Kataral proktit
Kataral proktit – düz bağırsağın kəskin iltihabi xəstəliyidir. Patologiya izoləolunmuş şəkildə və ya mədə-bağırsaq traktının digər xəstəliklərinin ağırlaşması kimi meydana çıxır. Kataral proktit düz bağırsaqda göynəmə hissi, müxtəlif intensivlikli ağrılarla təzahür edir. Ağrılar aralıq və bel nahiyəsinə yayılır. Xəstələr aldadıcı defekasiya çağırışlarından şikayət edir. Onlarda bədən temperaturu yüksəlir, ümumi intoksikasiya əlamətləri yaranır. Diaqnoz barmaqla rektal müayinə, anoskopiya, rektoromanoskopiya, kolonoskopiya, koproqramma və nəcisin bakterioloji əkilməsinin nəticələrinə əsasən qoyulur. Müalicə konservativ yolla aparılır. Cərrahi müdaxilə yalnız ağırlaşmalar baş verdikdə icra olunur.
Kataral proktit barədə ümumi məlumat
Kataral proktit – düz bağırsağın selikli qişasının iltihabi xəstəliyi olub, ağrı, hipertermiya və ümumi vəziyyətin pisləşməsi ilə səciyyələnir. Xəstələrin əksər hallarda həkimə vaxtında müraciət etməməsi ilə əlaqədar patologiyanın populyasiyada yayılmasını izləmək çətinləşir. Bundan əlavə kataral proktit çox zaman mədə-bağırsaq traktının əsas xəstəliyini müşayiət etdiyindən onun ağırlaşması kimi qeyd olunur. Patologiya yoğun bağırsaq xəstəliklərinin, eləcə də qeyri-düzgün qidalanma fonunda qəbizlik və kolitin çox rast gəlindiyi ölkələrdə daha geniş yayılmışdır. Hər iki cinsin nümayəndələrinin xəstəliyə tutulma halları demək olar ki, bərabərdir. Kataral proktita bəzən uşaqlarda təsadüf edilir.
Kataral proktitin yaranma səbəbləri
Kataral proktit polietioloji xəstəlikdir. Patologiya adətən müxtəlif bağırsaq infeksiyaları, məsələn, dizenteriya, kampilobakterioz zamanı inkişaf edir. Həmçinin kataral proktitin əlamətləri xlamidioz, sitomeqalovirus, herpetik infeksiyalarda müşahidə edilir. Bəzi zöhrəvi xəstəliklər – sifilis, qonoreya kataral proktit tipi üzrə gedə bilir. Bundan əlavə patologiya vərəm və parazitar infeksiyaların gedişini ağırlaşdırır.
Kataral proktit əksər hallarda düz bağırsağın zədələnməsi nəticəsində inkişaf edir. Travmalara cərrahi müdaxilələr, qəbizlik zamanı bərk nəcis kütlələri və ya düz bağırsağa düşən yad cisim səbəb olur. Kataral proktit mədə-bağırsaq traktının digər xəstəliklərinin (hepatit, qastrit, pankreatit, kolit) ağırlaşması kimi formalaşa bilər. Patologiyanı çox vaxt qan dövranının pozulması ilə əlaqələndirirlər. Belə hallara aşağı ətrafların varikoz xəstəliyi və venoz çatışmazlığı zamanı hemorroidal venalarda durğunluq, ürək çatışmazlığında qan dövranının ümumi pozğunluqlarını misal göstərmək olar.
Kataral proktit – kəskin və ya xroniki şüa xəstəliyinin təzahürü, şüa terapiyasının tez-tez rast gəlinən fəsadı sayılır (radiasion proktit). Bəzi preparatların qəbulu düz bağırsağın iltihablaşmasına gətirib çıxara bilər. Ən nəhayət, kataral proktit müxtəlif autoimmun patologiyalar, əsasən Kron xəstəliyi, qeyri-spesifik xoralı kolit zamanı yarana bilir. Provokasiyaedici amillər qismində soyuqlama, infeksion xəstəliklər, qəbizlik, qonşu orqanlarda gedən iltihabi proseslər, travmalar iştirak edir.
Kataral proktitin təsnifatı
Kəskin kataral proktit zamanı düz bağırsağın selikli qişası iltihablaşır. Onun üzərində nöqtəvi qansızmalar müşahidə oluna bilər. Müasir proktologiyada xəstəliyin 3 forması ayırd edilir: sadə kataral, kataral-irinli və kataral-hemorragik. Kataral forma toxumanın ifadəli ödemi, hiperemiya və ağrı ilə xarakterizə olunur; selikli qişanın üzərində ərp və qanaxma hallarına rast gəlinmir. İrinli formada selikli qişa fibrinoz və ya irinli ərplə örtülür. Hemorragik kataral proktit üçün geniş sahəni əhatə edən hemorrogiyalar, qanaxma izləri səciyyəvidir. Hər üç forma çoxlu miqdarda selik ifrazı ilə müşayiət olunur.
Kataral proktitin əlamətləri
Xəstəliyin ilkin əlaməti ağrı sindromudur. Başlanğıcda ağrı düz bağırsaq nahiyəsində lokalizasiya olunur və defekasiya zamanı daha da güclənir. Bir müddətdən sonra ağrı aralıq nahiyəsinə, cinsiyyət dodaqları və ya xayalığa yayılır. Pasiyentlərin bir qismində ağrı kürəyə irradiasiya edir. Həmçinin xəstələrdə defekasiya çağırışları tezləşir, lakin belə hallarda nəcis əvəzinə yalnız selik (bəzən irin və qan qarışıqlı) ifraz olunur. İfrazatların xarakteri kataral proktitin formasından asılıdır.
