Döş aortasının enən hissəsinin anevrizması

Döş aortasının enən hissəsinin anevrizması – onun damar divarının patoloji dəyişiklikləri ilə əlaqədar diametrinin artmasıdır. Xəstəlik döş qəfəsində ağrılar, artan təngnəfəslük, öskürək, anemiya; anevrizmanın cırılması zamanı daxili qanaxma, qanhayxırma, kollaps, şokla müşayiət olunur. Döş qəfəsi anevrizmasının diaqnostikası rentgenoqrafiya, aortoqrafiya, döş aortasının USDQ və KT, EKQ-nin nəticələrinə əsaslanır. Müalicə təcili və ya planlı şəkildə anevrizmanın rezeksiyası, döş aortasının kəsilmiş hissəsinin rekonstruksiyasından ibarətdir.

Döş aortasının enən hissəsinin anevrizması barədə ümumi məlumat

Döş aortasının anevrizması damar divarının qabarması nəticəsində formalaşır, bu zaman aortanın zədələnmiş sahəsinin diametri normanı 2 dəfədən çox üstələyir. Enən hissənin anevrizması döş aortasının sol körpücükaltı arteriyanın ayrılma yerindən (əsasən dəlikdən 2-3sm aşağı) diafraqmaya qədər hissəsində, onurğa sütununun sol kənarı boyunca  lokalizasiya olunur.

Döş aortasının anevrizması bütün anevrizmaların 60-70%-ni təşkil edir. Döş aortasının enən hissəsinin anevrizması qadınlara nisbətən kişilərdə (əsasən 50-70 yaşlı) 3-5 dəfə çox rast gəlinir. Əksər hallarda döş aortasının enən hissəsinin anevrizması qarın aortasının anevrizması ilə birgə müşahidə olunur. Histoloji əlamətlərə əsasən anevrizmalar həqiqi (damar divarının bütün dəyişilmiş qatlarından yaranan) və yalançı (aortadan axan qan laxtalarının ətrafında birləşdirici toxumadan əmələ gələn); formasına görə – kisəşəkilli (lokal) və iyəbənzər (diffuz) olur.

Döş aortasının laylanan anevrizması maksimal gərgin sahələrdə daxili qişanın cırılması və damar divarının qatları arasında qanın toplanması nəticəsində yaranır. İntramural hematoma qan cərəyanı istiqamətində yayılaraq, adətən döş aortasının enən hissəsinin damar divarını geniş bir sahədə (diafraqma və ya qarın aortasına qədər) qatlara ayırır.

Döş aortasının enən hissəsinin anevrizmasının yaranma səbəbləri

Etioloji amillər nəzərə alınmaqla döş aortasının enən hissəsinin anezrivmaları 2 qrupa bölünür: birləşdirici toxumanın irsi xəstəliklərinin (məsələn, Marfan sindromu, Elers-Danlos sindromu) səbəb olduğu anadangəlmə və qazanılmış. Döş aortasının qazanılmış anevrizmaları travmatik, aterosklerotik, iltihabi, qeyri-iltihabi (degenerativ) və ya idiopatik olur.

Enən hissənin travmatik anevrizmaları əsasən yalançı xarakter daşıyır; çavan şəxslərdə qeydə alınır; aortanın cırılmasından (məsələn, yol-nəqliyyat qəzaları zamanı) sonra yaranır; adətən sol körüpücükaltı arteriyanın dəliyindən distal tərəfdə döş aortasının maksimal fiksasiya olunduğu sahələrdə lokalizasiyalaşır. Döş aortasının qeyri-iltihabi genezli anevrizmalarına döş aortası  divarının aterosklerotik, degenerativ dəyişiklikləri səbəb olur.

Döş aortasının enən hissəsinin iltihabi qeyri-spesifik anevrizmaları spesifik endokardit, revmatizm, qeyri-spesifik aortoarteriit, travma və əməliyyatlardan sonra infeksion ağırlaşmalar, infeksiyalaşmış tromblar fonunda; spesifik anevrizmalar isə mikotik zədələnmələr, sifilis (gecikmiş mərhələlərdə) inkişaf edir. Döş aortasının idiopatik anevrizmalarına hamilələrin medionekrozu, Erdheym medionekrozu aiddir.

