Qulağın xolesteatoması

Qulağın xolesteatoması – orta qulağın şişəbənzər kapsullaşmış törəməsi olub, əsasən epitel toxuma elementlərindən və xolesterin kristallarından təşkil olunmuşdur. Həqiqi (anadangəlmə) və yalançı xolesteatoma ayırd edilir. Xəstəlik qulaqda tıxanıqlıq, eşitmənin qarışıq tipdə zəifləməsi, qulaqdan pis qoxulu irinli ifrazatın olması ilə özünü büruzə verir. Qulağın xolesteatomasının diaqnozu baş beynin rentgenoqrafiyası və KT müayinəsi, otoskopiya, timpanik boşluğun zondlanması və yuyulması, vestibulyar və eşitmə analizatorlarının müayinəsi yolu ilə qoyulur. Müalicəsi əsasən cərrahi yolladır. Bəzən epitimpanik boşluğun xolesteatoma ilə birgə yuyulması mümkün olur.

Xolesteatoma haqqında ümumi məlumat

Xolesteatoma – embrional və ya qazanılmış (əksər hallarda) şişəbənzər törəmə olub, orta qulağın toxumalarından formalaşır. 90% hallarda xroniki irinli otit fonunda meydana çıxır. Populyasiyada irinli otitlərin xolesteatoma ilə ağırlaşması halları 0,01% rast gəlinir. Xəstəlikdən əsasən 10 yaşdan böyük uşaqlar və 20-30 yaşlı yetkin şəxslər əziyyət çəkir. Uşaqlarda patologiya daha aqressiv gedişli olur və çoxsaylı residivlərlə müşayiət olunur.

Xolesteatomanın səbəbləri

Qulağın xolesteatoması irsi ola bilər. Bu zaman o həqiqi adlanır. Kapsulun hamar, mirvariyəbənzər səthi hesabına qulağın xolesteatomasına “mirvari şişi” də deyirlər. Embrional pozğunluqlar səbəbindən yaranır və gicgah sümüyü piramidasında yerləşir. Həqiqi xolesteatoma kəllə sümüyünün digər nahiyyələrində, yan sisterna və baş beyin mədəciklərində də ola bilər.

Yalançı xolesteatoma uzunsürən otitlər və ya travma nəticəsində yaranır. Yalançı xolesteatomanın yaranmasının iki yolla baş verdiyi ehtimal olunur. Birinci halda xarici qulaq aparatının yastı epiteli bölünərək təbil pərdəsinin cırılmış kənarlarından orta qulağa daxil olur. Xolesteatomanın ikinci yaranma mexanizmi isə yevstaxitlə əlaqədar eşitmə kanalında keçiriciliyin pozulması ilə izah olunur. Timpanik boşluqda təzyiqin azalması nəticəsində timpanik arakəsmənin bir hissəsinin içəri dartılması baş verir. Dartılma yetərincə böyük olduqda üzərinə keratin və epitelin hissəcikləri hopur, xolesteatoma inkişaf edir.

Xolesteatomanın patogenezi

Qulağın xolesteatoması özlüyündə həqiqi şiş deyil, lakin görünüş və böyümə tipinə görə şişi xatırladır. Qulaq xolesteatoması qatlı quruluşa malikdir. Üstdən birləşdirici toxumadan ibarət kapsulla örtülüb, altında buynuzlaşmış yastı epiteli yerləşir. Qulağın xolesteatomasının orta qatı üst-üstə yerləşən buynuzlaşmış epitel lövhələrindən və arasında xolesterin kristallarından ibarətdir. Xolesteatomanın mərkəzində və ya nüvəsində irinli qoxusu olan ağımtıl detrit yerləşir.

Qulağın xolesteatoması vahid törəmə kimi və ya 3 mm-dən böyük sərt düyünlərdən ibarət kütlə kimi ola bilər. Qulağın xolesteatoması, onu əhatə edən sümük toxumasının rezorbsiyasına və daxilində nazik divarlı boşluqların formalaşmasına təkan verən spesifik kimyəvi maddələr ifraz edir. Bununla yanaşı, bu maddə daxili qulağın eşitmə aparatınının reseptor sisteminə toksiki təsir göstərir, eşitmə həssaslığının pozulmasına və reaktiv labirintitə səbəb olur.

Qulağın xolesteatomasının əlamətləri

Qulaq xolesteatoması erkən dövrdə simptomsuz keçə bilər. Daha sonra pasiyent qulaqda tıxanıqlıqdan, küt, gərgin, göynədici və ya vurucu qulaq ağrısından şikayət edir. Eşitmə zəifləyir. Baş ağrısı, labirintit inkişaf edərsə -başgicəllənmə ola bilər. Qulaqdan pis qoxulu və yapışqan irin axır. İfrazatda kiçik ağ kütlələrin olması xarakterikdir.

Qulağın xolesteatoması zamanı karlıq qarışıq xarakter daşıyır. Buna səbəb bir tərəfdən eşitmə sümüklərinin hərəkət məhdudluğu, digər tərəfdən isə -xolesteatomanın aqressiv ifrazatının labirint reseptorlarına toksiki təsiri səbəbindən eşitmə həssaslığının pozulmasıdır.

Qulağın xolesteatomasının ağırlaşmaları

Xolesteatoma yanaşı yerləşən sümük toxumasını dağıdaraq, ölçüsünü böyüdür. Zamanla məməyəbənzər çıxıntının yarımdairəvi kanalcıqlarına dolaraq labirintin kapsulunadək uzana və kanakcıqları dağıdaraq labirintdə fistulaların formalaşmasına səbəb ola bilər. Məməyəbənzər çıxıntının qabıq qatını dağıdaraq dərialtına çıxır.

