Xarici babasil
Xarici babasil – düz bağırsağın dişli xəttindən distal hissədə aralıq nahiyəsinin dərialtı xarici hemorroidal venoz kələfinin varikoz genişlənməsidir. Xəstəlik aralıq və anusda ağrı, diskomfort hissi (qaşınma və göynəmə) ilə özünü büruzə verir. Ayaq üstə və ya oturaq vəziyyətdə uzun müddət qaldıqda və yaxud defekasiya aktından sonra əlamətlərin güclənməsi müşahidə edilir. Bununla yanaşı tualet kağızı və ya alt paltarında qan izlərinə rast gəlmək mümkündür. Patologiya xarici baxış, anoskopiya, rektoromanoskopiya, endorektal ultrasonoqrafiyanın nəticələrinə əsasən qoyulur. Müalicə konservativ və cərrahi yolla aparılır. Cərrahi müalicə daha effektiv üsul hesab olunur.
Xarici babasil barədə ümumi məlumat
Xarici babasil – xarici hemorraidal düyünlərin patoloji dəyişikliyi olub, kavernoz cisimlərdə qan durğunluğuna, onların iltihablaşma və trombozuna gətirib çıxarır. Son illər ərzində babasilin yayılma tezliyi xeyli artmışdır. Dünya əhalisinin 5-25%-i (bəzi müəlliflərin fikrincə – 80%-i) məhz bu xəstəlikdən əziyyət çəkir. Babasil ilk dəfə Hippokrat tərəfindən təsvir edilmişdir. Xəstəliyin digər tibbi adı – hemorroy yunan dilindən tərcümədə «qanaxma» deməkdir. Praktik proktologiyada babasilin 2 forması ayırd edilir: xarici (dərialtı) və daxili (submukoz) babasil. Patologiyanın ümumi strukturunda xarici babasilin payı 34-41% arasında variasiya edir. Qadınlarla müqayisədə kişilər bu xəstəliyə daha çox tutulur. Babasil hallarının təxminən 80%-i 30-60 yaşlı kişilərdə aşkarlanır.
Xarici babasilin yaranma səbəbləri
Xarici babasilin əsas səbəbi venoz divarın anadangəlmə və ya qazanılmış zəifliyi ilə əlaqədar xarici hemorroidal kələfdən venoz qan axınının pozulmasıdır. Bu zaman qan durğunlaşır, kavernoz cisimlər genişlənir və hiperplastik dəyişikliklərə uğrayır. Mağaralı cisimlərin həddindən artıq genişləndiyi hallarda mexaniki amillər də prosesə qoşulur. Düz bağırsağın boylama əzələsi zəifləyir, o, daxili hemorroidal düyünləri əvvəlki qaydada fiksə edə bilmədiyindən aralıq nahiyəsində dərialtı qabarmalar daha ifadəli şəkil alır.
Xarici babasilin risk amillərinə daimi qəbizlik, uzunmüddətli ishal, hamiləliyin ağır gedişi və doğuş travmaları aiddir. Belə vəziyyətlərdə aralıq nahiyəsi əzələlərinin izafi gərginliyi və hemorroidal düyünlərdə təzyiqin yüksəlməsi baş verir. Xəstəliyin inkişafına həmçinin minimal fiziki yüklənmələr, oturaq iş fəaliyyəti, acılı və ədavalı qidaların istifadəsi, spirtli içkilər təkan verir. Xarici babasil proqrammist, ofis işçiləri, sürücü, bərbər, idmançı-ağır atlet, yük daşıyanların peşə xəstəliyi hesab olunur. Xəstəliyin etiologiyasında irsi amil mühüm rol oynayır. Hamiləlik dövründə babasilin formalaşmasına bağırsağın böyüyən uşaqlıq tərəfindən sıxılması səbəb olur. Bir çox hallarda xarici babasilə aşağı ətraf venalarının varikoz genişlənməsi ilə birgə rast gəlinir.
