Adenoidlər

Adenoidlər – burun-udlaq badamcığının limfoid toxumasının patoloji böyüməsidir. Adətən 3-10 yaşlı uşaqlarda aşkar edilir. Patologiya sərbəst burun tənəffüsünün çətinləşməsi, yatarkən xoruldama, rinolaliya (burunda danışma), rinoreya ilə müşayiət olunur. Adenoidlər zökəm və orta qulağın iltihabının tez-tez baş verməsi, eşitmənin zəifləməsi, səsin dəyişməsi, nitqin aydın olmaması, inkişafın ləngiməsi, anomal dişləmin formalaşmasına səbəb olur. Diaqnoz farinqoskopiya, rinoskopiya, burun-udlağın rentgenoqrafiyası, endoskopik müayinəsinin nəticələrinə əsasən qoyulur. Adenoidlərin cərrahi yolla aradan qaldırılmasından (adenotomiya, kriodestruksiya) sonra residivləşmə ehtimalı inkar edilmir.

Adenoidlər barədə ümumi məlumat

Xəstəlik 3-7 yaşlı uşaqların 5-8%-də aşkarlanır. Qızlar və oğlanlar arasında patologiyanın yayılma tezliyi demək olar ki, eyni olur. Yuxarı yaş qrupuna aid olan uşaqlarda adenoidlərə az rast gəlinir. 15 yaşdan sonra burun-udlaq badamcığının hipertrofiyası nadir hallarda müşahidə olunur.

Qida, su və hava ilə bərabər ağız boşluğuna külli miqdarda mikrob daxil olur. Udlaqda yerləşən limfoid toxuma (badamcıqlar) infeksiyanın daxilə yayılmasının qarşısını alaraq, insan orqanizmini patogen mikroorqanizmlərdən qoruyur. Badamcıqlar udlaq həlqəsi (Valdeyr-Piroqov həlqəsi) əmələ gətirir. Burun-udlaq badamcığı udlaq həlqəsinin tərkibinə daxil olmaqla burun-udlaq tağında yerləşir. Badamcıq uşaqlarda yaxşı inkişaf edir, yaş artdıqca kiçilir, əksər hallarda tamamən atrofiyalaşır.

Adenoidlərin səbəbləri

Endokrin və limfa sisteminin quruluş pozğunluqları (limfatik-hipoplastik diatez) ilə əlaqədar burun-udlaq badamcığının hipertrofiyasına irsi meyllik mövduddur. Bu tip anomaliyalı uşaqlarda adenoidlərlə yanaşı çox zaman qalxanabənzər vəzinin funksiyasının azalması müşahidə olunur. Vəzinin hipofunksiyası apatiya, əzginlik, şişkinliklə təzahür edir.

Adenoidin risk amillərinə qidalanma rejiminin pozulması (izafi qidalanma) və bir sıra virusların toksiki təsiri aiddir. İkincili iltihab və adenoidlərin böyüməsi uşaq infeksion xəstəlikləri: göy öskürək, qızılca, skarlatina və difteriyadan sonra inkişaf edə bilər.

Adenoidlərin təsnifatı

Adenoidlərin 3 böyümə dərəcəsi ayırd edilir:

  • I dərəcə – adenoidlər xoanalar və xış sümüyünün 1/3 hissəsini örtür. Gün ərzində uşaq sərbəst nəfəs alır. Gecə saatlarında horizontal vəziyyət və adenoidlərin həcminin böyüməsi ilə bağlı tənəffüs çətinləşir.
  • II dərəcə – аdenoidlər xoanalar və xış sümüyünün 1/2 hissəsini örtür. Uşaq əsasən ağızla nəfəs alır, yatarkən xoruldayır.
  • III dərəcə – аdenoidlər xoanalar və xış sümüyünün tamamən örtür. Əlamətlər II dərəcə ilə eynidir, lakin daha kəskin şəkildə ifadə olunur.

Adenoidlərin əlamətləri

Adenoid üçün fasiləli və ya daimi burun tutulmaları, selikli ifrazat xarakterikdir. Uşaq ağzı açıq vəziyyətdə yatır. Tənəffüsün çətinləşməsi ilə əlaqədar uşağın yuxusu səthi və narahat olur, xorultu ilə müşayiət edilir. Uşaqlar qorxulu yuxular görür. Yatarkən dil kökünün udlağın arxa divarına yerdəyişməsi nəticəsində boğulma tutmaları baş verə bilər.

İri ölçülü adenoidlər zamanı  fonasiya pozulur, rinolaliya meydana çıxır. Yevstax borularının dəlikləri hipertrofiyalaşmış adenoidlərlə örtüldüyündən eşitmə zəifləyir. Uşaqlarda diqqət və konsentrasiya pozulur. Adenoidləri əhatə edən yumşaq toxumalarda (arxa damaq qövsləri, yumşaq damaq, burun balıqqulaqlarının selikli qişası) durğun hiperemiya inkişaf edir. Nəticədə tənəffüs problemi daha da dərinləşir, tez-tez təkrarlanan rinitlər xroniki kataral formaya keçir.

