qan vasitəsilə gətirilməsi nəticəsində inkişaf edir. Tək abseslər giqant ölçülərə çata, 3-5 litr möhtəviyyata malik ola bilər. Dalaqda çoxsaylı irinliklər çoxkameralı quruluşa malik olur, kiçik ölçüləri ilə fərqlənir; lakin birləşərək vahid irinlik yaratmağa meyillidir. Abseslər dalağın bir kənarında yerləşə və ya orqanı tamamilə tuta bilər.
Dalaq absesinin səbəbləri
İrinli prosesin törədiciləri arasında salmonellalar, streptokoklar və stafilokoklar üstünlük təşkil edir. Nadir hallarda patogen mikroflora qram-mənfi bakteriyalar və göbələklərlə təmsil olunur. Dalaqda irinliyin əmələ gəlməsinə gətirib çıxaran əsas səbəblər aşağıdakılardır:
- İnfeksion xəstəliklər. Malyariya, qarın yatalağı, qayıdan yatalaq, skarlatina, difteriya zamanı infeksiyanın generalizasiyası nəticəsində orqan və toxumalarda, o cümlədən dalaqda irinli ocaqlar formalaşır.
- Dalaq travmaları. Kapsulanın tamlığının pozulaması ilə baş verən orqanın yaralanmaları və əzikləri qişa altında qanın toplanması ilə müşayiət olunur. Belə klinik hallarda abses hematomanın irinləməsi nəticəsində yaranır.
- Başqa ocaqlardan irinli infeksiyanın yayılması. Başqa orqan və sistemlərin irinli-iltihabi xəstəliklərində (septik endokardit, osteomielit, sepsis, pielonefrit, sistit) infeksiya dalağa hematogen yolla daxil olur. Mədə xorası və xərçəngi, soltərəfli paranefrit, qarın boşluğu absesləri zamanı patogen flora dalağa kontakt yolla da keçə bilər.
- Dalağın exinokokkozu. Abses exinokok larvalarının lineal toxumalarda toplanması və dalağın parazitar kistalarının irinləməsi nəticəsində yaranır.
- Dalaq infaktı. Dalaq arteriyasının uzun müddət spazmı, trombozu və emboliyası nəticəsində orqanın hissəvi və ya tam işemiyası və nekrozu əmələ gəlir. Zədələnmiş nahiyənin infeksiyalaşması absesin inkişafına gətirib çıxarır.
İmmunitetin zəifləməsi ilə müşayiət olunan xəstəliklər (oraq hüceyrəli anemiya, xroniki limfoleykoz, leykemiya, İİV infeksiya) də absesin formalaşmasına rəvac verir.
Dalaq absesinin patogenezi
Mikrob törədiciləri dalağı əksər hallarda qanla, nadir hallarda – orqanın birbaşa yaralanması və kontakt yolla (qonşu anatomik strukturlardan) yoluxdurur. Törədicilər və ya irinli emboliya sinusoid kapilyarlarda çökür, burada çoxalaraq iltihabi infiltratın əmələ gəlməsinə və nekrozun inkişafına səbəb olur. İltihab ocağının irinləməsi nəticəsində içərisi üfunətli, şokolad rəngli və ya “ət suyu” şəkilli irinlə və dalaq toxuması sekvestrləri ilə dolu abses boşluğu formalaşır. Boşluqlar müxtəlif ölçülü, quruluşlu və lokalizasiyalı ola bilər. İrinlik yuxarı kənarında (exterior superior) yerləşdikdə plevra reaksiyaları: döş qəfəsinin sol tərəfində ağrılar, reaktiv plevrit qeyd olunur. Aşağı kənarda lokalizasiya olunmuş abses sol qabırğaaltı nahiyədə ağrıya və qarın əzələlərinin gərginliyinə səbəb olur.
Dalaq absesinin simptomları
Klinik mənzərə dəyişkəndir, zədələnmənin miqyasından və irin ocağının lokalizasiyasından asılıdır. Patoloji proses aydın nəzərə çarpan xarakterə və sürətli inkişafa malik ola bilər. Bu zaman xəstəlik güclü zəiflik, bədən temperaturunun yüksəlməsi (39-40° С-ə qədər), titrəmə, başgicəllənmə ilə xarakterizə olunur. Dispepsiya əlamətləri (ürəkbulanma, qusma, diareya) meydana çıxır. Müxtəlif intensivlikli ağrılar sol qabırğaaltı nahiyədə meydana çıxır və sol kürəyə, qola, körpücük sümüyünə irradiasiya edir, tənəffüs zamanı güclənir. İrinlik böyük olduqda qarın divarının sol tərəfində qabarıqlq, splenomeqaliya müşahidə oluna bilər. Absesləşmə simptomsuz gedə və silinmiş klinik mənzərəyə malik ola bilər. İrinliyin qarın boşluğuna açılması peritoneal simptomlarla (adinamiya, soyuq tər, akrosianoz, qarın divarı əzələlərinin defansı) müşayiət olunur.
