Mitral-aortal qüsur
Mitral-aortal qüsur – mitral və aorta qapaqlarının mürəkkəb müştərək qüsuru olub, əsasən ikili stenoz və ya bir qapağın stenozu, digərinin isə çatışmazlığı ilə təzahür edir. Mitral-aortal qüsur təngnəfəslik, sianoz, ürəkdöyünmə, aritmiya, anginoz ağrılar, qanhayxırma ilə özünü büruzə verir. Diaqnostika auskultativ, elektrokardioqrafik, exokardioqrafik, rentgenoloji məlumatlara əsaslanır. Mitral-aortal qüsurun cərrahi müalicəsi komissurotomiya, qapaqqoruyucu korreksiya və ya qapaqların protezlənməsindən ibarətdir.
Mitral-aortal qüsur barədə ümumi məlumat
Мitral-aortal qüsur – sol qulaqcıq-mədəcik kompleksinin qapaq aparatı, qapaqaltı strukturları və aortanın müxtəlif kombinasiyalı zədələnmələri ilə xarakterizə olunan müştərək ürək qüsurudur. Mitral və aorta qapaqlarının izoləolunmuş zədələnmələri (mitral çatışmazlıq, mitral stenoz, aortal çatışmazlıq, aorta dəliyinin stenozu) müştərək qüsurlara nisbətən daha az rast gəlinir. Ürəyin qazanılmış qüsurları arasında mitral-aortal qüsur təxminən 10% təşkil edir.
Mitral-aorta qüsur müxtəlif anatomik variantlarla ifadə oluna bilər:
- mitral stenoz və aorta dəliyinin stenozu
- mitral stenoz və aortal çatışmazlıq
- mitral çatışmazlıq və aorta dəliyinin stenozu
- mitral çatışmazlıq və aorta qapağının çatışmazlığı
- müştərək mitral qüsur və aortal çatışmazlıq
- müştərək mitral (sol atrioventrikulyar dəliyin stenozunun üstünlük təşkil etməsi ilə) və müştərək aortal (aorta qapağının çatışmazlığının üstünlük təşkil etməsi ilə) qüsurlar və s.
Mitral-aortal qüsurun yaranma səbəbləri və patogenezi
Müştərək mitral-aortal qüsur demək olar ki, hər zaman revmatik etiologiyaya malik olur. Aortal qüsurun formalaşması revmatik endokardit və miokarditin təkrarlanan həmlələri ilə bağlı olub, mitral qüsurdan sonra baş verir. Bəzən qapaqların çoxsaylı zədələnməsi aortanın aterosklerozu və ya septiki endokardit nəticəsində yaranır.
Mitral-aortal qüsurda hemodinamik dəyişikliklər qüsurlardan hansının daha üstün olmasından asılıdır; buna baxmayaraq onların birgə gücləndirici və ya zəiflədici təsirlərinə də rast gəlmək mümkündür. Belə ki, aortal stenozla mitral qapaq çatışmazlığının müştərək inkişaf etdiyi hallarda axırıncı qeyd olunan qüsur daha ağır gedişə malik olur, bu da qanın requrgitasiyası və sol mədəciklə qulaqcığın həcm yüklənməsinin artması ilə izah edilir. Bununla əlaqədar mitral-aortal qüsurun bu variantı daha ağır gedərək, tez bir zamanda ürək çatışmazlığına gətirib çıxarır.
Aorta dəliyinin izoləolunmuş stenozu ilə müqayisədə kombinəolunmuş mitral və aortal stenozlar zamanı sol mədəciyin hiperfunksiya və hipertrofiyası nisbətən zəif ifadə olunur, bu, mitral stenozun sol mədəciyin həcm yüklənməsini azaltması ilə bağlıdır. Mitral-aortal qüsurun bu formasının gedişi mitral stenozla analojidir – ağciyər hipertenziyasının əlamətləri üstünlük təşkil edir.
Mitral stenozun dominant olduğu hallarda aortal çatışmazlığın əlamətləri müşahidə edilmir və əksinə, daha ifadəli aortal çatışmazlıq mitral qüsurun aşkarlanmasını çətinləşdirir. Aortal çatışmazlıqla mitral qapaq çatışmazlığının kombinasiyası ürəyin sol kameraları üçün qeyri-qənaətbəxş sayılan hemodinamik dəyişikliklərə səbəb olur.
Mitral-aortal qüsurun əlamətləri
Müştərək mirtal-aortal qüsurun klinik fonu hemodinamik pozğunluqların xarakterindən asılıdır. Mitral stenozun üstünlüyü ilə səciyyələnən mitral-aortal qüsur təngnəfəslik, taxikardiya, aritmiya, kiçik qan dövranın durğunluq halları və ağciyər hipertenziyası ilə assosiasiyalı qanhayxırma ilə xarakterizə olunur. Obyektiv əlamətlərə akrosianoz, «mitral qızartı», auskultativ fenomen – ürəyin əsası üzərində «pişik mırıltısı» aiddir. Mitral-aortal qüsur üçün zirvə təkanının sola və aşağıya yerdəyişməsi xarakterikdir, izoləolunmuş mitral qapaq çatışmazlığında bu əlamət qeydə alınmır.
