İkincili sifilis

İkincili sifilis – sifilisin birincili periodunun ardınca yaranan xəstəlikdir. Patologiya böyük polimorfizmə malik disseminəolunmuş səpkilər (rozeola, papula, vezikula, pustula), somatik orqanların, dayaq-hərəkət aparatının, sinir sisteminin zədələnmələri və generalizəolunmuş limfadenitlə xarakterizə olunur. İkincili sifilisin diaqnostikası dəri elementindən ayrılmış materialda, limfa düyünü və onurğa beyni mayesinin punktatında solğun treponemaların aşkar olunması; seroloji reaksiyaların qoyulması ilə aparılır. Müalicə pensillinoterapiya və zədələnmiş daxili orqanların simptomatik terapiyasından ibarətdir.

İkincili sifilis barədə ümumi məlumat

İkincili sifilis solğun treponemalar orqanizmə düşdükdən 2-3 ay sonra, onların qana və limfaya keçməsilə əlaqəli olaraq başlayır. Sifilisin törədiciləri qan və limfa damarları ilə daxili orqanlara, limfa düyünlərinə və sinir sisteminə daşınır, həmin üzvü zədələyir. Orqanizmin immun cavabının təsiri altında solğun treponemaların sporları və sistləri əmələ gələ bilər. Bu formada törədici qeyri-virulent olub ikincili sifilisin gizli formasının inkişafına səbəb olur. İmmun mexanizmlərin aktivliyinin azalması zamanı törədici yenidən patogen, mobil formaya keçir və ikincili sifilisin residivləri şəklində özünü göstərir.

İkincili sifilisin təsnifatı

Erkən ikincili sifilis – birincili sifilisdən sonra inkişaf edir; çoxlu disseminəolunmuş kiçik polimorf səpkilər; sağalma dövründə bərk şankr və poliadenit meydana çıxır. Xəstəlik 2-4 ay davam edir.

Gizli ikincili sifilis kliniki simptomların itməsi ilə xarakterizə olunur və yalnız seroloji müayinələrin müsbət nəticələrinə əsasən aşkar olunur. 3 aya qədər və daha uzun müddət davam edir.

Residivləşmiş ikincili sifilis sifilisin residivləri və gizli dövrlərinin növbələşməsi ilə gedir. Residivlər zamanı səpkilər yenidən yaranır. Lakin  erkən ikincili sifilisdən fərqli olaraq bu səpkilər çoxsaylı, daha iri və qövs, halqa, yarımhalqa və qrilyanda şəkilli qruplarla yerləşir.

İkincili sifilisin simptomları

İkincili sifilis, adətən, KRVİ və ya qrip zamanı meydana çıxan simptomlara bənzəyən ümumi simptomlarla başlayır. Bu, nasazlıq, bədən temperaturunun yüksəlməsi, titrəmə, baş ağrılarıdır. İkincili sifilisin fərqli xüsusiyyəti gecələr güclənən artralgiyalar və mialgiyalardır. Bu prodormal simptomların əmələ gəlməsindən bir həftə sonra ikincili sifilisin dəri əlamətləri özünü göstərir.

İkincili sifilis səpkiləri – ikincili sifilidlər polimorfizmi ilə fərqlənir. Eyni zamanda onlar oxşar xüsusiyyətlərə malikdirlər. Beləliklə, sifilidlər periferik inkişafı olmayan və ətraf toxumaları zədələməyən xoşxassəli, dairəvi formalı və aydın konturlu olub, subyektiv simptomlar (nadir hallarda zəif qaşınma qeyd olunur) və kəskin iltihab əlaməti, yəni çapıqla sonlanmayan gedişata malik olurlar. İkincili sifilidlərdə böyük konsentrasiyada solğun treponemalar yaşayır və bununla da onlar ikincili sifilisli xəstənin yüksək infeksion təhlükəliliyini təmin edir.

