Postakne

Postakne – akne xəstəliyinin özbaşına və qeyri-adekvat müalicəsi nəticəsində dəridə yaranan ikincili davamlı dəyişikliklər kompleksinin ümumiləşdirilmiş adıdır. Akne xəstəliyi insanların əksəriyyətində müşahidə edilir. Hətta ideal dəriyə malik olan şəxslərdə cinsi yetişkənlik dövründə sızanaqlar əmələ gəlir. Akne ifadəli olduqda mütəxəssisə müraciət etmək lazımdır. Müalicə vaxtında və düzgün aparılmadıqda yeni problem – postakne meydana çıxır.

Postaknenin təzahürləri

Postakne – seboreya və akne xəstəliyinin düzgün aparılmayan və ya özbaşına müalicəsi nəticəsində dəridə yaranan kosmetik qüsurlar kompleksidir. Onun əlamətlərinə aşağıdakılar aiddir:

  • məsamələrin genişlənməsi
  • davamlı eritema və kapilyarların genişlənməsi
  • çapıqlar
  • dərinin nahamar quruluşu
  • durğun ləkələr
  • iltihabdan sonra əmələ gələn hiper- və depiqmentasiya

Postaknenin ağırlıq səviyyəsi təkcə dərinin sızanaqlarla zədələnmə dərəcəsindən asılı olmur. Akne xəstəliyi cavan yaşlarda, dərinin regenerasiya imkanlarının geniş olduğu dövrdə baş verdikdə peşəkar müalicə ilə postaknenin qarşısını almaq mümkündür. Əksinə, aknenin uzun müddətli gedişi, kosmetoloji və tibbi yardımın adekvat aparılmaması dəridə davamlı struktur dəyişikliklərinə səbəb olur.

İndi isə, gəlin postaknenin əsas təzahürləri ilə yaxından tanış olaq:

Məsamələrin genişlənməsi. Piy vəzilərinin hiperfunksiyası sebumun həddindən artıq ifraz olunmasına və onun axacaqlarda toplanmasına səbəb olur. Bura həm də dərinin ölü hüceyrələri, kosmetik vasitələrin qalıqları da əlavə olunur. Vəzi axacağının uzunmüddətli genişlənməsi nəticəsində onun divarı bərkiyir, dərinin buynuz qatı həddindən artıq inkişaf edir, çapıq toxuması əmələ gəlir. Dəri səthində kələ-kötürlük yaranır.

Davamlı eritema. İltihab ocağına mexaniki təsir, papula, pustula, düyün və ya kistaların qeyri-peşəkarcasına travmatik təmizlənilməsi göyümtül ləkələrin formalaşmasına səbəb olur. Onlar qanın mikrosirkulyasiyasının pozulmasına cavab reaksiyası şəklində yaranır. Həmçinin göy çapıqlar və ləkələr iltihab ocağının açılması və infiltratın boşaldılmasından sonra əmələ gəlir. Dərinin estetik vəziyyəti korlanır. Çapıq və ləkələr soyuq aylarda daha çox nəzərə çarpır. Belə hallarda xüsusi müalicənin aparılması tələb olunur.

Çapıqlar. Akne xəstəliyində çapıqlar dərinin iltihablaşmış sahələrində bəzi kosmetik prosedurların tətbiq olunması nəticəsində meydana çıxır. İltihab ocaqlarının elektrokoaqulyasiyası, qapalı kamedonların iynə ilə deşilməsi postaknenin təzahürləri – dərinin nahamarlığı, çapıq törəmələri, göy ləkələrlə nəticələnir. Üzün mexaniki təmizlənməsi dərinin zədələnməsi, kapilyarlarda qan dövranının pozulması ilə müşayiət olunduğundan bu prosedurun tez-tez aparılması reperativ proseslər və dərinin regenerasiyasının zəifləməsinə gətirib çıxarır.

Postaknenin müalicə üsulları

Məsamələrin genişlənməsi zamanı postaknenin korreksiya üsulları

Məsamələrin genişlənməsi piy vəzilərinin aktivliyini azaldan preparatlar, məsələn, retinol və retin turşusu vasitəsilə korreksiya olunur. Retin turşusu ilə müqayisədə retinol dəriyə daha yumşaq təsir göstərir, dəri örtüklərinin quruma və qabıqlanmasına səbəb olmur. Retinollar dəri piyinin ifrazını azaldır, dərinin buynuz qatının qalınlığını əhəmiyyətli dərəcədə azaldır. Bu preparatlarla postaknenin müalicəsi uzun müddətli olur,  terapevtik effekt yalnız bir neçə aydan, bəzən hətta 1 ildən sonra yaranır.

