Hamilələrdə vaginal kandidoz
Hamilələrdə vaginal kandidoz — hestasiya dövründə yaranan və ya kəskinləşən patologiyadır, uşaqlıq yolunun selikli qişasının mayayabənzər göbələklər tərəfindən törədilən iltihabi zədələnməsi ilə xarakterizə olunur. Kəsmiyəbənzər vaginal ifrazat, xarici cinsiyyət orqanları, aralıq, sağrıarası və qasıq büküşləri nahiyəsində qaşınma, göynəmə, qıcıqlanma, vezikulyoz səpkilər, cinsiyyət orqanlarının ödemi, dispareuniya ilə təzahür edir. Diaqnoz ginekoloji baxış, vaginal yaxmanın mikroskopik müayinəsi, PZR, İFR, İFA vasitəsilə qoyulur. Müalicə məqsədilə müxtəlif qruplara aid olan yerli antimikotik vasitələr-polienlər, azollar, kombinə olunmuş preparatlardan istifadə olunur.
Hamilələrdə vaginal kandidoz barədə ümumi məlumat
Reproduktiv yaşda olan qadınların 2/3 hissəsindən çoxunda ən azı 1 dəfə vaginal kandidoz müşahidə olunur, 40-50% hallarda xəstəliyin epizodları təkrarlanır, 5% xəstələrdə isə infeksiya xroniki residivləşən formaya keçir. Mayayabənzər göbələklər tərəfindən törədilən kolpit 30-40% xəstələrdə aşkarlanır, bu göstərici hamilə olmayan qadınlarla müqayisədə 2-3 dəfə çoxdur. Doğuş qabağı onun tezliyi 44,4%-ə çatır. Vaginal kandidozun geniş yayılması 10-17% qadınların təbii vaginal mikrosenozunda hamiləlikdən əvvəl mayayabənzər göbələyin olması və uzunmüddətli simptomsuz kandidadaşıyıcılıqla izah olunur. İnfeksiyaya isti ölkələrdə, xüsusən də şəhər əhalisində daha çox rast gəlinir.
Hamilələrdə vaginal kandidozun yaranma səbəbləri
90-95% hamiləliklərdə kandidoz şərti-patogen spor əmələ gətirməyən Candida cinsindən olan mayayabənzər göbələklər – Candida albicans (C. Albicans) tərəfindən törədilir. Son zamanlar kolpitlərin sayının artması müşahidə olunur, patoloji ifrazatlarda kandidanın digər növləri- C. kefyr, C. krusei, C. guilliermondii, C. tropicalis və s. aşkar olunur. Xəstəxanadaxili infeksiyaların ən təhlükəli törədicisi Candida glabrata sayılır. Normada 80% hamilələrin mikroflorasında tək qeyri-aktiv, miseli sapları əmələ gətirməyən yumru hüceyrələr şəklində mayayabənzər göbələklərə rast gəlinir, onların sayı vaginal laktobakteriyalar (Doderleyn çöpləri) tərəfindən tənzimlənir.
Kandidozun cinsi yolla ötürülməsinə baxmayaraq, onun yaranmasında immunitetin pozulması və laktobakteriyaların miqdarının azalması mühüm rol oynayır. Xroniki somatik patologiyalar, şəkərli diabet, hipotireoz, hipoparatireoz, hiperkortisizm, ağır formalı ümumi xəstəliklər (leykemiya, limfoma, İİV-infeksiyası və s.), antibiotiklər, qlükokortikoidlər, sitostatiklərin nəzarətsiz qəbulu, bağırsaq disbakteriozu, hipovitaminoz, xroniki stresslər və emosional yüklənmələr, iqlim dəyişikliyi zamanı kandidozun inkişaf riski artır.
Xəstəliyin təkanverici amillərinə havanın daxil olmasının pozulması nəticəsində cinsiyyət orqanlarının nəmliyini artıran gündəlik bezlərin istifadəsi, sintetik alt paltarlarının istifadəsi, piylənmə, qida rasionunda şirniyyat və karbohidratlarla zəngin qidaların bol olması aiddir. Eləcə də hamiləlik zamanı vaginal kandidozun klinik manifestasiyasına aşağıdakı amillər təsir edir:
- Uşaqlıq yolunun selikli qişasında qlikogenin toplanması. Estrogenlərin təsirindən qlikogenin toplandığı epitel hüceyrələrinin sayı artır. Qlikogeni süd turşusuna kimi parçalayan laktobakteriyaların miqdarının azalması zamanı kandidanın çoxalması üçün əlverişli mühit yaranır.
