Kataral siqmoidit
Kataral siqmoidit – S-vari bağırsağın iltihabi xəstəliyidir. Patologiya bağırsaq divarının yalnız səthi qatlarının prosesə cəlb olunması və epitelin tamlığının pozulmaması ilə xarakterizə edilir. Kataral siqmoidit sol qalça nahiyəsində ağrı, nəcisin konsistensiyasının dəyişməsi, pasiyentin ümumi vəziyyətinin pisləşməsi ilə təzahür edir. Diaqnostika prosesində qan və nəcisin ümumi analizi, S-vari bağırsağın endoskopiyası və biopsiyası, irriqoskopiya, qarın boşluğu orqanlarının icmal rentgenoqrafiyası yerinə yetirilir. Kataral siqmoiditin müalicəsi antibiotiklər və eubiotiklərin təyinindən, iltihabəleyhinə terapiyanın aparılmasından ibarətdir.
Kataral siqmoidit barədə ümumi məlumat
Kataral siqmoidit – S-vari bağırsağın izoləolunmuş səthi iltihabıdır. Patoloji dəyişikliklər bağırsaq divarının yalnız epitel qatında baş verir. Siqmoidit müstəqil şəkildə və ya yoğun bağırsağın digər xəstəlikləri fonunda inkişaf edə bilir. Əksər hallarda patologiya proktitlə birgə müşahidə edilir (proktosiqmoidit). Siqmoiditin I pik dövrü 15-30, II isə 50-55 yaşlara təsadüf edir. Bu patologiya istənilən yaş dövründə qeydə alınır.
Kataral siqmoiditin yaranma səbəbləri
Kataral siqmoidit müxtəlif patoloji vəziyyətlər fonunda inkişaf edə bilər. Bir sıra hallarda xəstəlik bağırsaq infeksiyaları – dizenteriya, amöbiaz və s. zamanı yaranır. Bundan əlavə xroniki kataral siqmoidit bağırsaq disbakteriozu ilə assosiasiyalı ola bilər. Bəzən qarın boşluğunda qan dövranın pozulması işemik siqmoiditə gətirib çıxarır. Bir çox insanlarda kataral siqmoidit bağırsağın ağır formalı qeyri-spesifik patologiyaları: Kron xəstəliyi, qeyri-spesifik xoralı kolit zamanı aşkarlanır. Radiasion şüalanmaya məruz qalan şəxslərdə də bu xəstəliyə rast gəlinə bilər.
Kataral siqmoiditin inkişafında xarici mühit amilləri və infeksion agentlərlə yanaşı irsi meyllik mühüm rol oynayır. Müasir proktologiya sahəsinin mütəxəsisləri tərəfindən sübut edilmişdir ki, 17% hallarda xəstəlik genetik determinasiya nəticəsində formalaşır. Çox vaxt kataral siqmoiditin səbəbini müəyyən etmək çətinlik törədir. Lakin onu da qeyd etmək lazımdır ki, terapiyanın effektivliyi məhz etiologiyanın düzgün təyin olunmasından asılıdır.
Kataral siqmoiditin əlamətləri
Kataral siqmoiditin simptomları müxtəlif amillərdən, xüsusən xəstəliyin gedişindən (kəskin və ya xroniki), motorikanın pozulma növündən (hiperkinetik, hipokinetik), ağırlaşmalardan asılı olaraq dəyişir. Lakin kataral siqmoditin bütün formalarına xas olan tipik əlamətlər mövcuddur. Xəstəlik bir qayda olaraq, ağrı sindromu, nəcisin konsistensiyasının dəyişməsi və xəstənin ümumi vəziyyətinin pozulması ilə müşayiət edilir. Siqmoidit zamanı ağrı əsasən qarnın sol-aşağı kvadrantında lokalizasiya olunur. İntensiv ağrı sol ayağa irradiasiya edir.
Bəzən ağrının kəskin olması appendisitin əlamətini xatırladır. S-vari bağırsaq mobilliyi ilə seçilir. Bu orqan nadir hallarda sağa doğru yerini dəyişərək, qarnın sağ yarısında ağrının yaranmasına səbəb olur. Kataral siqmoidit zamanı nəcis ifrazından sonra və aktiv hərəkətlər zamanı ağrı daha da güclənir.
Xəstəliyin digər mühüm əlaməti nəcisin konsistensiyasının dəyişməsidir. Bu hal qəbizlik və ya diareya ilə təzahür edir. Pasiyentlər tez-tez baş verən aldadıcı defekasiya çağırışlarından (tenezm) şikayətlənir. Bir sıra xəstələrdə tenezm zamanı az miqdarda selik, irin, hətta qan ifraz olunur. Kataral siqmoiditdə nəcis adətən sulu konsistensiyaya malik olur. İfrazatlar çox vaxt ət suyuna bənzəyir. Xəstəlik uzun müddət davam etdikdə və müalicə düzgün şəkildə aparılmadıqda kataral siqmoidit orqanizmin ümumən tükənməsinə gətirib çıxara bilər. Halsızlıq, başgicəllənmə və bədən çəkisinin itirilməsi siqmoiditin ağır gedişindən xəbər verir.