İkincili sifilisdə səpkilərin daha çox yayılmış forması sifilitik rozeola və ya ləkəli sifiliddir. Bu forma diametri 10 mm olan dairəvi solğun-çəhrayı rəngli ləkələrlə büruzə verir. Bu ləkələr adətən, ətraflarda və gövdədə lokalizasiya olunur, lakin üzdə, əllərdə və pəncədə də rastlana bilər. İkincili sifilis zamanı rozeolalar tədricən, həftə ərzində gündə 10-12 ədəd olmaqla yaranır. Rozeolalar üçün təzyiq etdikdə itməsi xarakterikdir. İkincili sifilisin rozeoloz səpkili nadir formalarına pilinq edən və qalxan rozeolalar aiddir. Birincidə kiçik mərkəzi batıq və lövhəşəkilli pulcuqlarla örtülüdür, ikincidə isə ümumi dəri səthindən qabaran və onu qabarcıqlara bənzədən səpkilər müşahidə olunur.

İkincili sifilis zamanı yayılmasına görə ikinci yerdə papulyoz sifilid dayanır. Onun tipik forması lentikulyar formadır. Bu zaman diametri 3-5 mm olan çəhrayı və ya mis rəngli  sıx-elastik papulalar əmələ gəlir. Tədricən papulanın mərkəzində periferiyaya doğru yayılan pilinq (epitelinin tökülməsi) başlayır. Patologiya üçün “Biett yaxası”  xarakterikdir; bu zaman papulanın periferiyasına doğru pilinq baş verir, eyni zamanda mərkəzində bu proses artıq bitmiş olur. Papula yerində uzun müddət qalan hiperpiqmentasiya ilə sonlanır. Papulyoz sifilisin daha nadir formalarına seboreyalı, pulşəkilli, psoriaz formalı, syphilis papulosa madidans, ovuc və ayaqaltının papulyoz sifilidi, həmçinin enli kondiloma aiddir.

İkincili sifilis səpkilərinin nadir forması pustulyoz sifiliddir. Onlar, adətən, zəifləmiş pasientlərdə (vərəmli pasientlər, narkomanlar, alkoqoliklər) meydana çıxır, ikincili sifilisin daha ağır gedişli formasıdır. Pustulyoz sifilid üçün sarımtıl qabıqcıqların yaranması ilə quruyan irinli eksudat xarakterikdir. Kliniki mənzərə piodermiyanı xatırladır. İkincili sifilisin pustulyoz formasının impetiqoz, sızanaqşəkilli, ektimatoz, suçiçəyi səpkilərinə bənzər, rupoid formaları ola bilər

Residivləşmiş ikincili sifilisdə piqmentli sifilid (sifilitik leykoderma) müşahidə oluna bilər. Bu zaman boynun yan və arxa nahiyələrində dairəvi ağımtıl ləkələr əmələ gəlir və  bu səbəbdən patologiya “Veneranın boyunbağı” adlandırılır.

İkincili sifilisin dəri təzahürləri limfatik düyünlərin generalizə olunmuş böyüməsi (limfadenit) ilə müşayiət olunur. Böyümüş boyun, qoltuqaltı,  femoral, qasıq limfa düyünləri ağrısız qalır və ətraf toxumalara birləşmir. Saç köklərinin qidalanmasının pozulması diffuz və ya ocaqlı alopesiyanın inkişafına səbəb olan saç tökülməsinə gətirib çıxarır. Tez-tez ağız boşluğu (ağız boşluğunun sifilisi) və qırtlağın selikli qişasının zədələnməsi qeyd olunur. Sonuncu ikincili sifilisli xəstələrdə xarakterik səsi batıqlığı təmin edir.

Somatik orqanlar tərəfindən əsasən funksional dəyişikliklər müşahidə olunur. Bu dəyişikliklər müalicə ilə qısa zamanda keçib gedir, gizli ikincili sifilisdə isə olmur. Qaraciyərin zədələnməsi onun ağrılı olması və böyüməsi, həmçinin qaraciyər sınaqlarının mənfi göstəriciləri ilə özünü göstərir. Tez-tez qastrit və mədə-bağırsaq traktının diskineziyası müşahidə olunur. Böyrəklər tərəfindən proteinuriya və lipoid nefrozun əmələ gəlir; sinir sisteminin zədələnməsi həssaslıq və yuxunun pozulması ilə özünü büruzə verir. İkincili sifilisli bəzi pasientlərdə terapiyaya asanlıqla təslim olan sifilitik meningit müşahidə olunur. Sümük sisteminin osteoperiostit və periostit kimi zədələnmələrinin inkişafı mümkündür. Bu zaman əsasən gecələr ətrafların sümüklərində ağrılar meydana çıxır, lakin sümük deformasiyaları müşahidə olunmur.  İkincili sifilisdə ayrı-ayrı kliniki hallarda otit, quru plevrit, retinit, neyrosifilis müşahidə oluna bilər.