Xarici babasilin patogenezi
Xarici babasil zamanı düz bağırsağın dişli xəttindən distal hissədə yerləşən kavernoz cisimlərin divarlarında morfoloji dəyişikliklər baş verir. Endotel qatının hiperplaziyası, skleroz ocaqları müşahidə edilir. İltihab hallarında zədələnmə və eksudat yaranır, bu da trombların formalaşmasını asanlaşdırır. Patoloji dəyişikliklər həmçinin düz bağırsağın terminal hissəsi və anusun əzələ-bağ aparatında inkişaf edir; kollagen liflərin zəifləməsi düyünlərin dəri altından daha çox qabarmasına gətirib çıxarır. Arteriya və anastomozların sayı artır, nəticədə kavernoz cisimlərin qanla dolması sürətlənir, geriyə qayıdan qan axınının pozulması düyünlərin divarlarının genişlənməsinə səbəb olur.
Xarici babasilin təsnifati
Xarici babasil kəskin və xroniki olur. Əksər müəlliflərin fikrincə kəskin babasil sadəcə əvvəl diaqnostika olunmayan xəstəliyin ilkin təzahürüdür. Gediş xüsusiyyətlərinə görə xarici babasil ağırlaşmış və ağırlaşmamış formalara bölünür. Patologiyaya təcrid və ya kombinəolunmuş şəkildə rast gəlinir. İkinci halda pasiyentdə eyni zamanda həm xarici, həm də daxili babasilin əlamətləri qeydə müşahidə edilir.
Xarici babasilin əlamətləri
Xəstəliyin ilkin əlaməti anus nahiyəsində ağrı hissinin yaranmasıdır. Ağrı defekasiya aktı ilə bağlı ola bilər, lakin çox zaman spontan şəkildə meydana çıxır. Bəzən ağrıya uzun müddət oturaq vəziyyədə və ya ayaq üstə qalmaq, həddindən artıq fiziki yüklənmə səbəb olur. Öskürək, asqırma, qaçış və tullanma zamanı diskomfort hissi daha da artır. Ağrı sindromunun intensivliyi fərqli olur: yüngül diskomfort hissindən tutmuş tromboz zamanı dözülməz ağrıılara qədər. Ağrı ilə yanaşı pasiyentlər bəzən anusda qaşınma, göynəmə və digər xoşagəlməz hisslərdən şikayət edir.
Daxili babasillə müqayisədə xəstəliyin xarici formasında qanaxmaya az-az hallarda təsadüf edilir, onun intensivliyi zəif olur. Qan nəcisdə deyil, alt paltarı və ya gigiyenik prosedurlar zamanı tualet kağızı, dəsmalda aşkarlanır. Bəzən nəcis kütləsinin zirvəsində qan izləri görünə bilər. Çox zaman xəstə tərəfindən anus nahiyəsində kiçik ölçülü, ağrılı düyünlər əllənir. Hemorroidal düyünlər həddindən artıq böyüdüyü hallarda anal kanalda yad cismin olması hissi yaranır. Düyünlər iltihablaşdıqda ağrı güclənir, bədən hərarəti subfebril həddən febril rəqəmlərə kimi yüksəlməsi mümkündür.
Xarici babasilin ağırlaşmalarına kavernoz cisimlərin iltihablaşması və venoz tromboz aiddir. Adətən onlar birlikdə aşkar edilir. Tromboz yalnız bir düyündə inkişaf edir. Ağrı defekasiya aktından sonra və ya heç bir provokasiyaedici amil olmadan meydana çıxır. Ağrı hissinin intensivliyi hemorroidal düyünün trombozunun dərəcəsindən asılı olaraq, fərdi xarakter daşıyır. Baxış zamanı göyərmiş düyün və onun ətrafında şişkinlik müşahidə edilir. Şişikinlik tədricən bütün perianal nahiyəyə yayılır. Xarici babasil zamanı uzunmüddətli tromboz bütün hallarda iltihabla müşayiət olunur.
