Dırnaqların soyulması

Dırnaqların soyulması – dırnaq lövhəciyinin quruluşunun pozulması nəticəsində onun qabıqlanması ilə xarakterizə olunur. Bu tip dırnaqlar kövrəklik, quruluq, nahamar səth, sağlam parıltının itməsi, ləng böyümə və s. ilə fərqlənir. Dırnaqların soyulma səbəbini aydınlaşdırmaq üçün mikoloqun konsultasiyası, dırnaq lövhəciyinin patogen göbələklərə görə müayinəsi, spektral analizin köməyilə mikroorqanizmlərin konsentrasiyasının təyini tələb oluna bilər. Müalicə kompleks şəklində aparılmalıdır: tibbi (bioloji aktiv əlavələr və vitamin-mineral kompleksləri, fizioterapiya) və qulluq prosedurları (müalicəvi vannalar, maska, dırnaqların xüsusi maddələrlə möhkəmləndirilməsi).

Dırnaqların soyulması barədə ümumi məlumat

Dırnaqların soyulması – distrofik dəyişiklik olub, dırnaq lövhəciyinin nazilməsi və qabıqlanması ilə səciyyələnir. Dırnaqların kövrəkliyi və deformasiyası ilə bərabər soyulan dırnaqlar da onixodistrofiyalara aid edilir. Dermatologiyada dırnaqların 2 istiqamətdə soyulması qeydə alınır: boylama (onixoreksis) və köndələn (onixoşizis). Dırnaq lövhəciyinin dırnaq yatağından tam və ya hissəvi soyulması onixolizis adlanır. Soyulan dırnaqlar sərbəst patologiya şəklində rast gəlinə və ya müxtəlif dermatozlar və yaxud somatik xəstəliklər zamanı simpatokompleksin tərkibinə daxil ola bilər. Bundan əlavə dırnaq lövhəciklərinin quruluş və formasının dəyişməsi xoşagəlməz kosmetik qüsur olub, psixoemosional gərginliyə və pasiyentlərin, xüsusən qadınların həyat keyfiyyətinin azalmasına gətirib çıxarır.

Dırnaqların soyulmasının səbəbləri

Dırnaqlar – əl və ayaq barmaqlarının distal falanqalarını örtən buynuz lövhədən ibarətdir. Onlar gün ərzində 0,1–0,12 mm böyüyür, daima yenilənir və bərpa olunur. Dırnaq lövhəciyinin sərbəst kənarının təxmini qalınlığı 0,385 mm təşkil edir, patoloji vəziyyətlərdə bu rəqəm arta və ya azala bilər. Keratin – dırnağın əsas komponenti olub, onun möhkəmliyini təmin edir. Keratin qatları arasında yerləşən su və lipid təbəqəsi isə dırnaqlara elastiklik və parlaqlıq verir. Normada dırnaq lövhəciyinin bütün qatları bir-birinə sıx bitişir. Aqressiv amillərin təsirindən qatlar arasında məsamə və ya çatlar yarana bilər, onların ölçüsü artdıqca dırnaq lövhəciyinin soyulmasına səbəb olan boşluq formalaşır.

Dırnaqların soyulması ekzogen və endogen amillərlə bağlı olur. Əllərin məişət kimyası, qələvi məhlullar, qaynar su ilə tez-tez təması dırnaqların soyulması ilə nəticələnir. Formaldehid tərkibli dırnaq boyası, süni dırnaqların çıxarılma taktikasının pozulması, dırnaqların uzadılması üçün vasitələr, habelə onların manikür alətləri ilə düzgün işlənilməməsi də dırnaq lövhəciyinə zədələyici təsir göstərir. Belə hallarda dırnaqların kövrəklik və qabıqlanması susuzlaşma və onların strukturunda yağabənzər maddənin miqdarının azalması ilə izah olunur. Həmçinin soyulan dırnaqlar musiqiçilər (pianist, gitarist, arfist və s.) «peşə xəstəliyi» ola və ya dırnaq lövhəciyinin mexaniki travması (əzilmə, sıxılma, manikür və pedikür zamanı zədələnmə), onixofagiya, onixotillomaniya nəticəsində meydana çıxa bilər.

Dırnaqların soyulmasının ən geniş yayılmış endogen səbəbi zülal, maqnezium, kalsium, kükürd, kremnium, sink, fosfor, selen çatışmazlığı ilə müşayiət olunan qeyri-düzgün, balanslaşdırılmamış qidalanmadır. Eləcə də bu problem  MBT, qaraciyər, öd yolları xəstəliyi, endokrin sistemin patologiyaları, dəmirdefisitli anemiya, ekzema və qırmızı yastı dəmrovdan əziyyət çəkən insanlarda yarana bilər.

Bundan əlavə onixolizis travma, intoksikasiyalar (o  cümlədən medikamentoz), dəri xəstəlikləri (psoriaz, ekzema, piodermiya, anadangəlmə epidermolizis və s.), mikozlarla (rubrofitiya, epidermofitiya, kandidoz) bağlı ola bilər.

