Mammoplastika
Mammoplastika – plastik cərrahiyyənin bir sahəsi olub, süd vəzisinin forma və həcminin korreksiyasından ibarətdir. Bura döşün böyüdülməsi və ya əksinə kiçildilməsi (reduksion mammoplastika), süd vəzilərinin asimmetriyasının aradan qaldırılması, dikləşdirilməsi (mastopeksiya), gilə və areolanın formasının dəyişdirilməsi və s. aiddir.
Hazırda mammoplastika ən çox tələb olunan plastik əməliyyatlardan sayılır. Onun köməyilə süd vəzisinin anadangəlmə və qazanılmış qüsurları yox edilir. Mammoplastika əsasən makromastiya (iri döş), mikromastiya (xırda döş), mastoptoz (sallanmış döş), gilənin içəri batdığı hallarda, eləcə də tam və ya hissəvi mastektomiyadan sonra süd vəzisinin kosmetik cəhətdən bərpasına ehtiyac yarandıqda aparılır. Əməliyyatın qiyməti onun həcminə və istifadə olunan materiallara (məsələn, implant) əsasən müəyyənləşdirilir.
Mammoplastika ilə bağlı məsləhətlər
İstənilən növ mammoplastika kifayət qədər ciddi əməliyyat sayılır. Bu səbəbdən ondan əvvəl pasiyent hərtərəfli müayinə olunmalı, əks-göstərişlər aşkarlanmalıdır. Hazırlıq mərhələsində klinik-laborator müayinələr (EKQ, qanın ümumi və biokimyəvi analizi, laxtalanma müddətinin və onkomarkerlərin təyini), süd vəzilərinin USM və mammoqrafiya aparılır.
İnfeksion mənşəli xəstəliklər, mastopatiya, onkoloji xəstəliklər, daxili orqanların ciddi patologiyaları, şəkərli diabet, qanın laxtalanmasının pozulması, qeyri-stabil psixi vəziyyət mammoplastika əməliyyatına əks-göstərişdir. Həmçinin 18 yaşdan kiçik şəxslərdə bu cərrahi müdaxilə aparılmır.
Əgər qadın gələcəkdə arıqlamağı düşünürsə, o zaman süd vəzisinin plastikasını təxirə salmalıdır. Belə ki, çəki itkisi əməliyyatın nəticəsini korlaya bilər.
Əməliyyatdan sonra bərpa dövrünün uğurlu keçməsi və yaranın tez sağalması üçün zülal, vitamin, mikroelementlərlə zəngin qidalar məsləhət görülür. Eləcə də əməliyyatdan 2 həftə əvvəl siqaret, spirtli içkilər və qanı durulaşdıran preparatlardan imtina edilməlidir.
Süd vəzisini böyüdən mammoplastika
Bu üsul döşün həcmini artırmaq, formasını korreksiya etmək məqsədi daşıyır. Arzu olunan nəticələr təhlükəsiz və möhkəm silikon implantlarla əldə edilir. Onlar döşə təbii forma verir. Döş implantları sərt silikon gellə doldurulmuşdur. Onun iri hissəcikləri sayəsində hətta endoprotez zədələndikdə belə, gel kənara axmır. İmplantlar girdə və ya damcı şəklində olur. Onlar döşün quruluş xüsusiyyətlərinə, qadının bədən quruluşuna və təbii ki, pasiyentin istəyinə əsasən seçilir. Qadının anatomik xüsusiyyətləri: skelet, döş əzələləsi, süd vəzilərinin dəri, piy və vəzi toxuması nəzərə alınmaqla, endoprotezlər müxtəlif üsullarla qoyulur.
Kəsik yeri və implantın vəziyyəti plastik cərrah tərəfindən müəyyənləşdirilir. Adətən kəsik postoperasion çapığı gizlədə bilən təbii dəri büküşündə: döş altında (submammar və ya intramammar müdaxilə), əzələ altında, areolanın perimetri boyunca (periareolyar) aparılır. Onun uzunluğu 5 sm-dən artıq olmur.
Qadının öz toxumalarının vəziyyətindən asılı olaraq, implant vəzi toxumasının, fassiya və əzələnin altına qoyula bilər. Vəzi toxuması kifayət qədər inkişaf etdikdə endoprotez vəzinin altına yeridilir. Bu üsuldan sonra postoperasion reabilitasiya digərlərinə nisbətən daha az ağrılı və qısa olur.
