Erkən klimaks
Erkən klimaks — estrogen çatışmazlığı nəticəsində yaranan və aybaşının erkən (<45 yaş) və yaxud vaxtından əvvəl (<40 yaş) kəsilməsi ilə müşayiət olunan dəyişikliklər kompleksidir. Ağırlaşmış irsiyyət, travma, yumurtalıqların iltihabı və törəmələri, onların xaric edilməsi, funksiyasının medikamentoz və ya toksiki yolla sönməsi cavan yaşlarda qadın cinsi hormonlarının səviyyəsinin azalmasına səbəb olur. Erkən klimakterik dövr vazomotor, emosional və metabolik-trofik pozğunluqlarla təzahür edə bilər. Diaqnoz tipik şikayətlərə və laborator yolla estrogenlərin azalmasının təsdiqinə əsasən qoyulur. Başlıca müalicə üsulu əvəzedici hormonoterapiyadır.
Erkən klimaks barədə ümumi məlumat
Erkən klimaksa əvvəllər normal aybaşıya və reproduktiv funksiyalara malik olan 35-45 yaşlı qadınlarda rast gəlinir. Ginekologiya sahəsinin bəzi mütəxəssislərinin fikrincə yumurtalıqların funksiyasının erkən itirilməsi bütün hallarda onların xaric edilməsi və ya tükənmiş yumurtalıqlar sidnromu ilə bağlı olmur. Klimaksın fizioloji dövr olmasına baxmayaraq, onun erkən inkişafı çox zaman (60-80%) müxtəlif orqan və sistemlərdə fərqli ifadə dərəcəsinə malik patoloji dəyişikliklərlə müşayiət olunur.
Erkən klimaksın yaranma səbəbləri
Reproduktiv funksiyanın vaxtından əvvəl sönməsi cinsi hormonların sintezinin zəifləməsi və ya tamamən kəsilməsi ilə əlaqədar baş verir. Erkən klimaksın yaranma səbəbləri aşağıdakılardır:
- Genetik anomaliyalar. Alimlər tərəfindən yumurtalıqların funksiyasının vaxtından əvvəl itirilməsinə və ya onların follikulstimuləedici hormona (FSH) qarşı həssaslığının azalmasına səbəb olan genlər aşkar olunmuşdur. Yumurtalıqların tükənməsi nəticəsində klimaksın vaxtından əvvəl başlanmasına həmçinin bir sıra irsi xəstəliklərdə (qalaktozemiya, blefarofimoz və s.) rast gəlinir.
- Yumurtalıqların şişləri. İntensiv böyüyən həcmli törəmələr sağlam follikulyar toxumanın zədələnməsinə gətirib çıxarır.
- Yumurtalıqlarda aparılan əməliyyatlar. Yumurtalıqların rezeksiyası və ya çıxarılması onların travmatik zədələnməsi, xoş və ya bədxassəli törəmələr, uşaqlıqdan kənar hamiləlik zamanı həyata keçirilir.
- İntensiv radiasion təsirlər. Kiçik çanaq orqanlarının şüa terapiyasında şüalanmasının summar (cəm) dozasının 6 Qrey olması yumurtalıq toxumasında geridönməyən zədələnmələr törədir.
- Kimyaterapiya. Şiş xəstəliklərinin hüceyrələrin bölünməsini tormozlayan preparatlarla müalicəsi zamanı estrogenlərin sintezi pozula bilər. Hormondan asılı bədxassəli törəmələrin müalicə sxeminə yumurtalıqların funksiyasını tormozlayan vasitələr daxildir.
- Autoimmun xəstəliklər. Cinsiyyət vəzilərində gedən autoimmun proseslər zamanı follikulların çapıq toxuması ilə əvəzlənməsi müşahidə edilir. Yumurtalıqların zədələnməsinə həmçinin insulindən asılı şəkərli diabet və Addison xəstəliyində rast gəlinir.
Erkən klimaksın patogenezi
Erkən klimaks zamanı yumurtalıqlarda follikulların miqdarı tədricən azalır, estrogenlərin sekresiyası buna müvafiq olaraq zəifləyir. Postmenopauzanın III ilinin sonunda yalnız tək-tək follikullara təsadüf edilir. Zamanla onlar da tamamən itir. Estrogenlərin səviyyəsinin azalması fonunda hipofiz daha çox FSH ifraz edir, bu da hiperqonadotrop hipoqonadizmin yaranmasına gətirib çıxarır. Qadın cinsi hormonlarına həssas reseptorlar əksər orqan və toxumalarda aşkarlandığından estrogen çatışmazlığı nəinki reproduktiv funksiyanın pozulması (amenoreya, uşaqlığın involyusiyası və s.), həmçinin limbik və digər sistemlərdə dəyişikliklərlə müşayiət olunur.
