Limfadenit
Limfadenit – limfa düyünlərinin qeyri-spesifik və ya spesifik iltihabi zədələnməsidir. Patologiya yerli ağrı, limfa düyünlərinin böyüməsi, baş ağrıları, nasazlıq, zəiflik, bədən temperaturunun yüksəlməsilə xarakterizə olunur. Limfadenitin diaqnostikası anamnezin toplanması və obyektiv müayinələrin köməyilə aparılır; etiologiya dəyişilmiş limfa düyününün biopsiyası ilə dəqiqləşdirilir. Xəstəliyin müalicəsi aşkar olunmuş törədiciyə əsasən həyata keçirilir; antibiotikoterapiya və fizioterapiyadan ibarətdir. Abses və ya adenofleqmona formalaşdıqda onlar yarılır və drenaj olunur.
Limfadenit barədə ümumi məlumat
Limfadenit, adətən, hər hansı bir lokalizasiyalı birincili iltihabın ağırlaşması kimi yaranır. İnfeksiya törədiciləri (mikroorqanizmlər və onların toksinləri) birincili irinli ocaqdan limfa dövranı vasitəsilə regionar limfa düyününə gətirilir. Bəzən limfadenitin inkişafına qədər birincili ocaq artıq ləğv edilir və müəyyənləşdirilməmiş qala bilər. Digər hallarda limfadenit infeksiyanın dəri və ya selikli qişanın zədələnməsi nəticəsində birbaşa limfa şəbəkəsinə düşməsi zamanı yaranır.
Limfadenit zamanı limfa düyününün iltihabi reaksiyası limfa sisteminin infeksiyaların orqanizmdə yayılmasını məhdudlaşdıran baryer funksiyasıdır. Bununla yanaşı, limfadenitin inkişafı yayılmış irinli proseslərin – adenofleqmona və sepsisin son nöqtəsi ola bilər. Limfadenitlərin müalicəsi ilə cərrahlar, daha çox flebologiya və limfologiya sahəsində çalışan mütəxəssislər məşğul olur. Patologiya zamanı bir çox hallarda çənəaltı, boyun, qoltuqaltı, nadir hallarda dizaltı, dirsək, qasıq limfa düyünləri zədələnir. Dərin limfa damarlarının (çanaq, qalça) iltihabına rast gəlinir.
Limfadenitin təsnifatı və mərhələləri
Gedişinə görə limfadenit kəskin və xroniki olur. Kəskin limfadenit öz inkişafında 3 fazadan – kataral, hiperplastikvə irinli fazalardan keçir.
Limfadenit zamanı başlanğıc patoloji proseslər böyümüş limfa düyünü üzərindəki dərinin davamlı hiperemiyası, sinusların genişlənmməsi və onların endotelinin deskvamasiyası ilə xarakterizə olunur. Daha sonra düyün parenximasının seroz impreqnasiyası və eksudasiyası, limfoid toxumanın infiltrasiyası və proliferasiyası baş verir. Bu struktur dəyişikliklər patoloji proses limfa düyününün kapsulu hüdudlarında lokalizasiya olunmuş limfadenitin kataral və hiperplastik mərhələlərinə uyğun gəlir. Sonrakı qeyri-kafi gedişində limfa düyününün irinləməsi, inkapsulyasiya olunmuş abses yaranır və ya infeksiyalaşmış möhtəviyyat ətraf toxumalara sirayət edir, nəticədə paralimfadenit və adenofleqmona inkişaf edir. Limfa düyününün irinləməsi nəticəsində yaranmış ixoroz (çürüntülü) limfadenit gedişinin xüsusən ağır olmasına görə fərqlənir.
Nadir hallarda güclü eksudasiya və fibrin çökməsi ilə xarakterizə olunan fibrinoz limfadenitə; həmçinin limfa düyünlərinin sürətlə və genişmiqyaslı məhvi ilə inkişaf edən nekrotik limfadenitə də rastlanır. Bununla yanaşı, limfadenitin xüsusi forması – hemorragik limfadenit də var. Patologiyanın bu forması Sibir xorası və ya vəba zamanı limfa düyününün qanla imbibisiyası (absorbsiyası) ilə xarakterizə olunur.
Limfadenit sadə və hiperplastik formalarında xroniki gedişata malik ola bilər. Patologiya zamanı iltihabi proses bir limfa düyününü və ya eyni zamanda yaxınlıqda yerləşən bir neçə limfa düyününü zədələyə bilər. Etiologiyasından asılı olaraq spesifik və qeyri-spesifik limfadenitlər ayırd olunur.
