Bağırsaq spazmı
Bağırsaq spazmı – həzm traktının bir çox xəstəliklərinin əlaməti olub, yüksək intensivlikli visseral ağrı ilə xarakterizə edilir. Sancışəkilli ağrı bağırsaq divarının həddindən artıq yığılması nəticəsində meydana çıxır. Onun səbəbini aydınlaşdırmaq üçün müxtəlif laborator, rentgenoloji, ultrasəs və instrumental müayinə üsulları tələb oluna bilər. Bağırsaq spazmı konservativ yolla müalicə olunur: sedativ preparatlar, spazmolitiklər, ishal əleyhinə vasitələr, xüsusi pəhriz təyin edilir, qarın nahiyəsinə istiqac qoyulur.
Bağırsaq spazmı barədə ümumi məlumat
Bağırsaq spazmı sərbəst nozoloji vahid olmayıb, MBT-nin funksional pozğunluğunun əlaməti kimi formalaşır. Qastroenterologiya sahəsinin aparıcı mütəxəssisləri həzm traktının bu cür fəaliyyət pozğunluqlarının (qastroezofageal reflüks, funksional ishal, bağırsaq spazmı və s.) gələcəkdə üzvi patologiyaya transformasiya edə biləcək premorbid vəziyyət və yaxud sadəcə əlamət olması barədə yekdil fikrə gələ bilməmişlər. Hər bir halda bağırsaq spazmına ciddi yanaşılmalıdır. Onun yaranma səbəbini vaxtında təyin etməklə mədə-bağırsaq sisteminin ciddi xəstəliklərinin qarşısını almaq mümkündür.
Bağırsaq spazmının yaranma səbəbləri
Bağırsaq spazmı üçün tutmaşəkilli ağrılar xarakterikdir. Onlar bağırsaq motorikasının müxtəlif mexanizmlərinin pozulması ilə əlaqədar yaranırlar. Bağırsaq spazmının patogenezinin əsas həlqələrini orqanın divarının gərilməsi, sinir uclarının qıcıqlanması, bağırsağın saya əzələsinin tonusunun və yığılmasının pozulması, patoloji peristaltika (antiperistaltika, peristaltika dalğalarının zəifləməsi və ya güclənməsi, müəyyən bir nahiyədə peristaltikanın itməsi), qida kütləsinin hərəkəti üçün maneənin yaranması təşkil edir.
Bağırsaq spazmı həzm sisteminin patologiyaları – kəskin və xroniki qastrit, mədə və onikibarmaq bağırsağın xoraları, hepatit, pankreatit və s. fonunda əmələ gələ bilər. Mədədə və bağırsağın başlanğıc hissəsində qida məhsullarının mənimsənilməsi pozulduqda işlənilməmiş qida kütləsi bağırsağa keçərək, onun reseptorlarının qıcıqlanmasına və əzələ toxumasının spazmına səbəb olur.
Bağırsaq spazmının digər səbəbi qidalanmada yol verilən xətalardır. Belə vəziyyətlərdə sancının yaranma mexanizmi həzm pozğunluğunda olduğu kimidir. Lakin bağırsaq divarının qıcıqlanması həddindən artıq soyuq, quru, qızardılmış, kəskin qidaların, mayalı xəmirdən hazırlanmış məmulatların və s. təsirindən baş verir.
Bağırsaq sancısı həmçinin intoksikasiyalar – sənaye və bitki mənşəli zəhərlər, ağır metalların duzları ilə intoksikasiya, generalizəolunmuş virus infeksiyaları (qrip, KRVİ) zamanı meydana çıxa bilər. Zəhərlər və toksinlər bağırsağın sinir-əzələ aparatına təsir göstərməklə spazm törədir.
Bağırsaq infeksiyaları da bu patologiya ilə müşayiət oluna bilər: bağırsaq boşluğunda bakteriyaların çoxalması sinir uclarının qıcıqlanmasına, izafi eksudasiyaya, bağırsaq divarının gərilməsinə, peristatikanın pozulmasına gətirib çıxarır.
Labil psixikalı astenik şəxslərdə stress zamanı bağırsaq spazmı ilə əlaqədar sancışəkilli ağrılar yaranır. Emosional gərginliklər bağırsaq motorikasının vegetativ tənziminin pozulmasına səbəb olur.