Kataral siqmoiditin 2 forması ayırd edilir: kəskin və xroniki. Birinci halda xəstəlik sürətlə inkişaf edərək, intensiv ağrı sindromu ilə özünü büruzə verir. Belə vəziyyətlərdə siqmoidit digər kəskin abdominal patologiyalarla, məsələn, appendisit, böyrək sancısı və ginekoloji xəstəliklərlə differensiasiya edilməlidir. Diareya ilə yanaşı xəstələrdə hərarət yüksəlir, qusma, ürəkbulanma yaranır, ümumi vəziyyət nəzərə çarpacaq dərəcədə pozulur. Xəstəliyin xroniki forması kəskinləşmə və remissiya dövrləri gedir. Kəskinləşmə dövrləri siqmoiditə xas olan tipik simptomatika ilə müşayiət edilir. Xəstəliyin kəskinləşməsi qidalanmada yol verilən səhvlər, soyuqlama və emosional gərginliklərlə bağlı olur.
Kataral siqmoiditin ağırlaşmaları
Kataral siqmoidit eroziya, xora və bağırsaq qanaxmaları ilə ağırlaşa bilər. Xəstəliyin ən ağır fəsadı qonşu orqan və toxumaların patoloji prosesə cəlb olunması və bitişmə xəstəliyinin inkişafı ilə səciyyələnən perisiqmoiditdir.
Kataral siqmoiditin diaqnostikası
Kataral siqmoiditin diaqnostikası həkim-proktoloq tərəfindən aparılır. Xəstəlik bağırsağın digər iltihabi prosesləri: qeyri-spesifik xoralı kolit, qıcıqlanmış bağırsaq sindromu, paraproktit, dizenteriya, disbakteriozla differensiasiya edilir. Diaqnozun qoyulması üçün şikayətlər və anamnez təhlil edilir, qarnın ön divarı palpasiya olunmaqla baxış keçirilir. Bu tip sadə klinik müayinələr əsasında prosesin lokalizasiyası dəqiqləşdirilir. Laborator üsullar arasında qanın ümumi analizi, koproqramma və nəcisdə gizli qanın təyininə üstünlük verilir. Bağırsaqda ifadəli iltihabi proses zamanı qanın ümumi analizində leykositoz, EÇS-nin yüksəlməsi, çöpnüvəli leykositlərin miqdarının artması müşahidə edilir. Kataral siqmoiditdə nəcisin gizli qana görə analizi adətən mənfi olur.
İnstrumental müayinə üsullarından yoğun bağırsağın endoskopiyası: rektosiqmoskopiya və kolonoskopiya geniş tətbiq edilir. Kataral siqmoidit zamanı S-vari bağırsağın selikli qişasında hiperemiya müşahidə olunur, xora və eroziyaya rast gəlinmir. Yoğun bağırsaq xərçəngini inkar etmək üçün endoskopiya zamanı biopsiya götürülür. Kataral siqmoiditi bağırsaq keçməməzliyindən fərqləndirmək məqsədilə qarın boşluğunun icmal rentgenoqrafiyası və irriqoskopiya icra olunur. Qadın cinsiyyət sisteminin iltihabi xəstəliklərinin differensial diaqnostikası üçün kiçik çanaq orqanlarının ultrasəs müayinəsinin aparılması məsləhət görülür.
Kataral siqmoiditin müalicəsi
S-vari bağırsağının iltihabının müalicə prinsipləri xəstəliyin etiologiyasından asılıdır. Bağırsaq infeksiyalarının səbəb olduğu siqmoiditin müalicəsində antibakterial terapiya tətbiq edilir. Siprofloksasin, ampisillin və tetrasiklin daha effektiv sayılır. Antibiotikoterapiya bağırsaq antiseptikləri ilə tamamlanır.
Xəstələrə antibakterial terapiya ilə yanaşı bağırsağın normal mikroflorasını bərpa edən eubiotiklər və probiotiklərin təyin olunur. Kataral siqmoidit yoğun bağırsağın ağır qeyri-spesifik xəstəlikləri fonunda inkişaf etdikdə onun müalicəsi iltihabəleyhinə preparatlar: sulfasalazin, prednizolon, metilprednizolonla aparılır. Xəstəliyin ağır formalarında dezintoksikasion infuzion terapiya (duz məhlullarının və plazma əvəzedicilərinin damardaxili yeridilməsi) tətbiq edilir.
İşemik kataral siqmoiditin müalicəsi analoji prinsiplərə əsaslanır. Standart terapiyanın qeyri-effektivliyi bağırsağı qiadalandıran aşağı müsariqə arteriyasının şaxələrinin angioplastikasına göstəriş sayılır. Xəstəliyin etiologiyasından asılı olmayaraq, xəstələrə №4-li pəhriz (rasiondan qızardılmış və hisə verilmiş qidaların çıxarılması, duz və yağların miqdarının azaldılması) məsləhət görülür.
Kataral siqmoiditin tam müalicəsi üçün minimum 1 ay davam edən bir neçə terapiya kursları aparılmalıdır.
Kataral siqmoiditin proqnoz və profilaktikası
Kataral siqmoidit dügün müalicəsi olunduqda proqnoz qənaətbəxş hesab edilir. Əks halda xəstəlik düz bağırsağa və yoğun bağırsağın digər şöbələrinə yayıla bilər.
Kataral siqmoiditin profilaktikası bağırsaq infeksiyalarının erkən diaqnostika və müalicəsindən, antibiotikoterapiya ilə assosiasiyalı disbakteriozun aradan qaldırılmasından ibarətdir.