Erkən klimaksın təsnifatı
Erkən klimaksın təsnifatının əsasını onun inkişafının mərhələli xarakteri təşkil edir:
- Premenopauza. İlkin əlamətlərlə son aybaşı arasındakı mərhələ orta hesabla 6-8 il çəkir.
- Menopauza. Axırıncı aybaşıdan sonra menstruasiyaya 12 ay ərzində rast gəlinmir.
- Postmenopauza. Menopauzadan sonra başlayır, 65-69 yaşa qədər davam edir.
Erkən klimaksın əlamətləri
Yumurtalıqların funksiyasının vaxtından əvvəl sönməsinin ilkin əlaməri aybaşı siklinin pozulmasıdır. Aybaşıarası interval adətən 35 gündən çox olur. Axıntıların həcmi artır və ya əksinə azalır. Erkən premenopauzanın sonunda ikincili amenoreya (6 aydan çox müddətdə aybaşının olmaması) meydana çıxır. Qadınlar hamilə qala bilmir. Hormon çatışmazlığı ilə əlaqədar «istilik gəlmə» müşahidə olunur: üz, bəzən hətta gövdənin yuxarı hissəsi də qızarır, güclü tərləmə baş verir, qəflətən təngnəfəslik tutmaları baş verir. Pasiyent əsəbi və ağlağan olur, onun yuxusu və əmək qabiliyyəti pozulur.
Miokardda baş verən dishormonal dəyişikliklər yerimə və fiziki aktivlik zamanı təngnəfəsliyə, aritmiyaya səbəb olur. Döş qəfəsinin sol yarısında diskomfort və yüklənmə ilə bağlı olmayan deşici ağrılar əmələ gəlir. Damar tonusunun pozulması baş ağrıları, başgicəllənmə, arterial təzyiqin qəfil yüksəlməsi və ya enməsi ilə müşayiət edilir. Lipid mübadiləsinin ləngiməsi çəki artımına gətirib çıxarır. Üst dodaqdan yuxarıda və çənə nahiyəsində həddindən artıq tüklənmə baş verir.
Menopauza və erkən postmenopauza dövründə dəri quruyur və qırışır. Dırnaq və saçlar kövrəkləşir, qırılır, onların böyüməsi zəifləyir. Tipik urogenital pozğunluqlar: imperativ xarakterli sidiyəgetmə çağırışları, qəfil hərəkətlər, öskürək və gülüş zamanı sidik saxlamazlıq inkişaf edir. Xarici cinsiyyət orqanlarının və uşaqlıq yolunun selikli qişasının quruluğu qaşınma və göynəmə törədir. Cinsi həvəs azalır. Gecikmiş postmenopauza mərhələsində yaddaş, eşitmə və görmə qabiliyyəti pozulması, arterial təzyiq yüksəlməsi, sümüklərin əyilməsi və kövrəkliyi, sümük və oynaq ağrıları, qamət pozğunluğu, artrit müşahidə oluna bilər.
Erkən klimaksın ağırlaşmaları
Erkən klimaks disfunksional uşaqlıq qanaxmaları, sonsuzluq və estrogen çatışmazlığı ilə bağlı xəstəliklərlə ağırlaşır. Pozğunluqlar korreksiya olunmadıqda əksər hallarda osteoporoz, patoloji sınıqlar, ateroskleroz, yüksək hipertoniya, miokard infarktı və insult riski meydana çıxır. Autoimmun proseslər (Haşimoto tireoiditi, autoimmun dazlaşma, böyrəküstü vəzin çatışmazlığı, insulindən asılı şəkərli diabet) formalaşır və ya proqressivləşir. Süd vəzilərinin, yumurtalıq və uşaqlığın xoş və ya bədxassəli şişlərinin yaranma ehtimalı yüksəlir.
Erkən klimaksın diaqnostikası
Erkən klimaksın əlamətlərinin vaxtında aşkarlanması nəinki ciddi xəstəliklərin inkişafının qarşısını alır, həmçinin qadının həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldir. Müayinə planına aşağıdakılar daxildir:
- Ginekoloqun konsultasiyası. Anamnez toplanarkən tipik simptomatika aşkarlanır, Kupperman indeksinin köməyilə qiymətləndirilir. Baxış zamanı «bəbək» simptomu dinamikada hər zaman mənfi, servikal seliyin dartılma göstərici isə aşağı olur.
- Hormonal analizlər. Erkən klimaksın başlanğıc dövründən etibarən estradiol, inhibin (xüsusən inhibin B) və cinsi hormonları birləşdirən qlobulinlərin (CHBQ) səviyyəsi azalmağa başlayır. Follikulstimuləedici və lüteinləşdirici hormonların nisbəti pozulur. Androgenlərin miqdarı həm arta, həm də azala bilər.