- İmmunitetin zəifləməsi. Hamilələrdə progesteron, kortikosteroidlər və qlobulinlərlə birləşmiş immunosupressor amilin yüksək konsentrasiyasının təsirindən immunitet zəifləyir, bu ana orqanizminin dölü yad kimi qəbul edərək, özündən ayırmasının qarşısını alır və hestasiyanı dəstəkləyir.
Hamilələrdə vaginal kandidozun patogenezi
Hamilələrdə vaginal kandidoz zamanı infeksion proses əvvəlcə selikli qişanın səthi qatlarında lokalizasiya olunur. Adgeziya mərhələsində kandidalar epitel hüceyrələrinə yapışır və uşaqlıq yolunda kolonizasiyalaşır, yalnız bundan sonra epiteliositlərə daxil olur. İnvaziyadan sonra mikroorqanizmlərin nazik sapşəkilli formalara (psevdomiseli) transformasiyası ilə müşayiət olunan çoxqütblü tumurcuqlanması başlanır. Qadın orqanizmi onların çoxalmasını dayandıra bilər, lakin sitokin effektinin çatışmazlığı və G- interferonun azlığı səbəbindən törədicinin tam şəkildə eliminasiyası mümkün olmur. Göbələklər bu səviyyədə selikli qişanın daha dərin qatlarını zədələmədən uzun müddət persistə edir.
İmmunitetin zəifləməsi zamanı törədici epitel səddini keçərək, birləşdirici toxumaya daxil olur, hüceyrə və toxuma müdafiə mexanizmini dəf edərək, aktiv şəkildə çoxalır. Kandidanın damar məcrasına düşməsi hematogen disseminasiyaya- digər orqan və sistemlərin zədələnməsinə səbəb olur. Göbələkllərin qalxan yolla yayılması uşaq üçün təhlükəlı sayılır- III trimestrdə dölyanı mayenin antimikrob aktivliyi çox zəif olur, bu səbəbdən kandidoz törədiciləri orada daha tez çoxalır. Göbələklərin selikli qişalar və dəri örtükləri ilə təması, infeksiyalaşmış mayenin udulması və aspirasiyası zamanı dölün infeksiyalaşması baş verir.
Hamilələrdə vaginal kandidozun təsnifatı
Hamiləlik zamanı vaginal kandidozun klinik formalarının sistemləşdirilməsi zamanı əsas kriteriyalar: simtomatikanın ifadəliyi, infeksion prosesin gedişi və kandidanın urogenital infeksiyaların digər tördiciləri ilə assosiasiyası nəzərə alınmışdır. Hamilələrin əksəriyyətində vaginal kandidoz simptomsuz gedir və ya tez-tez residivləşməyə meylli olur. Birincili kəskin proses nadir hallarda müşahidə olunur. Mamalıq və ginekologiyada vaginal kandidozun adətən aşağıdakı formaları aşkar olunur:
- Simptomsuz kandidadaşıyıcılıq. Klinik əlamətlər qeyd olunmur. Vaginal mikrosenozda göbələklərin tirti 104 KƏV/ml-dən çox olmur. Vaginal sekretin bakterial müayinəsi zamanı orta miqdarda laktobasillər üstünlük təşkil edir.
- Həqiqi kandidoz. Vaginal kandidozun tipik klinik şəkli müşahidə olunur. Kandidaların titri 104 KƏV/ml-dən çox olur, yüksək titrli (106 KƏV/ml-dən çox) laktobasillər aşkarlanır. Digər şərti-patogen mikroorqanizmlərin diaqnostik əhəmiyyətli titrləri aşkar olunmur.
- Kandidozun bakterial vaginozla müştərək inkişafı. Uşaqlıq yolunun sekretində polimikrob assosiasiyaları müəyyən edilir. Yüksək titrli (109 KƏV/ml-dən artıq) göbələklərdən əlavə obliqat anaeroblar və qardnerellalar izlənilir. Laktobasillərin sayı az olur və ya ümumiyyətlə müşahidə olunmur.
