Qarın boşluğu absesi

Qarın boşluğu absesi – qarın boşluğunda piogen kapsula ilə əhatə olunmuş məhdud irinlikdir. Klinik xüsusiyyətlər irin ocağının lokalizasiyasından və böyüklüyündən asılıdır; patologiyanın ümumi təzahürlərinə qarında əzələ gərginliyi və ağrılar, hərarət, bağırsaq keçməzliyi, ürəkbulanma və s. aiddir. Absesin diaqnostikası qarın boşluğu orqanlarının rentgenoqrafiyası, qarın boşluğunun USM və KT-dən ibarətdir. Qarın boşluğu absesinin müalicəsi irinliyin açılması, drenajı və sanasiyası; massiv antibakterial terapiyanı özündə cəmləyir.

Qarın boşluğu absesi barədə ümumi məlumat

Operativ qastroenterologiyada qarın boşluğu abseslərini qarındaxili (intraperitoneal), qarınxarici (retroperitoneal) və orqandaxili (intraorqan) abseslərə ayrılır. İntraperitoneal və retroperitoneal irinliklər, bir qayda olaraq, anatomik kanallar, ciblər, qarın boşluğu ciblərində və retroperitoneal sahənin toxumalarında lokalizasiya olunur. Orqandaxili abseslər mədəaltı vəzi və qaraciyərin parenximasında, orqanların divarında daha çox əmələ gəlir.

Peritonun plastik xüsusiyyətləri, həmçinin onun parietal səhifəsi ilə orqanlar və piylik arasında bitişmələrin olması iltihabın məhdudlaşmasına və irin prosesin yayılmasının qarşısını alan özünəməxsus piogen kapsulun formalaşmasına səbəb olur. Buna görə də qarın boşluğu abseslərini “məhdud peritonit” də adlandırırlar.

Qarın boşluğu absesinin səbəbləri

Əksər hallarda qarın boşluğunda absesin formalaşması ikincili peritonitlə əlaqəlidir. İkincili peritonit perforativ appendisit zamanı bağırsaq möhtəviyyatının; travmalar, postoperativ pankreonekroz, qeyri-düzgün anastomozlar, hematomanın drenajında qan, eksudat və irinin sərbəst qarın boşluğuna düşməsi nəticəsində inkişaf edir.

Qarın boşluğu absesi 75% hallarda intraperitoneal və ya retroperitoneal; 25% hallarda isə orqandaxili yerləşir. Patologiya, adətən, peritonit inkişaf etdikdən bir neçə həftə sonra formalaşır. Qarın boşluğu absesinin tipik lokalizasiyası piylik, mezenterium, kiçik çanaq, bel nahiyəsi, diafrqmaaltı sahə, parenximatoz orqanların səthi və ya daxilidir.

Qarın boşluğu absesinə qadın cinsiyyət üzvlərinin irinli xəstəlikləri – kəskin salpingit, adneksit, parametrit, piovar, piosalpinks, tuboovarial abses də səbəb ola bilər. Pankreatitlə əlaqəli qarın boşluğu abseslərinə də rastlanır: bu zaman absesin inkişaf səbəbi mədəaltı vəzi fermentlərinin ətraf toxumalara təsir etməsidir, nəticədə güclü iltihabi reaksiya yaranır. Bəzi klinik hallarda qarın boşluğu absesi kəskin xolestitin ağırlaşması və ya  Kron xəstəliyi, mədə və onikibarmaq bağırsaq xorasının perforasiyası kimi inkişaf edir.

Psoas abses (və ya qalça-bel əzələsinin absesi) onurğa sütunu osteomieliti, vərəm spondiliti, paranefritin nəticəsi ola bilər. Qarın boşluğu absesinin piogen florası daha çox aerob (bağırsaq çöpləri, proteylər, stafilokoklar, streptokoklar və s.) və anaerob (klostridilər, bakteroidlər, fuzobakteriyalar) mikrob assosiasiyaları ilə müşayiət olunan polimikroblar olur.

Qarın boşluğu absesinin təsnifatı

Aparıcı etiofaktorlarına görə mikrob (bakterial), parazitar və nekrotik (abakterial) qarın boşluğu absesləri ayırd edilir. Patogenetik mexanizmlərinə görə abdominal abseslərin aşağıdakı formaları ayırd edilir:

  • Posttravmatik
  • Postoperativ
  • Perforativ
  • Metastatik

Yerləşməsində peritona münasibətinə görə retroperitoneal, intraperitoneal və birləşmiş; irinliklərin miqdarına görə tək və ya çoxsaylı abseslərə ayrılır. Lokalizasiyasına görə diafraqmaaltı, bağırsaqlararası, appendikulyar, çanaq (Duqlas boşluğunun absesi), parietal və orqandaxili abseslərə (intramezenterial; mədəaltı vəz, qaraciyər, dalaq absesləri) rast gəlinir.

Qarın boşluğu absesinin simptomları

Qarın boşluğu absesinin istənilən növündə xəstəliyin başlanğıcında ümumi simptomatika (intoksikasiya, hektik temperaturla müşayiət olunan intermittəedici (fasiləli) hərarət, titrəmə, taxikardiya) qeyd olunur. Patologiya zamanı ürəkbulanma, iştahanın pozulması, qusma müşahidə olunur; paralitik bağırsaq keçməzliyi inkişaf edir, irinlik nahiyəsində güclü ağrı, qarın əzələlərinin gərginliyi müəyyənləşdirilir.