Üz sinirinin sümük kanalının divarlarının dağılması üz sinirinin nevritinə, siqmavari cibin divarının dağılması isə tromboza səbəb ola bilir. Bəzən qulaq xolesteatoması yunan qozu ölçüsünədək böyüyə və müxtəlif istiqamətlərdə çıxıntılara malik ola bilər. Bu zaman o nəhəng boşluq yaradır və əməliyyatdan sonrakı boşluq kimi ölçüdə olur.

Qulağın köhnə xolesteatomasının daxilindəki toksiki mayenin hörümçək torunabənzər qişaya keçməsi aseptik meningitə, beyin toxumasına keçməsi isə -meninqoensefalitə səbəb ola bilər. Bu ağırlaşmalar beyin ödemi nəticəsində pasiyentin ölümünə səbəb ola bilər. Orta otitin kəskinləşməsi xolesteatomanın irinli parçalanmasına və nəticədə irinli labirintit və meningitə, ciblərətrafı və ekstradural absesə, baş beynin absesinə, otogen sepsisə səbəb ola bilər.

Qulağın xolesteatomasının diaqnostikası

Qulağın xolesteatoması diaqnozu həkim-otorinolarinqoloq tərəfindən, eləcə də nevroloq və neyrocərrah tərəfindən qoyula bilər. Müasir otorinolarinqologiyada diaqnostik və funksional müayinələr kompleksindən yararlanaraq diaqnoz qoyulur:

  • Gicgah sümüklərinin rentgenoqrafiyası. Mayer, Şuller və ya Stenvers proyeksiyalarında aparılan rentgenoqrammalarda xolesteatoma böyük patoloji boşluqda hamar və aydın nəzərəçarpan kənarları olan orta sıxlıqlı həmcins kölgə şəklində görünür. Daha aydın vizualizasiya baş beynin KT və MSKT müayinəsində mümkün olur.
  • Qulağın endoskopiyası. Otoskopiya zamanı xolesteatomanın böyüməsi nəticəsində qulaq zarının kənar perforasiyası, eşitmə kanalının sümük nahiyyəsinin destruksiya əlamətləri nəzərə çarpır. Kənar perforasiya zamanı zond vasitəsilə orta qulağın və timpanik boşluğun yuyulması aparılır. Dekstruktiv prosesi göstərən əlamət sümüklərin səthinin toxunduqda kobud olmasıdır. Yuyulan mayedə əlavələrin və epitel hissəciklərinin aşkarlanması xolesteatomanın olduğunu isbat edir.
  • Eşitmə analizatorunun müayinəsi. Qulağın xolesteatoması aşkarlanan pasiyentlərdə eşitmə və vestibulyar analizator da müayinə olunmalıdır. Audiometriya eşitmənin zəifləməsini, – dəhliz audiometriyası isə qarışıq tip karlığı müayyən edir. Həmçinin, kamertonla müayinə, eşitmə borusunun keçiriciliyinin yoxlanması, elektrokoxleoqrafiya, akustik impedansometriya, otoakustik emissiya, vestibulometriya, elektronistaqmoqrafiya, stabiloqrafiya, düz otolitometriya aparılır.
  • Nevroloji diaqnostika. Bura nevroloji baxış, baş beynin MRT müayinəsi, lumbal punksiya və s. daxildir.

Qulağın xolesteatomasını qulağın şişləri və yad cisimlərlə, koxlear nevritlə, qulaq kiri tıxanıqlığı ilə, qlomus şişilə, adgeziv orta otitlə, vərəm və sifilis mənşəli spesifik qranüloma ilə differensiasiya etmək lazımdır.

Qulağın xolesteatomasının müalicəsi

Konservativ müalicə

Konservativ müalicə timpanik boşluqüstü, kiçik ölçülü xolesteatoma zamanı mümkündür. Belə xolesteatomaların müalicəsi təbilüstü boşluğun proteolitik ferment məhlulları və bor turşusu ilə yuyulması yolu ilə aparılır. Prosedurun əvvəli və sonunda boşluq izotonik məhlulla yuyulur. Manipulyasiya 1 həftə ərzində hər gün aparılır.

Cərrahi müalicə

Konservativ müalicənin effektiv olmadığı hallarda, böyük ölçülü xolesteatomalarda, ağırlaşmalar zamanı tôrəmənin cərrahi yolla götürülməsi göstərişdir. Xolesteatomanın yayıldığı sahədən asılı olaraq əməliyyat aşağıdakı xarakterdə ola bilər:

  • orta qulağın sanasiyası əməliyyatı;
  • mastoidotomiya;
  • labirintotomiya;
  • gicgah sümüyü piramidasının translabirint açılması;
  • timpanplastika, mastoidoplastika, mirinqoplastika və s.

Qulağın xolesteatomasının proqnozu və profilaktikası

Xolesteatomanın vaxtında aşkarlanması, zəruri konservativ və ya cərrahi müdaxilənin təyinatı zamanı proqnoz qənaətbəxşdir. Bəzən, residivlər mümkündür.Gecikmiş etaplarda karlıq yarana, həyat üçün təhlükəli kəllədaxili ağırlaşmalar ola bilər. Xolesteatomanın profilaktikasına xroniki irinli orta otitlərin qarşısının alınması,orta qulağın iltihabi xəstəliklərinin vaxtında müalicəsi daxildir.

error: Content is protected !!