Bağırsaq spazmı həm də helmintozla bağlı ola bilər: həzm traktında parazitlik edən qurdlar yumaq və konqlomeratlar əmələ gətirərək, bağırsaq mənfəzini qapayır. Bununla yanaşı helmintlər və onların həyat fəaliyyəti məhsulları selikli qişada sinir uclarını qıcıqlandırır.
Bağırsaq keçməməzliyində bu orqanın əzələlərinin spastik yığılması baş verə bilər. Spazm adətən bağırsağın şiş, yad cisim, koprolit və öd konkrementləri, helmintlərlə obturasiyası fonunda meydana çıxır.
Patoloji prosesin yaranma səbəbi və lokalizasiyasından asılı olaraq, bağırsaq spazmının 3 tipi ayırd edilir. Appendikulyar tip soxulcanabənzər çıxıntının iltihabı zamanı inkişaf edir. Adətən appendikulyar ağrıdan bir müddət sonra appendisitin klinikası müşahidə olunur. Rektal tip düz bağırsağın spazmı ilə bağlı olub, defekasiyaya çağırışların tezləşməsi ilə təzahür edir. Bağırsaq spazmının qurğuşun tipi bu metalla zədələnməni müşayiət edir. Pasiyentlərdə yüksək hərarət, ön qarın divarının gərginliyi, diş ətlərinin boz ərplə örtülməsi, ağız boşluğundan qanaxma qeydə alınır. Damar tipi hipertonik kriz, ateroskleroz, müsariqə damarlarının trombozu, damarların şiş və ya bitişmələrlə sıxılması fonunda bağırsağın hipoperfuziyası ilə əlaqəli olur.
Bağırsaq spazmının əlamətləri
Bağırsaq spazmının yeganə əlaməti qarında yaranan tutmaşəkilli intensiv ağrılardır. Sancının hansı xəstəliyin fonunda formalaşmasından asılı olaraq, digər simptomlara da rast gəlinə bilər. Qastrit zamanı bağırsaq spazmı epiqastral nahiyədə ağrı, ürəkbulanma, qusma, dispeptik hallar, iştah pozğunluğu və arıqlama ilə müşayiət edilir. Mədə və onikibarmaq bağırsağın xora xəstəliyində ağrılar daha intensiv olub, aclıqla əlaqədar və gecə saatlarında əmələ gəlir.
Qaraciyər patologiyalarında bağırsaq spazmı sağ yan tərəfdə ağrılar, qaraciyər sancısı, öd qusma, dəri və selikli qişaların sarılığı, qaşınma ilə birgə rast gəlinir. Mədəaltı vəzin xəstəliklərində qarında kəmərləyici ağrılar, davamlı qusma, meteorizm və ishala bağırsaq spazmı əlavə olunur.
Bağırsaq infeksiyaları adətən qızdırma və qusma ilə başlayır. Sonra ishal fonunda simptomatikaya bağırsaq spazmı qoşulur. Nəcisdə patoloji qarışıqlar (selik, qan) izlənilir. Helmintozların klinikası əksər hallarda tədricən inkişaf edir, bağırsaq spazmı uzun müddət ərzində yeganə əlamət kimi təzahür edə bilər. Bundan əlavə pasiyentlər halsızlıq, əzginlik, əmək qabiliyyətinin azalması, dəridə səpkilər və anus nahiyəsində qaşınmadan şikayətlənirlər. Bağırsaq keçməməzliyinin ilkin mərhələlərində xəstələri güclü bağırsaq spazmı narahat edir. Onun intensivliyi tədricən azalır. Sancılar qaz və nəcis ifrazının yoxluğu, tez-tez təkrarlanan qusma fonunda baş verir. Qarın köpür, peristaltika itir. Sutka ərzində xəstəyə yardım göstərilmədikdə, bağırsaq divarında geridönməyən dəyişikliklər yaranır.
Bağırsaq spazmının diaqnostikası
Pasiyent ağrı səbəbindən qastroenteroloqa müraciət etdikdə ilk növbədə xəstənin şikayətləri dinlənilir, anamnez toplanılır. Ehtiyac yarandıqda cərrahın konsultasiyası təyin olunur.