Adenoid toxumasının böyüməsi bir çox hallarda adenoiditlə (adeoidlərin iltihabı) ağırlaşır. Adenoiditin kəskinləşməsi zamanı ümumi qeyri-spesifik infeksiyanın əlamətləri (zəiflik, bədən hərarətinin yüksəlməsi) izlənilir. Adenoidlər, xüsusən adenoidit regionar limfa düyünlərinin böyüməsi ilə müşayiət olunur. Xəstəliyin uzunmüddətli gedişi üz skeletinin normal inkişafını pozulmasına gətirib çıxarır. Aşağı çənə daralır və uzanır. Sərt damağın formalaşmasının pozulması ilə bağlı dişləm anomaliyaları müşahidə olunur. Uşaqlarda spesifik üz quruluşu –   «adenoid üz» yaranır.

Аdenoidlər tənəffüs mexanizminə təsir edə bilər. Hava axını burun boşluğundan keçərkən nəfəsalma və nəfəsvermənin reflektor formalaşması baş verir. Bu səbəbdən insan burunla ağıza nisbətən daha dərindən nəfəs alır. Ağızla uzunmüddətli tənəffüs ağciyərlərin ventilyasiyasının cüzi, lakin kompensasiya olunmayan çatışmazlığına gətirib çıxarır.

Uşağın qanı oksigenlə az təhciz olunduğundan baş beynin kəskin ifadə olunmayan xroniki hipoksiyası baş verir. Oksigenasiyanın xroniki pozğunluğu nəticəsində uşaqlarda bəzən əqli inkişafın ləngiməsi qeydə alınır. Pasiyentlər əsasən baş ağrılarından şikayət edir, dərs materialını yadda saxlamaqda çətinlik çəkir, dərslərini pis oxuyur.

Nəfəsalmanın dərinliyinin azalması uzun müddət davam etdikdə döş qəfəsinin formalaşma prosesinin pozulmasına səbəb olur. Uşaqda döş qəfəsinin «toyuq döş qəfəsi» adlanan deformasiyası inkişaf edir. Adenoidli pasiyentlərin bir qismində anemiya, mədə-bağırsaq traktını funksional pozğunluqları (iştahsızlıq, qusma, ishal və ya qəbizlik) aşkarlanır.

Adenoidlərin diaqnostikası

Diaqnoz vizual baxış, anamnestik məlumatlar və instrumental müayinələrin nəticələrinə əsasən qoyulur. Adenoidlərin diaqnostikasında aşağıdakı instrumental üsullardan istifadə olunur:

  • Farinqoskopiya. Müayinə prosesində ağız-udlaq və damaq badamcıqlarının vəziyyəti qiymətləndirilir. Udlağın arxa divarında selikli-irinli xarakterli ifrazat müşahidə edilir. Adenoidləri müayinə etmək üçün yumşaq damaq şpatellə yuxarı qaldırılır.
  • Ön rinoskopiya. Bu üsulla burun boşluğunda ödem və ifrazat aşkar edilir. Uşağın burnuna damardaraldıcı preparat damcıladıldıqdan sonra xoanaları örtən adenoidlər nəzərə çarpır. Uşaqdan udqunmasını xahiş olunur. Yumşaq damağın yığılması adenoidlərin tərpənməsinə səbəb olur, bu zaman badamcıqların səthində işıqlı zolaqlar görünür.
  • Arxa rinoskopiya. Həkim güzgü vasitəsilə ağız-udlaqdan burun keçəçəklərini müayinə edir. Baxış zamanı burun-udlağın müxtəlif şöbələrində sallanan törəmələr və ya nahamar səthə malik yarımkürə şəkilli şişlər – adenoidlər müəyyən edilir. Arxa rinoskopiya yüksək informativliyi ilə seçilir, lakin onun aparılması (xüsusən az yaşlı uşaqlarda) müəyyən çətinliklər törədir.
  • Burun-udlağın rentgenoqrafiyası. Rentgenoqramma yan proyeksiyada yerinə yetirilir. Adenoidlərin hava ilə kontrastlaşması üçün müayinə zamanı uşaq ağzını açır. Rentgenoqramma adenoidləri və onların dərəcələrini dəqiq təyin etməyə imkan verir.
  • Burun-udlağın endoskopiyası. Yüksək informativ üsul olub, burun-udlağın hərtərəfli müayinəsinə şərait yaradır. Az yaşlı uşaqlarda endoskopiya anesteziya altında həyata keçirilir.

Adenoidlərin müalicəsi

Müalicə taktikasını seçərkən əsasən yanaşı gedən pozğunluqlar nəzərə alınır. Əməliyyata göstərişlər otolarinqoloq tərəfindən müəyyən edilir. Az yaşlılarda adenotomiya ümumi narkoz, yuxarı yaş qrupuna aid olan uşaqlarda isə adətən yerli anesteziya ilə aparılır. Adenoidlərin kridestruksiyası və ya onların endoskopik yolla xaric edilməsi mümkündür.

Allergiyaya meylli pasiyentlərdə adenoidlər əksər hallarda residivləşir, bu səbəbdən cərrahi müalicə desensibilizəedici terapiya ilə kombinə olunmalıdır. I dərəcəli burun-udlaq badamcıqlarının böyüməsi və tənəffüsün azacıq pozulması zamanı konservativ terapiya (buruna 2%-li protarqol məhlulunun tökülməsi) məsləhət görülür. Pasiyentlərə ümummöhkəmləndirici vasitələr (vitaminlər, kalsium preparatları, balıq yağı) təyin edilir.

error: Content is protected !!