Hamilələrdə qısa uşaqlıq boynu

Hamilələrdə qısa uşaqlıq boynu  — orqanın uzunluğunun müvafiq hestasiya dövrü üçün nəzərdə tutulan minimal göstəricilərdən az olması ilə səciyyələnir. Əksər hallarda simptomsuz keçir, USM-skrininq zamanı aşkarlanır. Vaginal ifrazat və qarnın aşağı hissəsində ağrılardan ibarət klinik simptomatikanın yaranması hamiləliyin pozulması riskinin yüksək olmasına dəlalət edir. Diaqnozun qoyulması üçün ginekoloji baxış, servikometriya aparılır, zərurət olduqda hormonal fon təyin edilir. Müalicə kombinəolunmuş olub, tokolitiklərin qəbulu, hormonoterapiya, mamalıq pessariumunun qoyulması və ya servikal kanalın tikilməsindən ibarət olur.

Hamilələrdə qısa uşaqlıq boynu barədə ümumi məlumat

Qısa uşaqlıq boynu— hamiləliyin özbaşına pozulmasının ən çox rast gəlinən səbəblərindən biridir. Mamalıq və ginekologiya sahəsinin mütəxəssislərinin məlumatlarına əsasən gec düşüklər və vaxtından əvvəl doğuşların 15-42%-i bu patologiyanın təsirindən yaranır. Hər 10-cu xəstədə qısa uşaqlıq boynu müşahidə olunur. Diaqnoz adətən hamiləliyin 15-20-ci həftəsində qoyulur. Hestasiyanın 20-ci həftəsində orqanın ölçüsünün 3 sm-dən az olması hamiləliyin davam etdirilməsi üçün kritik sayılır. II trimestrin sonunda uşaqlıq boynunun 2 və daha az sm-ə qədər qısalması pozğunluğun cərrahi yolla korreksiyası üçün birbaşa göstəriş sayılır. Patologiyaya əksər hallarda təkrar doğan qadınlarda rast gəlinir, bu da keçmiş doğuşlarda baş verən travmalarla izah olunur.

Hamilələrdə qısa uşaqlıq boynunun səbəbləri

İstmiko-servikal sahənin əhəmiyyətli dərəcədə qısalması uşaqlıq boynunun toxumalarında gedən patoloji dəyişikliklər və onun tənzimləyici hormonların təsirinə və ya onların konsentrasiyasının yüksəlməsinə qarşı hiperhəssaslığı, böyüyən dölün və onun qişalarının uşaqlığın aşağı seqmentinə təzyiqi zamanı yaranır. Qısalmış uşaqlıq boynunun birbaşa səbəbləri  aşağıdakılardır:

  • Anatomik qüsurlar və mexaniki zədələnmələr. Anatomik qısa boyun genital infantilizm, uşaqlıq və ya servikal kanalın anadangəlmə inkişaf anomaliyalarında müşahidə olunur. Orqanın qısalmasına səbəb olan deformasiyası keçmiş doğuşlar və ya invaziv manipulyasiyalar (diaqnostik qaşınma, abortlar) zamanı qazanılan travmalar nəticəsində baş verə bilər.
  • Hormonal pozğunluqlar. Uşaqlıq boynunun vəziyyətinə hamiləlik dövründə yumurtalıq və plasenta tərəfindən sintez olunan hormonlar təsir göstərir. Əksər hallarda onun qısalması androgenlərin yüksək sekresiyası fonunda izlənilir. Həmçinin patologiyanın yaranması doğuşun yaxınlaşmasına yaxın relaksin hormonunun səviyyəsinin yüksəlməsi ilə əlaqədar birləşdirici toxumanın displaziyası ilə bağlı olur.
  • İstmiko-servikal nahiyəyə təzyiq. Hamiləliyin II trimestrində dölün daha sürətlə böyüməsi nəticəsində uşaqlığın aşağı seqmentinin, daxili əsnəyin gərilmə və uşaqlıq boynunun qısalma ehtimalı artır. Risk amillərinə çoxdöllü hamiləlik və dölyanı mayenin çoxluğu aiddir, belə hallarda uşaqlıq daxilindən onun boynuna təzyiq daha yüksək olur.

