Bağırsaq absesi
Bağırsaq absesi – qonşu orqanların irinli-iltihabi prosesinin və ya infeksiyanın başqa ocaqlardan limfogen və ya hematogen yolla bağırsaq divarına siraət etməsi nəticəsində inkişaf edən zədələnmədir. Xəstəlik ağır ümumi vəziyyət fonunda şiddətli inkişaf edən simptomatika, hipertermiya, kəskin ağrı sindromu ilə və ya residivləşən formada gedə bilər. Diaqnostikanın əsasında klinik mənzərə, ultrasəs müayinəsinin və KT-nin nəticələri durur. Xəstəlik massiv antibakterial terapiya fonunda cərrahi müalicə olunur.
Bağırsaq absesi barədə ümumi məlumat
Bağırsaq absesi – bağırsaq divarında məhdud irinli iltihab ocağıdır. Ümumi cərrahiyyədə bu patologiyaya qarın boşluğunun irinli-iltihabi proseslərinin forması, irinli prosesin qonşu orqanlara keçməsi və ya qarın boşluğuna cərrahi müdaxilələrinin ağırlaşması kimi dəyərləndirilir. Qarın boşluğunun anatomik-fizioloji xüsusiyyətləri, həmçinin peritonun xüsusiyyətləri, orqanların topoqrafiyası bağırsaqda məhdud iltihabi ocağın formalaşmasına rəvac verir.
Bağırsaq absesinin səbəbləri
Xəstəliyin yaranmasında əsas etioloji faktor bağırsaq çöpləridir – klinik halların yarısından çoxunda; törədici həm sə stafilokoklar – 9-11%, streptokoklar– 7-10%, göy-yaşıl irin çöpləri – 7-8%, anaerob flora (25% – ə qədər) da ola bilər. Abses infeksiyanın yaxınlıqdakı nahiyələrdən birbaşa (kontakt) siraəti, onikibarmaq bağırsağın və ya bağırsağın başqa şöbələrinin xoralarının penetrasiyası və ya perforasiyası, destruktiv appendisit, peritonit nəticəsində inkişaf edə bilər.
Postoperativ ağırlaşmalar da tez-tez patologiyanın inkişafına səbəb olur: abses kifayət qədər effektli olmayan drenaj, eksudatın və ya zədələnmiş toxumaların natamam kənarlaşdırılması, postoperativ hematomaların irinləməsinin nəticəsi ola; yara kanalı boyunca, yad cisim (o cümlədən drenaj) ətrafında formalaşa bilər. Bəzi klinik hallarda bağırsaq absesi infeksiyanın uzaq irinli ocaqdan (məs., angina, osteomielit, furunkulyoz) hematogen (qanla) və ya limfogen yolla (limfa ilə) orqana gətirilməsi nəticəsində formalaşa bilər. 8% hallarda bağırsaq absesinin konkret səbəbini müəyyənləşdirmək mümkün olmur.
Bağırsaq absesinin patogenezi
Bağırsaq absesi zonasında məhdud irinli iltihab bir neçə yolla yarana bilər: infeksion agentin daxil olduğu yerdə ocağın əmələ gəlməsi, infeksiyalaşmış eksudatın irinləməsi, cərrahi müdaxilə nahiyəsinə qan və ya ödün toplanması, həmçinin qonşu orqanların məhdud patoloji proseslərində, o cümlədən peritonitdə.
Bağırsaq absesinin simptomları
Patologiyanın başlanğıc mərhələsində klinik mənzərə əsas xəstəliklə (xolesistit, xora xəstəliyi, appendisit, qarın boşluğu travmaları və s.) bağlıdır. Əsas xəstəliyin bağırsaq absesi ilə fəsadlaşdıqda xarakterik simptomlar – bədən temperaturunun kəskin yüksəlməsi, pasientin ümumi vəziyyətinin xeyli pisləşməsi, titrəmə, qarında güclü ağrılar (onun lokalizasiyası absesin əmələ gəldiyi nahiyədən asılıdır) inkişaf edir.
Xəstəliyin gedişinin üç variantı ayırd edilir. Proses əksər hallarda hipertermiya, güclü ağrı sindromu, pasientin ağır ümumi vəziyyəti ilə şiddətli başlayır. Xəstəliyin belə gedişində qarın boşluğunda sürətlə inkişaf edən infiltrat müəyyən olunur. İnfiltratın süst formalaşması ilə gedən patologiya isə ağrı sindromunun intensivliyinin tədricən artması və hərarətin sürətli inkişafı ilə xarakterizə olunur.
İnfiltratın azalması fonunda klinik əlamətlərin sönməsi, ağrının azalması ilə gedən residivləşən forma da mümkündür; lakin bu zaman kiçilmiş infiltratın daxilində məhdud irinli ocaq formalaşdıqda simptomlar kəskin güclənir.
