Bradikardiya

Bradikardiya – aritmiyanın ürək yığılmalarının sayının dəqiqədə 60-dan az olması ilə səciyyələnən bir formasıdır. Peşəkar idmançılarda bu pozğunluq norma hesab olunur, lakin bradikardiya daha çox müxtəlif ürək patologiyalarının fonunda yaranır. Halsızlıq, bayılmaönü hallar və huşun qısamüddətli itirilməsi, soyuq tər, ürək nahiyəsində ağrılar, başgicəllənmə, qeyri-stabil AT ilə təzahür edir. Ürək çatışmazlığının inkişafına aparan ifadəli bradikardiya (ÜYT-nin dəqiqədə 40 vurğudan aşağı olması) zamanı cərrahi əməliyyat – elektrokardiostimulyatorun implantasiyası tələb oluna bilər.

Bradikardiya barədə ümumi məlumat

Yaranma səbəblərindən asılı olmayaraq, bradikardiyanın əsasında sinus düyününün dəqiqədə 60-dan yuxarı tezliklə elektrik impulslarını hasil etmək qabiliyyətinin pozulması və ya onların ötürücü yollarla qeyri-adekvat yayılması dayanır. Bradikardiyanın mülayim dərəcəsi hemodinamik pozğunluqlara səbəb olmur. Bradikardiya zamanı nadir ürək ritmi orqan və toxumaların qan təhcizatının çatışmazlığına, oksigen aclığına gətirib çıxarır, onların fəaliyyətini pozur.

İdmançılarda norma sayılan fizioloji bradikardiya müşahidə edilir: sağlam cavan kişilərin 1/4-də ÜYT dəqiqədə 50-60 vurğu olur; yuxu saatlarında vegetativ tənzimin fizioloji kənaraçıxmalarının təsiri altında ürək ritminin 30% seyrəkləşməsi baş verir. Bradikardiya əsasən mövcud patoloji prosesləri müşayiət edir.

Bradikardiyanın təsnifatı

Aşkarlanan pozğunluqların lokalizasiyasına əsasən sinus düyünündə avtomatizmin pozulması ilə assosiasiyalı sinus bradikardiyası və sinus düyünü ilə qulaqcıqlar və ya qulaqcıqlarla mədəciklər arasında impulsun nəqlinin pozulması ilə xarakterizə olunan ürək blokadalarında (sinoatrial və ya atrioventrikulyar) müşahidə edilən bradikardiyalar ayırd edilir. Fizioloji şəraitdə (idmançılarda, yuxu və ya sakitlik halında) ürək yığılmalarının tezliyi azala bilər – bu, funksional və ya fizioloji bradikardiya adlanır; patoloji bradikardiya müxtəlif xəstəliklərin gedişini müşayiət edir.

Patoloji bradikardiya kəskin formada gedərək, (miokard infarktı, miokardit, intoksikasiyalar zamanı) onu törədən xəstəlik aradan qaldırıldıqdan sonra itə bilər. Ürəyin involyutiv sklerotik xəstəliklərində patoloji bradikardiyanın xroniki formalarına rast gəlinir. İnkişaf səbəblərindən asılı olaraq, sinus bradikardiyası  aşağıdakı formalara bölünür: ekstrakardial (neyrogen), üzvi (ürək zədələnmələrində),  dərman, toksiki və idmançıların sinus bradikardiyası. Bəzən etiologiyaya əsasən bradikardiya toksiki, mərkəzi, degenerativ və idiopatik variantlara ayrılır.

Bradikardiyanın yaranma səbəbləri

Bradikardiyanın ekstrakardial forması neyrosirkulyator distoniya, vegetativ disfunksiyalı nevrozlar, karotid sinusa (dar yaxalıq və ya qalstukun istifadəsi), göz almasına təzyiq (Aşner refleksi), yüksək kəllədaxili təzyiq (meningit, kəllə-beyin travması, subaraxnoidal qansızma, beyin ödemi və şişlərində), mədə və 12-barmaq bağırsağın xora xəstəliyi  zamanı  inkişaf edə bilir. Miksedemalarda təsadüf edilən bradikardiya hipotireozun ifadəliliyinə proporsionaldır.