Limfadenitin inkişaf səbəbləri
Qeyri-spesifik limfadenitlərin törədiciləri kimi limfa düyünlərinə limfogen, hematogen və ya kontakt yolla sirayət etmiş irin törədən flora – stafilokoklar və streptokoklar, həmçinin onların toksinləri, toxuma parçalanması nəticəsində əmələ gəlmiş məhsullar çıxış edir. Qeyri-spesifik limfadenitlər zamanı birincili ocaqlar irinli yaralar, panarisiya, furunkul, karbunkul, fleqmona, qızılyel iltihabı, trofik xora, tromboflebit, karies, osteomielit ola bilər. Yerli iltihabi proseslər tez-tez regionar limfadenitlə müşayiət olunur.
Uşaqlarda limfadenit tez-tez lor-orqanların iltihabi xəstəlikləri (qrip, otit, xroniki tonzillit, angina), uşaq infeksiyaları (skarlatina, difteriya, parotit), həmçinin dəri xəstəlikləri (piodermiya, eksudativ diatez, infeksiyalaşmış ekzema və s.) ilə əlaqəli olur. Spesifik limfadenitin səbəbləri vərəm, sifilis, qonoreya, aktinomikoz, vəba, Sibir xorası, tulyaremiya və s. infeksiyaların törədiciləridir.
Limfadenitin simptomları
Kəskin, qeyri-spesifik limfadenit regionar limfa düyünlərinin ağrılı olması və onların ölçülərinin böyüməsi ilə təzahür edir. Kataral və hiperplastik formalarda limfa düyünlərini asanlıqla palpasiya etmək olar; onlar az ağrılı olur, ümumi pozulmalar zəif nəzərə çarpır və ya olmur. Limfadenit tez-tez limfa damarlarının prosesə cəlb olunması (limfangit) ilə gedir.
Düyün irinlədikdə bərk və ağrılı olur; ümumi intoksikasiya – hərarət, iştahasızlıq, zəiflik, baş ağrıları inkişaf edir. Yerli təzahürlər – zədələnmiş limfa düyünü nahiyəsində hiperemiya və ödem artır, periadenit hesabına limfa düyününün konturları aydın olmur. Xəstə zədələnmiş nahiyəsi ilə ehtiyatlı davranmağa vadar olur; belə ki, hərəkət zamanı ağrılar güclənir. Tezliklə limfa düyününün irinləməsi baş verir və infiltrasiya nahiyəsində fluktuasiya nəzərə çarpır.
Formalaşmış abses vaxtında yarılmazsa, onun xaricə və ya ətraf toxumalara açılması baş verə bilər. Sonuncu halda adenofleqmona inkişaf edir. O, yayılmış bərk və ağrılı infiltratla, ayrı-ayrı yumşalma ocaqları ilə xarakterizə olunur. Limfadenitin çürüntülü formasında düyünün palpasiyasında qazlı krepitasiya hiss olunur. Destruktiv proseslərdə ümumi pozulmalar proqressivləşir; taxikardiya, intoksikasiya, hərarət artır.
İrinli limfadenitin ağırlaşmaları tromboflebit, limfatik fistullar, septikopiemiya ola bilər. İrinin traxeobronxial limfa düyünlərindən bronxa və ya qida borusuna açılması bronxopulmonal və ya qida borusu fistullarına, mediastinitə gətirib çıxarır. Uşaqlarda limfadenit şiddətli gedir; yüksək temperatur, nasazlıq, iştahasızlıq, yuxunun pozulması baş verir. Mümkün ağır fəsad infeksiyanın generalizasiyası və sepsisin inkişafıdır.
Xroniki qeyri-spesifik limfadenit zamanı limfa düyünləri böyümür, az ağrılı, bərk, ətraf toxumalarla birləşməmiş olur. Patologiya limfoid toxumanın birləşdirici toxuma ilə əvəzlənməsi nəticəsində limfa düyünlərinin bürüşməsi ilə sonlanır. Bəzən birləşdirici toxumanın proliferasiyası limfa dövranının pozulmasına, beləliklə, ödemlərə, limfostaza, filayaqlılığa səbəb olur.