Dalaq absesinin ağırlaşmaları
Dalaq absesi bağırsaq ilgəyinə toxunduqda bağırsaq qanaxmasına səbəb olan fistullar formalaşır. İrinliyin parçalanması irinin qarın boşluğuna axması və diffuz peritonitin inkişafı ilə müşayiət olunur. Patogen bakteriyaların qana daxil olması nəticəsində sepsis yaranır. Nadir hallarda irinlik bronxlara, mədəyə və bağırsağa açılır, bu zaman irin kütləsi müvafiq orqan vasitəsilə xaric olur. İrinli möhtəviyyat plevral boşluğa düşdükdə plevranın empieması inkişaf edir
Dalaq absesinin diaqnostikası
Klinik mənzərənin dəyişkənliyi və spesifik simptomların olmaması xəstəliyin diaqnostikasında çətinliklər törədir. Dalağın absesinə şübhə olduqda aşağıdakı müayinələr aparılmalıdır:
- Sorğu, obyektiv müayinə. Həyat və xəstəlik anamnezi, obyektiv müayinədən (qarnın palpasiyası və auskultasiyası) ibarətdir. Cərrah müayinə etdikdə sol qağırğaaltı nahiyədə ağrı, palpasiyada dalağın böyüməsi təyin edir.
- İnstrumental diaqnostika. İlk növbədə dalağın USM-i aparılır; bu zaman abses hipoexogen və ya anexogen dairəvi kölgə şəklində təyin olunur. Qarın boşluğunun ümumi rentgenoqrafiyasında diafraqmanın altında, sol tərəfdə kölgəlik görünür. Komyuter tomoqrafiyası (dalağın KT-i) irinliyin ölçüləri və lokalizasiyası, qarın boşluğunda və ya plevral boşluqda əlavə törəmə və eksudat haqda dəqiq informasiya əldə etməyə imkan verir. İltihab ocağının aşkarlanması məqsədilə radionuklid ssintiqrafiya (67Ga sitratla) aparılır.
- Qan analizi (qanın ümumi və biokimyəvi analizi). Orqanizmdə iltihabi prosesin olub-olmamasını müəyyənləşdirən qeyri-spesifik müayinə meodudur. Abses zamanı qan analizində leykositoz və leykositar formulda sola meyillik, anemiya, hipoproteinemiya qeyd olunur.
Absesin differensial diaqnostikası qonşu orqanların kəskin iltihabi xəstəlikləri (soltərəfli paranefrit, enən çənbər bağırsaq və siqmayabənzər bağırsağın iltihabı (kolit, siqmoidit), soltərəfli diafraqmaaltı abses ilə aparılır. Dalaq hematoması və infarktı da oxşar simptomatika ilə müşayiət olunur. İrinliyin açılması xoranın perforasiyası, pankreonekroz və başqa mənşəli peritonitlə differensiasiya olunur.
Dalaq absesinin müalicəsi
Müalicə abdominal cərrah tərəfindən aparılır. Diaqnoz təsdiqləndikdə təcili cərrahi əməliyyat göstərişdir. Cərrahi müalicənin taktikası irin ocağının lokalizasiyasından, ağırlaşmaların olub-olmamasından və pasientin vəziyyətindən asılıdır. Hazırda aşağıdakı cərrahi taktikalar tətbiq olunur:
- İrinliyin dəridən drenajı və sanasiyası. USM kontrolu altında punksion iynə ilə irin möhtəviyyatı xaric edilir və abses boşluğuna dərmanlar yeridilir. Patogen mikrofloranı təyin etmək məqsədilə əldə olunmuş irinlik analiz olunur. Manipulyasiya ölçüsü 4-5 sm-ə qədər olan tək abseslərdə və laparotomiyaya əks-göstərişlər olduqda (pasientin ağır somatik vəziyyəti, qanın laxtalanma sisteminin xəstəlikləri) icra olunur.
- Qarın boşluğunun reviziyası ilə müşayiət olunan splenektomiya. Bir böyük və ya çoxsaylı kiçik abseslərdə, az invaziv müalicə metodlarının effektsizliyi, qanaxma və peritonit zamanı dalaq xaric olunur. Bəzi klinik hallarda autotransplantasiya həyata keçirilir. Bu zaman immun funksiyanı saxlamaq məqsədilə orqanın bir hissəsi qarın boşluğuna qaytarılır.
Operativ müdaxilənin seçimi dalaq absesinin yerləşməsindən asılıdır. İrinlik orqanın yuxarı hissəsində lokalizasiya olunduqda transtorakal giriş, aşağı hissəsində yerləşdikdə isə transperitoneal girişə üstünlük verilir. Postoperativ dövrdə bütün xəstələrə antibakterial və ağrıkəsici terapiya təyin olunur. İrinliyin açılması zamanı əlavə olaraq massiv iltihab əleyhinə və dezintoksikasion terapiya göstərişdir. Reablitasiya dövründə (1-2 ay) idmanla məşğul olmamaq, ağır fiziki yüklənmə və isti vannalardan imtina etmək lazımdır.
Dalaq absesinin proqnoz və profilaktikası
Xəstəliyin proqnozu absesin ölçülərindən və ağırlaşmaların olub-olmasından asılıdır. Cərrahi əməliyyatın icra olunduqda və peşəkar postoperativ gedişat zamanı xəstəliyin proqnozu kafidir. Pasientlər artıq ikinci aydan etibarən vərdiş etdikləri həyat tərzinə qayıda bilərlər. İrinliyin parçalanması, peritonit və bakteriemiyanın inkişafı vəziyyətin kəskin pisləşməsinə, hətta komaya qədər gətirib çıxara bilər. Vaxtında müalicə olunmadıqda 100% hallarda letal sonlanmaya gətirib çıxarır. Dalaq absesinin profilaktikası irinliyin formalaşmasına patogenetik və morfoloji əsas olan xəstəliklərin vaxtında diaqnostikasına yönəlmişdir. Pasientlər xəstəliyin simptomlarını inkar etməməli, onlar yarandıqda vaxtında həkimə müraciət etməlidirlər.