Bağırsaq spazmına səbəb olan əsas xəstəliyi aşkar etmək üçün bir sıra instrumental və laborator müayinələr aparılır. Qanın ümumi analizində anemiya, leykoformulanın sola meylliyi müşahidə oluna bilər. Sidiyin ümumi analizi kiçik çanaqda baş verən təhlükəli hallardan (pelvioperitonit), öd turşuları və qlükoza mübadiləsinin pozulmasından xəbər verir. Qanın biokimyəvi analizi qaraciyərin, mədəaltı vəz və böyrəklərin vəziyyətinin indikatoru sayılır. Bağırsaq patologiyalarını inkar etmək üçün koproqramma və nəcisin gizli qana görə analizi aparılır.
Daxili orqanların üzvi patologiyalarını müəyyən etmək məqsədilə USM, icmal (o cümlədən kontrastlaşdırılmış) rentgenoqrafiya, qarın boşluğu orqanlarının KT və ya MSKT icra olunur.
Əksər hallarda bağırsaq spazmının dəqiq səbəbini üzə çıxarmaq üçün endoskopik müayinə tələb olunur. Ezofaqoqastroduedonoskopiya, kolonoskopiya və rektoromanoskopiyanın köməyilə bağırsağın müxtəlif şöbələrinin selikli qişasının dəyişiklikləri vizualizasiya olunur, patoloji vəziyyətin səbəbi aydınlaşdırılır.
Bağırsaq spazmının müalicəsi
Həkim yardımına qədər özünü müalicə ilə məşğul olmaq – bağırsaq spazmını ağrıkəsici və spazmolitik vasitələr, istiqac və ya imalələrlə aradan qaldırmaq qəti qadağandır. Yalnız həkim əlamətləri düzgün qiymətləndirərək, kəskin appendisit, peritonit, bağırsaq keçməməzliyi kimi ciddi xəstəlikləri inkar edə bilir. Özbaşına müalicə əlamətlərin silinməsinə, diaqnozun yanlış qoyulmasına və müalicəvi tədbirlərin uzanmasına gətirib çıxara bilər.
Kəskin cərrahi patologiya inkar edildikdən sonra patogenetik müalicə təyin olunur. Bağırsaq spazmı emosional fonda yarandıqda və ya bu simptom pasiyentin həddən artıq qıcıqlanmasına səbəb olduqda sedativ vasitələr qəbul edilir. Drotaverin və xanımotu preparatları daxili orqanların saya əzələlərini boşaldaraq, bağırsaq spazmını aradan qaldırır. Qarın nahiyəsinə istiqac qoyulması da anoloji təsirə malikdir. Qarında köp müşahidə edildikdə pəhriz məsləhət görülür (12 saat müddətində müalicəvi aclıq təyin olunur, sonra isə qida rasionundan qaz əmələ gətirən məhsullar çıxarılır), təmizləyici imalələr tətbiq edilir. Bağırsaq spazmı ishal fonunda baş verdikdə smekta və ishal əleyhinə digər vasitələrdən istifadə olunur.
Daxili orqanların digər patologiyaları ilə bağlı olmayan, vaxtaşırı təkrarlanan bağırsaq sancılarında uzun müddət sakitləşdirici preparatlar qəbul edilməli, qida rasionundan qızardılmış, kəskin, yağlı, hisə verilmiş məhsullar, qazlı içkilər, mayalı xəmirdən hazırlanmış məmulatlar və bəzi tərəvəzlər (paxlalı bitkilər, kələm, qarğıdalı, turp) çıxarılmalıdır.
Bağırsaq spazmının proqnoz və profilaktikası
Proqnoz adətən qənaətbəxş olur. Yalnız kəskin cərrahi patologiyalar zamanı təhlükəli hallar yarana bilər. Bağırsaq spazmının profilaktik tədbirlərinə bu əlamətlə təzahür edən xəstəliklərin erkən diaqnostika və müalicəsi aiddir. Bağırsaq sancısının qarşısını almaq üçün sağlam həyat tərzi, rasional qidalanma, stress hallarının uzaqlaşdırılması məsləhət görülür.