Artropatiya

Artropatiya – oynaqların başqa xəstəliklər və patoloji vəziyyətlər fonunda ikincili zədələnmələridir. Allergiyalar, bəzi infeksion xəstəliklər, endokrin patologiyalar, daxili orqanların xroniki xəstəlikləri, metabolik pozumalar və sinir tənzimlənməsinin pozulması zamanı inkişaf edə bilər. Artropatiyaların klinikası bir-birindən xeyli fərqlənir. Ümumi fərqləndirici əlamətlərə ağrılar, asimmetrik zədələnmələr, oynaq sindromunun əsas xəstəliyin gedişindən asılılığı, instrumental müayinələrin (rentgenoqrafiya, MRT, KT) nəticələrinə görə zəif dəyişikliklər aiddir. Artropatiyanın diaqnozu oynaq sindromu və oynaqdankənar simptomatika podaqrik və ya revmatoid artrit kriteriyalarına uyğun olmadıqda qoyulur. Müalicə əsas xəstəliyə əsasən həyata keçirilir.

Artropatiya barədə ümumi məlumat

Artropatiya – oynaqların qeyri-revmatik xəstəliklərlə əlaqəli zədələnmələridir. Müxtəlif etiologiyalı ağrılar zamanı yarana bilər. Artralgiya (oynağın forma və funksiyaları dəyişilmədiyi halda meydana çıxan ağrılar) və ya reaktiv artrit şəklində gedir. Artropatiyaların əsas fərqləndirici xarakteristikası oynaq sindromunun əsas xəstəliyin gedişindən asılılığıdır. Oynaqlarda kobud patoloji dəyiikliklər, adətən, inkişaf etmir; əksər hallarda əsas xəstəlik adekvat müalicə olunduqda oynaq simptomatikası ya tamamilə keçib gedir, ya da xeyli azalır.

Allergik artropatiya

Oynaqlarda ağrılar allergik reaksiyalar fonunda əmələ gəlir. Artropatiya allergenlə kontaktdan dərhal sonra və ya bir neçə gün sonra inkişaf edə bilər. Diaqnoz xarakterik allergik simptomatikaya (hərarət, dəridə səpkilər, limfoadenopatiya, bronxoobstruktiv sindrom və s.) əsasən qoyulur. Qan analizlərində hiperqammaqlobulinemiya, eozinofiliya, plazmatik hüceyrələr və IgG antitelləri aşkarlanır. Artropatiyanın əlamətləri desensibilizasiyaedici terapiyadan sonra keçib gedir.

Reyter sindromu zamanı artropatiya

Reyter sindromu görmə, sidik-cinsiyyət sistemi orqanları və oynaqların zədələnməsindən ibarət triadanı özündə əks etdirir. Sindromun inkişaf səbəbi daha çox xlamidioz olur; nadir hallarda salmonellalar, şigellalar, iersiniyalardır və ya nadir hallarda enterokolitdən sonra yaranır. İrsi meyilliyi olan insanlar bu patologiyadan əziyyət çəkir. Simptomlar, adətən, verilmiş ardıcıllıqla meydana çıxır: əvvəlcə kəskin urogenital infeksiyalar (sistit, uretrit) və ya enterokolit; bundan dərhal sonra gözlərin zədələnməsi (konyunktivit, uveit, iridosiklit, retinit, keratit, irit) və 1-1,5 ay sonra artropatiya. Bu zaman göz simptomları 1-2 gün ərzində meydana çıxa, zəif təzahür edə və nəzərə çarpmaz qala bilər.

Artropatiya Reyter sindromunun aparıcı əlamətidir və bir çox hallarda həkimə müraciətin ilk səbəbi olur. Adətən, aşağı ətrafların oynaqlarının (aşıq-baldır, diz və ayağın kiçik oynaqları) zədələnməsi ilə müşayiət olunan asimmetrik artrit müşahidə olunur. Bu zaman oynaqlar, bir qayda olaraq, iltihabi prosesə ardıcıllıqla – aşağıdan yuxarıya doğru, bir neçə günlük fasilələrlə cəlb olunur. Artropatiyalı pasientlər gecələr və səhər saatlarında güclənən ağrılardan şikayətlənirlər. Oynaqlar ödemli olur; yerli hiperemiya qeyd olunur; bəzi xəstələrdə oynaqda eksudat aşkarlanır. Bəzən onurğada ağrılar əmələ gəlir, sakroileit inkişaf edir, sürətlə daban şporunun formalaşması ilə müşayiət olunan daban bursiti və axill vətərinin iltihabı baş verə bilər.

Diaqnoz xəstəlik tarixi, simptomatika, laborator və instrumental müayinələrin nəticələrinə əsasən qoyulur. Anamnezdə enterit və ya sidik infeksiyası aşkarlandıqda artropatiyalı xəstə müvafiq sahələrin mütəxəssislərinə – qastroenteroloq, uroloq və veneroloqa, gözlər zədələndikdə isə oftalmoloqa yönləndirilir.

