Qlaukomasiklitik kriz

Qlaukomasiklitik kriz – gözün paroksizmal xoşxassəli hipertenziyasıdır. Onun xarakterik əlamətlərinə dumanlı görmə, gözdaxili təzyiqin qəflətən yüksəlməsi və buynuz qişada presipitatların (çöküntülər) yaranması aiddir. Diaqnostika prosesində tonometriya, biomikroskopiya, oftalmoskopiya, qonioskopiya, perimetriya və elektron tonoqrafiyadan istifadə olunur. Hipertenziyanın əlamətlərini tez bir zamanda aradan qaldırmaq üçün beta-adrenoblokatorlar təyin edilir. Patogenetik terapiya qlükokortikosteroidlər, antihistamin preparatlar və qeyri-steroid iltihabəleyhinə vasitələrin köməyilə aparılır.

Qlaukomasiklitik kriz barədə ümumi məlumat

Qlaukomasiklitik kriz (Kraup-Pozner-Şlossman sindromu) ilk dəfə 1948-ci ildə amerikalı oftalmoloq A.Poznerlə alman pediatoru və biokimyaçı A.Şlossman tərəfindən təsvir olunmuşdur. Patologiyaya adətən 30-50 yaşlarda rast gəlinir. 14,5% hallarda gözdaxili təzyiqin qəfil yüksəlməsi 30 yaşdan kiçik şəxslərdə müşahidə olunur. Uşaqlarda gözün paroksizmal hipertenziyası uzunmüddətli ön uveitin nəticəsi kimi meydana çıxa bilər. Qadınlarla müqayisədə kişilər qlaukomasiklitik krizə daha çox meylli olur.

Qlaukomasiklitik krizin yaranma səbəbləri

Xəstəliyin etiologiyası sona qədər öyrənilməmişdir. Qlaukomasiklitik krizin mənşəyini izah edən 2 əsas hipotez mövcuddur. Birinci nəzəriyyəyə əsasən gözdaxili təzyiqin qəfil yüksəlməsi siliar cismin allergik ödemi ilə əlaqədar baş verir. Allergiyanı törədən trigger amillər müəyyən edilməmişdir. İkinci hipotezin tərəfdarları Pozner-Şlossman sindromunu simptomatik uveal hipertenziyanın bir forması kimi qələmə verirlər. Onlar etioloji amil qismində göz almasının damarlı qişasının iltihabını irəli sürürlər.

Qlaukomasiklitik krizin patogenezi

Birincili qlaukomasiklitik krizin inkişaf mexanizminin əsasını siliar cismin allergik ödemi təşkil edir. Allergenin təsirinə qarşı plazmositlər tərəfindən immunoqlobulin E sintezi güclənir. Mastositlər və bazofillərin deqranulyasiyası zamanı histamin, sitokin, leykotrien və prostaqlandinlər ifraz olunur. Bu iltihab mediatorları damarların genişlənməsinə səbəb olur. Bir müddətdən sonra iltihab ocağına neytrofil, limfosit, makrofaq və eozinofillər miqrasiya edir. Nəticədə eksudasiya artır.

Uveal hipertenziya zamanı gözdaxili təzyiq gözün damarlı qişasının ön seqmentinin iltihabı və vazodilatasiya ilə əlaqədar yüksəlir. Ön uveitin latent gedişində xəstəliyin klinik simptomatikası zəif ifadə olunduğundan ilk baxışdan göz sağlam görünür. Konyunktiva damarlarının cüzi genişlənməsi və göz önündə bulanıqlığın yaranması uveitin xroniki gedişindən xəbər verir. Tez-tez təkrarlanan qlaukomasiklitik krizlər qüzehli qişada distrofik dəyişikliklərə gətirib çıxarır.

Qlaukomasiklitik krizin əlamətləri

Patologiya adətən bir gözdə inkişaf edir. Pasiyentlər qlaukomasiklitik krizi qənaətbəxş fonda qəflətən baş verən spesifik tutma kimi qiymətləndirirlər. Xəstələr əsasən dumanlı görmədən şikayət edirlər. İşıq mənbəyinə baxdıqda onun ətrafında rəngli dairələr formalaşır. Gözətrafı nahiyəyə və ya göz qapaqlarına toxunduqda güclü diskomfort hissi ağrı sindromu ilə əvəz olunur. Vizual baxış zamanı konyunktivanın qızarması və bəbəyin genişlənməsi nəzərə çarpır. Əksər hallarda pasiyentlər zədələnmiş gözün görmə aktında iştirakını məhdudlaşdırmaq üçün onu əllə örtürlər.

Tutma 24 saata qədər davam edə bilər. Kriz başa çatdıqdan sonra bütün əlamətlər aradan qalxır. Növbəti tutmaya qədər pasiyent özünü sağlam hiss edir. Remissiya dövrü geniş hüdudlarda (2-3 həftədən bir neçə ilə qədər) variasiya edir. Yaş artıqca əlamətlərə az rast gəlinir. Yaşlı xəstələr gözün rənginin açıqlaşmasını qeyd edirlər. Qlaukomasiklitik kriz adətən ağırlaşmalara səbəb olmur. Lakin birincili qlaukomaya genetik meylli pasiyentlərdə optik neyropatiyanın proqressivləşmə riski müşahidə edilir.

