Qıcıqlanmış bağırsaq sindromu
Qıcıqlanmış bağırsaq sindromu sinir sisteminin tənzimləmə mexanizmlərinin və psixoemosional vəziyyətin pozulması nəticəsində yaranır. Patologiya qarında diskomfort, daimi xarakterli sızıltılı və ya kəskin ağrı, bağırsağın tam boşalmaması hissi ilə müşayiət olunur. Ağrı defekasiya aktından sonra aradan qalxır. Qıcıqlanmış bağırsaq sindromu üçün defekasiyaya imperativ çağırışlar xarakterikdir. Fekal kütlələrlə birgə selik ifrazı, defekasiyanın tezliyinin və nəcisin konsistensiyasının pozulması mümkündür. Laborator və instrumental diaqnostika həzm traktının üzvi patologiyalarının inkar edilməsinə yönəldilir. Müalicə məqsədilə pəhriz, psixoterapiya, medikamentoz vasitələr təyin olunur.
Qıcıqlanmış bağırsaq sindromu barədə ümumi məlumat
Qıcıqlanmış bağırsaq sindromu (QBS) – yoğun bağırsağın funksional pozğunluğudur. Simptomokompleks qarında davamlı (6 aya qədər) və müntəzəm (ay ərzində 3 gündən artıq) ağrıların yaranması və nəcis ifrazının pozulması ilə xarakterizə olunur. QBS bağırsaq peristaltikasının və həzm prosesinin pozulması səbəbindən inkişaf edən funksional xəstəlikdir. Əlamətlərin qeyri-müntəzəmliyi və dalğavari gediş bunu bir daha sübut edir. Xəstəliyin residivləri çox zaman stress halları ilə əlaqədar baş verir. Xəstələrdə çəki itirilməsinə rast gəlinmir.
İnkişaf etmiş ölkələrdə əhalinin 5-11%-də qıcıqlanmış bağırsaq sindromuna təsadüf edilir. Kişilərlə müqayisədə qadınlar bu patologiyadan 2 dəfə artıq əziyyət çəkir. QBS əsasən 20-45 yaşlarda müşahidə olunur. 60 yaşdan yuxarı şəxslərdə QBS aşkarlandıqda üzvi patologiyanın (divertikulyoz, polipoz, yoğun bağırsaq xərçəngi) diaqnostikası aparılmalıdır. Bu yaş qrupunda qıcıqlanmış bağırsaq sindromu 1,5 dəfə az qeydə alınır.
Qıcıqlanmış bağırsaq sindromunun yaranma səbəbləri
Qıcıqlanmış bağırsaq sindromunun yaranma səbəbləri və inkişaf mexanizmi sona qədər öyrənilməmişdir. Mütəxəssislər tərəfindən yoğun bağırsağın funksional vəziyyətinə təsir edən və onun qıcıqlanmasına səbəb olan bir sıra amillər aşkar edilmişdir. QBS-nin klinik gedişi ilə psixoloji amillər arasında asılılıq müəyyənləşdirilmişdir. 32-44% hallarda patologiyanın güclü psixoemosional gərginlikdən sonra yaranması müşahidə edilmiş, xəstələrin əksəriyyətində depressiya, ipoxondriya, yuxusuzluq, müxtəlif fobiyalar və nevrotik pozğunluqlara rast gəlinmişdir.
Müasir proktologiya sahəsinin mütəxəssislərinin fikrincə xəstəliyin yaranma səbəblərinə anamnezdə bağırsağın infeksion zədələnmələrinin (dizenteriya, eşerixioz, salmonellyoz və s.) və fiziki travmaların olması, visseral hiperalgeziya (bağırsağın hiperhəssaslığı), hormonal status (aybaşı dövründə qıcıqlanmış bağırsaq tutmaları baş verə bilir), irsi meyllik (cüt yumurta əkizləri ilə müqayisədə tək yumurta əkizlərində QBS daha çox qeydə alınır) aiddir.
Qıcıqlanmış bağırsaq sindromunun təsnifatı
Qıcıqlanmış bağırsaq sindromunun klinik təsnifatı defekasiyanın bu və ya digər pozğunluqlarının üstünlüyünə əsaslanır: qəbizliyin və ya ishalın dominantlığı ilə səciyyələnən; qarışıq; təsnif edilməyən QBS.