İltihabi proseslə ağırlaşan xarici babasilin 3 mərhələsi ayırd edilir. I mərhələdə ağrı, qaşınma və göynəmə hissi güclənir. Əlamətlərin ifadəliliyi xüsusən defekasiya aktı və yaxud acılı, duzlu qidaların qəbulundan sonra artır. Baxiş zamanı sərt konsistensiyalı, böyümüş düyün müəyyən edilir. Zəif nəzərə çarpan ödem yarana bilər. II mərhələdə bütün əlamətlər güclənir, düyün ətrafındakı dəri hiperemiyalaşır, ödem artır. Ağrı hissi ilə əlaqədar barmaqla rektal müayinənin aparılması mümkün olmur. III mərhələ üçün iltihabi prosesin dərialtı hüceyrə qatına və ətraf toxumalara yayılması xarakterikdir. Zədələnmiş nahiyənin palpasiyası zamanı kəskin ağrı meydana çıxır, iltihablaşmış düyün üzərində dəri örtüyü göy çalarlı tünd-qırmızı rəng alır. Onun ətrafında infiltrat əllənir. Nekroz sahələri aşkarlana bilər.
Xarici babasilin diaqnostikası
Xarici babasilin diaqnozu çox zaman xarici baxış zamanı qoyulur. Anus ətrafında kiçik ölçülü xarakterik bərkimələr müəyyən edilir. Onlar düyün şəklində xaricə qabara və ya yalnız dəri altında əllənə bilir. Bəzən düyünlər göyərmiş rəngdə olur, bu da trombozun əlaməti sayılır. Düyünün üzərinə möhkəm təzyiq etdikdə ağrı yaranır. Xarici babasilin kəskinləşməsi zamanı perianal nahiyədə şişkinlik və qızartı nəzərə çarpır.
Digər müayinə üsulları həkim-proktoloq tərəfindən diaqnozun dəqiqləşdirilməsinə və yanaşı gedən xəstəliklərin üzə çıxarılmasına şərait yaradır. Babasilin kombinəolunmuş formasını (daxili düyünlərin genişlənməsi və sallanması), diffuz polipoz, bədxassəli törəmələri inkar etmək üçün anoskopiya və rektoromanoskopiya prosesində düz bağırsaq bütövlükdə müayinə edilir. Rektoromanoskopiya kifayət qədər informativ olmadıqda və yaxud yanaşı gedən hər hansı bir patologiyaya şübhə yarandıqda kolonoskopiya ilə bağırsağın bütün şöbələri yoxlanılır. Zərurət yarandıqda kontrast imalə ilə rentgenoloji müayinə – irriqoskopiya aparılır. Qanaxma hallarının mənbəyini differensiasiya etmək məqsədilə aşağı müsariqə arteriyasının hövzəsinin doldurulması ilə amgioqrafiya icra edilir.
Endorektal ultrasonoqrafiya – düz bağırsağın USM xarici babasilin diaqnozunun dəqiqləşdirilməsinə kömək edir. Ultrasəs müayinə kavernoz cisimlər və yanaşı venalarda gedən dəyişikliklərin vizualizasiyasına imkan verir. Xarici babasil zamanı laborator üsullar az informativdir. Qanın ümumi analizində hemorroidal düyünlərin iltihablaşma əlamətlərini: EÇS və leykositlərin səviyyəsinin xarakterik yüksəlməsini qiymətləndirmək mümkündür. Bəzən tromboz koaquloqrammada dəyişikliklərlə müşayiət olunur.