- Kolpositoloji müayinə. Yetişmə indeksinin sola meylliyi – uşaqlıq yolu epitelinin parabazal və bazal hüceyrələrinin miqdarının artması qeydə alınır.
- Lipid mübadiləsinin yoxlanılması. Xolesterin və aşağı sıxlıqlı lipoproteidlərin ümumi səviyyəsi yüksəlir. Yüksək sıxlıqlı lipoproteidlərin konsentrasiyası isə aşağı enir.
- Transvaginal USM. Endometriumun nazilməsi, miometriumun fibrozu üçün xarakterik olan hipoexogen sahələr, postmenopauza dövründə uşaqlıqda sinexiyalar və azacıq maye yığını müşahidə edilir.
- Ultrasəs doppleroqrafiya. Uşaqlığın əzələ qatında qan dövranının zəifləməsi izlənilir.
Postmenopauza zamanı ağırlaşmaları üzə çıxarmağa kömək edən müayinələr: osteoporozu aşkarlayan osteodensitometriya, ürək patologiyalarının diaqnostikası məqsədilə EKQ, hormonal disbalans fonunda yaranan törəmələri müəyyən edən mammoqrafiya və uşaqlıq boynunun sıyrıntısının sitologiyası (PAP-test) mühüm rol oynayır. Ağır gedişli erkən klimaksı böyrəküstü və qalxanabənzər vəzin patologiyalarından, hiperprolaktinemiyadan, hipofiz və yumurtalıqların şişindən differensiasiya etmək lazımdır. Bundan əlavə endokrinoloq, onkoloq, onkoginekoloq, nevropatoloqun konsultasiyası göstəriş sayılır.
Erkən klimaksın müalicəsi
Klimakterik sindromun klinik təzahürləri estrogen çatışmazlığı ilə bağlı olduğundan onun patoloji gedişi hormonal fonun korreksiyasına göstəriş sayılır. Bu məqsədlə pasiyentə aşağıdakı vasitələr təyin edilir:
- Əvəzedici hormonoterapiya (ƏHT). Qadın cinsi hormonları daha effektiv sayılır. Erkən klimaksa gətirib çıxaran əsas xəstəlikdən asılı olaraq, estrogen, gestagen, estrogenlərin progestin və ya androgenlə kombinasiyasından istifadə edilir. Hormonal preparatların yan təsirləri, hormonoterapiyaya mütləq və nisbi göstərişlərin olması ilə əlaqədar konkret sxem yalnız ginekoloq tərəfindən seçilməlidir.
- Fitoestrogen dərman vasitələri. ƏHT-yə əks-göstəriş olduqda və ya qadın hormonal preparatların qəbulundan imtina etdikdə fitoestrogen preparatlar məsləhət görülür. Onlar estrogenəbənzər təsirli qeyri-steroid mollekullardan ibarət bitki xammalından hazırlanır.
- Estrogen tərkibli vasitələrin yerli istifadəsi. Şam, krem və gellərin tətbiqi servikal kanalın, uşaqlıq yolu və xarici cinsiyyət orqanlarının involyutiv dəyişiklikləri zamanı öz təsdiqini tapmışdır.
Ağırlaşmaların profilaktika və müalicəsi məqsədilə ürək və beyin qan dövranını yaxşılaşdıran vasitələrdən, vitaminn-mineral komplekslərindən, kalsium preparatlarından istifadə oluna bilər. Çanaq dibi əzələlərinin tonusunun və dayaq-hərəkət aparatının funksional vəziyyətinin stabilliyinə yönəldilən müalicəvi idman effektiv hesab olunur.
Erkən klimaksın proqnoz və profilaktikası
Yumurtalıq toxuması saxlanılarkən əvəzedici hormonoterapiyanın təyini 92-95% hallarda tipik klimakterik simptomatikanın zəifləməsinə, 85% qadınlarda urogenital pozğunluqların ifadəliyinin azalmasına, dəri və saçların vəziyyətinin yaxşılaşmasına, bəzən aybaşının davam etməsinə, hətta bərpasına (10% pasiyentlərdə) səbəb olur. Mütəmadi şəkildə hormonal və hormonabənzər preparatlar qəbul edən qadınlarda patoloji sınıqların baş vermə ehtimalı 30% azalır.
Erkən klimaksın qarşısını almaq üçün balanslaşdırılmış həyat tərzi keçirmək, reproduktiv orqanların sağlamlığına nəzarət etmək, ildə ən azı 1 dəfə mama-ginekoloqun müayinəsində olmaq, qarın boşluğunun travmalarını uzaqlaşdırmaq, az travmatik cərrahi müalicə üsullarına üstünlük vermək məsləhət görülür.