Vəzi toxuması nazik olduqda kombinəolunmuş metoddan istifadə edilir. İmplantı yerləşdirmək üçün süd vəzisinin yuxarı hissəsində əzələlərin altında və döşün altında onun aşağı seqmentində xüsusi cib formalaşdırılır. Burada implant fiksasiya olunduğundan yerini dəyişmir.
Əməliyyatdan sonra bir faktı nəzərdə saxlamaq lazımdır ki, doğuş və laktasiya dövrü süd vəzisinin deformasiyasına səbəb ola bilər. Buna görə də gələcəkdə yenidən ana olmaq istəyən qadının mammoplastikanı bu mərhələdən sonraya saxlamağı məsləhətdir.
Əməliyyatdan sonra bərpa dövründə həkimin tövsiyələrinə ciddi riayət olunmalıdır: 3-4 həftə ərzində kompression büstqalter taxılmalı, çiyin qurşağını yükləyən fiziki gərginliklərə məhdudiyyət qoyulmalı, 1,5-2 ay solyari və saunadan imtina edilməlidir.
Reabilitasiya dövrü adətən ağrı və şişkinliklə müşayiət olunur. Əlamətlərin ifadəliliyi mammoplastikanın üsulundan asılıdır. Postoperasion çapıqlar 6 ay müddətində sağalır.
Süd vəzisini böyüdən mammoplastikanın baş verə biləcək ağırlaşmalarına implant ətrafında kapsulyar kontrakturanın yaranması, silikon implantın büzüşməsi və yaxud cırılması, infeksiyalaşma, gilələrin hissiyyatının itməsi, keloid və hipertrofik çapıqlar aiddir.
Əməliyyatın qiyməti implantın modelindən, istehsalçı firmadan və cərrahi müdaxilənin növünə əsasən dəyişir.
Süd vəzisini kiçildən mammoplastika
Buna tibbdə reduksion mammoplastika deyilir. Fiziki narahatlıq və funksional pozğunluqlar (boynun deformasiyası, kürək və çiyində ağrı, tənəffüs pozğunluğu, qamətin əyilməsi) törədən iri ölçülü döş bu tip mammoplastikaya göstəriş sayılır. Kiçildici mammoplastika süd vəzisini yüngül və proporsional edir.
Reduksion mammoplastika prosesində artıq toxumalar kəsilir, areola və döş giləsi yeni vəziyyətdə fiksasiya edilir, həmçinin süd vəzisinin forması modelləşdirilir.
Bu üsulun yeganə çatışmazlığı süd vəzi axacaqlarının travmasıdır. Onun nəticəsində əmizdirmə qabiliyyəti itirilir. Bu faktla əlaqədar hamiləlik planlaşdıran qadınlara reduksion mammoplastika məsləhət görülmür.
Döşün dikləşdirilməsi (mastopeksiya)
Yaşla əlaqədar və yaxud kəskin arıqlama, doğuş və laktasiya dövründən sonra süd vəzi toxumalarının sallanması bu əməliyyata göstəriş sayılır. Ehtiyac olduqda mastopeksiya endoprotezlənmə və ya reduksion mammoplastika ilə birgə həyata keçirilir.
Əməliyyat zamanı döşün aşağı hissəsində artıq dəri toxuması kəsilir, gilə və areola yuxarıya qaldırılır. Kəsik vəziyyətdə asılı olaraq, müxtlif seqmentlərdə aparıla bilər. Əksərən çapıq areolanı əhatə edib, vertikal xətt boyunca submammar büküşə enir.
Mastopeksiya orta hesabla 2-3 saat davam edir. Dikləşdirmədən sonra dəstəkləyici büstqalterin taxılması vacibdir.
Mastopeksiyanın baş verə biləcək fəsadlarına gilənin həssaslığının zəifləməsi aiddir. Reduksion mammoplastikada olduğu kimi hamiləlik planlaşdıran qadınlara mastopeksiya tövsiyə olunmur. Çünki hamiləlik zamanı yeni süd vəzi formasını itirə bilər.
Sonda onu da qeyd edək ki, yalnız 5% hallarda mammoplastika tibbi göstərişlər üzrə aparılır. Qalan vəziyyətlərdə döşün plastikası qadının şəxsi istəyinə əsasən, bədən quruluşunun estetik göstəricilərinin yaxşılaşdırılması və psixoloji komplekslərin yox edilməsi məqsədilə icra edilir.