Abses postoperativ dövrdə (cərrahi müdaxilənin ağırlaşması kimi) formalaşdıqda xəstəliyin inkişafı iki yolla baş verə bilər. Birinci halda cərrahi əməliyyatdan sonra pasientin səhhəti yaxşılaşır, temperatur nomallaşır, irinli ocaq əmələ gəldikdən sonra xarakterik simptomatika inkişaf edir. İkinci halda isə cərrahi müalicədən sonra bədən temperaturu normallaşmır və irinlik açılana qədər davam edir.
Abses müstəqil şəkildə bağırsaq mənfəzinə açıla bilər; bu zaman pasientin vəziyyəti qəflətən yaxşılaşır. Abses periton boşluğuna açıldıqda inkapsulyar irinli iltihab ocaqları, diffuz peritonit formalaşa bilər.
Bağırsaq absesinin diaqnostikası
Bağırsaqda lokalizasiya olunmuş abses qarın boşluğunun başqa irinli-iltihabi xəstəlikləri ilə oxşar klinik mənzərəyə malikdir, bu isə onun diaqnostikasını çətinləşdirir. Anamnezdə mümkün infeksiya ocağı və ya keçirilmiş cərrahi müdaxilənin olması, xarakterik simptomatika bağırsaq absesi haqda düşünməyə əsas verir. Bu xəstəliyi qarın boşluğunun başqa lokalizasiyalı abseslərindən (bağırsaqlararası absesi, diafraqmaaltı abses, Duqlas boşluğunun absesi, başqa orqandaxili abses) differensiasiya etmək vacibdir.
Pasientin obyektiv müayinəsində qastroenteroloq qarın divarının əzələ gərginliyini, qarında köp, absesin lokalizasiyasına müvafiq nahiyənin palpasiyasında kəskin ağrı təyin edir. Patologiyanın laborator əlamətləri sola meyilli kəskin leykositoz, EÇS-nin sürətlənməsidir.
Diaqnostikada rentgenoloji metodlar müəyyən əhəmiyyət daşıyır. Qarın boşluğunun rentgenoqrafiyası hətta mayenin səviyyəsi ilə törəməni (abses üçün xarakterik əlamət) aşkarlamağa imkan verir. Bağırsağa kontrast maddənin yeridilməsi ilə rentgenoqrafiyanın aparılması abses nahiyəsində onun daxili konturlarının dəyişilməsini müəyyənləşdirir.
Abdominal USM-də absesin lokalizasiya zonasında kapsul və qeyri-həmcins maye möhtəviyyatlı exoneqativ törəmə təyin olunur.
Sadalanan diaqnostik metodlar tətbiq olunduğu halda diaqnoz çətinlik yaradırsa, qarın boşluğunun MSKT-i, kompyuter tomoqrafiyası, maqnit-rezonans tomoqrafiyası həyata keçirilir. Bu metodlar yüksək informativliyə malikdirlər.
Bağırsaq absesinin müalicəsi
Bağırsaq abseslərinin əsas müalicəsi massiv antibiotikoterapiya ilə müşayiət olunan irinliyin cərrahi üsulla kənarlaşdırılmasıdır. Aerob və anaerob flora üzərində effektli olan sefalosporin, aminoqlikozid, ftorxinolon qrupu antibiotiklər təyin olunur. Cərrahi müalicə irinli iltihab ocağının açılması, sanasiyası və drenajından ibarətdir. Laparotom giriş tətbiq olunur və girişin lokalizasiyası absesin yerləşməsinə müvafiq müəyyənləşdirilir.
İrinli ocağın lokalizasiyası dəqiq təyin olunmadıqda və ya diaqnostik çətinliklər meydana çıxdıqda həkim-cərraha bağırsağın bütün şöbələrini əlçatan edən orta laparotomiya aparılır. Bağırsağın son şöbələrinin zədələnmələrində transrektal girişlə cərrahi əməliyyat aparıla bilər. İrinli iltihab ocağı aspirasiyasını və yuyulmanı təmin etmək məqsədilə mütləq drenaj olunur.
Bağırsaq absesinin proqnoz və profilaktikası
Diaqnostika, adekvat cərrahi müalicə vaxtında həyata keçirildikdə, ocaq yaxşı drenaj olunduqda, törədiciyə qarşı yüksək həssaslığı olan antibiotiklər təyin olunduqda xəstəliyin proqnozu kafidir. Çoxsaylı abseslər, peritonit və sepsislə ağırlaşma diaqnozu qeyri-kafi edir.
Patologiyanın profilaktikası absesə səbəb ola biləcək xəstəliklər zamanı ixtisaslaşdırılmış tibbi yardıma vaxtında müraciət və patologiyanın adekvat müalicəsi, cərrahi əməliyyatlar zamanı qarın boşluğunun keyfiyyətli işlənməsi, postoperativ dövrdə pasientlərin düzgün aparılmasından ibarətdir.