Bradikardiyanın üzvi formasının səbəbləri qismində miokard infarktı, miokardiodistrofiya, miokardit, kardioskleroz iştirak edə bilər. Bu xəstəliklər sinus düyünündə degenerativ və fibroz dəyişikliklərə və yaxud miokardda ötürücülüyün pozulmasına gətirib çıxararaq, bradikardiya ilə müşayiət olunur.

Aparıcı rıtmin üzvi zədələnmələrində sinus düyününün zəifliyi sindromu inkişaf edir, bununla əlaqədar impulsların generasiyası kəskin azalır. Belə vəziyyətlərdə sinus bradikardiyası – ürəyin ritmik, lakin çox nadir yığılmaları; bradi- və taxikardiyanın əvəzlənməsi və ya spontan ritm ötürücülərinin növbələnməsi müşahidə edilir. Sinus düyününün zədələnməsinin ən ağır dərəcəsi avtomatizm funksiyasının dayanması ilə təzahür edir, nəticədə orada ürəyin elektrik impulslarının hasili kəsilir.

Mikardın ötürücü yollarının zədələndiyi hallarda impulsların ötürülməsinin blokadası inkişaf edir, bu zaman sinus düyünündə yaranan siqnalların bir hissəsi blokada olunaraq, mədəciyə yayılmır – bradikardiya baş verir. Bradikardiyanın dərman formasına ürək qlikozidləri, xinidin, β-adrenoblokatorlar, simpatolitik preparatlar (məsələn, rezerpin), kalsium kanallarınınn blokatorları (məsələn, verapamil, nifedipin), morfinin qəbulu səbəb ola bilər.

Toksiki bradikardiya sepsis, hepatit, uremiya, qarın yatalağı, fosforlu üzvi birləşmələrlə zəhərlənmələrlə əlaqədar ifadəli intoksikasiyalar və ürək əzələsində avtomatizm prosesləri və ötürücülüyün pozulamsı zamanı yaranır. Bu qrupa bəzən hiperkalsiemiya və ya ifadəli hiperkaliemiya ilə assosiasiyalı bradikardiyalar da aid edilir.

İdmançılarda rast gəlinən bradikardiya hətta gunorta saatlarında da ÜYT-nin dəqiqədə 35-40 vurğu olması ilə xarakterizə edilir. Onun inkişafı idmanla peşəkar məşğul olan şəxslərdə ürək ritminin vegetativ tənziminin xüsusiyyətləri ilə izah edilir. Həmçinin bradikardiyaya orqanizmdə gedən təbii qocalma prosesləri gətirib çıxara bilər; bəzən bradikardiyanın səbəbləri naməlum qalır – belə hallar idiopatik forma kimi qiymətləndirilir.

Bradikardiyanın əlamətləri

Mülayim ifadəli bradikardiya adətən qan dövranı pozğunluqları ilə müşayiət edilmir, klinik simptomatikanın inkişafına səbəb olmur. Başgicəllənmə, halsızlıq, bayılmaönü və bayılma halları ÜYT dəqiqədə 40 vurğudan aşağı olduqda, eləcə də ürəyin üzvi zədələnmələri fonunda  müşahidə edilir. Bradikardiya zamanı həmçinin yorğunluq, çətinləşmiş tənəffüs, qeyri-stabil AT, döş qəfəsində ağrılar, konsentrasiya və yaddaşın, görmənin qısamüddətli pozulması, huşun dumanlanması izlənilir.

Bradikardiyanın əlamətləri ümumilikdə onun fonunda inkişaf edən hemodinamik pozğunluqların ağırlığı ilə düz mütənasibdir.

Miokardın yığılma funksiyasının və qan dövranının zəifləməsinə ilk növbədə hipoksiyaya məruz qalan baş beyin reaksiya verir. Bu səbəbdən bradikardiya bir neçə saniyədən 1 dəqiqəyə qədər davam edən huşun itirilməsi, qıcolma tutmalarına (Morqani-Adams-Stoks tutmaları və ya prodromları) gətirib çıxara bilər. Belə vəziyyətlər həyat üçün təhlükə daşıdığından təxirəsalınmaz tibbi yardımın aparılmasını tələb edir. Uzunmüddətli tutmalar tənəffüsun dayanması ilə nəticələnə bilər.