Genişlənmiş məsamələrlə assosiasiyalı dəri qüsurlarının korreksiyası hiperkeratozun (dərinin buynuz qatının həddindən artıq inkişafı) aradan qalxmasına səbəb olur. Bu məqsədlə tərkibində meyvə turşuları (süd, tartar, qlikol və s.), salisil və adelain turşuları olan preparatlara üstünlük verilir. Onların təsirindən dərinin buynuz qatı nazilir, tük follikulunun qıfında ölü hüceyrələrin toplanması azalır, tıxaclar aradan qaldırılır. Meyvə və salisil turşularından ev şəraitində də istifadə etmək mümkündür. Üzün gündəlik silinməsi öz təsirini 2-3 aydan sonra göstərir – məsamələr xeyli daralır. Təbii meyvə turşuları üzə daha zərif qayğı göstərir, sintetik yolla alınan turşulardan fərqli olaraq, onlar dərini qıcıqlandırmır. Hidroksiturşular 4-5 aydan artıq istifadə olunmamalıdır. Dərinin turşuların təsirinə öyrəşməsinin qarşısını almaq üçün prosedurlar 1-2 aylıq fasilə ilə aparılmalıdır.

15-30%-li turşularla 7-14 gündə 1 dəfə icra olunan səthi kimyəvi pilinq dəri məsamələrini əhəmiyyətli dərəcədə daraldır, səthini hamarlaşdırır. Kosmetik effekt 6-8 həftədən müşahidə edilir. 2-3 həftədən sonra pilinq təkrarlanıla bilər.

Postakne zamanı davamlı eritemanın korreksiya üsulları 

Korreksiya üsulları tətbiq olunan preparatların damargenişləndirici və yerli qıcıqlandırıcı təsirinə əsaslanır. İxtiol, kamfara, nanə, nikotin turşusu, izopropil spirtindən hazırlanmış preparatlar dərinin üst qatlarının qan təhcizatını, toxumaların trofikasını yaxşılaşdırır. Nəticədə dəridə kapilyarlar daralır, elastikləşir, onların iltihabı və parezi aradan qalxır. Vaskulyator və mikrosirkulyator proseslərin normallaşması postiltihabi eritema sahəsinin kiçilməsinə gətirib çıxarır.

İltihabəleyhinə və damargenişləndirici prosedurların səthi kimyəvi pilinq və C vitaminin miqdarının yüksək olduğu (10-17%) Alpha-askorbin turşusu preparatının yerli tətbiqilə birgə aparılması daha effektivdir.  Kimyəvi pilinq dərinin mikrosirkulyasiyasını aktivləşdirir, C vitamini isə damarmöhkəmləndirici, sorucu və depiqmentasiyaedici təsir göstərir. Bununla əlaqədar dərinin vəziyyəti, xarici görünüşü, bərpaedici və qoruyucu xüsusiyyətləri yaxşılaşır.

Postakne zamanı dərinin nahamar relyefi, durğun və piqment ləkələri, eləcə də dərinin depiqmentasiyası fizioterapevtik üsullar: dərman elektrofarezi, darsonvalizasiya, ultrasəs və termoprosedurlar – kompress, termomaska, infraqırmızı şüalanma toxumalarda oksidləşmə və mübadilə proseslərinin stimulyasiyasına yönəldilir.

Dəridaxili mikroinyeksiyalar – biorevitalizasiya, mezoterapiya, ozonoterapiya dərinin elastikliyini, mikrosirkulyasiya və limfodrenajı yaxşılaşdırır. Peşəkar müalicəvi kosmetik vasitələrin tətbiqi müsbət nəticələr verir.

Postakne zamanı çapıqların korreksiyası

Akne nəticəsində yaranan çapıq dəyişiklikləri müalicəyə çətin tabe olur. Piy vəzilərinin iltihabının ilkin əlamətləri vaxtında müalicə edildikdə çapıqların qarşısını almaq mümkündür. Heç bir müalicə metodu çapıqların tamamən aradan qalxmasına zəmanət vermir. Yeganə çıxış yolu çapıqların əmələ gəlməsini minimuma endirmək, onların ətraf toxumalardan seçilməməsinə çalışmaqdır. Müalicə həkim-kosmetoloq, cərrahiyyə və estetik kosmetologiya üzrə mütəxəssislərin müşahidəsi altında aparılır. Akne xəstəliyinin aktiv mərhələsi, kəskin iltihabi proses, dəri xəstəlikləri bir çox prosedurların icra olunmasına əks-göstəriş sayılır. Müalicə üsulu çapıq dəyişikliklərinin tipi və ifadəliliyi nəzərə alınmaqla fərdi qaydada seçilir.