Qlaukomasiklitik krizin diaqnostikası

Diaqnoz anamnestik məlumatlar və müayinələrin nəticələri əsasında qoyulur. Anamnezdən bu tip epizodların əvvəllər də baş verdiyi aşkarlanır. Görmə itiliyi norma səviyyəsində olur. Qlaukomasiklitik krizin spesifik müayinə üsullları aşağıdakılardır:

  • TonometriyaTutmanın ən yüksək həddində təmassız tonometriya ilə gözdaxili təzyiqin (GDT) 40-50 mm.cv.sütünuna qədər yüksəldiyi müəyyən edilir. Beta-adrenoblokatorların təyinindən sonra təzyiq 30 mm.cv.sütünuna kimi azalır. Hipotenziv vasitələrin təkrar instilyasiyaları GDT-nin qısa müddətli normalizasiyasını təmin edir. Elektron tomoqrafiya gözdaxili təzyiqin ölçülməsinə və hidrodinamik göstəricilərin analizinə kömək edir. Gözdaxili mayenin axının çətinləşməsi əmsalın 0,01-0,02-ya qədər enməsinə gətirib çıxarır. Müayinədən əvvəl anestetikin instilyasiyası göstəriş sayılır.
  • Göz strukturlarına baxışBiomikroskopiya üsulu ilə göz almasının ön seqmentinə baxış keçirərkən buynuz qişanın arxa səthində presipitasiya əlamətləri izlənilir. Presipitatlar dəqiq sərhədlərə malik 2-5 çöküntü şəklində olur. Buynuz qişada ödem, konyunktivanın hiperemiyası vizualizasiya edilir. Bəbəklərin işığa qarşı birbaşa reaksiyası saxlanılsa da, bəbək dəliyinin ləng genişlənməsi nəzərə çarpır.  Zədələnmiş gözdə mülayim midriazın olması anizokoriyaya dəlalət edir.
  • Ön kameraya baxışQonioskopiyanın nəticələrinə əsasən əksər hallarda gözün ön kamera bucağı açıq olur. Qüzehli-buynuz qişa bucağının eni referent göstəricilərə müvafiqdir. Ön kameranın dərinliyi   mərkəzi hissədə 3 mm-ə çatır. Gözdaxili maye şəffaf, çöküntüsüz olur.
  • Göz dibinə baxışXəstəliyin ikincili formasında görmə siniri diskinin ekskavasiyası genişlənir. Göz dibinin damarları qanla dolu olur. Kiçik ocaqlı qansızmalar müşahidə edilir. Patologiya allergik mənşəli olduqda  oftalmoskopiyada heç bir dəyişiklik aşkar edilmir.
  • Görmə sahəsinin təyiniXəstəlik uzun müddət davam etdikdə görmə sahəsinin konsentrik daralması qeydə alınır. Qlaukomasiklitik krizin xarakterik əlaməti ağ rəngə görə görmə sahəsinin 1 mm-dən çox daralmasıdır. Perimetriya zamanı aparılan kampimetrik sınaq müsbət olur.

Xəstəlik iridosiklit və birincili qlaukoma ilə differensiasiya edilir. Qlaukomanın kəskin tutmasından fərqli olaraq, qlaukomasiklitik kriz güclü ağrı sindromu ilə müşayiət edilmir. Göz almasında gedən dəyişikliklər durğun və ya qarışıq xarakter daşıyır. Paroksizmal hipertenziya əksərən uveal traktın vərəm mənşəli zədələnməsinin klinikasını xatırladır. Gözün vərəmini inkar etmək üçün tuberkulin sınağı aparılır. Mantu sınağı az informativ olduqda bioptatın sitoloji və ya histoloji müayinəsi icra edilir.

Qlaukomasiklitik krizin müalicəsi

Etiotrop terapiya tərtib olunmamışdır. Gözdaxili təzyiqi tez bir zamanda azaltmaq məqsədilə beta-adrenoblokatorlar və diuretik təsirə malik karboanhidraza inhibitorlarından istifadə olunur. 15-20 dəqiqədən sonra GDT təkrarən ölçülür. Oftalmohipertenziyanın əlamətlərinə rast gəlindikdə beta-adrenoblokatorların təkrarən yeridilməsi məsləhət görülür. Sonrakı müalicə taktikasına aşağıdakılar daxildir:

  • Hormonal vasitələrPatogenetik müalicə qlükokortikosteroidlərlə həyata keçirilir. Bu qrupa daxil olan dərman vasitələri kirpik cisminin ödemini aradan qaldırır, gözdaxili mayenin axınını normallaşdırır. İnstilyasiyalar 7 gün ərzində aparılır.
  • Qeyri-steroid iltihabəleyhinə vasitələr (QSİƏV).Pasiyentlərə indol-sirkə turşusunun törəmələri təyin edilir. İltihabəeyhinə təsirlə yanaşı QSİƏP həm də ağrıkəsici effektə malikdir. Müalicə kursu 7 gündür.
  • Desensibilizəedici preparatlar.Pasiyentlərə antihistamin preparatlar (peroral qəbul) məsləhət görülür. Preparatlar ləng tipli allergik reaksiyaları zəiflədərək, iltihab mediatorlarının ifrazını dayandırır.  Terapiya orta hesabla 3-5 gün davam edir.

Qlaukomasiklitik krizin proqnoz və profilaktikası

Qlaukomasiklitik kriz xoşxassəli gedişə malik olduğundan proqnoz qənaətbəxş sayılır. Çoxsaylı tutmalara baxmayaraq, görmə itiliyi pozulmur. Yaş artıqca Pozner-Şlossman sindromunun epizodlarının sayı azalır, ikincili dəyişikliklər isə görmə funksiyasına heç bir təsir göstərmir.

Spesifik preventiv tədbirlər işlənilib hazırlanmamışdır. Qeyri-spesifik profilaktika gözdaxili təzyiqin nəzarətdə saxlanılmasından ibarətdir. Pasiyentlərə hər 3 aydan bir oftalmoloji müayinələrdən (göz dibinə baxış, tonometriya, biomikroskopiya) keçmək tövsiyə olunur.

error: Content is protected !!