Qarın əzələlərinin gərginliyi simptomu qarın boşluğu abseslərində daha çox nəzərə çarpır; mezoqatriyada lokalizasiya olunur; diafraqmaaltı irinlik, bir qayda olaraq, silinmiş simptomatika ilə gedir. Diafraqmaaltı abseslərdə xəstələri sağqabırğaaltı nahiyədə yerləşən və nəfəsalma zamanı çiyinə və kürəyə irradiasiya edən ağrılar, öskürək, təngnəfəslik narahat edir.

Çanaq abseslərinin simptomları abdominal ağrılar, tezləşmiş sidik ifrazı, bağırsaq və sidik kisəsinin refraktor qıcıqlanması nəticəsində ishal və tenezmlərdən ibarətdir. Retroperitoneal abseslər üçün kürəyin aşağı tərəfində lokalizasiya olunmuş ağrılar xarakterikdir; bu zaman aşağı ətraflar bud-çanaq oynağında büküldükdə ağrılar güclənir. Qarın boluğu abseslərinin simtomatikasının ağırlıq dərəcəsi irinliyin böyüklüyü və lokalizasiyası, həmçinin keçirilmiş antimikrob terapiyanın intensivliyi ilə əlaqəlidir.

Qarın boşluğu absesinin diaqnostikası

Adətən, birincili baxış zamanı pasientin vəziyyətinə diqqət edilir. Belə ki, o, öz vəziyyətini yüngülləşdirmək üçün yan tərəfə və ya kürəyi üstə uzanır, yarım oturaq və ya əyilmiş vəziyyət alır və s. Dili quru olur, üzərini bozumtul ərp örtür, qarın bir qədər şişmişdir. Qarın boşluğu absesi zamanı qarnın palpasiyası irinliyin lokalizasiyasına müvafiq nahiyələrdə (qabırğaaltında, çanaqda və s.) ağrılı olur. Diafraqmaaltı abseslər döş qəfəsinin asimmetriyası, qabırğaarası sahələrin və axırıncı qabırğanın önə doğru qabarması ilə xarakterizə olunur.

Qarın boşluğu abseslərində qanın ümumi analizində leykositoz, neytrofilyoz, EÇS-in sürətlənməsi aşkarlanır. Absesin diaqnostikasında rentgenoloji müayinə həlledici rol oynayır. Ümumi abdominal rentgenoqrafiya mayenin səviyyəsi ilə yanaşı əlavə törəmə aşkarlamağa imkan verir. Mədə-bağırsaq traktının kontrast müayinəsində (mədə və qida borusunun rentgenoqrafiyası, irriqoskopiya, fistuloqrafiya) mədə və bağırsaq ilgəklərinin infiltrat vasitəsilə itələnməsini təyin edir. Postoperativ tikişlərin tamlığı pozulduqda kontrast maddə bağırsaqdan abses boşluğuna daxil olur.

Abdominal USM qarın boşluğunun yuxarı şöbələrinin abseslərində daha informativdir. Qarın boşluğu abseslərinin differensial diaqnostikası çətinlik törətdikdə KT, diaqnostik laparoskopiya aparılır.

Qarın boşluğu absesinin müalicəsi

Qarın boşluğu abseslərinin cərrahi müalicəsi aerob və anaerob mikrofloranı məhv etməyə yönəlmiş antibakterial terapiya (aminoqlikozidlər, sefalosporinlər, ftorxinolonlar, imidazol törəmələri) ilə həyata keçirilir.

Qarın boşluğu abseslərinin bütün növlərində cərrahi müalicənin prinsipləri absesin açılması və drenajı, adekvat sanasiyasından ibarətdir. Absesə operativ giriş onun lokalizasiyasına əsasən müəyyənləşdirilir: diafraqmaaltı abseslərdə peritonxarici və peritondan keçməklə; Duqlas boşluğunun absesində transrektal və ya transvaginal; psoas-absesdə lumbotomik giriş və s. istifadə olunur. Abseslərin miqdarı çox olduqda qarın boşluğu geniş açılır. Cərrahi əməliyyatdan sonra aktiv aspirasiya və yuyulma məqsədilə drenaj qoyulur.

Kiçik tək diafraqmaaltı abseslər ultrasəs müayinəsi altında dəridən drenaj oluna bilər. Lakin irinin natamam evakuasiyası zamanı irinliyin residiv vermə və ya subdiafraqmal nahiyənin başqa hissəsində inkişaf etmə ehtimalı yüksəkdir.

Qarın boşluğu absesinin proqnozu və profilaktikası

Qarın boşluğunun tək abseslərində proqnoz, adətən, kafidir. Absesin ağırlaşması irinin plevral və ya qarın boşluğuna açılması, peritonit, sepsis ola bilər.

Qarın boşluğu abseslərinin profilaktikası kəskin cərrahi patologiyanın, qastroenteroloji xəstəliklərin, qadın cinsiyyət üzvlərinin iltihabının vaxtında dəf edilməsini; qarın boşluğu orqanlarına cərrahi müdaxilədən sonra postoperativ dövrün düzgün aparılmasını tələb edir.

error: Content is protected !!