Orta (TCA) və dərin pilinqlər

Durğun ləkələr və səthi çapıqlar orta və ya dərin pilinq vasitəsilə korreksiya oluna bilər. Bu üsulun mahiyyəti kimyəvi preparatların köməyilə dərinin buynuzlaşmış qatının əridilməsi və çapıq sahəsinin nekrozlaşmasından ibarətdir. Bu zonada dəri tündləşir, sağalma qabıq qopduqdan sonra baş verir. Dərinin regenerasiyası zamanı kollagenin əlavə sintezi  çapıqların dərinliyinin azalmasına və onların ətraf toxumaların fonunda gözə çarpmamasına gətirib çıxarır. Postakne sahəsində dəri daha təbii və sağlam rəng alır. 1-3 aydan sonra orta pilinqin bir neçə prosedurunun aparılması müalicənin nəticəsini möhkəmlətməyə imkan verir.

Postakne zamanı orta pilinq 15-35%-li trixlorsirkə turşusunun (TCA-pilinq) köməyilə icra olunur. TCA dəriyə çəkilir, 10-15 dəqiqə saxlanılır. Prosedur çox ağrlı olduqda ağrıkəsici preparatlar təyin edilir, applilasiya nahiyəsinə buz qoyulur. Orta pilinqdən dərhal sonra dəridə hiperemiya və ödem müşahidə oluna bilər. Bu əlamətlər 5-7 gün ərzində keçib gedir. Tam sağalma müddəti preparatın konsentrasiyasından asılı olub, 7 gündən bir neçə həftəyə qədər davam edə bilər. Fenolla pilinq dərin pilinqlərə aiddir, lakin onun effektivliyi plastik əməliyyata bərabərdir. Bu prosedur stasionarda narkoz altında aparılır.

Dərinin lazerlə çilalanması

Postaknenin çapıq dəyişikliklərində lazer korreksiyası göstəriş sayılır. Dalğanın uzunluğu və təsir gücündən asılı olaraq, lazer şüası köhnə çapığı qatlarla aradan qaldırır (erbi lazer) və ya çapıq strukturunu dəyişir (karbondioksid lazer). Lazerin dəriyə təsiri pilinq effektinə malikdir, ona başqa adla lazer pilinq və ya lazerlə cilalanma (resurfacing) deyilir. Lazer şüasının təsirinə məruz qalan dəri bütün sağalma mərhələlərindən keçir. Bu üsulun üstünlüyü lazer dəstəsinin zədələnmiş nahiyəyə dəqiq və dozalanmış təsirindən ibarətdir. Lakin dərinin lazerlə cilalanması bir o qədər də geniş yayılmamışdır. Lazer pilinq kimyəvi pilinq kimi dərinin yalnız səthi çapıq dəyişikliklərində tətbiq edilir.

Lazer pilinqdən sonra dəridə qıcıqlanma, qızartı və ödem yaranır. Əlamətlər 1 ay müddətində geriyə inkişaf edir. Dəri zədələnmələri geniş sahəni əhatə etdikdə prosedur uzun çəkə bilər (1 saatdan artıq). Lazerlə cilalanma yerli və ümumi anesteziya altında aparılır. Dərinin sağalmasını tezləşdirmək məqsədilə adətən 2 həftə ərzində xüsusi məlhəmlə sarğı və ya applikasiyalar təyin olunur. İsti aylarda günəşdən müdafiə edən vasitələrdən istifadə olunmalıdır.

Kollagen inyeksiyaları və piy toxumasının köçürülməsi 

Yumşaq və səthi çapıq qüsurlarını kollagen inyeksiyaları ilə hamarlaşdırmaq mümkündür. Kollagen zülal lifi olub, birləşdirici toxuma üçün tikinti materialı sayılır. Kollagenin dərialtı inyeksiyaları dəridəki boşluqları doldurur və çapıqları müvəqqəti hamarlaşdırır. Kelloid və atrofik çapıqlarda bu üsuldan istifadə olunmur. Əksər hallarda inyeksiya üçün heyvan mənşəli (dana və ya insan), eləcə də bitki və dəniz kollagenlərindən istifadə olunur. Prosedurun effektivliyi 6 aya qədər davam edir, bu müddət başa çatdıqdan sonra kollagen inyeksiyalar təkrarlana bilər.

Dərin çapıqlarda pasiyentdən götürülmüş piy toxumasının autoloji köçürülmə üsulu icra olunur. Piy toxuması inyeksiya yolu ilə yeridilir. O, tədricən – 6 ay-1,5 il ərzində sorulur.