Bədən hərarəti qısa müddət ərzində subfebril və ya febril rəqəmlərə qədər yüksəlir. Qızdırma fonunda ümumi intoksikasiya əlamətləri: baş ağrıları, halsızlıq, tez yorulma, iştahsızlıq, bəzən isə ürəkbulanma yaranır. Eləcə də vaxtaşırı ishalla növbələnən qəbizlik müşahidə edilir. Xəstələrdə qanaxmalar baş verə bilər. Kəskin kataral proktit çox sürətlə (1-2 gün müddətində) inkişaf edir.
Həkim-proktoloqun baxışı zamanı anus nahiyəsində hiperemiya və qıcıqlanma aşkarlanır. Bəzən bu əlamətlər yanlış olaraq, anal çat kimi qiymətləndirildiyindən barmaqla rektal müayinənin aparılması mütləqdir. Baxış zamanı xəstədə kəskin ağrı yaranır, anusdan selik, bəzi hallarda irin və ya qan laxtaları ifraz olunur.
Kataral proktitin ağırlaşmaları
Kəskin kataral proktit pelvioperitonit (kiçik çanaq nahiyəsində peritonun iltihabı), paraproktit, kataral siqmoidit və kolitlə ağırlaşa bilir. Bu problemlərlə əlaqədar gələcəkdə strikturalar, polip və bədxassəli şişlər inkişaf edə bilər. Kataral proktitin ən geniş yayılmış fəsadı – düz bağırsağı dəri ilə birləşdirən rektal fistuladır. Bu zaman nəcis kütlələri və selik dəri səthinə xaric olunur.
Kataral proktitin diaqnostikası
Kataral proktit əksər hallarda anoskopiya və ya rektoromanoskopiya zamanı aşkarlanır. Bu üsulların köməyilə düz və S-varı bağırsağın distal hissəsi müayinə olunur. Kataral proktit zamanı hiperemiyalaşmış və iltihablaşmış selikli qişa müşahidə edilir. Bəzi sahələrdə nöqtəvi hemorragiyalar vizualizasiya olunur. Bağırsağın mənfəzində külli miqdarda selik (bəzən irin və qan qarışıqlı) izlənilir. Ehtiyac yarandıqda lazımi hissələrdən biopsiya götürülür.
Kolonoskopiya yoğun bağırsağın bütün şöbələrinin müayinəsinə, onun digər hissələrində iltihab əlamətlərinin aşkarlanmasına, xoralı kolit, Kron xəstəliyi, bədxassəli şiş, polip və s. patologiyaların inkar edilməsinə kömək edir.
Laborator müayinələrdən koproqramma, nəcisin bakterioloji əkilməsi və onun qurd yumurtalarına görə analizi yüksək informativliyi ilə seçilir. Koproqramma vasitəsilə xəstəliyin formasını (kataral, kataral-hemorragik, kataral-irinli) təyin etmək, eləcə də həzm pozğunluqlarını üzə çıxarmaq mümkündür. Nəcisin bakterioloji müayinəsində törədicinin növü və antibakterial preparatlara qarşı həssaslıq dəqiqləşdirilir. Nəcisin qurd yumurtalarına görə analizi kataral proktitin parazitar mənşəyini inkar etməyə imkan verir.
Kataral proktitin müalicəsi
Xəstəlik adətən konservativ yolla müalicə olunur. Pasiyentlərə ilk növbədə pəhriz təyin edilir. Rasiondan kəskin, qızardılmış, düzlu və hisə verilmiş qidalar, o cümlədən sellüloza ilə zəngin məhsullar (tərəvəz, meyvə, sıyıqlar) çıxarılır. Spirtli içkilər qadağan edilir. Rasionun əsasını yağsız ət, balıq, süd məhsulları təşkil edir.
Əsas terapiya antibiotiklərin qəbuluna əsaslanır. Bu məqsədlə geniş təsir spektrinə malik preparatlar, flüorxinolonlar tətbiq edilir. Floranın bu və ya digər antibiotiklərə qarşı həssaslığı təyin edildikdən sonra müalicə korreksiya olunur. Gigiyenik tədbirlər, çobanyastığı və gülümbaharla müalicəvi mikroimalələr, ot dəmləmələri və ya antiseptiklərlə oturaq vannalar müsbət nəticələr verir. Həmçinin xəstələrə antiseptik və iltihabəleyhinə təsirlərə malik yağ şamlar məsləhət görülür.
Kataral proktitin ağırlaşmaları – paraproktit, lokal peritonit, anal fistula, medikamentoz müalicəyə tabe olmayan lənggedişli formalar cərrahi müdaxiləyə göstəriş sayılır. Kataral proktitə bədxassəli şiş və ya polip səbəb olduqda əməliyyat aparılır.
Kataral proktitin proqnoz və profilaktikası
Kataral proktitin proqnozu qənaətbəxşdir. Patologiya əksər hallarda (xüsusən sadə kataral forma) konservativ yolla müalicə olunur. İrinli və hemorragik formalara nadir hallarda rast gəlinir. Xəstəlik xroniki formaya keçdikdə və ya fəsadlaşdıqda proqnoz pisləşir. Kataral proktit bu və ya digər patologiyanın ağırlaşması kimi inkişaf etdikdə proqnoz əsas xəstəliyin gedişindən asılı olur.
Xəstəliyin profilaktik tədbirlərinə düzgün qidalanma, spirtli içkilərin və kəskin qida qəbulunun məhdudlaşdırılması aiddir. Bundan əlavə gigiyena qaydalarına riayət olunmalı, soyuqlama halları və anal nahiyənin travmaları uzaqlaşdırılmalı, fiziki aktivlik artırılmalıdır. Kataral proktitə səbəb olan xəstəliklərin vaxtında aşkarlanması və müalicəsi düz bağırsağın iltihabının qarşısını alır.