Piylənmə, siqaretdən istifadə, arterial hipertenziya, yaşın 60-dan yuxarı olması döş aortası anevrizmasının risk amillərinə daxildir. Döş aortasının anevrizmasının patogenezinin əsasını aorta divarının patologiyası, hemodinamikanın parametrləri (qan cərəyanının sürəti, nəbz dalğasının forma və dikliyi) və mexaniki amillər (funksional gərginlik və xroniki travmatizasiya) təşkil edir.

Döş aortasının enən hissəsinin anevrizmasının əlamətləri

Xəstəliyin klinik əlamətlərinin ifadəliliyi döş aortasının qüsurunun lokalizasiyası, ölçüləri və etiologiyasından asılıdır. Döş aortasının anevrizması simptomuz, ağırlaşmayan və ya ağırlaşan gedişə malik olur. Döş aortasının enən hissəsinin anevrizmasının əsas simptomları döş qəfəsi və kürək nahiyəsində aorta divarının zədələnməsi və gərilməsi, qonşu orqanların (qida borusu, mədə, sol ağciyər, fəqərə cisimləri) və sinir uclarının kompressiyası nəticəsində yaranan güclü, dözülməz ağrılardır. Eləcə də qidanın udulmasının çətinləşməsi, gəyirmə, mədədə ağırlıq, disfoniya, davamlı quru öskürək, ağciyərlərdə durğunluq halları (tez-tez təkrarlanan pnevmoniyalar) inkişaf edə bilər. Döş aortasının anevrizması zamanı sinir kələfləri və damarların sıxılması aorta-bazu ağrı sindromu,  bradikardiya, aşağı paraparez və paraplegiyalarla təzahür edən onurğa beyninin işemiyası, çiyin qurşağının sol yarısının ödemi, radikulit və qabırğaarası nevralgiyalara gətirib çıxara bilər.

Döş aortasının enən hissəsinin laylanan anevrizmasının əsas əlaməti  bütün döş qəfəsi böyunca və ya onun sol yarısında baş verən yandırıcı ağrıdır. Ağrılar kürək, sol qabırğaaltı nahiyəyə, eləcə də onurğa sütunu boyunca belə qədər yayılır. Təngnəfəslik (tezləşmiş səthi tənəffüs) və anemiya əlamətləri (dəri və selikli qişaların qeyri-adi solğunluğu) aydın ifadə olunur və sürətlə proqressivləşir.

Döş aortasının enən hissəsinin anevrizmasının cırılması plevra boşluğu, traxeobronxial ağac, sol ağciyər toxuması (ağciyər qanaxmaları), arxa divararalığına massiv qanaxmalarla nəticələnir. Qanhayxırma, hemotoraks, ağciyərin kompression atelaktazı, boyun nahiyəsi və döş qəfəsinin sol yarısının dərialtı toxumalarına qansızmalar anevrizmanın cırılmasının gecikmiş əlamətləridir. Bu fonda kollaps və ya kəksin ürək çatışmazlığı, ağır şok vəziyyəti inkişaf edir, letal sonluq mümkündür.

Döş aortasının enən hissəsinin anevrizmasının diaqnostikası

Döş aortasının enən hissəsinin anevrizmalarında patologiyanın erkən diaqnostikası mühüm əhəmiyyət kəsb edir. Anamnestik məlumatlar və xarici baxış bəzən döş aortasının anevrizmasına şübhənin yarandığı pasiyentlərdə Marfan, Elers-Danlos irsi sindromlarını, sifilislə zədələnmə faktını, kəskin sistemli iltihabi xəstəlikləri, aterosklerozu, döş qəfəsinin travmasını aşkar etməyə imkan verir.

Döş aortasının aterosklerotik anevrizmalarında angioloji müayinədə arterial hipertenziya, nəbzin asimmetrikliyi, periferik arteriyaların proyeksiyasında sistolik küy təyin edilir. Döş qəfəsinin enən hissəsinin anevrizmasında perkusiyada damar kələfinin sola yerdəyişməsini müəyyən etmək mümkündür.