Qıcıqlanmış bağırsaq sindromunun əlamətləri
Qıcıqlanmış bağırsaq sindromu ağrı və nəcis ifrazının pozulması (qəbizlik, ishal, onların növbələşməsi) ilə təzahür edir. Ağrı adətən qarnın aşağı hissəsində lokalizasiya olunaraq, küt, sızıltılı xarakter daşıyır. Lakin intensiv sancıların yaranması da mümkündür. Ağrı əlaməti qida qəbulu ilə güclənir, defekasiya aktından sonra isə əksinə zəifləyir. Qadınlarda tutmalar əksər hallarda aybaşıdan əvvəl və menstruasiya dövründə meydana çıxır. Yuxunun pozulmasına səbəb olan gecə ağrıları səciyyəvi deyil.
Defekasiyanın pozulması qəbizlik (nəcis 3 gündən bir ifraz olunur) və ya ishalla özünü büruzə verir. İshal adətən səhər saatlarında baş verir, gün ərzində 2-5 dəfədən artıq təkrarlanmır, gecələr xəstəni narahat etmir. Diareya çox vaxt qəbizliklə növbələnir. Bundan əlavə defekasiyaya imperativ çağırışlar, qarında köp müşahidə edilir. Qıcıqlanmış bağırsaq sindromunda nəcisin sutkalıq miqdarı dəyişmir.
QBS-nin bağırsaqdan kənar təzahürləri sırasında ürəkbulanma, gəyirmə, qusma, sağ qabırğaaltında ağrı, dizuriya, halsızlıq, baş ağrıları, barmaqların üşüməsi qeydə alınır. Bəzən xəstələrdə yuxu pozulur, tənəffüs çətinləşir, sol tərəf üzərində uzanmaq mümkün olmur. Pasiyentlərin əksəriyyətində qıcıqlanmış bağırsaq sindromu psixonevroloji pozğunluqlar, cinsi disfunksiya ilə müşayiət edilir.
Problemin üzvi xarakterli olmasına dəlalət edən meyarlara 60 yaşdan yuxarı yaş dövrü, onkoloji baxımdan ağırlaşmış ailəvi anamnez, qızdırma, fizikal baxış zamanı daxili orqanların dəyişiklikləri (hepato- və splenomeqaliya), laborator müayinələrdə aşkarlanan patoloji markerlər, gecə saatlarında təzahür edən klinik əlamətlər, naməlum mənşəli arıqlama aiddir. Sadalanan əlamətlər yoğun bağırsağın üzvi xəstəliyindən şübhələnməyə əsas verir, belə hallarda mütləq ətraflı müayinə aparılmalıdır.
Qıcıqlanmış bağırsaq sindromunun diaqnostikası
Müayinə həkim-proktoloq tərəfindən aparılır. Klinik simptomatika və fizikal baxışın nəticələri ilə yanaşı diaqnostik tədbiqlər qismində laborator və instrumental müayinələrdən istifadə olunur. Bu üsullar həzm traktının oxşar simptomatika ilə gedən xroniki üzvi patologiyalarının aşkarlanmasına və ya inkar edilməsinə yönəldilir.
Qanın ümumi və biokimyəvi analizi, nəcisin gizli qana və steatoreyaya görə müayinəsi, bakterioloji əkilməsi, koproqramma icra edilir. Normal göstəricilərin dəyişməsi patoloji prosesin üzvi xarakterindən xəbər verir. Qıcıqlanmış bağırsaq sindromunda analizlərin nəticələri norma həddində olur.
QBS-nin instrumental diaqnostika üsullarına qarın boşluğunun USM, bağırsağın KT, rentgenoqrafik (irriqoskopiya, bağırsağın rentgenoqrafiyası) və endoskopik müayinələr (kolonoskopiya, rektoromanoskopiya) aiddir. Onların köməyilə bağırsağın üzvi patologiyaları inkar edilir, pozğunluğun funksional xarakterli olması təsdiqlənilir. Həzm traktının müayinəsindən əlavə qadınlara ginekoloqun konsultasiyası göstəriş sayılır. Qıcıqlanmış bağırsaq sindromlu pasiyentlər mütləq psixoterapevt tərəfindən konsultasiya olunmalıdır.