Dermabraziya

Dermabraziya  – mexaniki cilalanma üsuludur. Aparatın tərkibinə daxil olan xüsusi freza və fırça vasitəsilə dərinin üst qatı, o cümlədən qüsur nahiyəsində çapıq toxuması soyulur. Yara səthinin epitelizasiyası dəri relyefinin dəyişməsinə və çapıqların hamarlaşmasına səbəb olur. Dermabraziya bütün növ çapıqlar üçün yararlı deyil: enli əsaslı çapıqlarda prosedur qüsurun ifadəliliyini daha da artıra bilər. Tünd dərili pasiyentlərdə dermabraziya əksər hallarda hiperpiqmentasiyaya gətirib çıxarır. Həmçinin fəsadlaşma: dəri örtüklərinin infeksiyalaşması və kelloid çapıqların yaranması mümkündür.

Dermabraziya yerli infiltrasion anesteziya altında təxminən 30 dəqiqə müddətində aparılır. Manipulyasiyadan dərhal sonra dəridə ödem, qançırlar müşahidə edilir. Yara səthi 1 həftədən sonra sağalır. Dərinin epitelizasiyasını sürətləndirmək üçün sarğılar qoyula bilər. Dəridə yaranan hiperemiya və qıcıqlanmalar 1 neçə həftədən sonra keçib gedir. İsti havalarda günəşdən müdafiə edən vasitələrdən istifadə məsləhət görülür.

Postakne çapıqlarına qarşı mübarizədə mikrodermabraziya – dərinin alüminium-oksid kristalları ilə mikrocilalanması zəif üsul sayılır. Prosedurun dəfələrlə təkrarlanması tələb olunur və nəticəyə zəmanət verilmir.

Postakne zamanı ev şəraitində tətbiq olunan vasitələr dərinin yalnız səthi təmizlənməsinə səbəb olduğundan qeyri-effektivdir.

Cərrahi üsullar

Atrofik (batıq) çapıqlar «komposter» (elliptik) kəsilmə üsulu ilə (punch excision) müalicə edilir.  Bu tip çapıqlar müxtəlif üsullarla dərialtı piy qatına qədər kəsilir. Kəsilmiş sahəyə tikiş qoyulur və ya pasiyentin öz toxuması ilə dəri köçürülməsi icra edilir. Həmçinin fistulaların bağlanma nahiyəsində əmələ gələn çapıqların müalicəsi zamanı dəri plastikası göstəriş sayılır. Dərinin tam sağalması bir neçə həftəyə baş verir.

«Dördbucaqlı» və ya  «oval» atrofik çapıqlar zamanı həmin nahiyə üzərindəki dərini kəsməklə (subcision) yeni yaranan çapıq toxuması hesabına köhnənin yuxarıya doğru qalxaraq, ətraf toxumalardan daha az seçilməsinə nail olunur. Adətən arzuolunan nəticə 1-3 prosedurla əldə edilir.

Postaknenin proqnozu

Təəssüflə qeyd etmək lazımdır ki, çapıqlar heç bir konservativ yolla müalicəyə tabe olmur: heç bir krem, müalicəvi kosmetika, həb, inyeksiya çapıq əleyhinə təsirə malik deyil.

Postakne çapıqlarının radikal müalicəsi belə ani effekt vermir. Bəzən istənilən nəticəni əldə etmək üçün bir prosedur dəfələrlə təkrarlanır və ya digər manipulyasiyalarla kombinə edilir.

Postaknenin bütün korreksiya üsullarına olan əks-göstərişlərə dərinin kəskin iltihabi prosesləri, herpetik zədələnmələr, dərinin yüksək həssaslığı, bəzi dərman vasitələrinin qəbulu aiddir.

Müxtələf üsulların müştərəkliyi, məsələn, çapıqların kəsilməsindən sonra dərinin lazerlə və mexaniki cilalanması daha yaxşı nəticə verir. Əksər hallarda dəridə bir neçə növ çapıq yaranır və onalrın hər biri müvafiq müalicə tələb edir. Müalicə üsulu eyni tip çapığa malik olan insanlarda zədələnmənin dərinliyi və yaranma müddətindən asılı olaraq, fərqlənə bilər.

Postakne çapıqlarının korreksiya üsullarının hamısı travmatik və ağrılıdır. Onlar dəri örtüklərinin tamlığının bilərəkdən pozulması, epitelizasiya və yeni çapığın formalaşmasına əsaslanır. Hər bir üsulun özünəməxsus göstəriş və əks-göstərişləri vardır. Manipulyasiyalardan sonra yara səthinə düzgün qulluğun aparılması tələb olunur. Ən bahalı prosedurlar lazer pilinq və dermabraziyadır. Postakne çapıqların ən travmatik üsulları əmək qabiliyyətinin müvəqqəti itirilməsinə səbəb olur, belə hallarda ambulator müalicə aparılmalıdır.

error: Content is protected !!