Spesifik qonoreyalı limfadenit üçün qasıq limfa düyünlərinin böyüməsi və kəskin ağrıllı olması xarakterikdir. Vərəm limfadeniti yüksək temperatur, güclü intoksikasiya, periadenit, tez-tez limfa düyünlərinin nekrotik dəyişiklikləri ilə gedir. Sifilis zamanı limfadenit limfa düyünləri zəncirinin birtərəfli, mülayim böyüməsi, onların bir-birilə və dəri ilə birləşməməsilə xarakterizə olunur. Sifilitik limfadenitdə limfa düyünlərinin irinləməsi heç vaxt baş vermir.
Limfadenitin diaqnostikası
Səthi lokalizasiyalı kəskin qeyri-spesifik limfadeniti aşkarlamaq çətinlik törətmir. Bu zaman anamnez və klinik təzahürlərin uyğunluğu nəzərə alınır. Limfadenitin periadenit və adenofleqmona ilə müşayiət olunan, patoloji prosesə orta divar və retroperitoneal sahə toxumalarının cəlb olunması ilə gedən ağırlaşmış formalarının diaqnostikası nisbətən çətindir. Bütün hallarda birincili iltihab ocağının aşkarlanması mütləqdir. Kəskin limfadenitin differensial diaqnostikası osteomielit, fleqmona, çürüntülü ateroma və s. ilə aparılır.
Xroniki limfadenit zamanı, bir qayda olaraq, limfa düyününün punksion biopsiyası və ya onun eksiziyası və histoloji analizi tələb olunur. Bu, limfadenitin xroniki formasını sistem xəstəliklərdən (sarkoidoz), limfoqranulomatoz, leykoz, xərçəng şişləri zamanı limfa düyünlərinin metastatik zədələnmələrindən və s. fərqləndirmək üçün vacibdir.
Spesifik limfadenitin müalicəsi kompleks klinik-laborator məlumatlara əsaslanır. Vərəmin aşkarlanması üçün Mantu və Pirke sınaqları aparılır. Punktatın mikroskopik müayinəsində giqant Piroqov-Lanqhans hüceyrələri aşkarlanır. Döş qəfəsinin retngenoqrafiyası zamanı ağciyərlərdə vərəm ocaqları aşkar olunur; boynun, çənəaltı, qoltuqaltı, qasıq nahiyələrinin yumşaq toxumasında kölgəliyin artması şəklində görünən kalsinatlar müəyyən olunur.
Sifilitik limfadenitdə punktatda solğun treponemalar aşkar olunur. Spesifik limfadenitlərin diaqnostikasına ftiziatriya, venerologiya, infektologiya sahələrində çalışan həkimlər cəlb olunur. Ehtiyac olduqda limfadenitli pasiyentlərə limfa damarlarının USDQ-ı, zədəli seqmentlərin MRT-i, KT-i, limfossintiqrafiya, rentgenokontrast limfoqrafiya icra olunur.
Limfadenitin müalicəsi və proqnozu
Kataral və hiperplastik kəskin limfadenit konservativ müalicə olunur. Zədələnmiş nahiyədə sakitlik, rahatlıq yaratmaq; mikrob florasının həssaslığına əsasən adekvat antibiotikoterapiya aparmaq, UYT terapiya, vitaminoterapiya mütləqdir. İrinli proseslərdə irinli limfadenitin, adenofleqmonanın yarılması, drenajı və irinli yaraların işlənməsi prinsipinə uyğun olaraq ocaqların sanasiyası göstərişdir. Aktiv dezintoksikasion və antibakterial terapiya təyin olunur.
Xroniki qeyri-spesifik limfadenit zamanı limfa düyünlərində iltihabı dəstəkləyən əsas xəstəliyin dəf edilməsi tələb olunur. Spesifik limfadenitlər etioloji agentə və birincili prosesə (sifilis, qonoreya, vərəm, aktinomikoz və s.) əsasən müalicə olunur.
Limfadenitin vaxtında etiotrop müalicəsi prosesin yayılmasından və generalizasiyasından qaçmağa imkan verir. Xroniki limfadenit limfoid toxumanın birləşdirici toxuma ilə əvəz olunması nəticəsində limfa düyününün çapıqlaşması ilə sonlana bilər. Bəzi klinik hallarda limfa dövranının pozulması və limfedema inkişaf edə bilər. Limfadenitlərin profilaktikası mikrotravmaların, yaraların və cızıqların infeksiyalaşmasının qarşısının alınmasını tələb edir. Bununla yanaşı, infeksiya ocaqlarının (angina, dişlərdə karieslər) vaxtında müalicəsi, irinli törəmələrin (furunkullar, panarisiyalar) yarılması mühümdür.