Hamilələrdə vaginal kandidozun əlamətləri
Simptomsuz daşıyıcılıq zamanı qadın heç bir şikayət təqdim etmir. Kandidozun manifestasiyasının ən xarakterik əlamətləri orta və ya çox miqdarda kəsmiyəbənzər vaginal ifrazat və cinsiyyət orqanlarında kandida miseliləri, leykosit və zədələnmiş epitel hüceyrələrindən ibarət olan ağ ərp hesab olunur. Vaginal kandidoz zamanı adətən cinsiyyət orqanları nahiyəsində gecə saatlarında, gigiyenik prosedurlar və ya cinsi əlaqədən sonra güclənən qıcıqlanma, qaşınma və göynəmə qeyd olunur. Cinsi nahiyədən xoşagəlməz qoxu mümkündür. Uşaqlıq yolunun selikli qişasında qan dövranının güclənməsi nəticəsində cinsiyyət orqanları ödemləşir.
Uşaqlıq yolu dəhlizi, kiçik və böyük cinsiyyət dodaqlarının iltihabi prosesə qoşulması zamanı onların səthində sulu möhtəviyyatlı tünd qırmızı vezikulalar yaranır, patoloji elementlər partladıqdan sonra mikroeroziya və qabıq formalaşır. Artıq çəkili qadınlarda səpgilər aralıq, qasıq və qasıqarası büküşlərə yayılır. Uşaqlıq yolunun iltihablaşmış selikli qişasının həssaslığının artması nəticəsində xəstələr cinsi əlaqə zamanı diskomfort və ağrıdan şikayət edir. Sidik ifrazının tezləşməsi və kəskin ağrıların yaranması göbələklərin sidik sisteminə daxil olmasına dəlalət edir.
Hamilələrdə vaginal kandidozun ağırlaşmaları
Vaginal kandidozdan əziyyət çəkən hamilələrdə əksər hallarda hamiləliyin pozulması təhlükəsi yaranır, özbaşına düşük və vaxtından əvvəl doğuş riski yüksəlir. İnfeksion prosesin qalxan yolla uşaqlıq boynunun selikli qişasına yayılması zamanı endoservisit inkişaf edir, döl qişalarının zədələnməsi xorioamnionit, dölyanı mayenin vaxtından qabaq axması, xroniki hipoksiyalar, dölün hipertrofiya əlamətləri ilə müşayiət olunan bətndaxili infeksiyalaşmasına gətirib çıxarır. Doğuş zamanı iltihablaşmış yumşaq toxumaların cırılma ehtimalı artır. Doğuşdan sonrakı dövrün xarakterik ağırlaşmalarına endometrit, doğuş infeksiyalarının yara infeksiyaları, uşaqlığın subinvolyusiyası aiddir. Son 20 il ərzində uşaqların mayayabənzər göbələklərlə bətndaxili, intra- və postnatal infeksiyalaşma tezliyi 1,9%-dən 15,6%-ə qədər yüksəlmişdir. Dölün və yenidoğulmuşların ölüm hallarının 10%-də kandidoza xas olan əlamətlər aşkar olunur.
Hamilələrdə vaginal kandidozun diaqnostikası
Hamilələrdə vaginal kandidozun tipik klinik şəkil zamanı diaqnozun qoyulması heç bir çətinlik törətmir. Kandida daşıyıcılığa və ya xəstəliyin subklinik gedişinə şübhə yarandıqda ətraflı müayinə tələb olunur. Uşaqlıq yolunun təbii mikrosenozunda göbələklərin olması ilə əlaqədar kandidaya görə əkilmə məhdud şəkildə, əsasən törədicinin həssaslığının müəyyənləşdirilməsi və müalicənin effektivliyinə nəzarət məqsədilə aparılır. Ən informativ müayinə üsulları aşağıdakılardır:
- Ginekoloji müayinə. Vaginal güzgülərin köməyilə selikli qişanın hiperemiyası, onun səthində ağ ərpin olması aşkarlanır. Uşaqlıq yolundan axan çoxlu miqdarda kəsmiyəbənzər ifrazat xarakterikdir. Xarici cinsiyyət orqanlarında aralıq və dərinin təbii büküşlərinə yayılan vezikulyoz səpgilər müşahidə oluna bilər.
- Floraya görə yaxma. Uretra, servikal kanal və uşaqlıq yolundan götürülən rənglənən və ya rənglənməyən yaxmalar mikroskop altında müayinə edilir. Kandidoz zamanı preparatda tək-tək tumurcuqlanan mayayabənzər göbələk hüceyrələri, psevdomiseli, blastokonidiya, psevdogif, digər morfoloji strukturlar izlənilir.