Bradikardiyanın diaqnostikası

Bradikardiyanın xarakterik əlamətləri anamnezin toplanması və obyektiv müayinə prosesində aşkarlanır. Baxış zamanı seyrək nəbz (sinus bradikardiyasında düzgün ritmə malik), normal ürək tonları, bəzən tənəffüs aritmiyası müəyyən edilir. Bradikardiyalı xəstələrə kardioloqun konsultasiyası məsləhət görülür.

Elektrokardioqrafik müayinədə seyrək ÜYT, sinoatrial və ya atrioventrikulyar blokadalar qeydə alınır.  Qeydiyyat anında bradikardiya epizodları aşkar edilmədikdə EKQ-nin sutkalıq monitorinqindən istifadə olunur.

Bradikardiyanın üzvi formasında ürəyin USM aparılır. ExoKQ vasitəsilə atım fraksiyasının 45%-dən çox olmayan azalması, ürəyin ölçülərinin böyüməsi, miokardın sklerotik və degenerativ dəyişiklikləri təyin edilir. Veloerqometriyanın köməyilə fiziki yüklənmə zamanı ÜYT-nin artımı qiymətləndirilir.

Tranzitor blokadaları EKQ və Holter monitorinqlə müəyyən etmək mümkün olmadıqda ürəyin ötürücü yollarının transezofageal elektrofizioloji müayinəsi tətbiq edilir. Transezofageal EFM üzvi və ya funskional xarakterli bradikardiyanı təyin etməyə imkan verir.

Bradikardiyanın müalicəsi

Klinik əlamətlərlə müşayiət olunmayan mülayim və funksional bradikardiya müalicə tələb etmir. Üzvi, ekstrakardial, toksiki formalarda əsas xəstəliyin müalicəsi həyata keçirilir. Dərman bradikardıyasında ürək ritmini zəiflədən dərmanların dozaları korreksiya edilir və ya istifadəsi tamamilə dayandırılır.

Hemodinamik pozğunluqların təzahürləri – halsızlıq, başgicəllənmə zamanı fərdi qaydada seçilmiş dozalarla xanımotu, jenşen kökü preparatları, izoprenalin, efedrin, kofein, eleuterokokk ekstraktı və s. təyin edilir. Stenokardiya, arterial hipotoniya, bayılma, ürək çatışmazlığı, mədəcik aritmiyasının inkişafı bradikardiyanın aktiv müalicəsinə göstəriş sayılır.

Morqani-Adams-Stoks tutmaları yarandıqda kardiocərrahın konsultasiyası və elektrokardiostimulyatorun – fizioloji tezlikli elektrik impulsları hasil edən süni aparıcı ritmin implantasiyası ilə bağlı məsələnin həlli mütləqdir. Adekvat və davamlı ürək ritmi normal hemodinamikanın bərpasına səbəb olur.

Bradikardiyanın proqnoz və profilaktikası

Ürəyin üzvi zədələnmələri bradikardiyanın gedişinə qeyri-qənaətbəxş təsir edir. Elektrostimulyasiya aparılmadıqda Morqani-Adams-Stoks tutmaları bradikardiyanın nəticələrini xeyli ağırlaşdırır. Bradikardiyanın heterotop taxiaritmiyalarla müştərəkliyi tromboembolik ağırlaşmaların yaranma ehtimalını yüksəldir. Ritmin dayanıqlı azalması fonunda əlilliyin inkişafı mümkündür. Bradikardiyanın fizioloji və ya mülayim xarakterli formalarında proqnoz qənaətbəxşdir.

Ekstrakardial səbəblərin, ürəyin üzvi zədələnmələrinin, miokarda toksiki təsirlərin vaxtında aradan qaldırılması, dərman vasitələrinin dozalarının düzgün seçilməsi bradikardiyanın qarşısını almağa imkan verir.

error: Content is protected !!