Qıcıqlanmış bağırsaq sindromunun müalicəsi
QBS-nin yaranma səbəblərinin və inkişaf mexanizmlərinin kifayət qədər öyrənilməməsi ilə əlaqədar onun müalicəsi çətinliklər törədir. Patologiyanın effektiv müalicə sxemi hələlik işlənilib hazırlanmamışdır. QBS-nin müalicəsində plasebonun effektivliyi onun gedişinin psixoloji vəziyyətdən asılı olmasını bir daha sübut edir. Bununla əlaqədar müalicə prosesində psixoterapevtin iştirakı mütləqdir.
Terapevtik tədbirlər kompleksinə pəhriz, aktiv həyat tərzi, pasiyentin emosional vəziyyətinə təsirlər daxildir. Ehtiyac yarandıqda klinik simptomatikanı yüngülləşdirmək üçün dərman terapiyası aparılır. Pəhrizlə bağlı məsləhətlər patologiyanın klinikasında qəbizlik və ishalın dominantlıq etməsindən asılı olaraq dəyişir. Lakin QRS-li xəstələrin hər biri bağırsağın selikli qişasını qıcıqlandıran, mədə şirəsi və öd ifrazını artıran məhsullardan, eləcə də orqanın divarını mexaniki zədələyə bilən kobud qidalardan imtina etməlidir. İshal zamanı rasiondan bitki tərkibli qida liflərini çıxarmaq, büzücü vasitələrdən istifadə etmək tövsiyə olunur. Qəbizlik hallarında isə dənli bitkilər və tərəvəzlərə üstünlük verilir.
QBS-li xəstələrə fiziki aktivlik, piyada gəzintiləri, aerobika məsləhət görülür. Çox zaman müalicəvi bədən tərbiyəsi kursları təyin edilir. Gündəlik rejimin düzgün tərtib olunması, stress vəziyyətlər və emosional yüklənmələrin uzaqlaşdırılması arzuolunandır. Qıcıqlanmış bağırsaq sindromunun müalicəsində psixoterapiyanın rolu danılmazdır.
Bağırsaq mikroflorasını bərpa etmək üçün probiotiklərdən istifadə olunur. Dərman vasitələri həmçinin ağrını yüngülləşdirmək (spazmolitik preparatlar), ishalı aradan qaldırmaq (loperamid) və qəbizlik hallarını müalicə etmək (bitki mənşəli işlədici vasitələr – laktuloza) məqsədilə tətbiq olunur. İfadəli nevroloji əlamətlər müşahidə edildikdə sakitləşdirici vasitələr (pişikotu, damotu və s.), yüngül yuxugətiricilər qəbul olunur. Refleksoterapiya, neyrosedativ masaj, elektroyuxu, sakitləşdirici aromatik vannalar və pişikotu ilə fitovanna göstəriş sayılır. Trankvilizatorlar, antidepressantlar, neyroleptiklər yalnız psixiatrın konsultasiyasından sonra təyin olunur.
Qıcıqlanmış bağırsaq sindromunun proqnoz və profilaktikası
Qıcıqlanmış bağırsaq sindromunun profilaktik tədbirlərinə qidalanma və həyat tərzinin normaya salınması (balanslaşdırılmış pəhriz, alkoqol, qəhvə, qazlı içkilər, kəskin və yağlı məhsulların qəbulunun azaldılması, fiziki aktivliyin artırılması) aiddir. Bununla yanaşı stress vəziyyətlər uzaqlaşdırılmalı, dərman vasitələri göstərişlər üzrə qəbul edilməlidir.
Qıcıqlanmış bağırsaq sindromu proqressivləşən xəstəliklərə aid edilmir. Uzunmüddətli gedişinə baxmayaraq, patologiya ağırlaşmalara meylli deyil. 30% hallar sağalma ilə nəticələnir. Bəzən psixoloji vəziyyətin normallaşması ilə əlamətlər öz-özünə itir. Proqnoz qənaətbəxşdir. Sağalma neyro-psixi təzahürlərin korreksiyasından asılıdır.