Hamilələrdə qısa uşaqlıq boynunun patogenezi

Uşaqlıq boynunun qısalması zamanı patoloji dəyişikliklərin mexanizmi hamiləlik dövrü və uşaqlıq boşluğunda təzyiqin artması ilə əlaqədar onun toxumalarında baş verən dəyişikliklərlə bağlıdır.  Normada mayalanmadan sonra servikal kanal bağlanır, onun selikli qişası qan dövranının güclənməsi sayəsində göyümtül və ödemli olur, uşaqlıq boynunun ölçüləri tədricən artaraq, 28-ci həftədə maksimal böyüklüyə 3,5-4,5 sm-ə çatır. Hamiləliyin sonlarına yaxın uşaqlıq boynu qısalmağa başlayır, açılır və hamarlaşır. Anadangəlmə və ya qazanılmış anatomik qüsurlar, dishormonal təsirlər zamanı servikal kanalın bağlanma funksiyası pozulur. Nəticədə dölün təzyiqi altında uşaqlığın daxili, sonra isə xarici əsnəyi dartılır, uşaqlıq boynu qısalır. Lakin bu zaman boyun hissə yumşalmır və doğuş üçü zəruri olan yetkinlik dərəcəsinə çatmır.

Hamilələrdə qısa uşaqlıq boynunun əlamətləri

Patologiya 80%-dan çox hallarda gizli gedir, hamiləliyin II trimestrində planlı USM-skrininq zamanı aşkarlanır. Sulu və ya qanlı vaginal ifrazat, qarnın aşağı hissəsində zəif ifadəli, dartıcı, prosesin proqressivləşməsindən asılı olaraq güclənən tutmaşəkilli ağrıların yaranması qısa uşaqlıq boynunun olmasına dəlalət edir. Bu cür pozğunluqlar uşaqlıq boynunun bağlanma funksiyasının ifadəli dəyişiklikləri üçün xarakterik olub, hamiləliyin vaxtından qabaq pozulmasının yüksək riski zamanı müşahidə olunur, bu da planlı müayinələrin diaqnostik əhəmiyyətini artırır.

Hamilələrdə qısa uşaqlıq boynunun ağırlaşmaları

Qısa və deformasiyalaşmış uşaqlıq boynunun ən ciddi ağırlaşmalarına istmiko-servikal çatışmazlıq aiddir. Bu patologiya özbaşına düşük və vaxtından qabaq doğuş riskini yüksəldir. Servikal kanalın yetərsizliyi cinsi infeksiyaların qalxan yolla yayılmasına,  endometrit, xorioamnionit, digər iltihabi proseslərin inkişafına gətirib çıxardır. Hamiləliyi sona kimi çatdırılan qısa uşaqlıq boynu olan qadınlarda uşaqlıq yolunun, aralığın cırılması, uşağın intranatal travmalarına səbəb olan sürətli doğuş müşahidə olunur.

Hamilələrdə qısa uşaqlıq boynunun diaqnostikası

Pozğunluğun praktik olaraq simptomsuz gedişi və onun gözlə görünən xarici əlamətlərinin olmaması ilə əlaqədar düzgün diaqnozun qoyulmasında əsas yeri uşaqlıq boynunun ölçüləri, vəziyyəti və formasını dəqiq müəyyən etməyə imkan verən instrumental üsullar tutur. Hamilələrdə tətbiq olunan aşağıdakı metodlar diaqnostik cəhətdən daha informativ sayılır:

  • Ginekoloji baxış. Bu üsulla təkrar doğan və servikal kanalı bütün uzunluq boyunca genişlənən qadınlarda daha yaxşı nəticələr əldə olunur. Vaginal güzgülərin köməyilə uşaqlıq boynunun müayinəsi zamanı xarici əsnəyin diametrinin artması müəyyən olunur. Uşaqlıq boynunun əhəmiyyətli dərəcədə qısalması zamanı xarici əsnəkdən mama-ginekoloqun 1 barmağı keçə və həmin nahiyədən  döl qişaları sallana bilər. Palpasiya orqanın ölçüləri barədə yalnız istiqamətləndirici məlumatlar verə bilir.
  • Servikometriya. Transvaginal USM pozğunluqların diaqnostikasının qızıl standartı sayılır. Bu üsulla uşaqlıq boynunun uzunluğu, xarici və daxili əsnəyin diametri, servikal kanalın vəziyyəti təyin olunur. Transvaginal USM skrininq metodu kimi hestasiyanın 18-22-ci həftəsində olan bütün hamilələrə göstəriş hesab olunur. Ağırlaşmış mamalıq anamnezində uşaqlıq boynunun USM I trimestrdə aparılır. Orqanın qısalmasına şübhə yarandıqda plandan kənar sonoqrafiya tətbiq olunur.
  • Hormonların səviyyəsinin təyini. Patologiyanın inkişafı üçün anatomik səbəblər aşkar olunmadıqda hormonların konsentrasiyasını qiymətləndirmək məqsədilə labarator müayinələr icra olunur. Uşaqlıq boynunun funksional qısalması zamanı androgenlərin səviyyəsinin artması, progesteronun miqdarının azalması izlənilə bilər. Uşaqlıq boynu qısa olan hamilələrin çox az 1 qismində relaksinin konsentrasiyası artır, lakin bu analizin göstəricilərindən çox nadir hallarda istifadə olunur.