Mitral-aortal qüsurun strukturunda aortal stenoz üstünlük təşkil etdikdə tez yorulma, əzələ zəifliyi, ürəkdöyünmə, stenokardiya və ürək astması tutmaları inkişaf edir. Aortal çatışmazlığın ifadəli olduğu hallarda başgicəllənmə, baş ağrıları, görmə qabiliyyətinin müvəqqəti itirilməsi, arterial hipotoniya, bayılmalar müşahidə edilir. Mitral-aortal qüsurun klinikasında mitral qapaq çatışmazlığının dominantlığı təngnəfəslik, ürəkdöyünmə, səyrici aritmiya, anginoz ağrılar, qanhayxırma ilə öskürək, akrosianozla ifadə olunur.
Mitral-aortal qüsurun diaqnostika və müalicəsi
Mitral-aortal qüsurun diaqnostika və müalicəsi kardioloq, kardiocərrah və revmatoloqun birgə əməkdaşlığı ilə həyata keçirilir. Mitral-aortal qüsurun diaqnozu hər bir qüsurun ayrı-ayrılıqda əlamətlərinin aşkarlanmasına əsasən qoyulur. Bu məqsədlə hərtərəfli fizikal müayinə (ürəyin auskultasiya və perkussiyası), kompleks instrumental diaqnostika – elektrokardioqrafiya, fonokardioqrafiya, döş qəfəsinin rentgenoqrafiyası, ExoKQ, sol ventrikuloqrafiya, ürək boşluqlarının zondlanması, koronaroqrafiya və s.
Mitral-aortal qüsurlarda konservativ terapiya az effektivdir. Müalicəvi-profilaktik tədbirlər əməliyyatdan əvvəl və sonra, eləcə də cərrahi müalicənin əks-göstəriş olduğu hallarda qan dövranının dekompensasiyasının profilaktikası və ya azaldılması, mümkün ağırlaşmaların qarşısının alınması məqsədilə icra olunur. Fiziki aktivlik və əmək fəaliyyəti düzgün təşkil olunmalı, interkurrent xəstəliklər müalicə edilməlidir.
Mitral-aortal qüsurun medikamentoz terapiyası ürək qlikozidləri, antiaritmik vasitələr, diuretiklər, antikoaqulyantlar, kalsium antaqonistləri, periferik vazodilatatorlar, MBT, oksigen terapiyasının təyinindən ibarətdir.
Cərrahi müalicə haqqında qərar hemodinamikanın individual göstəriciləri və qapaqların üzvi zədələnməsinin dərəcəsinə əsaslanaraq qəbul edilir. Mitral-aortal qüsurlarda müxtəlif növ və kombinə olunmuş cərrahi müdaxilələr tətbiq oluna bilər: aortal və/və ya mitral qapağın protezlənməsi, bir qapağın protezlənməsi ilə digərinin qapaqqoruyucu korreksiyası; aorta və mitral qapaqların plastikası; qapalı və ya açıq komissurotomiya (valvulotomiya) və s.
Aortal qüsur adətən miokard infarktı təhlükəsi daşıyan tac arteriyalarının keçiriciliyinin pozulması ilə müşayiət olunduğundan bəzən eyni zamanda stenozlaşmış arteriyanın aortokoronar şuntlanması həyata keçirilir.
Mitral-aortal qüsurun proqnozu
Əməliyyat gecikdirilmədikdə və miokardın ağır distrofik dəyişiklikləri müşahidə olunmadıqda mitral-aortal qüsurların korreksiyası üzrə qənaətbəxş nəticələr əldə etmək mümkündür. Revmatik etiologiyalı mitral-aortal qüsurlar zamanı pasiyentlər revmatoloqun daimi müşahidəsi altında olmalı və preventiv revmatizm əleyhinə müalicə almalıdır. Süni ürək qapaqları olan xəstələrdə qanın protrombin indeksinə nəzarət edilməklə dolayı təsirli antikoaqulyantların qəbulu göstəriş sayılır.
Mitral-aortal qüsurun gedişi qapaq zədələnməsinin ifadə dərəcəsi və qan dövranı çatışmazlığının inkişaf sürətindən asılıdır. Müştərək qüsurların qeydə alındığı pasiyentlər çox zaman qocalıq dövrünə qədər yaşayır və koronar arteriyaların yanaşı gedən aterosklerozu səbəbindən dünyasını dəyişir.