Xarici babasil daxili babasil zamanı düyünlərin sallanması ilə differensiasiya edilir. Daxili babasil zamanı əllə düyünləri yerinə qaytarmaq olur (IV mərhələ istisna edilməklə), sallanmış düyünlər dəri ilə deyil, selikli qişayla örtülür. Xarici babasil həmçinin düz bağırsağın və ya onun selikli qişasının sallanması, poliplər, perianal nahiyənin şişləri, itiuclu kondiloma, hemangiomadan fərqləndirilməlidir. Bəzən genişlənmiş anal məməciklər hemorroidal düyünləri xatırladır. Düyünlərin iltihablaşması zamanı kəskin və xroniki paraproktit inkar edilməlidir. Göbələk xəstəlikləri, şəkərli diabet zamanı aralıq nahiyəsində qaşınma yarana bilər, lakin bu patologiyalarda anusda şişəbənzər törəmələr aşkar edilmir.
Xarici babasilin müalicəsi
Konservativ müalicə simptomatik xarakter daşıyaraq, xəstəliyin tam sağalmasına gətirb çıxarmır. Xəstəyə xarici istifadə üçün nəzərdə tutulan qeyri-steroid, bəzən isə iltihab əleyhinə hormonal məlhəm təyin edilir. Onun tətbiqindən sonra şişkinlik aradan qalxır, ağrı və diskomfort hissi azalır. Pasiyentlərə pəhrizə riayət etmək, aktiv həyat tərzi sürmək, ağır yük qaldırmamaq tövsiyə olunur.
Tromboz zamanı antikoaqulyantlardan (heparin, asetilsalisil turşusu) istifadə edilir. Tromboz erkən mərhələlərdə aşkarlandıqda trombolitiklərin (streptokinaza, urokinaza) təyini effektiv sayılır. Konservativ terapiyanın müsbət nəticə vermədiyi hallarda tromb cərrahi yolla xaric edilir. Bu məqsədlə düyün cərrah bıçağı (skalpel) kəsilir, qan laxtası çıxarılır. Prosedur az invaziv olub, hospitalizasiya tələb etmir.
Xarici babasilin ən effektiv müalicə üsulu düyünlərin xaric edilməsidir. Bu üsul uzunmüddətli, bir çox hallarda ömürlük sağalma ilə nəticələnir. Əməliyyat yerli anesteziya altında aparılır, xəstənin stasionarda qalmasına ehtiyac yaranmır. Babasilin ən geniş yayılmış cərrahi müalicə üsulu hemorroidektomiyadır. Təkrari tromboz, iri ölçülü hemorroidal düyünlər cərrahi müalicəyə göstəriş sayılır. Hazırda xarici babasilin müalicəsində az invaziv müalicə üsulları – hemorroidal düyünlərin lateks həlqələrlə liqaturaya alınması, skleroterapiya, kriodestruksiya, foto- və elektrokoaqulyasiya geniş tətbiq edilir.
Xarici babasilin proqnoz və profilaktikası
Xarici babasilin proqnozu qənaətbəxşdir. Patologiya erkən dövrlərdə aşkarlandıqda və mütəxəssisin məsləhətlərinə əməl etdikdə xəstəlik uzun müddət latent formada gedə bilir. Hemorroidal venaların trombozu zamanı təcili surətdə müalicə aparılmalıdır. Düzgün müalicə, tromb və ya düyünün xaric edilməsi xəstənin tez bir zamanda normal həyata qayıtmasına səbəb olur.
Xarici babasilin profilaktikası mülayim fiziki aktivlik və rasional pəhrizdən ibarətdir. Kəskin və ədavalı qidalar, spirtli içkilərdən sui-istifadə edilməməlidir. Peşə fəaliyyəti uzun müddətli oturaq vəziyyət və ya ayaq üstə qalmaqla bağlı olduqda idman etmək məsləhət görülür. Lakin izafi fiziki yüklənmə, ağırlıq qaldırma icazəli sayılmır. Yaxın qohumlarında xarici və daxili babasil, aşağı ətraf venalarının varikoz genişlənməsi olan şəxslər risk qrupuna aid edildiyindən onlar profilaktika tədbirlərinə ciddi riayət etməlidirlər.