Qısa uşaqlıq boynu hamiləliyin vaxtından əvvəl pozulmasının xarakterik əlamətlərinə malik digər patoloji vəziyyətlərlə – normal yerləşmiş ciftin ayrılması, onun infarktı, cift gəlişi, dölyanı mayenin axması ilə differensiasiya edilir. Şübhəli hallarda endokrinoloq, infeksionist, immunoloqun konsultasiyası təyin olunur.

Hamilələrdə qısa uşaqlıq boynunun müalicəsi

Patologiya aşkarlandıqdan sonra həkim taktikası hestasiya müddəti, orqanın qısalma dərəcəsi, hamiləliyin pozulması riskinin olması, mamalıq anamnezinin adəti düşüklər və ya vaxtından qabaq doğuşla ağırlaşmasından asılıdır. Bütün xəstələrə fiziki və emosional yüklənmələrin məhdudlaşdırılması, istirahət və gecə yuxusuna kifayət qədər vaxtın ayrılması  məsləhət görülür. Daha yaxşı nəticələr almaq üçün farmasevtk preparatlar az invaziv texnikalarla kombinə edilir. Belə pozğunluqları olan hamilələrdə  aşağıdakı üsullardan istifadə olunur:

  • Medikamentoz terapiya. Uşaqlığın aşağı seqmentinə olan təzyiqi azaltmaq məqsədilə bandaj taxmaqla yanaşı xəstələrə uşaqlıq əzələsinin tonusunu azaldan spasmolitik və tokolitiklər təyin edilir. Hormonal pozğunluqlar zamanı hormonların sekresiyasını tənzimləyən preaparatlardan istifadə oluna bilər. emosional pozğunluqların korreksiyası üçün sedativ təsiri olan bitki tərkibli vasitələr qəbul edilir.
  • Mamalıq həlqəsinin (pessariumun) qoyulması. Manipulyasiya zamanı uşaqlıq boynuna onu bağlı saxlayan xüsusi vasitə taxılır. Qeyri-cərrahi profilaktika üsulu II-III trimestrdə orqanın azacıq qısalması zamanı effektivdir. Pessarium dölün uşaqlıq boynu nahiyəsinə təzyiqini kompensə etməyə və hamiləliyin uzadılmasına imkan verir. Mamalıq həlqəsi orqanın ölçülərinə əsasən fərdi olaraq seçilir.
  • Servikal serklaj. Uşaqlıq boynunun tikilməsi hamiləliyin 14-25-ci həftəsində yerinə yetirilir. Əməliyyat zamanı servikal kanalın ətrafına onun genişlənməsinin qarşısını alan dairəvi kiset və ya П-şəkilli tikişlər qoyulur. Tikişlər dölyanı mayenın axmasından, doğuş fəaliyyətinin başlamasından, qanaxmaların yaranmasından sonra və ya hestasiyanın 38-ci həftəsində sökülür.

Hamilələrdə qısa uşaqlıq boynunun proqnoz və profilaktikası

Qısalmış uşaqlıq boynu olan qadınlarda hamiləliyin proqnozu patologiyanın aşkar olunma vaxtından və hamiləliyin adekvat aparılma taktikasının adekvat seçilməsindən asılıdır. Həkim təyinatlarının diqqətlə yerinə yetirilməsi, hərəkət rejiminin korreksiyası, yüklənmələrin azaldılması zamanı hamiləliyin 38-40-cı həftəyə kimi uzadılma  ehtimalı  yüksəlir.

Profilaktik məqsədlə hamiləliyin planlaşdırılması, abort və uşaqlıqda aparılan əsassız invaziv müdaxilələrdən imtina, qadın məsləhətxanasında erkən qeydiyyata düşmək və vaxtaşırı USM-skrininqdən keçmək (xüsusən anamnezdə travmatik doğuşlar və uşaqlıq patologiyaları zamanı) məsləhət görülür.

error: Content is protected !!