Vaginal kandidoz zamanı köməkçi üsullar qismində kandidozun PZR-diaqnostikası, İFR, İFA (kandidalara qarşı anticisimlərin təyini) məsləhət görülə bilər. Laborator üsullar yüksək həssaslıq və spesifikliyi ilə seçilsə də, əkilmələr kimi bu metodlar da təbii vaginal mikrofloranın tərkibində törədicinin rast gəlinməsi ilə əlaqədar məhdud şəkildə tətbiq olunur. Uşaqlıq yolunun digər infeksion-iltihabi xəstəlikləri – bakterial vaginoz, genital herpes, qeyri-spesifik bakterial və trixomonad vulvovaginit, xlamidiya, qonokokk, bakterial mənşəli ekzo- və endoservisitlərlə differensial diaqnostika aparılır. Zərurət olduqda xəstə infeksionist, dermatoloq-veneroloq, uroloq müayinəsinə göndərilir.
Hamilələrdə vaginal kandidozun müalicəsi
Hamiləlik zamanı kandidozun terapiyasının əsas məqsədi yüksəktəsirli, ana və dölə toksiki təsiri olmayan preparatların köməyilə törədicinin tam eliminasiyasından ibarətdir. Antimikotik preparatların vaginal şam şəklində yerli tətbiqinə üstünlük verilir, dərman preparatlarının istifadəsi zamanı klinik əlamətlər daha tez aradan qaldırılır, təsiredici maddənin minimal sistemli absorbsiyası qeyd olunur. Vaginal kandidozlu hamilələrə aşağıdakı qrup preparatlar məsləhət görülür:
- Polien antimikotiklər. Funqisid antibiotiklər kandidaların membranında çoxsaylı kanalların yaranması və elektrolitlərin itirilməsi səbəbindən mikroorqanizmlərin dağılması hesabına mayayabənzər göbələklərin məhvinə səbəb olur. Polien qrupundan olan antibiotiklər aşağı rezorbtivliyi ilə fərqlənir və selikli qişalardan demək olar ki, sorulmur, bu da hamilələr üçün çox vacibdir.
- Azol qrupu (imidazol, triazol). Azol qrupundan olan vasitələrin fungistatik təsiri hüceyrə membranının komponenti sayılan erqosterinin sintezinin inhibə edilməsinə əsaslanır. Sterollar bu yolla yalnız göbələkdə sintez olunduğundan preparatlar insan orqanizmində xolesterinin hasilində katalizator rolu oynayan fermentlərə təsir etmir. Sistemli azolların teratogen effekti ehtimal olunduğundan onlar yerli formada tətbiq olunur.
- Kombinəolunmuş preparatlar. Belə vasitələrin tərkibinə bir neçə imidazol antimikotiklər və ya polien qrupundan əlavə digər antibiotiklər- aminoqlikozidlər, polipeptidlər və s. daxildir. Vaginal kandidozun bakterial vaginozla müştərək inkişafı və ağırlaşmaların yüksək yaranma riski ilə müşayiət olunan terapevtiv rezistent hallarda kombinəolunmuş preparatların təyini öz təsdiqini tapmışdır.
Yüksək effektivliyinə baxmayaraq, embriotoksik təsirli exinokandinlər və alliaminlərdən hamiləlik zamanı istifadə olunmur. Adı çəkilən bu preparatlar dölə neqativ təsirlə əlaqədar məhdud şəkildə istifadə olunur. Dölün intranatal infeksiyalaşmasının qarşısını almaq üçün doğuşönü mərhələdə vaginal kandidoz ambulator şəraitdə aktiv müalicə olunur. Kandidozlu xəstənin cinsi partnyorunda kandidoz balanopostitin əlamətləri aşkar olunduqda, onun da antimikotiklərlə müalicəsi aparılır. Mamalıq əks-göstərişləri olmadıqda hamilələrə təbii doğuş məsləhət görülür.
Hamilələrdə vaginal kandidozun proqnoz və profilaktikası
Antimikotik vasitələrin vaxtında təyini və immunosupressiyanın ağır formalarının olmadığı hallarda ana və döl üçün proqnoz qənaətbəxşdir.
Vaginal kandidozun profilaktik tədbirlərinə immunitetin möhkəmləndirilməsi, təbii parçalardan hazırlanmış alt paltarlarının istifadəsi, tərkibində süd turşusu olan intim gellərlə yuyunmaq aiddir. Hestasiyadan əvvəl vaginal kandidozun residivləşən gedişinə rast gəlinən hamilələrə qadın məsləhətxanalarında erkən qeydiyyata düşmə, düzgün istirahət rejimi, stresslərin istisna olunması, qida rasionunun süd və süd məhsulları, meyvə, tərəvəzlərlə zənginləşdirilməsi məsləhət görülür.