İkincili sifilisin diaqnostikası

İkincili sifilisin rəngarəng kliniki mənzərəsi poliadenopatiya ilə müşayiət olunan diffuz səpkili hər bir pasientin sifilisə görə müayinəsini tələb edir. İlk növbədə dəri elementlərindən ayrılan material solğun treponemaların mövcudluğunu təyin etmək üçün   müayinə olunmalı və RPR-test aparılmalıdır. Solğun treponemaları limfatik düyündən punksion biopsiya ilə götürülmüş materialda da təyin etmək olar. Lyumbal punksiya ilə onurğa beyni mayesindən götürülmüş materialın müayinəsi ilə ikincili sifilisin erkən mərhələsində və residivlər zamanı törədicilər aşkar olunur.

Əksər pasientlərdə ikincili sifilis zamanı seroloji reaksiyalar (TPİT, İFR, PHQR) müsbət olur. Yalançı mənfi reaksiyalar yalnız 1-2% təşkil edir və bu, serumun durulaşdırılması nəticəsində yüksək antitel titrinin azalması ilə əlaqəlidir.

Daxili orqanlar tərəfindən kliniki əlamətlər meydana çıxarsa, əlavə olaraq qastroenteroloq, uroloq, okulist, nevroloq, otolarinqoloq konsultasiyası; abdominal USM, qastroskopiya, farinqoskopiya, böyrəklərin USM-i, ağciyərlərin rengenoqrafiyası və s. aparıla bilər.

İkincili sifilisin differensial diaqnostikası

İkincili sifilisdə səpkilərin geniş polimorfizmi onu başqa xəstəliklərdən differensiasiya etmək üçün böyük bir siyahını qarşıya şərt qoyur. Bu siyahı səpkilərlə müşayiət olunan infeksion xəstəliklər (məxmərək, qızılca, səpkili yatalaq, qarın yatalağı, suçiçəyi və .), dermatoloji xəstəliklər (toksikodermiya, psoriaz, qırmızı yastı dəmrov, dəri vərəmi, sızanaqlar), göbələk xəstəlikləri (əlvan dəmrov, Gibertin çəyrayı dəmrovu, kandidoz), dərinin infeksion xəstəliklərindən (vulqar ektima, streptokok mənşəlli impetiqo) ibarətdir. İkincili sifilisin geniş kondilomalarını İPV ilə əlaqəli itiuclu kondilomadan fərqləndirmək vacibdir. Selikli qişaların zədələnməsi aftoz stomatit, leykoplakiya, qlossit, sistemli qırmızı qurdeşənəyi, angina, laringit, vaginal kandidozla differensiasiya olunur.

İkincili sifilisin müalicəsi

İkincili sifilisin müalicəsində birincili sifilisin müalicəsində istifadə olunan preparatlar tətbiq olunur. Somatik orqanların zədələnmələri zamanı əlavə olaraq simptomatik vasitələr də istifadə olunur. İkincili sifilisin müalicəsində hidrofil (suda həll olan) penisillin daha effektivdir. Belə ki, müalicə müddətində onun qanda lazımi konsentrasiyası saxlanır. Lakin belə müalicə metodu yalnız stasionar şəraitdə aparılmalıdır; çünki preparat hər 3 saatdan bir əzələdaxili yeridilməlidir.

Adekvat müalicə sxeminə riayət olunmaması və ya müalicənin davametmə müddəti kifayət qədər olmaması xəstəliyin sonrakı inkişafına və onun növbəti mərhələyə – üçüncülü sifilisə keçməsinə gətirib çıxarır.

error: Content is protected !!