Nazik dodaqlar

Nazik dodaqlar – ağız dəliyini əhatə edən kiçik ölçülü və həcmli dəri-əzələ büküşləridir. Onlar çox zaman asimmetrik olur. Fizioqnomik nöqteyi nəzərdən nazik dodaqlar sahibini həddindən artıq ciddi, hiyləgər, paxıl, tamahkar insan kimi xarakterizə edir. Bu səbəbdən qadınlar müxtəlif üsullarla: dekorativ və permanent makiyaj, kontur plastikası, lipofilinq, xeyloplastika və s. nazik dodaqları böyütməyə səy göstərirlər.

Nazik dodaqlar barədə ümumi məlumat

Əzələ qatının qalınlığından asılı olaraq, dodaqlar qabarıq (şişkin), qalın, orta və nazik olur. Dodaqlar ağzın dairəvi əzələsi, kövşək birləşdirici toxuma, dəri və selikli qişadan ibarətdir. Dodaq toxumaları (xüsusən əzələ qatı) zəif inkişaf etdikdə dodaqların qalınlığı az olur.

Dodaq büküşlərini əmələ gətirən dairəvi əzələ ağız ətrafında yerləşir. Dodaqlar xaricdən və daxildən selikli qişa ilə örtülür. Selikli qişanın dəri ilə sərhəddi dodağın qırmızı haşiyəsi adlanır. Üst dodağın xarakterik M-şəkilli relyefi Kupidon qövsü adlanır. Ən qalın dodaqlar neqroid irqinin nümayəndələrində müşahidə olunur. Avropalılar üçün orta və nazik dodaqlar səciyyəvidir. Dodaqların forma və qalınlığı yaş və fərdi xüsusiyyətlərdən asılıdır: 25 yaşdan sonra dodaqların həcmi tədricən azalır.

Orta əsrlərdə nazik və kiçik dodaqlar gözəllik simvolu hesab olunurdu. Lakin indiki dövrdə dolğun dodaqlar cavanlıq, sağlamlıq və yüksək temperamentin göstəricisi sayılır. Məhz bu tip dodaqlar əks-cinsin nümayəndələrində maraq oyadır.

Nazik dodaqlar problemi

Bu tip qadınlarda üst dodaq adətən düz olur, Kupidon qövsünə rast gəlinmir. Yaş artdıqca dodağı əmələ gətirən toxumalar həcmini itirdiyindən dodaqlar nazilir və kiçilir.

Nazilmə zamanı üst dodaq demək olar ki, nəzərə çarpmır. Əksər hallarda nazik üst dodaq anadangəlmə inkişaf qüsuru – dovşandodaqlığın müalicəsinin nəticəsi olaraq, yaranır. Belə vəziyyətlərdə yalnız üst dodağın həcminin artırılması və ya onun liftinqi məsləhət görülür. Alt dodağın nəzərə çarpacaq dərəcədə nazilməsinə nadir hallarda təsadüf olunur. Bu zaman böyütmə üsulu ilə dodaq korreksiya olunur.

Anadangəlmə xüsusiyyətlər, dodaqların travma nəticəsində çapıqlaşması, dovşandodaqlığın müalicəsi ilə əlaqədar dodaqlar qeyri-bərabər (asimmetrik) inkişaf edə bilər. Belə hallarda problemli zona lokal böyüdülür.

Nazik dodaqların korreksiya üsulları

Nazik dodaqların gözəllik, cavanlıq və həcmini qaytarmaq üçün xeyloplastikadan istifadə olunur. Bu üsulla dodaqlara təbii forma və həcm verilir. Xeyloplastikaya qərar verərkən pasiyentin gözləntiləri və nəticənin müvəqqəti və ya daimi olması nəzərə alınır.

Nazik dodaqların əsas korreksiya üsulları kontur və ya cərrahi plastikadır. Dodaqların həcm və formasının ciddi korreksiyasına ehtiyac yarandıqda radikal cərrahi üsul tətbiq edilir. Cərrahi plastika hər yaşda həyata keçirilə bilər: problemli dodağın üst və ya alt hissəsində kəsik aparılır, dodağın konturu korreksiya olunur, yaranın kənarları tikilir. Postoperasion dövrdə yüngül ağrılar yarana bilər. Yara sahəsi 7-10 gündən sonra heç bir iz qoymadan sağalır.

Dodaqların yaşla bağlı dəyişikliklərinin kontur plastikası üsulu ilə korreksiyası məqsədəuyğundur. Yaşlanma prosesində dəriyə həcm və elastiklik verən təbii polimerlər – qlükozaminoqlikanların sintezi azalır. Bu səbəbdən zaman keçdikcə dodaqlar formasını itirir, onların ətrafındakı dəri qırışlarla örtülür. Kontur plastikası – qlikozaminoqlikanları əvəz edən hialuron turşusundan ibarət biopolimerlərin (gel) inyeksion yeridilməsi ilə dodaqların böyüdülmə üsuludur. Prosedur yerli anesteziya altında aparılır. Biopolimerlər yeridildikdən sonra gelin toxumalara bərabər yayılması üçün dodaqlar yüngül masaj olunur.

Dodaqların kontur plastikası adətən ambulator şəraitdə yerinə yetirilir, əlavə müdaxilələrə ehtiyac yarandıqda stasionarda icra oluna bilər.

Dodaqların kontur plastikasından sonra ödem, cüzi ağrı və dərinin dartılması hissi qeydə alınır. Bu nahiyənin intensv qan təhcizatı ilə əlaqədar bəzən qansızma müşahidə olunur. Ödem və ağrını azaltmaq üçün ilk günlərdə dodaqlara periodik olaraq buz qoymaq, sonralar isə yüngül hərəkətlərlə masaj etmək məsləhət görülür.

Kontur plastikanın digər variantı lipofilinqdir. Bu prosedurun mahiyyəti dodaqlara orqanizmin piy toxumasının yeridilməsindən ibarətdir.

Kontur plastikanın nəticələri prosedurdan dərhal sonra bilinir, lakin onun uğurlu olması barədə yalnız 2 həftədən sonra dəqiq fikir yürütmək olar. Bəzən gelin maye hissəsinin toxumalara sorulması nəticəsində 1-1,5 aydan sonra dodaqların həcmi bir qədər azala bilər. Əgər bu proses dodağın konturunun dəyişməsinə gətirib çıxararsa kontur plastika yenidən təkrarlanmalıdır. Kontur plastikadan sonra kosmetik effekt 6-12 ay ərzində saxlanılır. Bu müddət başa çatdıqdan sonra gel tədricən sorulur, dodaqlar əvvəlki təbii formasına qayıdır. Belə hallarda gelin biopolimerlərin təkrar yeridilməsinə ehtiyac yaranır. Dodaqların cərrahi korreksiyasının nəticəsi sabit və  ömürlük olur.

Xeyloplastikanın istənilən növündə ağırlaşmaların inkişaf riski 1%-dən azdır. Cərrahi korreksiyanın fəsadlarına tikişlərin iltihabı, gelin bərkiməsi, allergik reaksiyalar aiddir. Bu hallar müasir üsullarla asanlıqla aradan qaldırılır.

error: Content is protected !!