Döş aortasının anevrizmasının diaqnostikasının əsas instrumental üsulu döş qəfəsinin ön-arxa və çəp proyeksiyalarda rentgenoqrafiyasıdır. Bu üsulla divararalığının konturlarının dəyişməsi, əlavə patoloji kölgə hesabına aorta kölgəsinin genişlənməsi, aorta divarının kalsinoz sahələri vizualizasiya olunur. Döş aortasının enən hissəsinin laylanan anevrizması rentgenoqramda orta kölgənin genişlənməsi və aortanın bu hissəsinin sol ağciyərə qeyri-adi qabarması ilə özünü büruzə verir.

Döş aortasının enən hissəsinin anevrizmasının diaqnozunu dəqiqləşdirmək üçün aortoqrafiya, döş aortasının və onun şaxələrinin ultrasəs doppleroqrafiyası (USDQ), elektrokardioqrafiya, fonokardioqrafiya, ExoKQ, döş aortasının KT, mədə və qida borusunun rentgenoqrafiyasından istifadə olunur.

Döş aortasının enən hissəsinin anevrizması bronxların xərçəngi və ya divararalığı şişləri zamanı hemorragik plevrit, ağciyərləein vərəmi, krupoz pnevmoniya, ağciyər arteriyasının emboliyası ilə differensiasiya olunmalıdır.

Döş aortasının enən hissəsinin anevrizmasının müalicəsi

Həyat üçün qeyri-qənaətbəxş proqnozla əlaqədar döş aortasının enən hissəsinin anevrizmaları olan xəstələrdə planlı cərrahi müdaxilə  – döş aortasının anevrizmasının rezeksiyası hər zaman göstəriş sayılır. Zədələnmiş sahə xaric edildikdən sonra allotransplantantın tikilməsi və ya qüsurun sintetik protezlə əvəz edilməsi yerinə yetirilir.  Əməliyyatın mürəkkəbliyi yanaşı gedən ürək-damar və ağciyər patologiyalarından asılıdır.

Döş aortasının məhdud həqiqi və ya psevdoanevrizmalarında az invaziv damardaxili müdaxilələr – aortal stent-qraftın qoyulması (aortanın stentlənməsi) tətbiq oluna bilər. Simptomsuz, ağırlaşmamış, ölçüləri 5sm-dən kiçik iyəbənzər formalı, aterosklerotik və ya iltihab etiologiyalı, bütün perimetr boyunca kalsinozlaşan həqiqi izoləolunmuş anevrizmalar dinamik müşahidə altına alına bilər. Əməliyyata göstərişlər: istənilən ölçülü kisəşəkilli; ağrı sindromu, qonşu orqanların kompressiya əlamətləri və hemodinamikanın pozulmaları ilə müşayiət olunan; postoperasion, anadangəlmə və infeksion genezli anevrizmalar.

Döş aortasının enən hissəsinin periferik arteriyaların emboliyaları, qanaxma, qanhayxırma, melena ilə ağırlaşan anevrizmalarının aşkarlandığı; qüsurun ölçülərinin böyüdüyü və ağrı sindromunun gücləndiyi hallarda təcili cərrahi müdaxilə aparılmalıdır.

Döş aortasının enən hissəsinin laylanan anevrizmalarında adətən təcili cərrahi korreksiya tələb olunmur, lakin belə xəstələrdə uzun müddət arterial təzyiqin normal səviyyədə saxlanılmasını təmin etmək lazımdır. Bu yolla laylanmanın proqressivləşməsinin qarşısı alınır.

Döş aortasının enən hissəsinin anevrizmasının proqnozu

Kardioloji statistik məlumatlara əsasən diaqnoz qoyulduqdan sonra 3 il ərzində xəstələrin 38%-i döş aortasının enən hissəsinin anevrizmasının ağırlaşması səbəbindən dünyasını dəyişir, 5-ci ildə isə bu rəqəm 54%-ə qədər yüksəlir. Pasiyentlərin 40%-də ölüm anevrızmanın cırılması,  35%-də ürək çatışmazlığı, 15-25% -də isə pnevmoniya və ağciyər ağırlaşmaları ilə əlaqədar baş verir.

error: Content is protected !!