Qan analizində iltihab əlamətləri, sidiyin analizində leykositlərin az və ya mülayim miqdarı təyin olunur. Xlamidiyaların aşkarlanması məqsədilə servikal kanal, uretra və konyunktivadan sıyrıntı götürülərək analiz olunur. Diz və aşıq-baldır oynaqlarının rentgenoqrafiyasında oynaq yarığının bir qədər daralması və oynaqətrafı osteoporoz ocaqları aşkarlanır. Daban sümüklərinin rentgenoqrafiyasında, adətən, daban şporu təsdiqlənir. Ayağın rentgenoqrafiyası ayaqdarağı və barmaq falanqalarının sümüklərinin eroziyası və şporu, periostitlər təyin olunur.

Müalicə əsas infeksiya ilə mübarizəyə və xəstəliyin simptomlarının dəf olunmasına yönəlir. Artropatiyalı pasientlərə xlamidiya əleyhinə preparatlar, ehtiyac olduqda analgetiklər və QSİƏP təyin olunur. Artropatiyalar 50% hallarda tam keçib gedir; 30% hallarda artritin residivləri müşahidə olunur; 20% hallarda isə artropatiyanın xroniki gedişatı, simptomatikaların ağırlaşması və oynaq funksiyalarının pozulması qeyd olunur.

Başqa xəstəliklər zamanı artropatiyalar

Artropatiyalar bir sıra parazitar və çoxsaylı infeksion xəstəliklər zamanı yarana bilər. Trixinelyoz, bruselyoz və Layma xəstəliyi üçün bəzən mialgiyalarla yanaşı uçucu artralgiyalar xarakterikdir. Məxmərəkdə davamlı olmayan simmetrik poliartrit əmələ gəlir. Epidemik parotit zamanı artropatiyalar revmatoid artritin mənzərəsini xatırladır; oynaqlarda iltihab daimi deyil, miqrasiyaedici xarakter daşıyır və bəzən perikardın iltihabı ilə müşayiət olunur. İnfeksion mononukleoz və suçiçəyi davamlı olmayan, əsas xəstəliyin simptomları söndükdə sürətlə keçib gedən artrit ilə müşayiət olunur.

Meninqokok infeksiyalarında artropatiya xəstəlik başladıqdan təxminən bir həftə sonra inkişaf edir; adətən, diz oynağının monoartriti, nadir hallarda bir neçə iri oynaqların poliartriti şəklində müşahidə olunur. Virus hepatitlərində artralgiya şəkilli artropatiyalar və ya uçucu artritlər, əsasən diz və əldarağının kiçik oynaqlarının simmetrik zədələnmələri meydana çıxa bilər; artropatiyalar, adətən, xəstəliyin ən əvvəlində sarılıq meydana çıxana qədər əmələ gəlir. İİV-infeksiya üçün oynaq simptomatikasının geniş rəngarəngliyi xarakterikdir. Belə ki, həm artritlər, həm artralgiyalar, bir sıra klinik hallarda diz və aşıq-baldır oynağının QİÇS ilə əlaqəli artriti inkişaf edir, ətrafların güclü funksional pozulmaları və intensiv ağrı sindromu ilə müşayiət olunur.

Sadalanan bütün klinik hallarda əsas xəstəlik müalicə olunduqda oynaq simptomatikası kifayət qədər tez sönür.

Vaskulitlər zamanı artropatiyalar

Düyünlü periartrit, Takayasu sindromu və Churg-Strauss qranulomatozu zamanı artropatiyalar, adətən, artralgiyalar formasında gedir. Kavasaki xəstəliyində həm artralgiyaların, həm də artritlər meydana çıxa bilər. Şönleyn-Henoks xəstəliyi və Vegener qranulomatozunda iri oynaqların simmetrik zədələnmələri, oynaqətrafı toxumanın şişkinliyi fonunda daimi olmayan ağrı sindromu müşahidə olunur.

Endokrin patologiyalar zamanı artropatiyalar

Hormonal disbalans zamanı nisbətən geniş yayılmış oynaq zədələnməsi klimakterik və ya ovariogen artropatiyalardır. Oynaq sindromu klimaks və ya yumurtalıqların funksiyalarının başqa səbəblərdən (cərrahi üsulla kəsilib götürülməsi, bədxassəli yenitörəməyə görə şüalandırılması) azalmalarında inkişaf edir. Artropatiyalardan artıq çəkili qadınlar daha çox əziyyət çəkir. Adətən, ayağın kiçik oynaqları, nadir hallarda diz oynaqları zədələnir. Oynaqlarda ağrı, buxovlanma, küy və şişkinlik əmələ gəlir. Oynaqların funksiyaları pozulur – əvvəlcə ödem, sonra isə distrofik proseslər meydana çıxır. Başlanğıc mərhələdə rentgenoloji mənzərə normal olur; oynaqların MRT-i və ya diz oynağının artroskopiyasında sinovial qişanın bir qədər qalınlaşması aşkar olunur. Sonralar qonartroz və pəncə oynaqlarının artrozları təyin olunur. Effektiv əvəzedici müalicədən sonra artropatiyalar azalır və ya sönür.