Soyulan dırnaqların xüsusiyyətləri

Onixoşizis zamanı dırnaq lövhəciyi köndələn istiqamətdə (sərbəst kənar boyunca) soyulur.  Qabıqlanmaya dırnağın yalnız uzanan hissəsi məruz qalır. Dırnağı kəsdikdən sonra onun əsas hissəsi normal görünür. Lakin dırnaq lövhəciyi uzandıqca yenidən qatlara ayrılır. Soyulma dırnağın ancaq orta hissəsində müşahidə edilə və ya lay şəklində simmetrik ola bilər. Qabıqlanan dırnaqlar nazilir, kövrəkləşir və qırırlır.

Bəzən dırnağın rəngini dəyişərək, çirkli-ağ və ya bozumtul çalar alması qeydə alınır. Dırnaqların soyulması bir və ya bir neçə barmaqda (əsasən II, III, IV əl barmaqları) baş verə bilər. Onixoşizis zamanı dırnaq ətrafı toxumalar zədələnmir.

Onixolizis dırnaq lövhəciyinin dırnaq yatağından tam və ya hissəvi ayrılması ilə xarakterizə olunur. Dırnaq adətən sərbəst və ya yan kənarlardan ayrılmağa başlayır. Onun qopmuş hissəsi ağımtıl-boz rəngə boyanır. Onixoreksis zamanı dırnaq lövhəciyi  boylama istiqamətdə aralanır və qırılır. Patoloji proses dırnağın sərbəst kənarından başlanğıc götürən boylama şırımların əmələ gəlməsi ilə təzahür edir. Şırımların dərinləşməsi çatların yaranmasına gətirib çıxarır. Bəzi çatlar dırnağın proksimal hissəsinə kimi uzanır.

Dırnaqların soyulmasının müalicəsi

Dırnaqların soyulması zamanı bütün müalicəvi və qulluq tədbirlərə yalnız mütəxəssisin (dermatoloq, mikoloq) konsultasiyasından və distrofik dəyişikliyin səbəbi müəyyən edildikdən sonra başlanılmalıdır. Bu məqsədlə dırnaq lövhəciyinin patogen göbələklərə görə müayinəsi, spektral analiz, qanın biokimyəvi təhlili aparılır.

Soyulan dırnaqların müalicəsi kompleks şəklində olub, tibbi və salon prosedurlarından ibarətdir. Orqanizmdə qida maddələri çatışmazlığını aradan qaldırmaq üçün vitamin-mineral kompleksləri, bioloji aktiv əlavələr, optimal pəhriz məsləhət görülür. Barmaqların distal falanqalarına isidilmiş təbii mum,  parafin, ozokerit, müalicəvi palçıq applikasiyaları; fizioterapevtik prosedurlar (diatermiya, A və  E vitaminləri ilə ultrafonofarez), masaj qənaətbəxş müalicəvi effektə malikdir.

Dəniz duzu və efir yağları ilə əl üçün vannalar dırnaq matriksinin qan təhcizatı və trofikasını yaxşılaşdırır. Dırnaq lövhəciyinin quruluğunu aradan qaldırmaq üçün kutikula nahiyəsinə kosmetik yağlar və qidalandırıcı kremlərin çəkilməsi tövsiyə olunur. Gözəllik salonunda icra olunan prosedurlar arasında dırnaqların gellə möhkəmləndirilməsi, SPA-manikür, yapon manikürü,  əl və dırnaqlar üçün maskalar, parafinoterapiya məsləhət görülə bilər. Soyulan dırnaqların neylon və ya ipək lifləri, protein, vitaminlər, nəmləndiricilərdən ibarət xüsusi müalicəvi boya ilə örtülməsi onun mökhəmlənməsinə səbəb olur. Bu prosedurlar dırnağın xarici görünüşünü bərpa etməklə yanaşı, həm də onun soyulmasını dayandırır.

Profilaktik tədbirlərə əməl etməklə dırnaq lövhəciyini möhkəmlətmək və onların soyulması problemini birdəfəlik unutmaq mümkündür. İlk növbədə dırnağın quruluşunu pozan aqressiv vasitələrlə təmasdan mümkün qədər uzaq durmaq, o cümlədən keyfiyyətsiz dırnaq boyaları və aseton tərkibli təmizləyicilərdən imtina etmək lazımdır. Dırnaq lövhəciyinə forma vermək üçün şüşə və ya keramikadan hazırlanmış cilalayıcılardan istifadə olunmalı, bundan əlavə manikürün aparılma texnikasına riayət olunmalı və dırnaq yatağının zədələnməsinin qarşısı alınmalıdır. Bir sıra hallarda dırnaqların soyulması daxili orqanların xəstəlikləri ilə bağlı olduğundan qidalanma və sağlamlığa xüsusi fikir vermək lazımdır.

error: Content is protected !!