Diabetik artropatiyalar əsasən 6 il və daha uzun müddət I tip şəkərli diabetdən əziyyət çəkən, xüsusən qeyri-müntəzəm və qeyri-adekvat müalicə alan cavan qadınlarda meydana çıxır. Zədələnmə, adətən, birtərəfli olur və pəncə oynaqları zədələnir. Nadir hallarda prosesə diz və aşıq-baldır oynaqları, daha da nadir klinik hallarda isə onurğa və yuxarı ətrafların oynaqları cəlb olunur. Diabetik artropatiyalar üçün sürətlə proqressivləşən artrozların klinikası xarakterikdir. Rentgenoqrammada osteoliz, osteoporoz və osteoskleroz ocaqları, oynaq səthlərinin qalınlaşması və osteofitləri aşkarlanır. Şəkərli diabetin müalicəsi artropatiyaların azalmasına gətirib çıxarır. Lakin irəliləmiş artrozlarda ağrı sindromunn dəf edilməsinə və qığırdağın bərpasına yönəlmiş müalicə mühümdür.

Hiperparatireoz sümük toxumasının sorulması və sonra bərpasına səbəb olur; bu zaman oynaq qığırdağında kirəcləşmiş yığınlar meydana çıxır, oynaq xondrokalsinozu inkişaf edir. Artropatiyalar oynaqlarda uçucu ağrılar, kəskin mono- və poliartritlər şəklində özünü göstərir. Hiperfunksiyanın korreksiyası və ya qalxanabənzərətraf vəzilərin adenoması kənarlaşdırıldıqdan sonra oynaq simptomları, adətən, sönür.

Hipertireoz, əsasən onun ağır formaları artropatiyalarla müşayiət oluna bilər. Həm artritlər, həm də artralgiyalar; bəzən əzələ ağrıları ilə yanaşı büruzə verə bilər. Rentgenoloji mənzərə kasaddır, yalnız yayılmış osteoporozla özünü göstərir. Diaqnoz klinik təzahürlərə əsasən qoyulur. Əsas xəstəliyin müalicəsi  artropatiyaların azalmasına və ya itməsinə gətirib çıxarır.

Hipotireoz üçün iri oynaqların, daha çox diz oynağının zədələnməsi xarakterikdir. Bud-çanaq oynağında ağrılar da mümkündür. Artropatiyalar mialgiyalar, buxovlanma və əzələ zəifliyi ilə müşayiət olunur. Rentgenoloji mənzərə dəyişilməmişdir. Hipotireoz uşaq yaşlarda inkişaf etdikdə bud sümüyünün başını rotasiyası və yerdəyişməsi, bud-çanaq oynağının bükmə kontrakturasının inkişafı mümkündür.

Hipofizin funksiyaları pozulduqda bəzən onurğanın və distal oynaqların zədələnməsi müşahidə olunur. Ağır hallarda döş sümüyünün və qabırğaların kalsifikasiyası ilə müşayiət olunan  boyun-döş şöbəsinin kifozu inkişaf edir. Ətrafların deformasiyaları və oynaqların kövşəkliyi yarana bilər. Artropatiyalar kürəkdə və ətrafların oynaqlarında ağrılarla təzahür edir. Kontrakturalar xarakterik deyil.

Somatik xəstəliklər zamanı artropatiyalar

Kron xəstəliyi və qeyri-spesifik xoralı kolit üçün kəskin miqrasiya edən artritlər şəklində artropatiyalar xarakterikdir. Adətən, aşıq-baldır və diz oynaqları zədələnir. Qeyri-spesifik xoralı kolit zamanı bud-çanaq oynağının artritləri və onurğada ağrılar xarakterikdir. Artropatiyaların bütün təzahürləri 1-2 ay ərzində müstəqil keçib gedir.

Daxili orqanların xəstəlikləri zamanı nisbətən çox tanınan artropatiya Mari-Bamberger sindromudur. Sindrom zamanı barmaqlar baraban çubuqları, dırnaqlar isə saat şüşəsi şəklində deformasiya olunur. Deformasiyanın səbəbi sümük toxumasının turşu-qələvi balansının pozulmasına və oksigen çatışmazlığına reaksiyası nəticəsində borulu sümüklərin distal hissələrinin ossifikasiya edən periostozudur. Sindrom daha çox ağciyər xəstəliklərində (ağciyər xərçəngi, kavernoz vərəm, irinli xəstəliklər) meydana çıxır. Qaraciyər sirrozu, uzunmüddətli septik endokardit və ürəyin bəzi anadangəlmə qüsurlarında da rastlana bilər. Artropatiyalar oynaqların anadangəlmə ağrıları şəklində təzahür edir. Azacıq ödem də mümkündür.

error: Content is protected !!